Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İqtisadiyyat Nazirliyinin köhnədənqalma zəif kadr potensialı bugünkü reallıqlara cavab vermir” – Müsahibə

Pandemiyanın üzə çıxardığı bir çox məsələlərAzərbaycanda iqtisadi fəallığın artırılmasına yönəlik siyasətin yürüdülməsini zəruri edir. Azərbaycan hökümətinin iqtisadi bloku bu sahədə hansı addımlar atır?..

UNEC profossoru: “Ölkədə iqtisadi blokun gücləndirilməsinə ehtiyac var. İlk növbədə, iqtisadi blokun mütərəqqi iqtisad elminə əsaslanan və iqtisadi-elmi biliklərə malik şəxslərlə zənginləşdirilməsi zəruridir”.

“İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra suallar var. Çünki bu qurum investisiya artımına birbaşa cavabdeh olmalıdır. Eyni zamanda, Mərkəzi Bankın fəaliyyəti ilə əlaqədar da suallar mövcuddur”.

Bu sözləri iqtisadçı alim, professor Elşad Məmmədov PİA.az-a müsahibəsində bildirib.

Dünya iki ildir ki, pandemiya dönəmini yaşayır və sözsüz ki, bir çox yasaqların mövcudluğu iqtisadi problemlərin böyüməsinə səbəb olur. Beynəlxalq iqtisadi analitiklər dünya iqtisadiyyatı böhran dalğası ilə üz-üzə olduğunu bildirir və bu böhranın getdikcə daha da dərinləşəcəyini vurğrlayırlar. Artıq bir çox ölkələr də postpandemiya dönəminin reallıqlarına hazırlaşırlar və bu reallıq iqtisadi mühit üçün yeni tələblər irəli sürməkdədir.

Bəs Azərbaycan iqtisadiyyatı, daha doğrusu hökümətin iqtisadi bloku yeni yaranan reallıqların tələblərini qarşılamaq üçün hazırlaşırmı?

Bu mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədovla müzakirə edib.

Elşad Məmmədov: “Ölkə hökuməti, ilk növbədə isə iqtisadi blok çox mühüm çağırışlarla üz-üzədir və bizi yaxın aylarda iqtisadiyyatda kifayət qədər mürəkkəb çağırışlar gözləyir”.

PİA.az iqtisadçı professor Elşad Məmmədovla müsahibəni təqdim edir.

- Elşad müəllim, son ilyarımda – xüsusilə pandemiya şəraitində ölkənin ümumi iqtisadi vəziyyətini necə qiymətləndirirsiniz?

- Sözsüz ki, bütövlükdə ölkədəki iqtisadi duruma xarici faktorlar da təsir göstərir. Dünya iqtisadiyyatı böhran dalğası ilə üz-üzədir və bir çox ekspertlərin bildirdiyi kimi, bu krizis dərinləşməkdə davam edərək, öz sonluğundan hələ uzaqdadır. Fikrimcə, biz yaxın illərdə dünya iqtisadiyyatında köklü texnoloji dəyişikliklərin şahidi olacağıq ki, bu da Azərbaycan iqtisadiyyatına təsir etməyə bilməz.

Biz bir tərəfdən də görürük ki, xarici iqtisadi siyasətimizdə yeni çağırışlar formalaşır, regionda yeni vəziyyət yaranır, digər tərəfdən, ölkə iqtisadiyyatının idarə edilməsində yeni yanaşmalara da ehtiyac var. Yəni pandemiyanın üzə çıxardığı bir çox məsələlər iqtisadi fəallığın artırılmasına yönəlik siyasətin yürüdülməsini zəruri edir. Bu çərçivədə bir çox məsələlər öz həllini tapmalıdır və düşünürəm ki, ölkə hökuməti, ilk növbədə isə iqtisadi blok çox mühüm çağırışlarla üz-üzədir və bizi yaxın aylarda iqtisadiyyatda kifayət qədər mürəkkəb çağırışlar gözləyir.

- Hökumətin mövcud addımları iqtisadi vəziyyətlə bağlı vurğuladığınız gözləntilərə nə dərəcədə adekvatdır?

