Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmir Mirzəyev: “İqtidar və müxalifətin baxışlarındakı mental tipə qarşıyıq” 

“Bizim etirazımız hər zaman estetik olub” – mühacir kulturoloq

Həmsöhbətim bəstəkar, kulturoloq və musiqişünas, vaxtilə aksiyalarda tez-tez görünən Elmir Mirzəyevdir. Ona gənclik hərəkatı, ənənəvi müxalifət, feminizm, mühacirlərin fəaliyyəti və digər mövzularda suallar ünvanlamışıq. Cavablarla tanış olmaq üçün E.Mirzəyevin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Elmir bəy, ondan başlayaq ki, 2008-2013-cü illər dövründə yeni nəslin dalğası varıydı. Bu cərgədə Elmir Mirzəyevin, Firudin Allahverdinin, Ələkbər Əliyevin, Seymur Baycanın, Günel Mövludun və s. adları çox çəkilirdi. Sonra sanki o qabarma çəkildi, ardı gəlmədi. Oxuculara maraqlıdı, Elmir bəy hardadı, nə edir?

- Minnətdaram, hazırda Berlində yaşayıram, burada kulturoloq və musiqişünas qismində Almaniya və dünyanın ən nüfuzlu təhsil ocaqlarından hesab edilən Aleksandr Humboldt adına Berlin Universitetində (Humboldt-Universität zu Berlin) çalışıram. 

Universitetdə həm mühazirələrlə çıxış edir, həm də keçirilən seminarlara qatılmaqla buradakı təhsil prosesində iştirakdayam. Təbii ki, bu zaman Azərbaycanın zəngin mədəniyyətinin təbliğatını özüm üçün başlıca vəzifə hesab edirəm. 

Universitetdə ilk mühazirəm isə həqiqətən də titanik fiqur olan Üzeyir bəyin şah əsəri – “Koroğlu” operasının yaranışı tarixi ilə bağlı idi, əslində müstəsna maraqlı və müdhiş bir tarixdir, həmin mühazirəni sonra universitetdə rəhbərliyin xahişi ilə bir daha təkrarlardım, bu ilin martında isə Moskva konservatoriyasında oxudum.

Bundan başqa, dahi bəstəkarımız Qara Qarayevin 100 illik yubileyi ilə bağlı onun yaradıcılığına, Bakı şəhərinin memarı obrazlarının dünya kinematoqrafında intişarı mövzusunda mühazirələr etdim, sonuncu o qədər bəyənildi ki, sonra bu mövzuda universitet çərçivəsində ayrıca beynəlxalq konfrans təşkil edildi. 

Orada görkəmli rejissorumuz Vaqif Mustafayevin qısa metrajlı “Hər şey yaxşılığa doğru” filmi haqda sonra nümayişi ilə mühazirə etdim, o qədər bəyəndilər ki, Berlinin Azad Universitetindən (Freie Universität Berlin) olan həmkarım Klemens Günter bu filmi öz seminarlarına götürdü. 

Eyni zamanda universitetdəki çalışmalarım çərçivəsində çağdaş Azərbaycan musiqisinin tarixi mövzusunda “Modernizm və Arxaizm arasında: XX əsr Azərbaycan musiqi mədəniyyəti üç (keçmiş) imperiya kontekstində” adlı monoqrafiyama başlamışam. 

Bu əsərdə Azərbaycanın yerləşdiyi mövcud regionda XIX əsrin ortalarından başlayıb XX əsrin əvvəlində akademik musiqimizin yaranışına gətirmiş böyük kültür prosesləri, daha sonra musiqimizdə sovet və postsovet dövründə mühafizəkar və avanqard meyllər təhlil süzgəcindən keçiriləcək. Yaxın iki ilə bu əsəri bitirməyi və almanca dərc etməyi düşünürəm. 

- Yəni, kifayət qədər məhsuldarsınız...

- Bundan başqa, müxtəlif beynəlxalq tədbirlərdə mühazirələrlə çıxış edirəm, əsərlərim səslənir, alman mediasında da mütəmadi çıxış edirəm. Öncələr nüfuzlu Tagesspigel qəzetində bir neçə məqaləm dərc edildi, “Deutschlandfunk Kultur” radiosunda müsahibəm getmişdi, lap bu yaxınlarda “Bavariya” radiosunda haqqımda danışıldı, müsahibə götürüldü və əsərim səsləndi. 

