Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məni bərkdən ağlama...

PİA.az Nazim Əhmədlinin yeni şeirlərini təqdim edir.

Mən sevdiyim dəniz

yenə bu daşqın könül,
bir sevdaya gül oldu;
canım bir oda düşdü,
yanıb-yanıb kül oldu;

yordu məni, yor-yoxuş,
nələr olar, yır- yığış;
gəlmədi yaz, yay, nə qış,
bir ayrı fəsil oldu;

qarı dünya qarışdı,
yol-yolaq qar-qamışdı;
bizi kim qarğımışdı,
dərdimiz min il oldu;

bir ömürdü, sökdüyüm,
kimdi yığan, əkdiyin;
ürək çəkdi, çəkdiyin,
ağlayan könül oldu;

ağ buludlar ağ atdı,
ayrılıqlar tağ atdı;
hərə bir az dağıtdı,
dünya tör-tökül oldu;

niyə soldu, gün üzü,
gecə sıxdı gündüzü;
mən sevdiyim dənizin,
suları şəkil oldu.

 

Ayrılıqlar qarıdı

qısır oldu buludlar,
əkin-biçin qurudu;
saçlarıma tökülən,
payızın qubarıdı;

dünya yuxusayaxdı,
ruhum orda oyaxdı;
anam dağlara baxdı,
üz-gözünü darıdı;

yordum özümü, ütdüm,
soldu bənizim-bətim;
bu zalımca həsrətin,
rəngi-ruhu sarıdı;

buludlar hamar-hamar,
göy üzündən su damar;
zirvədə qurd düşən qar,
örən ilin qarıdı;

ömür-gün sənə-sənə,
dərd gəlir, dönə-dönə;
yollar uzandı yenə,
ayrılıqlar qarıdı.

 

Təzə dünya dağılır

əllərimi buz kəsir,
niyə belə soyuxdu;
ruhum didərgin oldu,
ağrılarım hayıxdı;

üzdüm o çiy sularda,
doğma, ögey sularda;
həsrətim göy sularda,
azıb qalan qayıxdı;

hanı, çəkilən ahlar,
dönüb gəlir günahlar;
baxma, yatıbdı dağlar,
bulaqları oyaxdı;

su yorulmur axmaqdan
ölürəm, darıxmaqdan;
göy üzünə baxmaqdan,
gözlərimiz qıyıxdı;

bulud kilim-kilimdi,
yanıb-sönən külümdü;
dağ yarıdan bölündü,
arasından çay axdı;

hanı huşum, ağılım,
harda bitir nağılım;
təzə dünya dağılır,
köhnə dünya ta yoxdu.

 

Yaxşılıqlar çəkildi

gün doğdu dan üzündən,
duman dağa büküldü;
toz cücərdi qayadan,
nə çiçəkdi, nə güldü;

gün atdanıb incələr,
ruhum harda dincələr;
qap-qaranlıq gecələr,
saçlarımdan söküldü;

kimlər məni unudar,
harda bir az umud var;
sındı qara buludlar,
yal-yamaca töküldü;

kimdi məni səsliyən,
canımda dərd bəsliyən;
dünya qaldı pisliyə,
yaxşılıqlar çəkildi;

baxdıq ulduza, Aya,
bir az yaşadıq, guya;
gördüyümüz bu dünya,
bir qarışıq şəkildi.

 

Dəli şeir

yenə bozarır göy üzü,
payız düşür, külək gəlir;
tut ucundan göyə qayıt,
yağış ələk-ələk gəlir;

varıb eşqin dərgahına,
nə qondarım, günahıma;
gözəl çıxmır ürcahıma,
bir ağılsız mələk gəlir;

kor ocaqdan köz tuturam,
axar sudan söz tuturam;
ürəyimi düz tuturam,
hamı mənə kələk gəlir;

həsrəti asıb yaxama,
köynəyimi ağ toxuma;
gecə qarışıq yuxuma,
gümüş saçlı fələk gəlir;

yolum yaza, qışa düşür,
işim dağa-daşa düşür;
zər atıram, qoşa düşür,
qismətimə çörək gəlir;

pis adama nəs deyirəm,
çor deyənə dost deyirəm;
hərdən uçmaq istəyirəm,
qanadıma lələk gəlir.

 

Məni bərkdən ağlama

çınqı düşər, ürəyim,
alışıb yana bilər,
bir gün vəfasız gözəl,
eşqini dana bilər;

bu xan üzüm, bəy üzüm,
hardadı, ögey üzüm;
bax, qarışıb göy üzü,
Ay düşüb sına bilər;

ocaq alışmaz küldən,
adam olmaz səfildən;
şahlıq quşu qəfildən,
başıma qona bilər;

buludlar taya-taya,
əlim çatmır o taya;
şaxta düşər ortaya,
dünyamız dona bilər;

nə taxıldın yaxama,
dərdi burax, saxlama;
məni bərkdən ağlama,
ruhum oyana bilər.


Qayıt gəl, daha bəsdi

hardan gəldi bu həsrət,
soyuq küləklər əsdi;
sevdamızın payızı,
nədən belə tələsdi;

bulud hardan söküldü,
göy üzünə töküldü;
yuxum ərşə çəkildi,
həsrət səbrimi kəsdi;

saçlarımı qarlayan,
ruhumu hasarlayan;
könlümü qubarlayan,
bir doğma qərib səsdi;

ruhum harda uyudu,
yay da ötdü, soyudu;
payız qubar ayıdı,
bahar yaşıl nəfəsdi;

bir sevdayıq ikimiz,
dərdlə dolub içimiz;
solub gedir sevgimiz,
qayıt gəl, daha bəsdi.

 

Ömür yoxdan asılıb

çapır üzü aşağı,
sular arxdan asılıb;
daş torpağa yapışıb,
körpü tağdan asılıb;

kimdi ölən acından,
dərd tökülür saçından;
varlı pulun ucundan,
kasıb baxtdan asılıb;

söz kimin, əmr kimin,
səs kimin, səmir kimin;
yapışır dəmir kimi,
padşah taxdan asılıb;

orda nəsə fırladır,
ütüb hisə fırladır;
çarxı tərsə fırladır,
fələk çarxdan asılıb;

adam var, qanı yoxdu,
dərd var, dərmanı yoxdu;
onsuzda sonu yoxdu,
ömür yoxdan asılıb.

 

Həsrətin çox ağırdı

qəfil döyüldü qapım,
kimsə məni çağırdı;
dağların arasından,
qara sular axırdı;

bir də nə vaxr açar dan,
qaçam ağrı-acımdan;
qaranlıqlar saçımdan,
ulduzları sağırdı;

bu nağılı kim yazıb,
yazıb alnımdan asıb;
cığırları ot basıb,
yollar çuxur-çuxurdu;

ağ buludlar ağ papaq,
ömür-gün yarpaq-yarpaq;
gəl, ovcumu açım bax,
içi cığır-cığırdı;

harda batdım günaha,
hələ çox var sabaha;
dizlərim əsir daha,
həsrətin çox ağırdı.(kulis.az)

pia.az


Etiket: Nazim Əhmədli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ən çox oxunanalar