Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hazırda dövlət sərhədində vəziyyət stabildir" - DSX general-mayoru

PİA.az Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov ilə müsahibəni təqdim edir:

- İşğaldan azad edilmiş ərazilərdə neçə hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib? Zərərsizləşdirilmiş sursatların növ üzrə bölgülərini qeyd etməyinizi rica edirəm.

- Vətən müharibəsində şanlı Qələbəmiz nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km-dək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyulub.

Azad edilmiş ərazilərimizdə sərhəd müdafiə və mühafizə infrastruk­turunun bərpası və yenidən qurulması, şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsində mühəndis-istehkam fəaliyyətləri böyük əhəmiyyət kəsb edir.

Ötən il ərzində Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi, yolların salınması və bərpası istiqamətində zəruri işlər görülüb. Belə ki, azad edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yollar çəkil­ib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 386 hektar ərazinin mina və partlamamış sursat­lardan təmizlənməsi nəticəsində 947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlama­mış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Cari ildə də qeyd olunan fəaliy­yətlər intensiv şəkildə davam etdirilir.

- DSX Sahil Mühafizəsinin dəniz sərhədlərinin mühafizəsi, qanunsuz fəaliyyətlərlə mübarizə üzrə imkanları davamlı gücləndirilir. Cari il üzrə dəniz yolu ilə narkotik qaçaqmalçılarına qarşı mübarizə nəticəsində neçə faktın qarşısı alınıb?

- Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizində milli maraqlarımızın qorunması, dəniz mühitində is­tənilən çağırışa adekvat reaksiya imkanlarına malik sərhəd mühafizə qurumudur.

Dənizdə enerji ehtiyatlarının, kritik infrastrukturun mühafizəsi, beynəlxalq terrorizm, kütləvi qırğın silah­ları­nın komponentlərinin qanunsuz yayılması, qeyri-leqal miqra­siya, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz daşınması ilə mübarizə də DSX SM-nin əsas vəzifələrindəndir. Qarşıda duran tapşırıqların ən yüksək səviyyədə icrasının təmin edilməsi məqsədilə müasir üzmə, suüstü və sualtı aşkaretmə vasitələri, texniki müşahidə məntəqələrinin imkanlarından istifadə edilir, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Görülən işlərin səmərəsi qurumun xidməti-döyüş fəaliyyətinin nəticələrində öz əksini tapır. Qeyd etmək istərdim ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplaşmalar ənənəvi olaraq qanunsuz fəaliyyətləri üçün quru sərhəddən istifadə etməyə cəhd göstəriblər, lakin son illərdə dəniz üzərindən də narkotrafik cəhdləri qeydə alınmaqdadır.

Ötən il ərzində dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmış 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin 84 kiloqramı DSX SM tərəfindən saxlanılıb. Bununla yanaşı, dənizdə sərhədin mühafizəsi və sahilboyu rejimin təmin edilməsi fəaliyyətləri çərçivəsində çoxsaylı silah-sursat, tütün məhsulları, əlvan və qara metal və digər qaçaqmal aşkarlanıb, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti və­zifə­lərin ic­rasına ciddi maneə yaradan qanunsuz qurulmuş 22,885 km balıqçı toru və 42 min 139 ədəd dəmir qarmaq yığıl­ıb.

- Dövlət sərhədini pozduqlarına görə, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edən neçə nəfər saxlanılıb, axtarışda olan neçə nəfər aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib?

- Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, orada qanun­suz fəaliyyətlərlə mübarizə fəaliyyətləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin bölmələrinin mövcud maddi-texniki imkanlarının gücləndirilməsi, şəxsi heyətin döyüş və peşəkar hazırlığının təkmilləş­dirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Ötən il ərzində sərhəd mühafizə orqanları tərəfindən dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd reji­mini pozduqlarına görə 4 545 saxlanılıb. Bununla yanaşı, il ərzində axtarışda olan 2154 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib, 227 nəfər saxta, dörd nəfər özgəsinin sənədi ilə və üç nəfər giz­li şəkildə sərhəd nəzarəti mən­təqələrindən keçməyə cəhd edərkən saxlanıl­ıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə saxtalaşdırılmış sənədlərin aşkarlanması hallarının sayında artım müşahidə olunub.

- Sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun neçə halda silah tətbiq olunub, ölən və yaralananların sayı barədə məlumatı bölüşə bilərsinizmi?

- Qeyd etdiyim kimi, dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizə tərəfimizdən ən qəti şəkildə davam etdirilir. Sərhəd mühafizə bölmələrinin peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin bilik və bacarıqlarının, döyüş hazırlığının yüksəldilməsi ilə yanaşı, çətinkeçilən ərazilərdə texniki mühafizə sistemlərinin tətbiqi, sərhəd mühafizə bölmələrinin müasir müşahidə və aşkaretmə cihazları ilə təchiz olunması təmin edilir.

Lakin təcrübə və aparılan təhlil göstərir ki, dövlət sərhədlərinin mühafizəsi gücləndirildikcə, transsərhəd cinayətkar fəaliyyətlərlə məşğul olan qruplaşmalar da öz imkan və üsullarını təkmilləşdirərək qanunsuz əməllərini davam etməyə çalışır, bəzi hallarda hətta sərhəd naryadına odlu silahın tətbiqindən də çəkinmirlər. 2021-ci ilin may ayında Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana dövlət sərhədini qanunsuz keçməyə cəhd edən cinayətkar qrup DSX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq odlu silahdan atəş açmışdılar, hadisə zamanı iki hərbi qulluqçumuz həlak olmuşdu.

Həlak olmuş sərhədçilərin qanı yerdə qalmadı, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlarımızın keçirdikləri əməliyyat nəticəsində gizləndiyi yer müəyyən edilmiş cinayətin iştirakçılarından biri saxlanılarkən silahlı müqavimət göstərdiyindən zərərsizləşdirildi, digəri saxlanılaraq cinayət məsuliyyətinə cəlb edildi.

- 2021-ci il ərzində Ermənistanla dövlət sərhədində fəaliyyətə başlayan yeni hərbi hissələrdə hərbi qulluqçuların xidməti və sosial şəraitinin yaxşılaşdırılması istiqamətində hansı işlər görülüb? Burada şəxsi heyət arasında hər-hansı hadisə qeydə alınıbmı?

- Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra iş­ğaldan azad edilmiş sərhədlərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə təd­birlər davam etdirilməkdədir.

Ötən il ərzin­də Cəbrayıl, Zəngilan, QubadlıLaçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidmətinin 19 yeni hərbi hissə kompleksi yaradılıb. Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları əra­zi­sindən və Laçın rayonunun bir hissəsin­dən keçən hissəsi tam nəzarət al­tı­na götürülüb, bu istiqa­mət­də 100-dən artıq sərhəd-döyüş məntəqəsi xid­mə­ti-dö­yüş fəaliyyətinə başlayıb.

Yeni istifadəyə verilən hərbi hissələrdə şəxsi heyətin xidməti və sosial şəraitinin yaxşılaşdırılması üzrə bütün zəruri işlər görülür.

Xüsusi vurğulamaq istərdim ki, azad edilmiş sərhədlərimizdə heyətimiz böyük ruh yüksəkliyi, qürur hissi ilə xidmət aparır. Bununla belə, insanların çalışdığı istənilən sahədə olduğu kimi, sərhəd mühafizə fəaliyyətlərində də arzuolunmaz hadisənin və ya halın olması qaçılmazdır. Cəmiyyətin bir fərdi kimi hərbi qulluqçunun da psixoloji durumunda, xarakterində, ailəsində problemlərin olması təbiidir və bu çətinliklərin öhdəsindən gəlmək hər bir insanın iradəsindən, dözümündən asılıdır. Məsələn, sizin qeyd etdiyiniz istiqamətdə cari ilin yanvar ayında hərbi qulluqçunun xidmət etdiyi zastavanın üç nəfər heyət üzvünü qətlə yetirməsi faktının araşdırılması zamanı zastavada hər-hansı qeyri-insani rəftarın olmadığı, incidilmənin baş vermədiyi, hadisənin hərbi qulluqçunun hərbi nizamnamənin tələblərinə qarşı dö­züm­süzlük, qeyri-adekvat davranış nümayiş etdirməsi nəticəsində baş verdiyi bəlli olub.

