Rusiya məhz bu məqsədlə Qarabağdan ermənilərin köçünü təşkil edə bilərmi?..
Politoloq: “Ola bilsin ki, erməni iqtidarı tərəfindən Qarabağ ermənilərinin İrəvanda yerləşdirilməməsi ilə bağlı qeyri-rəsmi tapşırıq verilsin”.
“Düşünmürəm ki, Qarabağdan İrəvana gedən 30-40 min nəfərlə Paşinya hakimiyyətini devirmək mümkün olsun. Amma onlar hakimiyyət üçün problemlər yarada bilərlər”.
Bu sözləri politoloq Əhəd Məmmədli Qarabağ ermənilərinin Paşinyan hakimiyyəti üçün yaratdığı təhlükəni Poliqon-a şərh edərkən qeyd edib.
“Hraparak” qəzeti məlumat yayıb ki, Ermənistanın Baş naziri Paşinyan komandasının üzvlərinə Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən ermənilər heç bir halda İrəvanda yerləşdirilməməlidir, tapşırığını verilib. Çünki onlar Ermənistan hakimiyyəti üçün “saatlı bomba”ya çevrilə bilər.
Qarabağ erməniləri Paşinyan hakimiyyəti üçün təhlükə yaradırmı və Rusiya məhz bu məqsədlə Qarabağdan ermənilərin köçünü təşkil edə bilərmi?
Mövzunu Poliqon-un əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.
Əhəd Məmmədli: “Ermənistan erməniləri başda Paşinyan olmaqla birdəfəlik Qarabağ yükündən qurtulmaq istəyirlər”.
Rusiyanın Ermənistanda hərbi bazasının olduğunu, eyni zamanda Qarabağ klanlarının Ermənistanda mülkləri, pulları, təsir rıçaqlarının da olduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, Bunların hamısı da indiki Ermənistan iqtidarı üçün təhlükədir:
“Ola bilsin ki, erməni iqtidarı tərəfindən Qarabağ ermənilərinin İrəvanda yerləşdirilməməsi ilə bağlı qeyri-rəsmi tapşırıq verilsin. Qarabağda yaşayan və oranı tərk edən ermənilər barədə müxtəlif rəqəmlər deyilir. Mən deyilən rəqəmlərin heç birinə inanmıram və rəsmi rəqəmin açıqlamasını gözləyirəm.
Düşünmürəm ki, Qarabağdan İrəvana gedən 30-40 min nəfərlə Paşinya hakimiyyətini devirmək mümkün olsun. Amma onlar hakimiyyət üçün problemlər yarada bilərlər. Onsuz da, Azərbaycanın sonuncu dəfə keçirdiyi lokal xarakterli anti-terror əməliyyatından sonra gördük ki, Ermənistan erməniləri başda Paşinyan olmaqla birdəfəlik Qarabağ yükündən qurtulmaq istəyirlər. Ən azı indiki halda onlar üçün bu mövzu bağlanıb.
Paşinyan tam olaraq Qarabağ problemdən qurtulmaq və Ermənistanı Rusiyadan qoparıb Qərbə inteqrasiya yolunu seçmək istəyir. Amma bildiyim kimi Rusiyanın Ermənistanda hərbi bazası var, eyni zamanda Qarabağ klanlarının Ermənistanda mülkləri, pulları, təsir rıçaqları var. Bunların hamısı da indiki Ermənistan iqtidarı üçün təhlükədir. Bu təhlükədən də Paşinyan tam qurtulmağa çalışacaq. Bu qurtulmaq yollarında da o, özü üçün çıxış yolları axtaracaq”.
Nərminə UMUDLU
Poliqon.info