Başqa bir neçə layihə də var ki, onlar haqda reallaşandan sonra danışmaq istərdim. Adını çəkdiyiniz dostlar haqda isə fəxrlə deyə bilərəm ki, onlar mühacirət etdikləri ölkələrdə layiqi yerlərini almış insanlardır. 

Yazıçı Əli Əkbər İsveçrədə yaşadığı illər ərzində bir neçə romana imza atdı, romanı və esseləri nüfuzlu dərgilərdə dərc edildi, ölkə mediasında da dəfələrlə çıxış etmişdi. 

Günel Mövlud Norveçdə şairə və yazıçı kimi çox aktiv bir həyat sürür, müxtəlif ədəbiyyat festivallarında çıxış edir, yeri gəlmiş bir neçə gündən sonra onu mötəbər Frankfurt Beynəlxalq Kitab Sərgisində qarşılayacam, ora bu il sərginin qonaq ölkəsi olan Norveçin heyətində şairə kimi gəlir – düşünürəm bu çox böyük uğurdur bizim üçün. 

Seymur Baycan da öz üzərində intensiv işləyir, mütəmadi olaraq hekayələrini və yazılarını oxuyuruq, Firudin Allahverdininsə istər bəstəkar kimi, istərsə də musiqişünas kimi çox böyük potensialı var, onunla 20 il əvvəl tanış olan kimi bunu anlamışdım, o da fəaliyyətini Bakıda davam etdirir. 

Biz indi də, adları çəkilən insanların demək olar ki, hamısının ölkə xaricində yaşamasına rəğmən ictimai fəaliyyətdən kənarda deyilik, keçən ilin dekabrında dostlarla haqqında çoxdan düşündüyümüz böyük ideyanı, AzLogos - Dünya azərbaycanlılarının intellektual platforması layihəsini nəhayət ki, reallaşdıra bildik.  

- Adlarını çəkdiyim şəxslər və başqaları demək olar hamısı ölkəni tərk elədi. Axundov istisna, Mirzə Cəlil, Zərdabi, Sabir heç biri getməmişdi. Qalmaq olmazdı ki?

- Rəsulzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Almas Yıldırım, Əli bəy Hüseynzadə və başqaları isə getmişdilər - burada hansısa dəqiq bir ehkam yoxdur ki, qalmaq yaxşıdır, yoxsa getmək. 

Əslində bu çox təbiidir - insan üçün vətəndə yaşamaqdan gözəl nə ola bilər ki? 

Amma yaradıcı insanların bir yerdə oturmaq öhdəliyi də yoxdur, əksinə fəaliyyətimizi genişləndirmək, Azərbaycan mədəniyyətinin təbliği üçün böyük sferalara çıxış əldə etmək gərəkdir.  

- Mühacir axını var, əksəri politik adamlar, yazı, fikir adamları... Amma niyə ən yeni mühacir ədəbiyyatı yaranmır? Bu illər ərzində Avropada qalmağın şəxsi rifah yox, yaradıcılıq baxımdan nə kimi yararlılığı olub?

- Yuxarıda dostlar haqda danışdım, hamısı çox aktiv fəaliyyətdədirlər, Əli Əkbərin bu mövzuda “Mühacir” və “Gilə” romanları var, sonuncusu Azərbaycanda dərc edilib. 

Günel Mövlud da dediyiniz mövzuda bir romanı bitirib, artıq norveç dilinə tərcümə üzərində iş gedir, yəqin ki, yaxın zamanlarda dərc edilər. Odur ki, yaranmadı deyə bilmərəm. 

Mühacirət, xüsusən yaradıcı, kültür adamı üçün çox dərin insan faciəsidir, bunu anlamaq gərəkdir. Tamamilə yad bir ölkəyə gedib orada özünü yenidən tapmaq, sənə doğma və anlaşıqlı olan hər şeyi, ailə rahatlığını, yaxın doğmalarını, dostlarını, həmkarlarını, çevrəni, nəhayət, sənin üçün müstəsna anlam kəsb edən və artıq zəruri olduğun kültürü tərk edib yeni dil və yeni həyat tərzinə öyrəşmək – bunlar heç də zarafat deyil, çox zaman intihara gətirə biləcək nəsnələrdir. 