- Burada məsələ yetərincə mürəkkəb olduğu üçün yanaşmalar da buna uyğun olmalıdır. Mən bir tərəfdən hökumətin antiböhran tədbirlərini müsbət qiymətləndirirəm. Burada ilk növbədə sosial sahəni qeyd edərdim. Etiraf və qeyd olunmalıdır ki, son illərdə Azərbaycanda əmək haqlarının artırılması, sosial ödənişlərin gerçəkləşdirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük işlər görülüb. Əgər o işlər reallaşdırılmasaydı, biz bu gün nəinki ağır iqtisadi, həm də sosial problemlərlə, narazılıqlarla üz-üzə qalacaqdıq.

Elşad Məmmədov: “Ölkədə aparılan pul-kredit siyasəti iqtisadi artıma şərait yaratmır və investisiyaların azalmasına səbəb olur”.

Digər tərəfdən, bu sosial tədbirlərin həyata keçirilməsi ölkədə alıcılıq qabiliyyətinin müəyyən qədər qorunmasına şərait yaratdı. Bu, çox vacibdir. Amma digər tərəfdən, problemlər də var. O problemlər ilk növbədə pul-kredit siyasətinin qeyri-adekvatlığı ilə bağlıdır. Bu gün biz görürük ki, ölkədə aparılan pul-kredit siyasəti iqtisadi artıma şərait yaratmır və investisiyaların azalmasına səbəb olur.

Ölkə iqtisadiyyatına yatırılan əsaslı kapital qoyuluşlarındakı azalma yaxşı heç nə vəd etmir. İqtisadi artımdan danışırıqsa, bunun əsas tıkanverici qüvvəsi investisiya artımıdır. Bugün onun şahidiyik ki, ölkədə həyata keçirilən pil-kredit siyasəti investisiya artımına xidmət etmir.

İnvestisiyaların strukturuna nəzər saldıqda görürük ki, xarici investisiyalar azalır. Eyni zamanda, xarici investisiyalara ümid bağlamağın özü də doğru yanaşma deyil. Çünki xarici investisiyaların cəlb edilməsi üçün daxildə normal investisiya mühiti olmalıdır. Bundan başqa, xarici investisiyalar həmin xarici investorların maraqlarına uyğun sferalara yönləndirilir.

Bizim ölkənin isə öz milli prioritetləri, maraqları var. Ona görə də, biz ilk növbədə daxili investisiya institutunun inkişafına nail olmalıyıq. Bizdə daxili investisiyalar ilk növbədə dövlət kapital qoyuluşlarıdır. Bu isə bazar iqtisadiyyatı şəraitində effektiv sayıla bilməz.

- Sizcə kompetent dövlət qurumları, ilk növbədə isə hökumətin iqtisadi bloku bu nüansları nəzərə alır?

- İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra suallar var. Çünki bu qurum investisiya artımına birbaşa cavabdeh olmalıdır. Eyni zamanda, Mərkəzi Bankın fəaliyyəti ilə əlaqədar da suallar mövcuddur. Baxaq görək, bu gün bizim bank sektorunun aktivlərində, kredit portfelində real sektora istiqamətlənmiş investisiya yönümlü kreditlərin xüsusi çəkisi hansı səviyyədədir? Hər halda, çox cüzi səviyyədədir. Digər tərəfdən, investisiyaların strukturuna nəzər salaq: mənim hesablamalarıma görə, orada bank kreditləri heç on faiz də təşkil etmir. Bu, olduqca aşağı göstəricidir. O baxımdan, iqtisadi bloka və bank sektoruna ünvanlanası suallar kifayət qədər çoxdur. Düşünürəm ki, bu istiqamətlərdə köklü dəyişikliklərə ehtiyac var.

- Sizcə, indiki şəraitdə səlahiyyətləri və cavabdehliyi xeyli artırılan İqtisadiyyat Nazirliyi “lokomotiv” funksiyasını yerinə yetirə bilir?

- Düşünürəm ki, İqtisadiyyat Nazirliyi “lokomotiv” rolunu oynaya bilmir və bunun müxtəlif səbəbləri var. Birinci səbəb onunla bağlıdır ki, müasir dövrdə iqtisadiyyatın “lokomotiv”i qismində pul-kredit siyasəti çıxış edir. Etiraf etmək lazımdır ki, İqtisadiyyat Nazirliyinin bu istiqamətdə funksiyaları məhduddur.

Elşad Məmmədov: “Tez-tez belə bəyanatların şahidi oluruq ki, daha çox vergi yığılır. Ancaq vergi yığımındakı artımla yanaşı, həm də iqtisadi artım baş verməlidir”.

Bizdə fond bazarları inkişaf etmədiyi üçün pul-kredit siyasətinin əsas mənbəyi kreditləşmə olmalıdır. Ancaq İqtisadiyyat Nazirliyi bu kreditləşməyə görə cavabdeh deyil. Düzdür, bu nazirliyin nəzdində investisiyaların, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlik strukturlar var. Ancaq onların portfelinə nəzər salsaq görərik ki, bu, o nazirliyin ölkə iqtisadiyyatrında “lokomotiv” rolunu oynaması üçün yetərli deyil.

Digər tərəfdən, bildiyiniz kimi, sabiq Vergilər Nazirliyi bir müddət əvvəl İqtisadiyyat Nazirliyinə birləşdirilib. Tez-tez belə bəyanatların şahidi oluruq ki, daha çox vergi yığılır. Ancaq vergi yığımındakı artımla yanaşı, həm də iqtisadi artım baş verməlidir. Əgər iqtisadiyyatın daralması şəraitində vergi yığımında artım olursa, deməli, siz iqtisadiyyatdan potensial investisiyaları geri çəkirsiniz. Bu, fəxr ediləsi, öyünüləsi hal deyil. İqtisadi artım olmalıdır ki, daha çox vergi yığılsın. Əks halda, bunun iqtisadiyyata dayanıqlı müsbət effekti ola bilməz.

Burada başqa mühüm məqam koordinasiya ilə bağlı problemlərdir. Bilirsiniz, həm İqtisadiyyat Nazirliyinin öz daxilindəki strukturların sayının artırılması qurumdaxili koordinasiyaya mənfi təsir göstərir. Eyni zamanda, bütövlükdə Nazirlər Kabinetinin funksionallığı ilə bağlı ciddi suallar mövcuddur. Yəni Nazirlər Kabineti faktik olaraq, hökumətə daxil olan bütün qurumların fəaliyyətini koordinasiya etməlidir.

Fikrimcə, biz Nazirlər Kabinetinin real təsir imkanlarının artırılmasına istiqamətlənmiş addımlar atmalıyıq. Heç bir nazirlik özü üçün fəaliyyət göstərməməli, korporativ maraqlardan deyil, dövlət maraqlarından çıxış etməlidir. Onların fəaliyyəti Nazirlər Kabineti tərəfindən əlaqələndirilmiş şəkildə idarə olunmalıdır.

Eyni zamanda, hesab edirəm ki, bank sektorunda dövlətin rolunun artırılması ilə bağlı Mərkəzi Bankın məsuliyyət çərçivəsinin xeyli dərəcədə genişləndirilməsinə dair tələblər var. Mərkəzi Bank və bütövlükdə bank sektoru öz mənfəətlərinin artırılmasına istiqamətlənmiş deyil, ölkə iqtisadiyyatındakı prioritet məsələlərin həlinə cavabdeh olmalıdır. Bunlar isə ilk növbədə məşğulluq, iqtisadi artım, inflyasiyanın azaldılması, milli valyutanın müdafiəsi və əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır.

- Burada kadr faktoruna da toxunmaq lazım gəlir. Məsələn, iqtisadiyyat nazirinin bir sıra müavinləri, xüsusilə, qurumun fəaliyyətini koordinasiya etməli olan Aparat rəhbəri Ayaz Əliyevin fəaliyyətinə dair ciddi tənqidlər səsləndirilir.

- Əslində, kadrlarda səhvlər barədə konkret fikirlər söylənməsinin tərəfdarı deyiləm. Lakin peşəkar hazırlığım və iqtisadi biliklərim bu barədə müəyyən fikirlər deməyimə imkan verir. Düşünürəm ki, bu gün Azərbaycanda iqtisadi blokda elmi potensialdan daha çox istifadəyə ehtiyac var.

Bu gün beynəlxalq təcrübəyə nəzər salsaq, xeyli mütərəqqi iqtisadi yanaşmaların olduğunu görərik. Bu yanaşmaların bir çoxunun Azərbaycandakı iqtisadi blokda təmsil olunan rəhbər işçilərdə tətbiqi müşahidə olunmur. Ölkədə iqtisadi blokun gücləndirilməsinə ehtiyac var. İlk növbədə, iqtisadi blokun mütərəqqi iqtisad elminə əsaslanan və iqtisadi-elmi biliklərə malik şəxslərlə zənginləşdirilməsi zəruridir. Yəni iqtisadi blokda daha peşəkar mütəxəssislərin yerləşdirilməsi lazımdır. Xarici ölkələrdə altı aylıq kurs keçən şəxslərin iqtisadi blokda yer alması gözlənilən faydanı vermir. Çünki bu insanlar cəmiyyətdə açıq dialoqa və fikir mübadiləsinə getmirlər. Bu, təəssüf doğurur. İqtisadiyyat Nazirliyinin rəhbəri mütərrəqi insandır və çox istərdim ki, ölkədə mövcud olan iqtisadi problemlərin açıq müzakirəsinə getsin. Bu fikir mübadiləsindən iqtisadi bloka aid olan qurumlar faydalana bilər. İnvestisiya artımı, büdcə və pul-kredit siyasətinin inkişafı üçün böyük imkanlar var.

Elşad Məmmədov: “Bu gün beynəlxalq təcrübəyə nəzər salsaq, xeyli mütərəqqi iqtisadi yanaşmaların olduğunu görərik. Bu yanaşmaların bir çoxunun Azərbaycandakı iqtisadi blokda təmsil olunan rəhbər işçilərdə tətbiqi müşahidə olunmur”.

Ölkə başçısı Azərbaycanda iqtisadi bloka daxil olan qurumların qarşısında böyük hədəflər qoyub və eyni zamanda, onların fəaliyyəti üçün böyük imkanlar yaradıb. Lakin həmin iqtisadi bloka aid olan qurumların əksəriyyəti prezident tərəfindən qoyulan tapşırıqlara əməl etmir və ona görə də gözlənilən nəticə əldə olunmur. Azərbaycan iqtisadiyyatının illik 5% artım dinamikası göstərmək üçün potensialı var. Ancaq bunun üçün optimal iqtisadi siyasət yeridilməlidir. Eyni zamanda, Mərkəzi Bankda çox böyük islahatlara ehtiyac var.

- İqtisadiyyat Nazirliyində İctimai Şuraya üzvlük üçün namizədlərin irəli sürülməsi prosesi gedir. Sizin İctimai Şuraya seçilmək iddianız varmı? Yeri gəlmişkən, Şuraya seçkilərin kurasiyası cəmiyyətdə o qədər də müsbət reputasiyaya malik olmayan Nazirliyin Aparat rəhbəri Ayaz Əliyeve həvalə olunub...

- Çox istərdim ki, ictimai dialoq olsun. Mənim o şəxslə yaxın münasibətim yoxdur və onun peşəkarlıq səviyyəsi haqqında ətraflı məlumata malik deyiləm. Ona görə də, həmin şəxsin öz vəzifəsinə nə dərəcədə uyğun olub-olmadığına aid fikir söyləməyim düzgün olmaz. Sadəcə olaraq hesab edirəm ki, İctimai Şuralarla bağlı yanaşmalarda kifayət qədər ciddi yeniliklərə ehtiyac var. İstəməzdim ki, nazirliklərin nəzdində yaradılan İctimai Şuralar formal xarakter daşısın.

Ölkə başçısı İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı kifayət qədər ciddi qərarlar qəbul edib. Düzdür, hər şeyi İqtisadiyyat Nazirliyinin boynuna atmaq da düzgün deyil. Bir daha qeyd etmək istəyirəm ki, müasir şəraitdə pul-kredit siyasəti böyük rol oynayır. Çox istərdim ki, İqtisadiyyat Nazirliyinin yanında fəaliyyət göstərəcək İctimai Şurada peşəkarlar təmsil olunsun. Bu günə kimi mənə həmin qurum tərəfindən hansısa fikir mübadiləsi ilə bağlı təkliflər edilməyib. Mən buna mənfi yanaşıram. Çünki İqtisadiyyat Nazirliyinə verə biləcəyim bir çox tövsiyələr Azərbaycan iqtisadiyyatının dayanıqlı iqtisadi inkişafına şərait yarada bilərdi.

Bugün sözügedən məsləhətləşmələr yoxdursa, bu, həmin nazirliyin fəaliyyətinə müsbət təsir göstərməyəcək. Aidiyyatı qurumlar Azərbaycanda mövcud olan kifayət qədər mütərəqqi yanaşmaları tətbiq edə biləcək mütəxəssislərlə məsləhətləşmələr aparmalıdır. Bu məsləhətləşmələr ölkə iqtisadiyyatının inkişafı baxımından, çox əhəmiyyətlidir.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

ABŞ mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Rusiya ilə müharibəyə hazırlıq: Avropa dövlətləri hərbi xidmətə məcburi çağırışa keçir

Ən çox oxunanalar