Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qadın olmaq necə bir hissdir?

Bəzəkli təbriklərinizi istəmirik...

Fatimə Əliyeva yazır...

Bağlı qapılar arxasında hər gün döyülən, öldürülən, əzilən, hüquqları tapdanan, təhqir olunan, təcavüzə uğrayan qadınların, onları əzən barbarların təbrikindən, hədiyyəsindən çox, bərabər hüquqlarla, insan kimi yaşamağa ehtiyacı var...

Qadın deyəndə yadınıza nə düşür? Mətbəx robotu? Süpürgəçi? Dayə? Ana, bacı, qız, gəlin? Və seks aləti... Bəli, əminəm ki, çoxunuzun yadına bunlar düşür. Halbuki, qadın bütün bunların daha artığıdır. 

Bir qadın yuxarıda sadaladığım etiketlərdən hər hansısa birinə sahib olmadıqda, məsələn, heç evlənməyəndə, ailəsindən ayrı, öz istədiyi kimi yaşayanda və ya ev işləri görmək əvəzinə, təhsil alıb, işləmək istəyəndə və ya dünyanı gəzmək istəyəndə “əxlaqsız” damğası yeyir. 

Son vaxtlar “qadın necə olmalıdır?” sualı dəbə minib. Hər kəs də bu suala yemək sifariş edirmiş kimi “qadın zərif olmalıdır”, “qadın evdar olmalıdır” tərzində bayağı və cahil cavablar verir. 

Qadına “zərif” etiketi yapışdırmağa kimin haqqı var? Qadınların heç kimə zərif olmaq kimi bir borcu yoxdur. Qadın sizin sifarişiniz deyil: o, necə istəyirsə, elə olmalıdır. 

Əslində, hər şey bu qədər sadədir. Amma ən böyük dərd də budur ki, qadınlara bu cür qadağalar qoyan insanların çoxu hər yerdə “bu ölkədə inkişaf yoxdur” deyən dayılar, əmilər və qoca xalalardır. Unutmayaq ki, qadınların azad və təhsilli olmadığı hər cəmiyyət geridə qalmağa məhkumdur. “Qadın kişinin namusudur” tabusu yıxılmadığı müddətdə inkişafdan danışmaq lap nağıl danışmağa bənzəyir. Bunu ən azından dünya praktikasında görürük.

Yaxşı, bəs, ümumiyyətlə, kimdir Azərbaycan qadını? 

Gəlin həqiqətə ən yaxın təsvirlərdən birini verim: “Azərbaycan qadını” bəzən dünyaya belə gəlmədən öldürülən, amma dünyaya gəlsə belə, kiçik yaşlarından atanın, qardaşın, böyüklərin sözündən çıxmayan, onlara qulluq edən, ev işləri görən, “başıaşağı” gəzməli olan, məktəbdə ona söz atan oğlanlara cavab qaytarmamalı olan, “sən atanın, qardaşın, ərinin namususan” fikri ilə böyüdülən, böyüyəndə isə həyatını valideynlərinin tələblərinə görə quran bir insandır. Bir sözlə - qadınlar öz həyatına görə məsuliyyət daşımayan bir maşın kimi böyüdülür. Onların “pultu” həmişə ya böyük qardaşın, ya da atanın əlində olur. Təbii ki, bu vəziyyət bölgələrə görə dəyişir. Məsələn, Cənub bölgəsində yaşayan bir qız məktəbi bitirməmiş evləndirilir. Bakıda yaşayan hansısa bir tələbə qız isə o cənublu qızın halına acıyır, özünü isə ondan daha şanslı hesab edir. Bəs bizim tələbə qız, həqiqətən şanslıdırmı? Həmin qız evləndikdən sonra lap işləsə belə, yenə də bütün ev işlərini təkbaşına görən bir kölə olmayacaqmı? Bir kişi işdən evə gələndə “yoruldum” deyib özünə qulluq tələb edirsə, amma qadın işdən gələndən sonra belə saatlarla ev işi görürsə, ədalət bunun harasındadır? Həm çöldə, həm evdə işləməklə, həqiqətən azad olunurmu? 2 dəfə düşünmək lazımdır.

Bəs qadına qarşı bu cür yanaşmanın səbəbi nədir? Əlbəttə ki, patriarxal cəmiyyət forması. Patriarxallıq və ya ataxaqanlığı - kişilərin və kişilik anlayışının üstün hesab edildiyi bir cəmiyyət formasıdır. Hansı ki, belə cəmiyyət forması, nəinki qadınların, hətta kişilərin də həyatını çətinləşdirir. Məsələn, az yaşından bəri “sən kişisən, gələcəyin ailə başçısısan” deyərək böyüdülən kişilər gələcəkdə işsiz qalanda niyə kompleksə düşürlər? Və ya evinə çörək apara bilməyən bir ata niyə intihar edir? Heç düşündünüzmü? Ölkə olaraq, kişiyə bu qədər məsuliyyət yükləyib, qadını da onun köləsi halına gətirməklə nə qazandıq? Sanki, kişiləri göyə qaldırmaqla onları, həm də yerin dibinə soxmuş olduq.

Ümumiyyətlə, “qadının qadın yeri var, kişinin kişi” kimi köhnəlmiş, bayağı və çirkin ifadələrlə danışmaq əvəzinə, niyə oğullarımızı və qızlarımızı bərabər şərtlər altında və eyni məsuliyyətlərlə böyütməyək ki? Qızların müti, oğlanların isə “qoçu” kimi böyüdüldüyü Azərbaycan cəmiyyətində keçən il 130 qadının xəsarət alması, 54 qadının da öldürülməsi heç təəccüblü deyil.

İndi bizi hansı günümüzə təbrik edirsiniz? Bağlı qapılar arxasında hər gün döyülən, öldürülən, əzilən, hüquqları tapdanan, təhqir olunan, təcavüzə uğrayan qadınların, onları əzən barbarların təbrikindən, hədiyyəsindən çox, bərabər hüquqlarla, insan kimi yaşamağa ehtiyacı var. 

Biz o günümüzə ağlayaq ki, bu mövzuların tarixən müzakirə edilmiş, çeynənmiş problemlər olmasına baxmayaraq, hələ də bunlarla bağlı uzun-uzadı danışmaq məcburiyyətində qalırıq. Çünki hələ də qadınların bu qədər əzildiyi cəmiyyətdə “Azərbaycanda qadınlar azaddır” deyən insanlar var.

Ümid edirəm ki, bir gün belə yazılara heç ehtiyac qalmaz və qadınların kiminsə namusu, qeyrəti və ev əşyası olmadığı başa düşülər.

Bütün əzilən qadınların 8 mart - Dünya Qadınlar günü mübarək olsun.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qadın bədəninin “əşyalaşdırılması”: Moda, yoxsa istismar?

Ən çox oxunanalar