Bununla belə, gələcəkdə belə halların qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bütün struktur qurumlarında həyata keçirilən kompleks tədbirlər daha da gücləndirilib.

- Ötən il noyabrın 30-da DSX-nin Mi-17 tipli 20136 bort nömrəli helikopterinin “Qaraheybət” təlim meydanı istiqamətində qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, ikisi isə yaralanıb. Müstəntiqlər bu məsələdə digər qanun pozuntularını da üzə çıxarmaq üçün işlərin davam etdiyini bildiriblər. Bilmək istərdik, bu prosesdə yeni detallar məlum olubmu? Belə faciələrin qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?

- Bildiyiniz kimi, hərbi helikopterimizin qəzaya uğraması hadisəsi ilə bağlı istintaqın ilkin nəticələri artıq açıqlanıb.

Qəza nəticəsində 14 heyət üzvünün həyatını itirməsi DSX-nin bütün şəxsi heyəti üçün əvəzolunmaz itkidir. Onların hər birinin əziz xatirəsi əbədi ehtiram və hörmətlə anılacaq.

Gələcəkdə bu kimi faciələrin qarşısının alınması məqsədilə uçuş və uçuş-texniki heyətlərinin nəzəri və praktiki biliklərinin daha da təkmilləş­dirilməsi, uçuş vasitələrinə texniki qulluq prosedurları və digər aidiyyəti fəaliyyətlər üzrə gücləndirilmiş tədbirlər həyata keçirilir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, hətta ən yeni, saz texnikanın, o cümlədən uçuş vasitəsinin peşəkarlar tərəfindən idarə olunması hələ onun qəfil sıradan çıxmayacağına, idarəetməsinin itirilməyəcəyinə zəmanət vermir. Çünki uçuş təhlükəsizliyi prosesi çox mürəkkəb texniki-insani qarşılıqlı əlaqədir və buna çoxsaylı amillər təsir edir.

Dünya ölkələrində 2021-ci ildə baş vermiş aviaqəzalara baxsaq, təkcə böyük avialaynerlərin iştirakı ilə 16 qəzanın baş verdiyini, onun yeddisinin qonşu Rusiyada qeydə alındığını görərik. Qəzaya uğramış hərbi təyinatlı, yüngül mühərrikli təyyarələrin, helikopterlərin sayı isə dəfələrlə çoxdur. Məsələn, ötən il Rusiya Sərhəd Xidmətinə məxsus helikopterin dağa çırpılması nəticəsində beş nəfər həlak oldu, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopterinin qəzaya düşməsi nəticəsində Hindistan ordusunun qərargah rəisi də daxil olmaqla 14 nəfər həyatını itirdi. Yəni ancaq ötən ilin statistikasını götürsək, bu kimi çoxsaylı qəza hallarını sadalamaq olar.

- Yeni hərbi texnikanın, silahların alınması ilə bağlı hansı planlar var?

- Dövlət Sərhəd Xidmətinin əsas vəzifələri olan sərhədlərimizin toxunulmazlığının təmin edilməsi, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılığa qarşı mübarizə fəaliyyətlərinin yüksək səviyyədə aparılması üçün maddi-texniki bazanın gücləndirilməsi, müasir texnologiyaların tətbiqi sərhəd mühafizə­si­nin təkmilləşdirilməsi prosesinin vacib hissəsidir.

Dövlət Sərhəd Xidmətinin unikal - hərbi, hüquq mühafizə və xüsusi xidmət orqanı xüsusiyyətlərindən irəli gələrək texniki təchizatında müşa­hidə, aşkaretmə avadanlıqları ilə yanaşı, hərbi təyinatlı qabaqcıl sistem­lərin, xüsusi texniki vasitələrin alınması və arsenala qəbul edilməsi təmin edilir.

Qürurla söyləyə bilərik ki, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin arsenalında olan ən müasir sistemlər, o cümlədən kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə uğurlu “Açıq Səma” əməliyyatı icra edilib, sərhədçi operatorların idarə etdikləri “Harop”, “Quzğun” PUA-ları ilə düşmənin operativ-taktiki raket kompleksləri, S-300 və digər zenit-raket sistemləri, radioelektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda-idarəetmə məntəqələri məhv edilib, ümumilikdə 290 düşmən hədəfi, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib.

- Vətən müharibəsində iştirak etmiş və şəhid olmuş hərbçilərin ailə üzvləri DSX-də işlə təmin olunurlar?

- Məlumat üçün qeyd etmək istərdim ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub.

Onların ailə üzvlərinə diqqət və qayğının göstərilməsi, müraciətlərinin dinlənilməsi və nəzarətdə saxlanılması, zərurət olduqda müsbət həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqələndirilməsi əsas fəaliyyətlərimizdən olub.

Ötən il ərzində şəhid hərbi qulluqçularımızın ailə üzvlərindən səkkiz nəfər Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında xidmətə qəbul edilib, hazırda iki nəfərin xidmətə qəbulu məsələsi icraatdadır.

- Ermənistanla dövlət sərhədində əməliyyat şəraiti necədir?

- Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən dövlət sərhədlərimizin etibarlı müdafiəsi və mühafizəsi təmin olunur.

Hazırda dövlət sərhədində vəziyyət stabildir, bununla belə, əməliyyat şərai­tinə təsir göstərə bilən bütün amillər və təhdidlər bölmələrimizin xidməti-döyüş fəaliyyətində nəzərə alınır.

- Müdafiə Nazirliyinin sistemində komando birlikləri mövcud­dur. Eyni sistemi Dövlət Sərhəd Xidmətində də yaratmaq mümkün­dürmü?

- Əslində, sizin qeyd etdiyiniz “komando” modelində heyətin hazırlanması prosesinə Dövlət Sərhəd Xidməti tərəfindən hələ 2000-ci illərin əvvəllərində başlanılıb. Bu müddətdə ciddi inkişaf yolunu keçən çevik hərəkət bölmələrimiz 2017-ci ildə DSX-də aparılmış struktur islahatları nəticəsində Dövlət Sərhəd Xidmətinin dörd hərbi birləşməsindən biri - Çevik Hərəkət Qüvvələri kimi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bu gün DSX-nin Çevik Hərəkət Qüvvələri istənilən iqlim şəraitində, çoğrafi relyefdə ölkəmizin sərhədlərinin toxunulmazlığının təmin edilməsi üzrə qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə icra etməyə qadir qurumdur.

Vətən müharibəsində DSX-nin Çevik Qüvvələrinin heyəti 24 saat ərzində 105 kilometr məsafədə irəliləyərək müharibənin ən itisürətli hücumunu yerinə yetirmiş, düşmənə sar­sıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etmiş, Ermə­nis­tanla dövlət sərhədinədək böyük bir ərazini azad etmişdilər.

Bununla yanaşı, çevikçilərimiz Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının, Hadrut qəsəbəsinin düşməndən təmizlənməsində qəhrə­manlıq göstərmiş, Şuşa şəhərinin azad edilməsi əməliyyatında düşmən müdafiəsinin qırılmasında və şəhərin təmizlənməsində ön sıralarda fərqlənərək şücaət nümayiş etdirmişlər.

Bundan əlavə, qürurla deyə bilərik ki, məhz DSX ÇHQ-nin heyəti qə­dim Xudafərin körpüsünü, Zəngilan rayonunun Ağbənd qəsə­bəsini və Zəngilan şəhərini azad edərək Dövlət bayrağımızı sancmış, Ermənistanla dövlət sərhədində ən hündür “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etmişlər.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda haqq savaşımızda göstərdikləri qəhrəmanlıqlara görə çevikçilərimiz “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, orden və medallarla təltif edilmişlər. Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin 2021-ci ilin sentyabrında Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində “Sərhəd qoşunlarının xüsusi təyinatlıları hərbi əməliyyat­larda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər” deməsi Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin çevik qüvvələrinin fəaliyyətinə verilən ən ali qiymət olmuşdur.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ən çox oxunanalar