Türkiyə Super Liqasında VII turun daha iki oyunu keçirilib.
PİA.az-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” Azərbaycan çempionu ilə oyunöncəsi debütant “Hatayspor”un qonağı olub.
Avrokubok da daxil olmaqla son 3 matçdan məğlub ayrılan Rıza Çalımbayın yetirmələri bu mövsüm öz meydanında keçirdiyi hər iki qarşılaşmada qələbə qazanan Ömər Ərdoğanın kollektivi önündə 1 xalla kifayətlənməli olub. Ev sahiblərinin son dəqiqələri azlıqda keçirmələri də “igidlər”ə kömək olmayıb.
Çempionluğa əsas namizəd sayılan “Fənərbaxça” “Antalyaspor”la səfərdə üz-üzə gəlib. Ev sahibləri birinci hissənin sonlarında meydanda azlıqda qalmasına və fasilədən dərhal sonra qol buraxmasına baxmayaraq, tezliklə bərabərlik topunu vurub. Lakin final fitinə yaxın qələbə qolunu vuran “sarı-lacivərdlilər” liderliyə yüksəlib.
Qeyd edək ki, turun “Göztəpə” – “Alanyaspor” oyunu təxirə salınıb.
Türkiyə Super Liqası
VII tur
2 noyabr
“Antalyaspor” – “Fənərbaxça” – 1:2
Podolski, 52 – Ozan Tufan, 49, Perotti, 84 (pen.)
“Hatayspor” – “Sivasspor” – 1:1
Akintola, 8 – Qradel, 6 (Apasport.az)
pia.az