Siyasi-şərhçi: “Kimisə terrorçu elan edib, üçüncü bir dövlətin paytaxtında prezidentin inauqurasiyasının keçirildiyi bir vaxtda onu öldürməyin adını tapmaq lazımdır”.
“Artıq dünyada özbaşınalıq və xaos hökm sürür. Özbaşınalıqlar isə həmişə böyük müharibəyə aparıb”.
Bildiyimiz kimi HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi beynəlxalq gündəmin bir nömrəli məsələsinə çevrilib. Çünki qeyri-müəyyənliklərin fonunda HƏMAS liderinin öldürülməsi olduqca həyəcan verici bir xəbər oldu. Doğrudur İsrail başda olmaqla bir çox dövlətlər İsmayıl Hənayini terrorist elan etsələr də, bir çox dövlətlər də HƏMAS liderini öz xalqının siyasi və təbii insan haqları uğrunda mübarizə aparan bir qruplaşmanın lideri olaraq tanıyırdı.
HƏMAS liderinin öldürülməsindən sonra ortaya çıxan bir çox məqamları Poliqon-un əməkdaşı siyasi şərhi Ərəstun Oruclu ilə müzakirə edib.
Ərəstun Oruclu: “Əgər bir təşkilat ABŞ üçün terrorçudursa, Rusiya və Çin üçün isə terrorçu deyilsə, onda bu sistemlə idarə olunan dünyada xaos qaçınılmazdır”.
Poliqon siyasi-şərhçi Ərəstun Oruclu ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:
- Ərəstun bəy, bir dövlətin kimlərisə terrorçu elan etmək əsası varmı? Bu hansı beynəlxalq hüquq normalarına söykənir?
- Ümumiyyətlə, dünyada kimlərinsə, hansısa dövlətin və yaxud dövlətlərin kimisə, ya da kimlərisə terrorçu elan edərək məhv etməsi yanlış və beynəlxalq hüquqa zidd praktikadır. Vəziyyət o yerə çatıb ki, BMT üzvü olan dövlətləri belə terrorçu dövlət elan edirlər. Məsələn İsmayıl Haniyə - HƏMAS-ın Baş Katibi, və yaxud Yəhya Sinvar HƏMAS-ın hərbi qanadının rəhbəri Avropa ölkələri, ABŞ, İsrail tərəfindən terrorçu elan ediliblər. O cümlədən də İran və bir sıra başqa dövlətlər ABŞ, İsrail və onların müttəfiqləri tərəfindən terroru dəstəkləyən dövlət elan edilib. Hətta, onların belə bir siyahıları da var və bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Rusiyanı da bu siyahıya əlavə eləmək cəhdləri oldu.
Qeyd edim ki, bu tip yanaşmalar hüquq anlayışına ziddir və bunu hüquqa söykəndiklərini iddia edən Qərb dövlətləri edirlər. Hüququn, o cümlədən beynəlxalq hüququn tələbi odur ki, bir şəxsi və yaxud dövləti ancaq məhkəmə terrorçu və cinayətkar elan edə bilər. Biz İranın və yaxud Rusiyanın davranışlarının doğru və hüquq çərçivəsində olduğunu söyləmirik. Təbii ki, onların da fəaliyyəti hüquqa söykənmir. Lakin məsələ ondadır ki, onları hüquqdan kənar və cinayətkar əməllərdə ittiham edənlərin də fəaliyyəti hüquqa uyğun deyil.
Adi bir misal çəkəcəyəm. Bir müddət əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidentini hərbi cinayətkar elan edərək Putin haqqında həbs orderi çıxardı və bu qərar Qərb dövlətləri tərəfindən alqışlandı. Bundan yarım il sonra isə eyni məhkəmə eyni ittihamlarla İsrail dövlətinin baş nazir Benyamin Netanyahunu və müdafiə naziri Yoav Qalantı Fələstin xalqına qarşı hərbi cinayətlərdə təqsirli hesab etməyə cəhd etdikdə, ABŞ başda olmaqla Qərb dövlətləri buna qarşı çıxdılar. Hətta, ABŞ Beynəlxalq Məhkəməni təhdid belə etməkdən çəkinmədi.
Əslində, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru hər iki tərəfi, yəni həm HƏMAS rəhbərlərini, o cümlədən İsmayıl Haniyəni və Yəhya Sinvarı, həm də İsrailin baş nazirini və müdafiə nazirini hərbi cinayətkar elan etmək istəyirdi. ABŞ-a görə HƏMAS rəhbərləri cinayətkardır, amma onların müdafiəsi altında olan və onların silahları ilə böyük əksəriyyəti uşaq və qadın olan 40 mindən çox insanı öldürən İsrail rəhbərliyi isə hüqiqi məsuliyyət daşımır.
Hüquqa belə yanaşıldıqda yerdə hüquqdan əsər-əlamət qalmır. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir ki, Beynəlxalq hüququn qarşısında hər kəs və bütün dövlətlər bərabər məsuliyyətə sahibdirlər ya yox. Bu məsələyə aydınlıq gətirilərsə, hər şey öz-özlüyündə aydın olacaq. Hazırda isə bu məsələ tamamilə gündəmdən çıxarılıb və BCM bu barədə sadəcə susur.
Ərəstun Oruclu: “Beynəlxalq hüququn təməli qalib 5 dövlətə BMT Təhlükəsizlik Şurasında veto hüququ veriləndə, yəni beynəlxalq hüquq formalaşdırıldıqda sarsıldı”.
Bu gün beynəlxalq hüquqi normativlərin təsirinin zəifləməsi, onların nüfuzdan düşməsi, dövlətlərin özbaşına qərarlar verib kimlərisə harada gəldi qətlə yetirməsi çox təhlükəli praktikadır. Çünki bu dünyanı böyük qarşıdurmaya çəkir və böyük müharibə olandan sonra artıq o məsələlər də unudulacaq və heç kim fərqində olmayacaq ki, milyonlarla insan məhz hansısa dövlətlərə özbaşınalıq haqqı verildiyinə görə ölüb.
Bəs Beynəlxalq hüququn bu vəziyyətə düşməsinin səbəbləri nədir?
- Bilirsiz, belə bir ifadə var ki, qalibləri mühakimə etmirlər. İkinci Dünya Mi üharibəsindən sonra yaradılan Birləşmiş Millətlər Təşkilatı beynəlxalq hüququn və bərabərliyin üzərində deyil, qaliblərin maraqları üzərində quruldu. Beynəlxalq hüququn təməli qalib 5 dövlətə BMT Təhlükəsizlik Şurasında veto hüququ veriləndə, yəni beynəlxalq hüquq formalaşdırıldıqda sarsıldı. Əslində qalib 5 dövlətə BMT Təhlükəsizlik Şurasında veto hüququ veriləndə, bu dövlətlər hüquq üzərinə çıxarıldı.
Bu gün dünyada baş verən bütün problemlərin və qarşıdurmaların əsasında bu faktor durur. Çünki əgər bir təşkilat ABŞ üçün terrorçudursa, Rusiya və Çin üçün terrorçu deyilsə, onda bu sistemlə idarə olunan dünyada xaos qaçılmazdır.
Soyuq müharibə zamanında bu az hiss olunurdu. Çünki dünya ağ və qaradan, yəni iki düşərgədən ibarətdi. İndi isə bu xaos hər gün daha çox hiss olunur. İndi deyirlər ki, dünyada çoxqütblü sistem yaradılmalıdır. Əslində bu sistem artıq mövcuddur və bu sistemdə biz xaosun günü-gündən daha da artdığını müşahidə edəcəyik.
Ərəstun Oruclu: “Dövlətlərin suverenliyi və güc əhatəsi beynəlxalq hüququn üzərində olmamalı, əksinə dəqiq çizilmiş çərçivələrdə beynəlxalq hüquq dövlətlərin suverenliyi və gücləri üzərində monopolist hegemoniyaya sahib olmalıdır”.
- Ərəstun bəy, bəs bu gün yaşadığımız sistem bəşəriyyəti hara sürükləyir və beynəlxalq hüquq bu və ya digər şəkildə xaosu durdurmaq üçün necə hərəkətə keçə bilər?
- Siyasət heç bir zaman ideal olmayıb, olmaq imkanı da yoxdur. Böyük dövlətlərin geosiyasi maraqlarının yaratdığı qarşıdurmalar beynəlxalq hüququn monopolist hegemoniyaya sahib olmasını imkansız edir.
Amma artıq dünyada güclü dövlətlər bir araya gələrək, bu məsələlərə aydınlıq gətirməlidirlər. Onlar elə bir sistem qurmalıdırlar ki, son mərhələdə beynəlxalq hüquq hər şeyin fövqündə dayansın. Yəni beynəlxalq hüququn çərçivələri aydın şəkildə çizilməli və BMT-yə, o cümlədən beynəlxalq məhkəmələrə xüsusi status tanınmalıdır. Dövlətlərin suverenliyi və güc əhatəsi beynəlxalq hüququn üzərində olmamalı, əksinə dəqiq çizilmiş çərçivələrdə beynəlxalq hüquq dövlətlərin suverenliyi və gücləri üzərində monopolist hegemoniyaya sahib olmalıdır. Eyni zamanda, beynəlxalq hüququn tələblərini həyata keçirən icra strukturları formalaşdırılmalı və böyük dövlətlərlə kiçik dövlətlərin beynəlxalq hüquq qarşısında bərabərliyi təsbit olunmalıdır. Bu halda hər hansı bir dövlətin öz maraqlarını qorumaq üçün veto hüququna da ehtiyac olmayacaq. Beynəlxalq hüquq doğrudan dövlətlərin üzərində olmayacaqsa, hər şey beləcə uçuruma doğru sürüklənəcək.
Artıq dünyada özbaşınalıq baş alıb gedir. Belə özbaşınalıqlar daim böyük müharibəyə aparıb. Bir dövlət özünün siyasi, təhlükəsizlik məsələlərini təmin etmək üçün belə metodlara əl atmaqla on milyonlarla, bəlkə də yüz milyonlarla insanın həyatını təhdid altına atır. İstər bu ABŞ olsun, istər Rusiya olsun, istər İsrail İran, ya da Çin olsun, dəxli yoxdur.
Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur. Onu yalnız o halda terrorçu elan edə bilər ki, həmin şəxs onun ərazisində terror aktı törətmiş olsun və bu onun hüquq, qanunvericiliyi çərçivəsində yalnız həmin dövlətin öz ərazisinə aid olan məsələdir. Beynəlxalq miqyasda kiminsə, ya da hansısa təşkilatın və yaxud dövlətin terrorçu elan olunması üçün beynəlxalq məhkəmənin qərarı vacib olmalıdır.
Tutaq ki, Azərbaycan dövləti kimisə ittiham edirsə, bu o deməkdir ki, həmin ittiham dünyanın bütün ölkələrində və yaxud ümumiyyətlə, ikinci bir ölkəsində qəbul edilə bilər? Xeyir, Azərbaycan dövlətinin qanunları Azərbaycana aiddir, İranın qanunları İrana aiddir, İsrailin qanunları İsrailə aiddir.
Yoxsa, kimisə terrorçu elan edib, üçüncü bir dövlətin paytaxtında prezidentin inauqurasiyasının keçirildiyi bir vaxtda onu öldürməyin adını tapmaq lazımdır. 11 sentyabr terrorundan sonra başlanan bu praktika dünyanı uçuruma, fəlakətə aparır. Artıq beynəlxalq qurumlar bu məsələyə münasibət bildirməlidir. Əgər onların buna iradəsi və gücü çatırsa. Mən şübhə edirəm ki, o iradə və güc yetərlidir.
Nərminə UMUDLU
Poliqon.info