ABŞ prezidenti Co Bayden hələ də qarşıdan gələn seçkilərdə Donald Trampı məğlub edə biləcəyinə inanır...
Poliqon xəbər verir ki, Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra mətbuat konfransında bu əminliyini bir daha ifadə edib. ABŞ prezidenti bildirib ki, qərargahı ona qalib gəlmək şansının olmadığını bilavasitə deməyənə qədər prezidentlik yarışından geri çəkilməyəcək.
“İnanıram ki, vəziyyəti idarə etmək üçün ən uyğun adam mənəm. Mən qalib gəlmək üçün ən yaxşı keyfiyyətlərə malik olduğuma inanıram”, deyə Bayden qeyd edib.
Xatırladaq ki, iyun ayında Bayden Trampla debatda iştirak edib. Debatı təşkil edən CNN-in sorğusuna əsasən, izləyicilərin 67%-i Donald Trampa üstünlük verib. Bundan sonra bir sıra Amerika KİV-ləri və Demokrat partiyasının sponsorları hazırkı prezidentdən seçki yarışından geri çəkilməsini xahiş etsə də, Bayden seçkidə iştirak etməkdə israr edir.
Qeyd edək ki, ABŞ-da seçkilər noyabrın 5-də keçiriləcək.
Poliqon.info