Polşa XİN rəhbəri ölkəsinin Ukrayna üzərində Rusiya raketlərini vurmaq öhdəliyini xatırladıb...
Polşa və Ukrayna ilə həmsərhəd olan digər ölkələr NATO-nun müqavimətinə baxmayaraq, Rusiyadan gələn raketləri öz hava məkanına daxil olmamışdan əvvəl vurmaq “öhdəliyi”nə malikdir.
Poliqon xəbər verir ki, bunu Financial Times nəşrinə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
Nazirin sözlərinə görə, Ukrayna ərazisi üzərində müdaxilələrin Şimali Atlantika Alyansını Rusiya ilə müharibəyə sürükləyə biləcəyi qorxusuna baxmayaraq, Varşava öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur.
“NATO-ya üzvlük hər bir ölkənin öz hava məkanının mühafizəsi məsuliyyətini inkar etmir və bu, bizim öz konstitusiya məsuliyyətimizdir”, deyə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Xatırladaq ki, bu yay Polşa Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb və bu sazişdə iki ölkə Ukrayna hava məkanında Polşa ərazisi istiqamətində buraxılan raket və İHA-ların tutulması imkanlarını öyrənməyi öhdəsinə götürüb. Lakin NATO-nun baş katibi Yens Stoltenberq bu təklifi rədd edib, çünki bu, alyansı münaqişənin bir hissəsinə çevrilməklə hədələyir.
FT yazır ki, bəzi Qərb rəsmiləri belə bir siyasətin Rusiyanın qisas almasına səbəb olacağını deyirlər. Onlar deyirlər ki, Kiyev Qərb müttəfiqlərini müharibədə daha fəal rol almağa, o cümlədən NATO ərazisində yerləşən batareyalardan Ukraynanın qərbini havadan qorumağa sövq edir.
Bundan əvvəl Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bildirmişdi ki, Polşa müdafiə departamenti Ukrayna səmasında Rusiya raketlərinin vurulması imkanını nəzərdən keçirmir. O, Qərb müttəfiqlərinin artıq Ukraynanın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayıb.
Poliqon.info