Kültür insanının bir sənət borcu var, həyatın boyu bunu yaşayırsan və bu hiss sənə dinclik vermir. Bu hissi yalnız qarşılıqlı olduğu zaman qismən ödəmək olur, öz ölkəndə, mənsub olduğun kültürdə özünü gərəkli və lazımlı, zəruru hiss edirsən, mühacirətdəsə sanki yunan əsatirindəki nəhəng Antey təkin ayağın doğma torpaqdan üzüləndə bütün gücünü itirirsən, xüsusən gənclikdən sonra, artıq orta yaşlarında belə bir halda toparlanmaq, özünü yenidən bir daha təsdiq etmək müstəsna mürəkkəb bir işdir.

- Mənə elə gəlir ki Rəsulzadə, Xoyski daha çox avropalı ola bilmişdi, Qərb kübarlığını, mədəniyyətini özlərində daşıyırdılar, nəinki son 10-15 ilin mühacir siyasətçiləri, yazı adamları. Vitrin sizə də belə görünürmü? 

Yəni, bir alman teatrına gedən, İsveç kinosuna baxan varmı, Bakıdan gördüyüm budur ki, orda da manqal qoyub kabab çəkir, araq içirlər...

- İlk növbədə baxmalıyıq ki, köçənlər kimdir. Həqiqətsə budur ki, bunların əksər hissəsi, yəni 99 faiz iqtisadi köçmənlərdir, bura elementar pul qazanmaq üçün gəliblər, əsasən müxtəlif sferalarda sırf xidməti işlərlə məşğuldurlar, yəni kültür insanları deyil, odur ki, gözləntilərimizi də bu faizlərə kökləməmiz gərəkdir. 

Əlbəttə ki, onlar buraya “Deutsche Oper” səhnəsində Wagner, yaxud Richard Straussun operalarını dinləməyə gəlməyiblər, onlardan bunu tələb etmək də mənasızdır axı. 

- Və yenə qayıdıram sizin nəsilə, bu “pokoleniya” ənənəvi müxalifətə, onun tabularına, mühafizəkar mentallığına üsyan etməyə başladı. Hətta Günel yeni müxalifətin feministlər və LGBT olduğunu məqaləsində bəyan etdi. Sizin bu prosesə münasibətiniz necədi?

- Bizim etirazımız əslində hər zaman estetik olub, intellektual anlamda olub. Çünki istər hakimiyyət, istər müxalifətdəki təfəkkür tərzi, həyata baxış və dünyagörüşü bizi qane etmədiyi üçün bu ümumiləşdirilmiş mental tipə qarşı olmuşuq. 

Bir dəfə Seymur Baycan yazmışdı ki, yaltaqlığın iki əsas tipi var, bunlardan biri hakimiyyətə yaltaqlananlardır, bunlar haqda hər şey aydındır. 

Amma başqa, ictimai anlamda daha təhlükəli tip var - bunlar xalqa yaltaqlananlardır, kütlənin xoşuna gələn sözləri deyib, tərifləyib, ictimai simpatiya toplayanlardır ki, onlar hətta iqtidarı tənqidə yol versə də, heç bir zaman cəmiyyətin əleyhinə getməzlər. 

Halbuki bizim getdiyimiz yol, yəni Axundov, Mirzə Cəlil, Sabir yolu məhz cəmiyyətin, onun ehkamlarının əleyhinə çıxmaqdır. Hakimiyyəti tənqid etmək çətin iş deyil, cəmiyyətin əleyhinə çıxmaqsa çox-çox çətindir. 

- Tez-tez qadın azadlığından danışılır. Məsələn, İranda qadının hüquqları daha çoxdur. Bizdə qadın azadlığı problemi var, yoxsa qadınların hüquqları problemi?

- İranda nə qadın hüququ var ki? Küçədə çuvalda gəzmək hüququmu? Yoxsa adicə futbola gedə bilməmək bir hüquqdur? 

İran qonşumuz olsa da, əsla bizim üçün heç bir anlamda dəyərlər göstəricisi ola bilməz, çünki yollarımız tamamilə fərqlidir. 

