Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd təsərrüfatında vəziyyət keçən ilə nisbətən necə dəyişdi? - Ekspert rəyi

Kənd təsərrüfatı üzrə ekspert: “İndiki kənd təsərrüfatı nazirinin sahə üzrə bilik və təcrübələri kənd təsərrüfatında vəziyyəti ümumi analiz edə biləcək səviyyədə deyil”

“Görünən də odur ki, yenə Kənd Təsərrüfatı Nazirliyi məmur qrupuna uyğun işlər həyata keçirib. Onların maraqları yüksək vəzifəli məmurların biznesini stimullaşdırmaq, onların istehsal vasitələri ilə təminatlarını həyata keçirmək olub. Nazirliyin son olaraq əsas məqsədi əvvəlki kimi məmur oliqarxlara yaramaq olub”.

Bu fikirləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov 2018-ci ildə Azərbaycanın kənd təsərrüfatının mənzərəsini PİA.az-a şərh edərkənq eyd edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov ilin yekunları ilə bağlı mətbuata müsahibə verib. Nazirin sözlərinə görə, cari ilin 1 dekabr tarixinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,6%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,6%, heyvandarlıq məhsullarının istehsalı isə 2,7% artıb.

Nazir bildirib ki, qeyd edilən dövrə dənli və dənli paxlalı bitkilərin əkin sahələrindən (qarğıdalısız) 3 059,9 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7% çox məhsul götürülüb, orta məhsuldarlıq 29,2 sentner/ha təşkil edib: “Bu il həm də yüksək əlavə dəyərin yaradıldığı ənənəvi sahələrin davamlı inkişafına nail olunması baxımından da əlamətdar olub. Dekabrın 21-i tarixinə olan operativ məlumatlara əsasən qəbul məntəqələrinə 228,5 min ton pambıq təhvil verilib. Bu il ötən illə müqayisədə pambıq əkini sahəsinin az olmasına baxmayaraq, 21 min ton daha çox pambıq tədarük edilib. Hazırda sahələrdən pambıq yığımı davam edir. Cari ildə 514 ton barama istehsal edilib ki, bu da keçən illə müqayisədə 2,1 dəfə çox olmaqla son 20 ilin ən yüksək göstəricisidir.

Bundan əlavə, 5,7 min ton tütün yığılıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13,3% çoxdur. 2018-ci ilin yanvar-noyabr aylarında təxminən 889,4 min ton kartof (əvvəlki ilin müvafiq dövrü səviyyəsində), 1 446,6 min ton tərəvəz (5,6% çox), 998,4 min ton meyvə və giləmeyvə (8,1% çox), 154,8min ton üzüm (6,2% çox) istehsal edilib, 868,6 ton yaşıl çay yarpağı (12,5% çox) yığılıb, diri çəkidə ət istehsalı 3% artaraq 463,6 min ton, süd istehsalı 2,8% artaraq 1 899 min ton təşkil edib.

İl ərzində 41,6 min hektar ərazidə təkrar əkin aparılıb, təkrar əkin aparılan sahələrin həcmi ötən illə müqayisədə 14,2% çox olub. Ümumilikdə təmiz herik şumu da daxil olmaqla 1 057,2 min hektar sahə payızlıq əkin üçün şumlanıb. Gələn ilin məhsulu üçün 876,2min hektar ərazidə dən üçün payızlıq bitkilər əkilib. Nəticələr ötən illə müqayisədə çoxdur, aqrotexniki qaydalara düzgün əməl olunması istiqamətində aparılan monitorinqlərin nəticələri növbəti ildə orta məhsuldarlığın daha da artacağını deməyə əsas verir”.

İ.Kərimov qeyd edib ki, həyata keçirilən tədbirlər həm ümumilikdə, həm də ayrı-ayrı məhsullar üzrə böyük həcmli artımların əldə olunması ilə yanaşı, ixracın həcminin və coğrafiyasının genişlənməsinə də zəmin yaradıb: “Bu ilin ilk 10 ayı ərzində 63,8 milyon dollar pambıq lifi və 19,1 milyon dollar pambıq ipliyi ixrac olunub və bu məhsullar üzrə artımlar müvafiq olaraq 2,3 dəfə və 41,2% təşkil edib. Kənd təsərrüfatı məhsullarının ixracının əsasını təşkil edən təzə meyvə ixracı 205,6 milyon dollar olmaqla artım 7,9%, təzə tərəvəz ixracı 169,2 milyon dollar olmaqla artım 6,8% təşkil edib. Bundan əlavə, 29,6 milyon dollar kartof (artım 14,7%), 6,2 milyon dollar meyvə və tərəvəz konservləri (artım 50,6%) ixrac olunub”.

Bəs kənd təsərrüfüatı sahəsində 2017-ci illə 2018-ci il arasında hansı müsbət və mənfi fərqlər meydana çıxdı. Ümumiyyətlə kənd təsərrüfatına Heydər Babayev rəhbərliyi ilə İnam Kərimov rəhbərliyi arasında hansı fərqlər görünməkdədir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova müraciət edib.

Vahid Məhərrəmov: “Təəssüflər olsun ki, heç bir nazir kənd təsərrüfatının gələcəyi ilə bağlı hər hansı bir təməl işləri görməyiblər. Əksinə bu sahənin təməlini dağıdıblar”.

Bu il kənd təsərrüfatında dəyişikliklərin yalnız mənfi istiqamətdə olduğunu vurğulayan kənd təsərrüfatı eksperti PİA.az-a açıqlamasında il ərzində pambıqdan zəhərlənməni, kombaynların çatmamasına görə taxılda olan azalmaları xatırladıb. Ekspert həmçinin pambıq sahəsində gəlirin yenə də monopolist oliqarx məmurların əlində olduğunu da nəzərə çatdırıb:

“İlk öncə onu deyim ki, bu ildə kənd təsərrüfatında dəyişiklik kənd təsərrüfatı nazirinin dəyişməsi oldu. Yəni bir qeyri-peşəkar işdən azad edildi və bu sahədə daha naşı olan insan nazir postuna gətirildi. Əgər əvvəlki nazir kənddə doğulmuşdusa, yeni nazir ümumiyyətlə kənd təsərrüfatından xəbərsiz bir adamdır. Yeni nazir həm də özüylə bərabər bu sahəyə qeyri-peşəkarları gətirdi. Yəni əvvəlki nazir heç olmaya sahə üzrə diplomluları işə gətirdi. İnam Kərimov isə hüquqsünasları və digər peşə sahiblərini Kənd Təsərrüfatı Nazirliyinə gətirdi. Kənd təsərrüfatı sahəsi elə bir spesifik sahədir ki, bu sahəni təkcə marketinq təcrübələri ilə idarə etmək olmaz. İnam Kərimov isə hazırda əsasən marketinq sahəsində çalışanları nazirləyə toplayıb.

Kənd təsərrüfatına edilən təyinatın nəticəsində əvvəlki ildən fərqli olaraq bu il həm səpin zamanı işin ləng getdiyinin, həm də taxıl biçini zamanı kombayn çatışmamazlığının şahidi olduq. Kombaynlar yenə də əvvəlki kimi oliqarxların, dövlət məmurlarının sahələrinə yönəldildi. Bunun nəticəsində də əksər fermerlər və kəndlilər vaxtı-vaxtında bikini həyata keçirə bilmədilər və taxıl itkisinə yol verildi.

Bu il təxminən 25-30 faizə yaxın taxıl itkisinə yol verildi. Bir daha qeyd edim ki, bu da biçinin vaxtında aparılmaması ilə bağlı idi. Hətta Ağsu fermerləri yolu bağlamağa cəhd etdilər. Onların bir neçəsini də polis idarəsinə apardılar və cərimələdilər. Bu da ümumi bir qorxu yaratdı. Digər fermerlər də səslərini çıxartmadılar.

Bu il pambığın yetişdirilməsi zamanı fəhlələrin kütləvi halda zəhərlənməsi halları baş verdi. Bir neçə aran rayonlarında pambıq sahəsinə çıxarılmış fəhlələrin zəhərləndiyi və bunun ağır nəticəyə səbəb olduğu bəlli oldu. Pambıqdan kütləvi zəhərlənmə də heç vaxt nə Azərbaycanda, nə də dünyada baş verməmişdi. Zəhərlənmə hadisəsi də indiki nazirin rəhbərliyi zamanı baş verdi. Bu halın baş verməsi də, bu sahədə olan adamlarda qorxu yaradacaq. Həmçinin gələcəkdə bu işlərlə məğul olanların sayını azaldacaq.

Vahid Məhərrəmov: “Ümumi məhsuldarlıq onu deməyə əsas verir ki, bu il də pambıq istehsalı bizim sahibkarlar, yəni istehsalçılar üçün gəlirli olmayıb”.

Onu da qeyd edim ki, keçən il pambıqçılıqla bağlı ən aşağı məhsul göstəricisi olmuşdu. Bu il nazir prezidentə vəd vermişdi ki, hər hektardan 20 sentner məhsul əldə edəcəklər. Bu da o deməkdir ki, Azərbaycanda 268 min ton xam pambıq istehsal olunmalı idi. Amma reallıqda bu gün 228 min tonun istehsal olunduğunun məlumatın yayıblar. İlin bitdiyinə görə də bundan sonar da pambıq istehsalı mümkün deyil.

Onlar keçən illə müqayisə edib deyirlər ki, bu il artıq pambıq istehsal ediblər. Amma ümumi məhsuldarlıq onu deməyə əsas verir ki, bu il də pambıq istehsalı bizim sahibkarlar, yəni istehsalçılar üçün gəlirli olmayıb. Bu sahədən gəlir əldə edənlər isə yenə monopolist məmur oliqarxlar olacaq.

Görünən də odur ki, yenə də Kənd Təsərrüfatı Nazirliyi məmur qrupuna uyğun işlər həyata keçirib. Onların maraqları yüksək vəzifəli məmurların biznesini stimullaşdırmaq, onların istehsal vasitələri ilə təminatlarını həyata keçirmək olub. Nazirliyin son olaraq əsas məqsədi əvvəlki kimi məmur oliqarxlara yaramaq olub.

İndiki kənd təsərrüfatı nazirinin sahə üzrə bilik və təcrübələri kənd təsərrüfatında vəziyyəti ümumi analiz edə biləcək səviyyədə deyil.

Bu yaxınlarda beynəlxalq tədbir həyata keçirilirdi. Orada İnam Kərimov çıxış edib dedi ki, Azərbaycanda kənd təsərrüfatının ÜDM-də payı 4.2 dəfə artıb. Özü də adam bu məlumatları üzündən oxuyurdu. Yəni bu adam bu rəqəmi təsəvvürünə gətirə bilmir ki, 4.2 faiz ÜDM-də kənd təsərrüfatının payının artması üçün 4.2 dəfə artıq kənd təsərrüfatı məhsulu istehsal etmək lazımdır. Bu da indiki reallıqda mümkün deyil.

Həmin beynəlxalq tədbirdə nazir onu da qeyd etdi ki, Azərbaycan 2020-ci ildə 53 milyard dollardan daha artıq kənd təsərrüfatı məhsulu istehsal edəcək. Bu olsa bilsin ki, Hollandiyada nəzərdə tutulan göstəricidir. Ancaq bu rəqəmin Azərbaycanın kənd təsərrüfatı nazirinin dilindən deyilməyi ondan xəbər verir ki, bu adam ya ümumiyyətlə bu sahədən bixəbərdir, ya da ola bilsin adam nə dediyini bilir və ümumi əhalini, ölkə rəhbərliyini ələ salır, aldadır. Nazirin həmin çıxışına bu cür ikili qiymət vermək olar.


Vahid Məhərrəmov: “Beynəlxalq tədbirdə nazir qeyd etdi ki, Azərbaycan 2020-ci ildə 53 milyard dollardan daha artıq kənd təsərrüfatı məhsulu istehsal edəcək. Bu olsa bilsin ki, Hollandiyada nəzərdə tutulan göstəricidir”.

Kənd təsərrüfatı sahəsini keçən illə müqayisə edəndə görünür ki, vəziyyət getdikcə pisləşir. Onu da deyim ki, əvvəlki illərdə də vəziyyət heç də yaxşı deyildi. Yəni əvvəlki nazir də naşı idi və bu sahədən xəbərsiz idi. Təəssüflər olsun ki, heç bir nazir kənd təsərrüfatının gələcəyi ilə bağlı hər hansı bir təməl işləri görməyiblər. Əksinə bu sahənin təməlini dağıdıblar.

Biz rayonlarda, kəndlərdə olub fermerlərlə söhbətlər aparırıq və bilirik ki, bu işdən kim nə qədər faydalanıb, kim nə qədər ziyana məruz qalıb.

Onu da qeyd edim ki, heyvandarlıqda da vəziyyət olduqca pisləşib. Yenə yem istehsalında ciddi azalma var. Bu da heyvanların baş sayının azalmasına gətirib çıxarır. Gələcəkdə heyvandarlıqla bağlı çox ciddi problemlər olacaq. İndi yemin az olmasına cins heyvanlar tab gətirmir. O cins heyvanlar daha çox qida tələb etdiyi üçün fermerlər, kəndlilər yem çatdıra bilmirlər. Buna görə də cins mal-qaranı kəsimə verirlər. Kəndilər də ona görə yem çatdıra bilmirlər ki, örüş, təbii biçənək sahələri, yem istehsalı azalıb. Problem budur ki, yerli heyvanlar yemin az olmasına hələ ki, dözür, amma böyük vəsait hesabına ölkəyə gətirilən cins mal-qara yemin az olmasına dözə bilmirlər. Bu hal da onu deməyə əsas verir ki, gələcəkdə ölkədə ət, süd istehsalında ciddi problemlər olacaq.

Ümumilikdə isə deyə bilərəm ki, bu il kənd təsərrüfatında dəyişiklik yalnız mənfi istiqamətdə oldu. Bu sahədə vəziyyət daha da pisləşdi. Gələcək üçün də hər hansı bir iş görülməyib”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay