Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yapon hərbçilərinin SSRİ-dəki əsirlik həyatı – həmin dövrdə minlərlə rus-yapon körpəsi dünyaya gəlib

II Dünya müharibəsindən sonra SSRİ-də saxlanılan milyonlarla əsir heç də təkcə almanlardan ibarət olmayıb. Məğlubiyyətə uğrayan Yaponiya ordusunun əsgər və zabitləri də əsir kimi SSRİ-yə gətirilib. Bununla bağlı Dövlət Müdafiə Komitəsinin 23 avqust 1945-ci il tarixli müvafiq qərarı olub. Qərarda 500 min yapon hərbi əsirinin SSRİ-yə, Primorski və Altay diyarlarına, Çita və İrkutsk vilayətlərinə, Özbəkistana və Buryat-Monqol Muxtar Respublikasına göndərilməsi nəzərdə tutulub.

SSRİ Daxili İşlər Nazirliyinin təqdim etdiyi statistikaya görə 1945-1956-cı illərdə SSRİ-də saxlanılan yapon hərbçi əsirlərin sayı 639 min 776 nəfərə çatıb. Onlardan 163 nəfəri general, 26 min 573 nəfəri zabit, digərləri əsgər olub. Əsirlik dövründə 62 minə yaxın əsir müxtəlif səbəblərdən vəfat edib. O cümlədən 31 general və 607 zabit də əsirlik zamanı ölüb.

Yaponiya tərəfinin statistikası isə fərqlidir. Belə ki, Yaponiya SSRİ-də saxlanılan əsirlərin sayının 1 milyon 70 min nəfər olduğunu bildirib və onlardan 1956-cı ilə qədər yalnız 730 min əsirin Yaponiyaya qayıtdığını qeyd ediblər.

SSRİ-də yapon hərbi əsirlərindən işçi qüvvəsi kimi istifadə olunub. Onlar SSRİ-nin 30 bölgəsində ən ağır işlərə cəlb olunublar. İlk illər düşərgələrdə əsirlər üçün minimum şərait də yaradılmayıb. Hətta hər əsir üçün gündəlik 300 qram çörək payı da yarıya qədər azaldılıb.

SSRİ-nin müharibədən sonrakı ağır iqtisadi durumu əsirlərə ümumi qəbul olunmuş standartlara uyğun şərait yaratmağa imkan verməyib. 1946-cı ilin sərt keçən qışında hava şəraitinə tab gətirməyən on minlərlə əsir soyuqdan və aclıqdan ölüb.

Düşərgələrdəki ağır rejim qaydaları, baraklardakı şəraitsizlik, 12-14 saatlıq iş günü, tibbi xidmətin yox dərəcəsində olması, qida çatışmazlığı və bütün bunlarla yanaşı “NKVD” əməkdaşlarının əsirlərlə amansız davranışı SSRİ-ni yapon hərbçiləri üçün əsl cəhənnəmə çevirib.

Bir çox düşərgələrdə yapon əsirlərinə nəzarət elə əsir düşmüş yapon zabitlərinə həvalə olunub. Əsirlərin işə aparılması, sıra baxışı, barakların yoxlanılması, daxili rejim qaydalarına riayət edilməsi məhz onlara həvalə edilib. Yalnız iki-üç nəfər sovet hərbçisi onlara ümumi nəzarət həyata keçirib.

Yerli sakinlər yapon əsirlərinə xoş münasibət göstəriblər. Bayram və istirahət günlərində onları ev yeməklərinə qonaq ediblər. Düşərgələrin rejim qaydalarına görə əsirlər həftədə bir dəfə düşərgənin yaxınlığındakı kənd və qəsəbələrə gəzintiyə buraxılıb. Gəzinti zamanı yerli sakinlərin evlərinə qonaq getmək qadağan olunub. Bu qadağa demək olar ki, hər gəzinti zamanı pozulub. Yapon əsirləri öz asudə vaxtlarını əsasən tanış olduqları rus qızlarının evlərində keçiriblər. Təsadüfi deyil ki, həmin illərdə düşərgələrin yerləşdiyi qəsəbə və rayonlarda minlərlə yapon-rus qarışıqlı uşaq dünyaya gəlib.

1950-ci illərin əvvəllərindən yapon əsirlərinin düşərgələrində məişət şəraiti qismən də olsa yaxşılaşıb. Hətta yapon hərbçilərindən bəziləri gələcəkdə SSRİ-də qalmağı da planlaşdırıb.

Əsirlikdə olduqları müddətdə yapon əsirləri sovet vətəndaşlarını bir çox “adət”ləri ilə təəccübləndiriblər. Yaponlar üçün hamının gözü qabağında lüt soyunub çimmək adi hal sayılıb. Onlar işlədikləri ərazidə, kəndlərin ətrafındakı torpaq sahələrində su mənbəyi görən kimi utanıb çəkinmədən soyunaraq çimiblər. Yerli sakinlər tərəfindən qəbul olmayan bu “hərəkətlər” yapon əsirlərinin xeyrinə olub. Nəhayət, düşərgələrdə yerli hökumət qurumları ümumi hamamlar tikməyə başlayıblar.

Bununla yanaşı 1950-ci ildə düşərgələrdə tibb xidməti üçün əlavə ştatlar ayrılıb. Yerli tibb bacıları və həkimlər düşərgələrdə işə dəvət təklifini böyük həvəslə qəbul ediblər. 10 ildən artıq Xabarovskdakı düşərgədə təsərrüfat hissəsinin rəisi işləmiş Boris Sviridov sonralar yazdığı xatirələrində bununla bağlı öz təəssüratlarını belə bölüşüb:

“1950-ci ildən başlayaraq hökumət yaponların qaldığı əsir düşərgələrinə diqqəti artırmağa başlamışdı. Əvvəlcə düşərgələrdə hamamlar tikildi, sonra camaşırxanalar fəaliyyətə başladı. Əsirlərin əsas problemi tibb xidmətinin olmaması idi. Əslində cəmisi bir həkim və tibb bacısından ibarət tibb xidməti var idi. Amma onlar tam ştata götürülmədiklərindən düşərgədə az olurdular. 1950-ci ilin sentyabr ayında mən xidmət etdiyim düşərgənin strukturuna tibb personalı üçün yeni ştatlar verildi. Çoxları elə düşünürdü ki, əsirlərə xidmət edəcək həkim və tibb bacısı tapılmayacaq. Amma hər şey əksinə oldu. Müraciət edənlərin sayı ştatların sayından qat-qat çox idi. Gənc tibb bacıları zarafata salıb deyirdilər ki, bəlkə gələcək həyat ulduzumuzu yaponların arasında tapdıq...”

Yapon hərbçi əsirlərin repatriasiyası 1946-cı ildən başlayıb. Proses 1956-cı ilə qədər davam edib. Həmin il sonuncu əsirlər Yaponiyaya təhvil verilib.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

Azərbaycanda 2024-cü ildə qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

Politoloq: Türk prezident Pezeşkian Xamneyinin xeyir duasını alıb...

Ən çox oxunanalar