Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni şeirlər: "Bu ocaqdan aramızı kül kəsir..."

Külüm ərşə tökülə...

...yenə fikrim-zikrim ərş üzündədi,
az-az fikirlərim ərşə dayanmır.
Ərşi yandıracaq odum — deyirdim...
Bu qədər yanıram, ərş hələ yanmır!

Görüm, dilim-dilim olsun dilimi!
Gündə qələm-qələm yondura bildim...
...yandırıb gedirəm kürreyi-ərzi!
Dedim, bəlkə ərşi yandıra bildim...

Yanır kürreyi-ərz, ərş hələ yanmır...
Əşi, bu ərş belə...əşi, bu kürə!
Məni ərşə çəkə dara çəkənim,
yandıqca külüm də ərşə tökülə...


***
(Şair Tural Turana məktub)

Bir mətləbi min söylədim, min dedim,
söyləyirəm yenə min də: dönəcəm!
Hara dönüm, necə dönüm -demişdim...
Axır bir gün çənəm öndə, dönəcəm!

...bu ocaqdan aramızı kül kəsir!
...hansı quşdu qış baxçada gül gəzir?
...yalnızlıqdı xəyalımın gülgəzi,
könlüm qürbət sənəmində...dönəcəm!

...gen bildiyim, bildiklərim darıymış!
...göyün qarı hara yağsa, qarıymış!
...dönməyin də səltənəti varıymış,
şahlığının dönəmində dönəcəm!


***
(Musa Yaqubun daşları...)

...yenə dünənki göy üzü,
yenə yağmurlu havalar.
...itmiş çölün yuxusudu
nəğməsi bitmiş yuvalar.

...nə var boşluqda, bilmirik!
Ölüm-itim var doluda?
...baxıb gözünü döyməkdi
səs salmağın bir yolu da!

...ya dünənki göy üzünü
ya sənə baxan yarpağı!
Qalanı heç nə, mənasız:
itotu - bağayarpağı!

Əsas olanlar bunlardı —
Musa Yaqubun daşları...
...nəğməsi bitmiş yuvalar
və yuvasız göz yaşları!


***
Hərənin öz yolu, öz yolağası...
öz yolun yoxdusa — ən zulum budu!
...Qarsa da yol var, ondan yana da;
qulağın dibində Ərzurum budu!

Yolçu yolda olsa yolsuzluq bitər!
...yenə sələmçidi, sələmdi, neynək!
Hanı, qara batmış qaramı batdı?
Ərzurumda qalan Lələmdi, neynək!

Beləmi lazımdı görən dağlara?
Qar üstdən tökülüb...Alp qar altıdı!
Ərzurumda qalan Lələmdi...neynək,
...yolda qar da olar, lap qaraltı da!

Götürə bu qəmdən şəhər düzəldə...
...nə indi bir memar Sinan yeridi!
...Yolları bağlanan Ərzurum budu!
...kərən yox, Kərəmin sınan yeridi!

Bayaqdan ağzımda söz danışıram,
qaraçı tərifi söyləmirəm ki!
...neynim, qul da gedir şah gedən yolnan,
qoy getsin, yolundan əyləmirəm ki!


Süd gölü..

...üzənnən üzməyən birdimi, görən,
görəsən, hamının üzməyi birmi?!
Yox, heç üzə bilmir mənim ürəyim,
girib süd gölündə üzməyi bilmir!..

Hamı süd gölündə çimməyi bilir,
hamı süd gölündə üzməyi bilir!
...ürəyim neyləsin, üzgüçüdümü?
Baxıb üzənlərə dözməyi bilir!..

...ağzından süd iyi gələnlər üzdü!
Ağızı süd iyli südəmərdilər...
Hərdən bu üzmək də bir bəhanədi...
Dünyanın döşündən süd əmərdilər!

Dünyadan gördüyüm dözümdü elə...
Neyləsin ürəyim, süd görür yoxdu!
...yox, mənim ürəyim üzməyi bilmir,
mənim ürəyimin süd gölü yoxdu!
Yaxşı dözümü var, dözür yaxşıca...

Paşa Talıblı

Poliqon.info 


Etiket: Şeir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Biləsuvar sakini bədbəxt hadisə ilə üzləşib, 4 barmağı amputasiya olunub

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay