Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nə dadı var, nə ətri, amma özü alma boyda…

Bu il əlverişsiz hava şəraitinə görə çiyələk Bakı bazarlarına bir qədər gec, təxminən aprelin birinci ongünlüyündən sonra çıxarılıb. Və qiyməti mövsümün ilk günləri üçün nisbətən ucuzdur-bu günlərdə bazarda çiyələyin kiloqramı 2-3 manata təklif edilir. İndiki bazar qiyməti fermerlər üçün çox da sərfəli deyil.

Virtualaz.org xəbər verir ki, çiyələk qısa müddətə yaxşı gəlir götürmək imkanı verdiyindən son illər bu sahəyə maraq artıb. Kartof istehsalında ziyan edən fermerlərin bir çoxu çiyələk əkininə başlayıb. Bolluq və üstəlik, pandemiya səbəbindən toyların qadağan edilməsi, turizm sahəsinin zəifləməsi də qiymətlərə təsir göstərib.

Satıcı: “Bazara ənənəvi yerli sortlar gətirilmir”

Amma tək səbəb bu deyil. Son illər bazarlara çıxarılan çiyələklər həddən artıq iriləşib. Alıcılar çiyələyin görünüşündən, dadsızlığından və ətrinin itməsindən gileylənirlər.

Paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki, el arasında “Vasmoy bazar” kimi tanınan bazarın satıcıları bildiriblər ki, hazırda satışa çıxarılan məhsullar istixana şəraitində yetişdirilib. Ancaq son 3-4 ildir ki, bazara yerli sortlar gətirilmir. Piştaxtalarda dolub-daşan indiki çiyələklərin isə nə dadı var, nə ətri, özü də ki, az qala alma boyda...

Satıcılardan biri deyib ki, mayın ilk günlərindən açıq havada yetişdirilmiş çiyələk satışda olacaq. Seçmə çiyələk Rusiya bazarına çıxarılacaq. Yerli bazarda isə əsasən Cəlilabad, ŞəmkirXaçmazdan gətirilən məhsullara təlabat olur.

Satıcılar onu da bildiriblər ki, mövsümün əvvəlindən çiyələyin topdansatış qiyməti 2-3 manatdan aşağı olub. Onlar da ilk bir neçə gündə məhsulun kiloqramını 3 manat 50 qəpik-4 manatdan sata biliblər. İndi qiymət ucuzdur, satış isə zəifdir.

Alıcılar isə çiyələyin ənənəvi ətrinin, dadının “yoxa çıxmasından” şikayətlənirlər. Alıcılardan biri deyib ki, qiymət münasibdir, ancaq bir kilodan artıq almaq istəmir: “Əvvəl çiyələyin ətri bütün otağa yayılırdı, dadından doymaq olmurdu. Amma indi bilmirsən çiyələkdir, yoxsa alma”.

Cəlilabadlı fermer Mirağa Həsənov yerli sortları bəyənmir

Ancaq fermerlər deyirlər ki, xarici bazarlarda bu cür iri çiyələyə təlabat var. Onların isə əsas gəliri ixracdan çıxır.

Cəlilabadın Göytəpə kəndindən olan fermer Mirağa Həsənov bildirib ki, xarici ölkələrdən, məsələn, İtaliya, İspaniya, Amerikadan gətirilən sortları əkməyə üstünlük verirlər. Çünki məhsuldarlıq yüksək olur, az itkiyə gedir, saxlama müddəti isə çoxdur. Belə sortlar “həmişə bahar” adlandırılır, şərait olarsa, hətta ilin bütün fəsillərində məhsul verir. Ənənəvi yerli sortlarda isə cəmi 1 ay məhsul götürmək mümkün idi, həm də tez xarab olurdu.

M.Həsənovun sözlərinə görə, taxıl, pambıq və ya digər bitkilərdən fərqli olaraq çiyələk düzgün qulluq göstərdikdə yaxşı gəlir gətirir. Üstəlik, ilin 9 ayında işləyirsən, iş olan yerdə isə dolanışıq var. Pandemiya dövründə bir çox sahələr ziyan çəkib. Ancaq çiyələyin alıcısı olub, Rusiya bazarına məhsul çıxara biliblər, zərərə düşməyiblər.

“Son illər istixanaların sayı artıb, məhsul boldur. Məhsul bol olanda isə qiymət düşür”,-fermer deyib.

Əlavə edib ki, indiki qiymətlərlə belə qazana bilirlər: “Çiyələyin tərkibində vitamin C var, koronavirusdan qorunmaq üçün tövsiyə edilir. Buna görə də alıcı problemi yoxdur. Son günə qədər məhsulu qapıdan kiloqramı 2-3 manata sata bilmişik. Yaxın bir neçə günə Rusiya bazarlarına ixrac edəcəyik”.

Fermer onu da bildirib ki, ənənəvi sortlar cılışlaşıb: “Bu çiyələyin sortu belədir, iridir. Ancaq bu demək deyil ki, geni dəyişdirilib, yaxud dərmanla böyüdülüb. Xırda ölçülü çiyələk də var. Ölçü ilə keyfiyyəti müəyyənləşdirmək yanlışdır”.

Qiymətlərə gəldikdə, M.Həsənov hesab edir ki, ixracdan sonra bazarda qiymət dəyişə bilər.

Kartofdan gəlir götürə bilmədi, çiyələk əkir

Cəlilabadlı digər fermer isə deyib ki, son illərə qədər faraş kartof əkib, amma yaxşı gəlir götürə bilməyib. Buna görə də bir neçə hektarda çiyələk əkininə başlayıb. Xarici sortlar noyabrın sonunadək məhsul verir, alıcı tapmaqda çətinlik çəkmir.

“Doğrudur, istixananın saxlanılma xərcləri var, üstünə qablaşdırma, daşınma xərcini də gəlin. İşçilərin əməkhaqqı, dərmanlanması, xəstəlik vuranda yaranan itkilər də var. Çiyələk əziyyətli işdir. Yerli çiyələk növləri cəmi bir ay məhsul verir. Buna görə də çalışırıq ki, ixrac üçün xarici, öz alıcılarımız üçün yerli sortlar əkək”,-o deyir.

Fermer əlavə edir ki, indiki halda məhsulun topdansatış qiyməti 2 manat 50 qəpikdən-3 manat olarsa sərf edər. Çünki istixana xərcləri çoxdur.

Nazirliyin şöbə müdiri deyir ki...

Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov isə bildirib ki, pomidordan fərqli olaraq çiyələk ixracında problemlə qarşılaşmırlar. Azərbaycan çiyələyi əsasən Rusiya bazarına çıxarılır.

“Yerli çiyələk sortları yavaş-yavaş sıradan çıxır. Amma hazırda bazarda olan çiyələk GMO deyil, seleksiya yolu ilə alınır. Ümumiyyətlə, ölkəyə GMO məhsulları, toxum gətirilməsi qadağandır, cinayət məsuliyyəıti yaradılır. Gətirilən sortlar, toxumlar araşdırılır, sertifikatlaşdırılır”,-şöbə müdiri deyib.

Novruzovun sözlərinə görə, Azərbaycana şirin və ətirli çiyələk sortları gətirilir, digər tərəfdən, keçmiş sortlar üzərində seleksiya yolu ilə iş gedir.

Kənd təsərrüfatının digər sahələri kimi çiyələk istehsalı ilə məşğul olan fermerlərə hər hektara görə 200 manat subsidiya verilir, gübrələr güzəştlə satılır.

Qiymət fermerlər üçün sərfəli deyil

Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev isə bildirir ki, çiyələk mövsümü fermerlər üçün bir qədər çətin başlayıb. Amma yaxın bir həftəyə məhsullar xarici bazara çıxarılacaq.

“Çiyələk hava şəraitinə görə son 10-12 gündür bazara çıxarılıb. Ötən ilin martında kiloqramı 6 manatdan satılırdı, bu il 4 manatdan aşağı oldu. Mayın əvvəlindən açıq sahələrdən yığılan məhsullar gətiriləcək. Qablaşdırma, daşınma xərclərini nəzərə alsaq qiymət hələlik sərfəli deyil. Fermerlər toyların qadağan edilməsinə, turizm obyektlərinin fəaliyyətinin zəifləməsinə görə alıcı itirdilər. Bolluq yaranıb, qiymətlər düşüb”,-Seyfullayev belə deyib. Əlavə edib ki, digər meyvə və ya gilemeyvələrə nisbətən çiyələk əl əməyi, zəhmət tələb edir. Bununla belə, təkcə fermerlərin deyil, kəndlərdə əhalinin dolanışıq yeridir.

Assosiasiya sədri hesab edir ki, görkəminə baxıb bazarlardakı çiyələyi GMO məhsulu hesab edənlər yanılırlar. Fermerlər qazanc gətirən sortlara üstünlük verirlər və yerli sortlar bu səbəbdən sıradan çıxır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Ən çox oxunanalar