Bizim cəmiyyətdə isə çox dərin bir patriarxal durum var və bu yolverilməz kişi dominasiyasına, qadınların kobudcasına istismarına gətirən yoldur. 

Qadın qanunla müəyyən edilmiş 18 yaşına çatdıqdan sonra azad bir həyat tərzinə tam hüququ var, cinsi azadlıqlar da bura daxildir. 

Əslində cinsi azadlıqların kip-hermetik çərçivələrə alınması gənclərimizə qocalar tərəfindən tətbiq edilən bir bədheybət dəyənəkdir və cəmiyyətdə hökm sürən herontokratiyanın təməl sütunlarındandır. 

Yəni sənin ən elementar təlabatın olan seksual azadlığını mən əlimdə “milli mentalitet” deyilən bədheybət nəsnələrin köməyi ilə möhkəmcə saxlayacam və sən tamamən məndən asılı olacaqsan. 

Nəticədə gənclərimizi avtomobil qazından boğulmuş halda qarajlardan, elektrik qutularının içindən tapırıq, zavallılar ölümə gedirlər ən elementar hisslərinin qarşılanması üçün. 

Biz arxaik bir cəmiyyət deyilik, kifayət qədər mədəni vərdişləri olan bir toplumuq, min şükür ki, qurucu atalarımız da sekulyar bir dövlət mirası qoyub gediblər bizim üçün, gözümüz önündə də vətəndaşlarımızın mühacirətə can atdığı Avropa misalı var, nədən o nümunəni ölkəmizə gətirməyək? 

Axı ən elementar texnikanı almaq gərək olanda Qərbə üz tuturuq, niyə bəşərin son neməti olan bir azad - sosial həyat tərzindən vaz keçib arxaik qəbilə arxetiplərini üstün tutaq? 

- Elmir bəy, vaxtilə aksiyalarda çiyin-çiyinə dayandığınız Emin Milli ilə münasibətləriniz nə yerdədir, onun prezident İlham Əliyevə sözlərini necə qarşıladınız?

- Eminlə dost münasibətlərimiz var, sırf şəxsi anlamda onun illərdən keçən dost sadiqliyi var və buna hər zaman əmin olmuşam. Lakin bir zamanlar onun rəhbərlik etdiyi Meydan TV-də iştirakım zamanı oranın “daxili mətbəxində” heç bir mənəvi çərçivələrə sığmayan tamamilə qeyri-etik və qeyri-sağlam bir atmosferin şahidi oldum, bunu neçə dəfə şəxsən onun özünə çatdırmaq istədim. 

Lakin mümkün olmadı, o zaman özüm oradan uzaqlaşmalı oldum. Bu səbəbdən sonradan Eminin də oradan getməsini müsbət hal kimi dəyərləndirdim, əslində qalanları da getməli idilər, orada indiyə kimi çalışan insanlarasa sadəcə acıyıram, çünki indi Meydan TV-nin adını çəkəndə artıq sadəcə ümumiləşdirilmiş Vidadi İsgəndərli obrazı gəlir adamın ağlına. 

Eminin metamorfozasını da normal qarşıladım, bu qədər radikal olsa da, çox kəskin olsa da (təzadlı olmaq əslində onun üslubudur), bu şübhəsiz onun üçün bu bir müsbətdir, çünki onun potensialında, onun çəkisində olan insanın ümumiləşdirilmiş vidadilər səviyyəsinə yuvarlanmasını heç istəməzdim. 

Hazırda biz eyni şəhərdə yaşayırıq, təbii ki, mütəmadi olaraq görüşür, müzakirələr aparırıq, mən onun bir çox fikirləri ilə razıyam, bəzilərini özünə də öncələr demişdim, yeganə onu qeyd edərdim ki, mülahizələrində çox kəskin təzadlara artıq yol verməsin, koqnitiv dissonansa gətirir sonda.  

Mövcud hakimiyyət haqdakı fikirlərimi isə “İslahatlar təxirə salınır?” başlıqlı geniş məqalədə ifadə etmişəm, arzu edənlər tanış ola bilər, düşünürəm ki, artıq açıqlamalara ehtiyac yoxdur...

pia.az


Etiket: Elmir Mirzəyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar