Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Adlı gecələrdən keçib gedirəm..."- Paşa Talıblıdan yeni şeirlər

Qala bilmədiyim yer...

...Nəyinə vurulub qaldım?
Gedəmmirəm dünya, səndən.
...Haqq aşığı nahaqq deməz!
Gedəmmirəm dünya səndən.

...Çiçəyi, arısı getdi!
...Çaşılı, sarısı getdi!
...Günümün yarısı getdi,
Gedəmmirəm dünya səndən.

Mən də təkəm, sən də birsən...
Bu tənhalığa nə dersən?
...qala bilmədiyim yersən,
gedəmmirəm dünya səndən.


Vaxtı belə gördüm...

...Biri düz çıxsa, min şükür,
Biri...sözünün üçündən!
...Quşu gözündən vurdular,
Vaxtı gözünün içindən.

...Saydım - üç addım yalandı -
Sözünün üçünə qədər!
...Yalandı, nə gördüm, yalan -
Gözünün içinə qədər!

Yumanda yaxşı görürəm...
...Öz ağrım öz başımdan.
...Gözümü yumub baxıram,
Utanıram göz yaşımdan.


Kərkük bayatısı...

...Ümidsiz-ümidsiz heçkimləşirsən!
Hələlik sabahkı ümidə əhsən!..
...Burda bir bayatı çəksəm yeridi;
Kərkük bayatısı - ümiddən əsən.

Eheey...anan ölsün qardaşım ümid;
Qardaşım göylərin bulud köynəyi!
...Aaltdan mismarladım, üstündən hördüm,
Yenə uçuq qaldı ümid göynəyim.

Yenə təğyir-libas, xəfif və yüngül!..
Ümidi Allaha bağlamaq da var...
Bələd olan bilir xuda xətrinə
hərdən ümidsizə ağlamaq da var.


Bu narın yağışın altda...

...Ya sözün ya xışın altda
İndi gəl tanı, mən kiməm.
...Bu narın yağışın altda
İndi gəl tanı, mən kiməm.

...Bədənimin sağ qoluyam,
Yenə sağımın soluyam.
...Ölüyəm, canı suluyam;
İndi gəl tanı, mən kiməm.

...Vaxtsız, keçmiş, gec kimiyəm,
Hər yerindən köç kimiyəm.
Mən heç kəsin heç kimiyəm;
indi gəl tanı, mən kiməm.


Havada dünənki yağmur...

İlahi, onun gözləri...
Ona sarı gedən karvan!
Gecələr göy üzü yalqız,
Kədərim Aya toxuyur.
...Çiynimdə qanad yerləri
Həsrət nəğməsi oxuyur.
...Havada dünənki yağmur;
Dünəndən islaqdı gecə.
Bu gecədən adam keçər?
...Havada dünənki yağmur;
Dünəndən suyu süzülür,
Süzülür qurtarır gecə,
Əlim hər yerdən üzülür.
..Hardan keçəcəkdim bilməm -
Haradan hansı ümiddən!
...Çay içəcəkdim ya qəhvə;
Hansı kafedə, kölğədə
Harada hansı ölkədə?
Dərdə bax, tamam unutdum!
...Göy üzü yoxuydu göydə
Yerində qara buluddu!
...Havada dünənki yağmur!
Göz yaşını soyunmuşdu
Və nə ki var yuyunmuşdu -
İlahi, onun gözləri...
...Ona sarı gedən karvan!


*
Onda təzə-təzə şer yazırdım,
Gələn biz tərəfə şerə gəlirdi.
…Şer biz tərəfdə nazlı pəriydi,
Ay da axşamüstü seyrə gəlirdi.

…Qara padşahın da vaxtı keçmişdi,
Xan qızı sarayda qısır gəzirdi.
…Onda nə şah idim, nə şahın oğlu
Amma şah qələmim qızıl kəsirdi.

…Onda şairlərin qızıl dövrüydü,
Onda nağılından aşığı doğru.
…Onda təzə-təzə şer yazırdım
Amma nə şah idim nə şahın oğlu.


Lütfən...

...Sən də gəl keç mən tərəfə,
Bəyazı keçməyi öyrən.
Gəl keç, keçməyin xətrinə
Ən azı keçməyi öyrən.

...Dağ da ağzıyanmış kimi
Keçir hərdən çən tərəfə.
Necə anladım, biləsən...
Sən də gəl keç mən tərəfə...

Mən tərəfin göyü alçaq,
Mən tərəfin ulduzu çox.
...Adam edə bildiyini
Etməyəndə uduzur çox.

Lütfən, gəl keç, göy açıqdı!
...Mələklərin gözəl adı!
Mən tərəfin duzu halal,
Aclığını duza batır.

...Səsini də heç çıxartma!
Özgə səsi düyilsən ki...
...Gəl keç, lütfən, mən tərəfə!
Bir özgəsi deyilsən ki...


Rəngi sarı dərvişlər...
(Ə.Yəsəviyə)

...Bu balım, bu da pətəyim!
...Arıya çaydım birtəhər.
...Mən də bir sarı dərvişəm,
Sarıya çatdım birtəhər.

...Nə torpağam, nə su, nə dən!
...Göyərirəm belə nədən?
...Yarı ruham, yarı bədən-
Yarıya çatdım birtəhər.

Eh, mən də biri...yüyürdüm!
...Ölüncə diri yüyürdüm!
...İrəli-geri yüyürdüm-
Geriyə çatdım birtəhər!


Adsız məbəddəki şam...

Mənim dostum gecə, düşmənim gecə!
...Dərdi lağım-lağım atıram, ay dost!
Üfürsən yıxılan filfilə cannan
Gecə ayaqüstdə yatıram, ay dost!

Adsız məbəddəki şam da yiyəsiz...
Birdən xatırladım, altdan keç indi.
Üstündə tanrısız Tanrılar gəzir...
Gecələrin altı kimin üçündü?

Adlı gecələrdən keçib gedirəm...
Bax, bu gecənin də keçəni atlı!Məsələn, uzanıb şer yazıram-
Cəzamdı bir uzun gecənin altı!

Budu...altı boşdu bu gecənin də...
...Nə bir ölü vətən, nə bir yol keçən!
...Lağım-lağım oldum, atıldım, ay dost!
Mənim dostum gecə, düşmənim gecə!..

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

İran müharibəyə hazırlaşır və kömək üçün Rusiyaya müraciət edib

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Ən çox oxunanalar