Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnam Kərimovun 3 illik fəliyyəti kənd təsərrüfatlnda nələri dəyişdirib, – Müsahibə

3 il müddətində islahatçı komandanın aqrar sektoru idarə etməsi hiss olunacaq dəyişikliklərə səbəb oldumu və gözlənildiyi kimi aqrar sektor qeyri-neft sektorun lokomotivinə çevrilə bilibmi?..

Kənd təsərrüfatı eksperti: “Nazirin təyin etdiyi idarə müdirləri, ASC rəhbərləri tamamilə başqa səhələrin adamlarıdır və onların aqrar sektordan anlayışları belə yoxdur”.

“Kənd Təsərrüfatı nazirliyinin yeni mütəxəssisləri qeyri-peşəkar olduqları üçün problemlərin nə qədər dərin olduğunu anlaya bilmirlər. Həmçinin bu problemlərin gələcəkdə Azərbaycanın kənd təsərrüfatına nə qədər problem yaradacağını da bilmirlər”.

Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli aqrar sektordakı son vəziyyəti şərh edərkən PİA.az-a masahibəsində bildirib.

Hökumətin bu yaxınlarda 2021-ci il üçün açıqladığı dövlət büdcə proqnozlarında gəlirlər 24 milyard 327 milyon manat məbləğində nəzərdə tutulur, bunun 57,3 faizi və ya 13 milyard 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür.

2020-ci ilin birinci rübünün nəticələrinə əsasən, ixrac strukturunda əsas həcm neft-qaz sektorunun məhsullarının payına düşüb (89,8%). Bununla yanaşı, Azərbaycanın bütün ixracının 83,74% - i neftin payına düşüb.

Bir sözlə uzun illərdir müzakirələr getsə də, proqramlar, yol xəritələri, strategiyalar hazırlansa da, yenə də büdcə ağırlığı neftin üzərinə qoyulur və neft gəlirlərindən asılılıq azalmır. Qeyri-neft sektorunun büdcə gəlirlərinin təmin edilməsində iqtisadiyyatın əsas aparıcı qüvvəsi olacağı isə hələ ki, üfüqdə görünmür. Xüsusilə aqrar sektorun vəziyyəti maraq doğurmaqdadır. Çünki ənənəvi olaraq Azərbaycan iqtisadiyyatında da neftdən sonra kənd təsərrüfatı aparıcı rol oynayıb. Bəs kənd təsərrüfatında vəziyyət nə yerdədir və aqrar sektorda istehsal müasir tələblərə uyğunlaşdırılıbmı?

Kənd təsərrüfatının son vəziyyətini PİA.az-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli ilə müzakirə edib.

Vahid Məhərrəmli: “Azərbaycanın kənd təsərrüfatı sistemi tamamilə dotasiyalar və subsidiyalar hesabına çalışır və artım da bu subsuidayalar hesabına yaranır. Bu isə yolverilməzdir və dövlətin yardımları ilə ayaq üstündə duran bir sahənin inkişafından danışmaq sadəcə gülüncdür. Sabah o yardımlar kəsildiyi zaman nə baş verəcək?”

PİA.az ekspert Vahid Məhərrəmli ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Vahid müəllim, son illərdə kənd təsərrüfatının ümumi vəziyyətini necə dəyərləndirərdiz? Ümumiyyətlə 3 il müddətində islahatçı komandanın aqrar sektoru idarə etməsi hiss olunacaq dəyişikliklərə səbəb oldumu və gözlənildiyi kimi aqrar sektor qeyri-neft sektorun lokomotivinə çevrilə bilibmi?

- Dəyişikliklər oldu. Amma təəsüf ki, dəyişiklik bəzi kənd təsərrüfatı məhsullarının istaehsalının azalmasında oldu. Yəni taxılın idxalı azaldı. Bu il buğda istehsal 1 milyon 800 min tondan bir az artıqdır. Halbuki 3-4 il bundan qabaq ölkə üzrə buğda istehsalı 2 milyon 100 min, 2 milyon 200 mina yaxınlaşmışdı. Digər tərəfdən pambıqçılıqla bağlı ciddi problemlər yaranıb. Baxmayaraq ki, məhsuldarlığın artdığını deyirlər. Pambıq üçün hər hektara 260 manat subsidiya verirlər. Əldə olunan hər ton məhsula görə də 100 manat subsidiya verilir.

Bizim neftdən gələn gəlir hesabına hələ ki, bu qədər vəsaiti qarşılamaq imkanımız var. Amma indi neft gəlirləri və neft hasilatı azalır. Bir neçə ildən sonra isə Azərbaycan neftdən gələn gəlir hesabına kənd təsərrüfatında pambıqçılığı və digər sahələri subsidiyalaşdıra bilməyəcəyik. Tək pambıqçılıq deyil, barama istehsalında da subsidiya var. Gələcəkdə bu sahələrə subsidiya ayrmaq mümkün olmayanda müəyyən çətinliklər yaradacaq.

Pambıqçılıq sahəsində bir neçə maraqlı olan şirkət var. Bu şirkətlər pambığın istehlakı və ixracı ilə məşğul olurlar. Bunlar da monopolist şirkətlərdir. Bu şirkətlər monopolist olduğu üçün dövlət büdcəsindən bu qədər pambıqçılığa subsidiyalar ayrılır.

Kənd Təsərrüfatı nazirliyinin yeni mütəxəssisləri qeyri-peşəkar olduqları üçün problemlərin nə qədər dərin olduğunu anlaya bilmirlər. Həmçinin bu problemlərin gələcəkdə Azərbaycanın kənd təsərrüfatına nə qədər problem yaradacağını da bilmirlər. Onlar ancaq bu gün özlərini daha çox gözə soxmağa və paralel olaraq daha çox qazanmağa çalışırlar.

Vahid Məhərrəmli: “Nə Kənd Təsərrüfatı Nazirliyində, nə Nazirlər Kabinetində, nə də Prezidenti Adminstasiyasında su problemi ilə bağlı açıqlama verən biləcək bir mütəxəssis, məmur yoxdur”.

Bu üzdən də kənd təsərrüfatında istehsal sahəsində hər hansı bir irəliləyiş yoxdur. Dediyim kimi buğda istehsalı azalıb, buğdaçılıq, baramaçılıqda sahəsində dotasiyalar, subsidiyalar hesabına istehsal artırılır. Onu da deyim ki, baramaçılıqda istehsal 30 faizdən çox azalıb. Bildiyimiz kimi barama ilə məktəblərdə və büdcə təşkilatlarında çalışanlar məşğul olurlar. Bu da yolverilməzdir.

Ümumiyyətlə Azərbaycanın kənd təsərrüfatı sistemi tamamilə dotasiyalar və subsidiyalar hesabına çalışır və artım da bu subsuidayalar hesabına yaranır. Bu isə yolverilməzdir və dövlətin yardımları ilə ayaq üstündə duran bir sahənin inkişafından danışmaq sadəcə gülüncdür. Sabah o yardımlar kəsildiyi zaman nə baş verəcək?

Onu da qeyd edim ki, ayrılan yardımlar əsasən məmurların və onların yaratdıqları monopolist şirkətlərin cibinə gedir. Faktiki olaraq pay torpaqlarının sahibləri bu yardımlardan yararlana bilmirlər.

Kənd təsərrüfatının digər vacib problemi olan sudur və bu problem uzun müddətdir ki, öz həllini tapmır. Neçə illərdir su çatışmazlığından fermerlər, kəndlilər əziyyət çəkir. Bu problem getdikcə daha da dərinləşir. Kür və Araz çaylarında suyun azalması isə problemi faciəvi hala gətirib çıxarıb. Çox təəssüflər olsun ki, gələn il və sonrakı illərdə su probleminin həllini tapıb-tapmayacaq bəlli deyil. Nə Kənd Təsərrüfatı Nazirliyində, nə Nazirlər Kabinetində, nə də Prezidenti Adminstasiyasında su problemi ilə bağlı açıqlama verən biləcək bir mütəxəssis, məmur yoxdur. Azərbaycanda əkin sahələrinin müasi üsullarla suvarılması ilə bağlı da ortada elə bir işlər görülmür. Yalnız kimlərsə, nədənsə danışır. Halbuki hər il su və melorasiya sahəsinə dövlət yüz milyonlarla vəsait ayırır.

Vahid Məhərrəmli: “Yeni komanda ötən üç il müddətində müasir dövrün tələblərinə cavab verən aqranomlar, meloratorlar, santexniklər, baytar həkimlər hazırlaya bilmədilər, sadəcə mənasız innovativ layihələrin təqdimatı ilə məşğul oldular”.

Qeyd edim ki, bu sahədə mütəxəssislərin, peşəkarların hazırlanması çox vacibdir. Yeni komanda ötən üç il müddətində müasir dövrün tələblərinə cavab verən aqranomlar, meloratorlar, santexniklər, baytar həkimlər hazırlaya bilmədilər, sadəcə mənasız innovativ layihələrin təqdimatı ilə məşğul oldular. Halbuki bizim ölkəmizdə ən vacib olan faktor mütəxəssis yoxluğudur. Ölkənin kənd təsərrüfatı üzrə kadr bankı 1990-cı illərdə, həmçinin 2000-ci illərin əvvəlində tamamilə dağıdıldı və bu proses indi də davam edir. Təəsüflər olsun ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparatında yüksək vəzifəli şəxslər arasında nə aqranom, nə texnik, nə də baytar həkim yoxdur. Belə olan halda da onlar peşəkar kadrların hazırlanmasında maraqlı ola bilməzlər. Çünki onlar peşəkarlığın nə olduğunu özləri də bilmir. Nazirin təyin etdiyi idarə müdirləri, ASC rəhbərləri tamamilə başqa səhələrin adamlarıdır və onların aqrar sektordan anlayışları belə yoxdur.

- Kənd təsərrüfatının əsas problemlərindən biri həmişə məmur inhisarçılığı olub. Bu sahədə vəziyyət necədir? Uzun illərdir çıxdaş edilən və boğulan kiçik fermer təsərrüfatlarına yanaşmanın dəyişməsi hiss olunurmu?

- Son zamanlar aqarar sektorda biz kiçik və orta biznesin sıxışdırılmasını görürük. Yeni komanda daha çox iri fermer təsərrüfatlarının yaradılmasına dəstək olur və bu zaman təbii ki, monopolistlərin mövqeləri güclənir. Çünki iri fermer təsərrüfatları iri məmurlar tərəfindən yaradılır və bu məmurlar bir çox sahələrdə olduğu kimi, aqrar sektorda da inhisarçı olaraq çıxış edirlər. İri fermer təsərrüfatları kiçik və orta fermer təsərrüfatlarına müəyyən problemlər yaradır. Xüsusən bazarlara çıxışda kiçik və orta fermer təsərrüfatları diqqətdən kənarda qalır. Bu fermerlərin gübrə ilə, su ilə təchizatında da özünü göstərir. Ümumilikdə isə Azərbaycan kəndliləri, yəni kiçik və orta sahibkarlar istehsal etdiyi məhsulların bazara çıxara bilmirlər. Bu çox böyük problemdir və nazirliyin onları görməməzlikdən gəlməsi hesabına kiçik və orta fermer təsərrüfatlarında çəkilən zəhmətlər havaya gedir. Bu da kasıb əhalinin rifahına ciddi təsir edən məsələdir.

Nazirlikdə monopoliya elə səviyyədədir ki, kiçik və orta fermer təsərrüfatları məhsullarını xaricə göndərə bilmirlər. Buna görə də fermerlər öz imkanları ilə məhsulu xaricə çıxarmağa çalışırlar. Xatırlayırsınızsa, bu il kartof istehsalçılar öz məhsullarını Rusiyaya göndərə bilmədilər. Pomidor istehsalçıları da ixrac etdikləri məhsulun sərhəddə yubadılmasından şikayət etdilər. Ruisyaya çatana qədər məhsul da xarab oldu. Bu kimi problemlər öz həllini hələ də tapmayıb.

Vahid Məhərrəmli: “Dövlət gəlir adına pambıqçıların cibinə pul qoyur və sabah bu pul olmayanda, gəlir də olmayacaq, pambıqçılıq da özü-özündən yox olacaq”.

- Hazırda kənd təsərrüfatında ən çox gəlir gətirən sahə pambıqçılıq hesab olunur. Sizcə Azərbaycanda pambıqçılığın inkişafı üçün bütün imkanlar səfərbər olunubmu və pambıqçılığın daha da genişləndirilməsi Azərbaycan iqtisadiyyatı üçün səmərəli ola bilərmi?

- Bayaq pambıq haqqında rəqəmləri dedim. Pambıq üçün bir hektara 600 manat subsidiya ayrılır. Bu da o deməkdir ki, nə qədər pambıq əkiləcəksə, o qədər də dövlət büdcəsindən vəsait ayrılacaq. Buna görə də deyə bilərik ki, pambıqçılıq büdcədən asılı vəziyyətdə qalacaq. Bu gün pambıqdan gələn gəlir yalnız büdcədən ayrılan dotasiyalar hesabınadır. Yəni faktiki olaraq bu dotasiyalar olmasa, gəlir də olmayacaq. Söhbət ondan gedir ki, dövlət gəlir adına pambıqçıların cibinə pul qoyur və sabah bu pul olmayanda, gəlir də olmayacaq, pambıqçılıq da özü-özündən yox olacaq.

Pambıqçılığın gəlirli sahə olması üçün Özbəkistanda, İsraildə, Hindistanda və pambıqçılıqla ciddi məşğul olan ölkələrdə olduğu kimi məhsuldarlıq yüksək olsun, məhsulun maya dəyəri aşağı olsun, ona çəkilən xərc az olsun. Belə olan halda bu sahə gəlirli ola bilər.

Bu il bizim istehsalçıların xərci bir az da artıb. Çünki dizel yanacağının qiyməti 33 faiz artdı. Pambıqçılıqda da texnikada əsasən dizel yanacağından istifadə olunur. Sahibkarın tarlaya gedib işləri görməsi üçün minik maşınından, yəni benzindən istifadə olunur. Benzinin qiyməti 11 faiz artdı. Buna görə də görülən işin qiyməti də artır.

Vahid Məhərrəmli: “Hazırlanan proqramların praktiki cəhətdən həyata keçirilməsi mümkün deyil və mən elə hesab edirəm ki, bu proqramlar ümumiyyətlə həyata keçirilmək üçün nəzərdən tutulmayıb”.

- Vahid müəllim bütün cədlərə baxmayaraq Azərbaycanda hələ də qeyri-neft iqtisadiyyatı formalaşmır. Bunun əsasə səbəbini nəylə əlaqələndirərdiz? Belə götürək, neftimiz olmasa qeyri-neft iqtisadiyyatı təbii olaraq inkişaf edəcək. Bəs bu prosesi paralel olaraq aparmaq niyə olmur?

- Qeyd edim ki, çoxlu sayda problemlər var ki, onlar da öz həllini tapmayıb. Gələcəkdə də təssüflər olsun ki, bu problemlər dərinləşəcək. Bildiyimiz kimi qeyri-neft sektorunun inkişafı üçün çoxlu sayda dövlət proqramları qəbul ediblər. Onu da deyim ki, bunların qəbul etdiyi dövlət proqramları dövlət proqramı standartına da uyğun deyil. Kənd təsərrüfatının inkişafını nəzərdə tutan proqramları belə nəzəri cəhətdən hazırlaya bilməyiblər. Buna görə də proqramların praktiki cəhətdən həyata keçirilməsi mümkün deyil və mən elə hesab edirəm ki, bu proqramlar ümumiyyətlə həyata keçirilmək üçün nəzərdən tutulmayıb.

Bu da ondan xəbər verir ki, onlar qeyri-peşəkar olduğu üçün sahədə olan strategiyanı müəyən edə bilmirlər və sadəcə populizmlə məşğuldurlar. Onu da vurğulayım ki, hətta bunlar aqrar siyasətin nədən ibarət olduğunu belə anlaya bilmirlər. Köhnə sovet dövründə kənd təsərrüfatının idarəçiliyi necə idisə, bunlar o formada idarə etməyə çalışırlar. Statistik göstəriciləri şişirdir, olmayan statistika formalaşdırırlar. Rəqəmləri şişirtməklə, çoxlu sayda rəqəmlər uydurmaqla iqtisadi problemləri həll etmək olmur. Bu sonradan SSRİ-də oluğu kimi faciə ilə nəticələnir.

Qeyd edim ki, keçən illə müqayisədə bu ilin yalnız 7 ayı ərzində ölkəyə idxal olunan yeyinti məhsullarının dəyər ifadəsi 124 milyon dollar artıb. Təsəvvür edin, hələ ölkəyə bu qədər kənd təsərrüfatı məhsulları idxal edilməmişdi. İstehsal azalır, bunun da müqabilində inhisarçı idxalçılar ölkəyə digər ölkələrdən ərzaq, yeyinti məhsulları idxal etməkdə maraqlı olurlar. Buna görə də idxal artıb. Nazirlik isə istehsal artımından danışır, özünün innovativ layihələrini gözə soxmağa çalışır. Halbuki o layihələrin ümumi artıma verdiyi dəyər heç 1% deyil. Və əslində ortada heç artım da yoxdur. Hətta özlərinin statistikası belə azalmaların olduğunu göstərir və bu da idxalın artmasına səbəb olur.

Vahid Məhərrəmli: “Kənd təsərrüfatını yönləndirən yeni komanda üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir və onların ümumiyyətlə sektörün spesifikasından xəbərləri belə yoxdur”.

Ölkədə kənd təsərrüfatı mallarının qiymətləri də kəskin artıb. Qiymət artımı bizim kəndlilərin sosial durumunu yaxşılaşdırmalı, onların biznesini genişləndirməli idi. Amma bu baş vermir. Çünki bazar monopolistləri kiçik və orta fermerlərdən məhsulu su qiymətinə alır və qiymət artımından əldə oluanan bütün gəlirlər də onların cibinə axır. Bu gün kəndlərdə yaşayan çoxlu sayda insanlar işsizdir. İşləyənlərin də gəlirləri o qədər azdır ki, ancaq öz zəruri yaşam problemlərini həll edə bilirlər.

Bütün bunlar onu deməyə əsas verir ki, kənd təsərrüfatını yönləndirən yeni komanda üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir və onların ümumiyyətlə sektörün spesifikasından xəbərləri belə yoxdur.

Bildiyimiz kimi ölkə əhalisinin ərzaq təminatının yalnız 50 faizi ölkə daxilindən ödənilir. Kənd təsərrüfatının inkişafı ilə bağlı hər hansı bir iş görülmür. Bir daha qeyd edim ki, artıq kəndlərdə həm içməli, həm də suvarma su problemi var. Həmçinin kəndlərdə işsizlərin sayı get-gedə artıq. Bu da onu göstərir ki, kəndlilərin torpaqları oliqarxlar tərəfindən mənimsənilir və kəndlilər sıxışdırılır.

Kənd təsərrüfatında kompleks işlər görülməli idi, amma görülmədi. Sabah nə olacağı haqqında nəysə demək mümkün deyil. Çünki sabahın işini bu gün görməli idilər, amma görmədilər…

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar