Almaniya kansleri Olaf Şoltsun Özbəkistana və Qazaxıstana səfəri başlayıb...
Siyasi-şərhçi: “Avropa İttifaqının bütün ölkələrinin Mərkəzi Asiyada maraqları var. Bu fərqli ölkələri və fərqli sahələri əhatə edir”.
“Belə qənaətə gəlmək olar ki, Avropa İttifaqının və onun daxilində olan ölkələrin Mərkəzi Asiya ilə bağlı bütün layihələrində Cənubi Qafqaz bir nəqliyyat logistika yolu kimi nəzərdən keçirirlər”.
Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Avropa İttifaqının aparıcı dövlətlərinin Mərkəzi Asiyaya bu qədər diqqət ayrımasını Poliqon-a şərh edərkən qeyd edib.
Dünən Almaniya kansleri Olaf Şoltsun Özbəkistana və Qazaxıstana səfəri başlayıb. Burada Almaniya kansleri Mərkəzi Asiya dövlətlərinin rəhbərləri ilə sammit keçirəcək. Bundan əvvəl, təqribən bir il ıvvəl Fransa prezidenti Emmanuel Makron da Özbəkistana və Qazaxıstana səfər edərək öz ölkəsinin Mərkəzi Asiyada maraqlarını təmin etməyə çalışmışdı. Digər tərəfdən Biritaniyanın da Rusiyanın arxa baxçası olaraq bilinən Mərkəzi Asiyaya olan maraqları hiss olunacaq dərəcədə artmaqdadır.
Avropa İttifaqının aparıcı dövlətlərinin Mərkəzi Asiyaya bu qədər diqqət ayırması nədən xəbər verir və Mərkəzi Asiyaya nüfuz etməkdə Almaniya və Britaniya arasında rəqabət gözlənilirmi, yoxsa bu güclər Mərkəzi Asiyada eyni maraqları inşa etməyə çalışırlar?
Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.
Fərhad Məmmədov: “Rusiyaya qarşı sanksiyalar trendi uzunmüddətli, ən azı ortamüddətli olduğu üçün əsas yol kimi Cənubi Qafqaz seçilib”.
İstəsələr də, istəsələr də Cənubi Qafqazın, ələxsus da Azərbaycanın Şərqə və Qərbə açılan qapı olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, bu baxımdan Avropanın Mərkəzi Asiyadakı maraqları Azərbaycan vasitəsi ilə həyata keçirilə bilər:
“Avropa İttifaqında təkcə Almaniya 5+1 formatında Mərkəzi Asiya ölkələri ilə münasibət qurub. Eyni zamanda 5+Avropa İttifaqı formatı da mövcuddur və bu formatda Avropa İttifaqı ayrı bir institut kimi iştirak edir.
Avropa İttifaqının bütün ölkələrinin Mərkəzi Asiyada maraqları var. Bu fərqli ölkələri və fərqli sahələri əhatə edir. Lakin Avropa İttifaqı bir institut olaraq özü Mərkəzi Asiya ölkələri ilə münasibəti bu formata salıb. Avropa İttifaqında idı ən çox iqtisadi aktivliyi olan Almaniya Federativ Respublikasıdır. Burada söhbət təxminən 15-20 milyard dollarlıq investisiyalardan, layihələrdən gedir.
Əvvələr Mərkəzi Asiyadan bütün Qərb istiqamətində olan münasibətlər Rusiya vasitəsilə həyata keçirilirdi. 2022-ci ildən sonra bu artıq mümkünsüz olub. Rusiyaya qarşı sanksiyalar trendi uzunmüddətli, ən azı ortamüddətli olduğu üçün əsas yol kimi Cənubi Qafqaz seçilib. Belə qənaətə gəlmək olar ki, Avropa İttifaqının və onun daxilində olan ölkələrin Mərkəzi Asiya ilə bağlı bütün layihələrində Cənubi Qafqaz bir nəqliyyat logistika yolu kimi nəzərdən keçirirlər.
Fərhad Məmmədov: “Avropa İttifaqı bir institut olaraq özü Mərkəzi Asiya ölkələri ilə münasibəti bu formata salıb”.
Mərkəzi Asiyada hər bir ölkənin öz maraqları var. Böyük Britaniya və ABŞ-ın maraqları neftə, qaza, Fransanın urana ehtiyacı var. Fransa Afrikadan, daha doğrusu Nigerdən çıxandan sonra urandan məhrum olub və yeni qaynaqlar axtarır. Həmçinin Avropa ölkəsinə daxil olmasa da, Kanada da Özbəkistandan uran alır və bu uranln nıqli də Azərbaycan üzərindən keçir.
Qeyd edim ki, Mərkəzi Asiyada formalaşan geosiyasi və geoiqtisadi layihələrdə bütün Avropa ölkələri iştirak etmək istəyirlər. Bu üzdəndə “Orta Dəhliz” deyilən nəqliyyat dəhlizi Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb etməyə başlayıb. Çini, Hindistanı və Mərkəzi Asiyanı Avropaya bağlayan bu dəhlizin əsas ölkələrindən biri də Azərbaycandır.
İstəsələr də, istəməsələr də Cənubi Qafqazın, ələxsus da Azərbaycan Şərqə və Qərbə açılan qapıdır. Bu baxımdan Avropanın Mərkəzi Asiyadakı maraqları ancaq Azərbaycan vasitəsi ilə həyata keçirilə bilər.
Şoltsun səfərinə gəlincə, Almaniya Avropa İttifaqının lider ölkəsi olaraq Mərkəzi Asiyada belə bir sammit keçirməsi başa düşüləndir. Digər tərəfdən Almaniyanın Azərbaycanla anlaşması da bir o qədər problemli olmayacaq. Çünki Fransadan fərqli olaraq Almaniya Azərbaycanla körpüləri yandırmayıb. Bu üzdən də, Mərkəzi Asiyada Almaniyanın liderliyi ilə layihələrin başladılması və həyata keçirilməsi daha məqsədəuyğundur”.
Nərminə UMUDLU
Poliqon.info