Donald Tramp ABŞ seçkilərində qalib gələrsə, Şimali Koreya onun administrasiyası ilə nüvə danışıqlarını bərpa etməyi planlaşdırır...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi yazıb.
Agentlik gəldiyi nəticəni bu yaxınlarda Cənubi Koreyaya qaçmış Şimali Koreyanın yüksək rütbəli diplomatı Ri İl-qyu ilə müsahibə əsasında hazırlayıb.
Onun sözlərinə görə, Şimali Koreya Rusiya, ABŞ və Yaponiya ilə münasibətləri yaxın illər üçün xarici siyasət prioritetləri kimi müəyyənləşdirib.
Ri izah edib ki, Şimali Koreya diplomatları sanksiyaları aradan qaldırmaq və iqtisadi yardım almaq üçün nüvə proqramı üzrə danışıqları bərpa etməyə ümid edirlər.
Onun fikrincə, Şimali Koreya lideri Kim Çen In və Tramp arasında 2019-cu ildə Vyetnamda keçirilən sammit Şimali Koreya liderinin danışıqları "təcrübəsiz, cahil" hərbi komandirlərə həvalə etməsi səbəbindən uğursuz olub. İndi vəziyyət dəyişib və məsələ mütləq Xarici İşlər Nazirliyinə həvalə olunacaq.
İyulun 29-da Cənubi Koreya Şimali Koreyanın ABŞ seçkilərindən əvvəl nüvə silahını sınaqdan keçirə biləcəyi barədə xəbərdarlıq edib. Şimali Koreya sonuncu dəfə 2017-ci ilin sentyabrında nüvə silahını sınaqdan keçirib.
Poliqon.info