Laçın rayonunun Sus kəndi ərazisində Həkəri çayına 1 500 ədəd Azərbaycanın "Qırmızı kitab" növü olan qızılxallı forel balıqları buraxılıb...
“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, tədbir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun üzvlərinin və media nümayəndələrinin iştirakı ilə baş tutub.
Həmçinin Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Bərgüşad və Köndələnçay çaylarına 408 000, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 400 000 fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndəsi Elşad Əhmədov deyib ki, ötən ildən bəri, təxminən, yarım milyon balıq işğaldan azad olunmuş ərazilərdəki su hövzələrinə buraxılıb.
Onun sözlərinə görə, bundan sonra da mütəmadi olaraq balıqların su hövzələrinə buraxılması prosesi davam edəcək.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə fauna növlərinin reintroduksiyası ilə bağlı dayanıqlı populiyasiyasının öyrənilməsi məqsədilə həmin ərazilərdə monitorinqlər keçirilir.
poliqon.info