Beyləqanda törədilən dəhşətli cinayətin təfərrüatı məlum olub...
Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi ilə bağlı cinayət işində daha bir təfərrüat ortaya çıxıb.
APA-nın əldə etdiyi xəbərə görə, Fuad Cəlilzadə ilə qətlə yetirilən qardaşlar Amin Quluzadə və Xəyal Quluzadə uzun müddət münaqişədə olublar.
Hadisə baş verən gün qardaşlar Fuad Cəlilzadənin evinin damını daşlayıb, onun bu yaxınlarda vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar.
Bundan sonra Fuad Cəlilzadə özünə məxsus ov silahı ilə ora gedib və hər iki qardaşı güllələyib.
Hadisə yerində olmuş şəxslərin dediyinə görə, qətlə yetirilən qardaşların birinin əlində bıçaq olub.
Fuad Cəlilzadə daha sonra qardaşların yaşadığı evə gələrək onların valideynləri Nadir Quliyev və Tərgül Quliyevanı da güllələyib.
Fuad Cəlilzadə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək cinayət törətdiyini etiraf edib.
Qeyd edək ki, Fuad Cəlilzadə kənddə heyvandarlıqla məşğul olub.
***
Lent.az-ın məlumatına görə, hadisəni törədən Fuad Cəlilzadənin ailəsi ilə qətlə yetirilən ailə arasında düşmənçilik olub.
Bir neçə il əvvəl Fuad Cəlilzadənin atası Loğman Cəlilzadə qətliama məruz qalan ailənin başçısı Nadir Quliyevi yol üstündə yaba ilə vurub. O, yabanı N.Quliyevin qarnına soxub. Həkimlərin səyi nəticəsində o zaman N.Quliyevi xilas etmək mümkün olub. L.Cəlilzadə isə həbs edilib.
Məlumata görə, L.Cəlilzadə həbsdən çıxandan sonra N.Quliyevin ailəsi ilə ədavəti davam etdirib. Nəticədə bu gün L.Cəlilzadənin oğlu Fuad Cəlilzadə ov tüfəngi ilə N.Quliyevin ailəsini güllələyib.
Hadisəni törədən F.Cəlilzadə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Qətlə yetirilən şəxslər aşağıdakılardır:
56 yaşı Nadir Quliyev
51 yaşlı Tərgül Quliyeva
26 yaşlı Amin Quluzadə
20 yaşlı Xəyal Quluzadə.
***
Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.
PİA.az xəbər verir ki, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə, ikisini isə yol kənarında güllələyib.
***
Dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
PİA.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir.
pia.az