Ağ Evin İdarəetmə və Büdcə Ofisi ABŞ-ın ilin sonuna qədər Ukraynaya yardım üçün vəsaitinin tükənəcəyini açıqlayıb...
Poliqon xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb. Qəzet yazır ki, Co Bayden administrasiyası konqresmenlərə bu vəziyyətin Rusiyanın döyüş meydanında uğur qazanmasına səbəb ola biləcəyi təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda Avropa İttifaqından 50 milyard avronun ayrılması ilə bağlı problemlər də məlum olub.
"Konqres hərəkətə keçməməkdə davam edərsə, ilin sonuna qədər Ukrayna üçün yeni silah və texnika almaq, eləcə də ABŞ hərbi anbarından avadanlıq təmin etmək üçün resurslarımız tükənəcək", deyə Ağ Evin İdarəetmə və Büdcə Ofisi bildirib. Direktor Şalanda Yanq ABŞ parlamentindəki hər iki partiyanın liderlərinə məktub yazıb.
“Bu işdə kömək edə biləcək sehrli maliyyə mənbəyi yoxdur. Pulumuz bitdi və demək olar ki, vaxtımız tükəndi”, deyə Yanq əlavə edib.
“ABŞ-ın silah və texnika təchizatının kəsilməsi Ukraynanı döyüş meydanında zəiflədəcək, təkcə Ukraynanın qazanclarını təhlükə altına atmayacaq, həm də Rusiyanın hərbi qələbələri ehtimalını artıracaq”, deyə Yanq yazıb.
Qeyd edək ki, prezident Co Baydenin Ukrayna, İsrail və Hind-Sakit okean regionunda əməliyyatlar üçün təcili maliyyə yardımı üçün 106 milyard dollar tələbi həftələrdir Konqresdə ilişib qalıb. Bəzi parlamentarilər bu yardımın buraxılmasının ABŞ-ın cənub sərhədində immiqrasiya nəzarətinin gücləndirilməsi ilə əlaqəli olduğunu müdafiə edirlər.
Xatırladaq ki, bir gün əvvəl Financial Times yazmışdı ki, Aİ-dəki fikir ayrılıqları Ukraynanın özü üçün kritik məqamda maliyyə dəstəyi olmadan qalması riskini də artırır. Müzakirələrdə iştirak edən nəşrin mənbələri bildiriblər ki, Aİ-yə üzv ölkələr Kiyevə 50 milyard avro ayırmaq barədə razılığa gəlməkdən uzaqdırlar.
FT yazır ki, Ukraynanın maliyyələşdirilməsinə icazə verilməsə, bu, yay əks-hücumunun uğursuzluğundan və Qərb dəstəyinin zəiflədilməsi ilə bağlı artan narahatlıqlardan sonra Kiyevə ağır zərbə olacaq.
Poliqon.info