İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Cəmilli kəndində Şəhid İsaxlı Anar Rəsul oğlunun ailəsini ziyarət edib...
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Cəmilli kəndində Vətən müharibəsi şəhidi İsaxlı Anarın ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan rayon rəhbəri tərtərlilərin tarix yazan Anar kimi oğulları ilə fəxr etdiyini bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu İsaxlı Anar Rəsul oğlu 1997-ci il may 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub.
Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində vuruşub və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Anar İsaxlı oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində şəhid olub. Tərtər rayonunda dəfn olunub.
Şəhid İsaxlı Anar 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Poliqon.info