Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanın əlində olan ən böyük və ən gerçək dəyər

İçərişəhər «Cümə» məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu 

Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

Əziz dinimiz insanı daima düşünməyə, təfəkkür etməyə dəvət edir. Kortəbii iman anlamı İslamda ümumiyyətlə yoxdur. İnsan düşünüb Allahını tapır, iman gətirir.

Lakin, düşünmə prosesi iman gətirməklə tamamlanmır. Ümumiyyətlə iman – dinamik bir prosesdir. İnsan özü ilə məşğul olduqda, öz durumunu, vəziyyətini təhlil etdikdə imanı dərinləşir, zənginləşir, kamilləşir.

Düşünən insan nicat tapar

Bu düşüncələr arasında dinimiz tərəfindən daha çox tövsiyə edilən kateqoriyalar vardır. Və bunların arasında çox ümdə yerdə həyat və ölüm mövzusu durur. Dinimiz tövsiyə edir ki, insan bir gün dünyaya gəldiyi kimi, günlərin birində də dünyadan gedəcəyi barədə düşünsün. Ulu Yaradan insanı xəlq etdiyi kimi, bir gün də dünyadan aparacaqdır. İnsanın bir gün bu dünyadan gedəcəyi barədə düşünməsi qədər heç bir şey onun vücudi islahatına təsir etmir. İnsan ölüm barədə düşünəndə, durumunun islahını bu gün-sabaha qoymur, hansısa məchul mətləb, mücərrəd mövzu kimi öz ruhi-mənəvi inkişafına yanaşmır. Əksinə, bu məsələlərə, müqəddəratı üçün müəyyənedici bir amil kimi yanaşmaya üstünlük verir.

Bizi yaradan, bütün nemətləri əta edən, kamilləşməyimiz üçün bütün imkanları bəxş edən, ağıl, təhlil, məntiq, düşüncə, yaxşını pisdən ayırma qabiliyyəti verən əziz Rəbbimiz, Öz göndərişində - Müqəddəs Qurani-Kərimdə həyat və ölüm mövzusuna çox toxunmuşdur. Misal üçün, «Mülk» surəsinin 2-ci ayəsinə toxunaq: «O (Allah) ölümü və həyatı yaratdı ki, sizlərdən hansınızın yaxşı əməl sahibi olmasını sınasın. O, yenilməz qüdrət sahibi və bağışlayandır».

Allah Təala izah verir ki, insanın həyat və ölümü – onun sınanması, imtahana çəkilməsi üçündür. Bilinsin ki, hansı insan əməl baxımından yaxşı, hansı isə pisdir.

Əziz İslam Peyğəmbərindən (s) bu mövzuda buyurulur: «Kim nə ilə (hansı əməl və sifətlə) ölərsə, Allah da onu həmin şeylə dirildər».

Dinimizin məntiqində kim nə cür mənəvi azuqə toplamışsa, hansı əxlaqi, mənəvi keyfiyyətlərlə yüklənmiş ruhla bu dünyanı tərk etmişsə, Allah dərgahına da məhz həmin mənəvi durumla gələr.

Axirətə əliboş getməyək

Mübarək dinimiz insanın müqəddəratının öz əlində olması mövzusuna çox böyük diqqət yetirir. Və bu müqəddərata təsir etmə baxımından ibadət kimi vacib kateqoriyanın əhəmiyyətliyini vurğulayır. İbadətin də hansısa abstrakt anlam deyil, ruh və niyyətin bir vəhdət təşkil etdiyi durum olmasına iman əhlinin diqqəti cəlb edilir.

Bu mövzuda Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Sizlərdən kimsə öldükdə, onun Qiyaməti başlayır. Ona görə də Allaha elə ibadət edin ki, sanki Onu görürsünüz və hər an Ondan rəhmət diləyirsiniz».

Gördüyümüz kimi, burada insan ölümünün dönməz bir şey olduğu vurğulanır. Yəni, insan nə edirsə, ölümünə qədər mənası var. Bundan sonra, onun haqq-hesab mərhələsi, iman və əmələ görə sorğu mərhələsi başlanır. Əlbəttə ki, Rəhim və Rəhman Allah elə bir imkanlar müəyyən etmişdir ki, insanın ölümündən sonra da müqəddəratına müsbət təsir göstərilə bilir. Məsələn, gözəl tərbiyə edilmiş övladlar nə qədər ki, savab iş görürlər, valideynlərinin aqibətinə müsbət təsir göstərirlər. Yaxud, insanın həyatdaykən gördüyü nəcib işlər – su çəkib, xəstəxana, məscid tikdirib – nə qədər ki, bunlar fəaliyyət göstərir, insanın aqibətinə gözəl təsir buraxılır.

Tövbəni təxirə salmamalı

Həzrət Əlinin (ə) böyük oğlu İmam Həsənə (ə) etdiyi nəsihətdə, həyat və ölüm mövzusuna çox dərin bir aydınlıq gətirilir: «Ey oğlum! Bil ki, sən əslində dünya üçün deyil, axirət üçün yaradılmısan. Qalmaq üçün deyil, getmək üçün xəlq olunmusan. Sən köçülən bir mənzildə, davamsız, müvəqqəti verilən bir sarayda, axirət yolunun üstündəsən.

Ölüm elədir ki, nə qaçan onun əlindən xilas olar, nə də axtardığı əlindən çıxar. Əksinə - məcburiyyətlə ona çatar. Ona görə də qorx ki, onlara görə tövbə edəcəyini vəd verdiyin günahların başında ölüm səni haqlasın və tövbə etməyə qoymasın. Bu vaxt özünü məhv etmiş olarsan».

Həzrət Əli (ə) bəlağətilə bütün insanlara, bəşəriyyətə çatdırılır ki, insan tövbəni, məğfirət diləməni sonraya saxlamasın. Lənətlik iblis insana unutdura bilər ki, bir gün ölüm onu haqlayacaq, xəbərdarlıq-filan etmədən həyatına son qoyacaq. Odur ki, insan hər an özü ilə məşğul olmağa, tövbə kimi onun ruhi durumunu təravətləndirən, eybəcərliklərdən qurtaran bir vasitəni unutmamağa dəvət edilir.

Həzrət Əlidən (ə) nəql edilən digər hədisdə tövbəni sonraya saxlayanın təhlükə qarşısında olması vurğulanır: «Tövbə işini sabaha saxlayan kəs, ölümün hücumu ilə çox böyük təhlükə qarşısındadır».

İmam Cavaddan (ə) nəql edirlər: «Tövbəni təxirə salmaq – aldanmaq və qəflətdir, bu gün-sabah etmək isə çaşqınlıq və məəttəlçilikdir».

Dinimiz tövbənin vaxtında edilməsi zərurətini müxtəlif tərəflərdən açıqlayır. Artıq ölüm insanı haqlayanda tövbənin əhəmiyyəti olmayacaqdır. Amma insan bundan öncə əməllərindən peşman olub, kamillik yolunun yolçusu olmaq istəsə, Allah Təalanın rəhmətinə qovuşacaqdır. Böyük İslam Peyğəmbərindən (s) bu mövzuda nəql edilən hədisdə bildirilir: «Kim əzabı müşahidə etməmişdən qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər».

Ömrü qənimət bilməli

Dinimiz həyatın nemət olmasını unutmamağı, ömrü qənimət bilməyi tövsiyə edir. Həyat elə bir nemətdir ki, onun məhdudluğu hamı üçün eynidir. Kasıb üçün də, dövlətli üçün də, savadlı üçün də, bisavad üçün də, yaxşı üçün də, pis üçün də - hər bir insan üçün bu, məhdud, müddətli bir məfhumdur. Heç bir insan üçün müddətsiz həyat müəyyən edilməmişdir. Həzrət Peyğəmbərimizdən (s) nəql edilir: «Həyatın müddəti məhduddur və heç kəs, onun üçün müəyyən edilmiş ömürdən çoxuna çata bilməz. Buna görə də, ömür başa çatmamış, tələsin».

Əziz Peyğəmbərimiz (s) bu sadə, lakin son dərəcədə mühüm həqiqəti bizlərə çatdırır. Bəyan edir ki, həyat məhduddur, hamı həyatla vidalaşacaq. Və əql diktə edir ki, bu sonlu həyatdan sonra gələcək ömürdə, əbədi həyatda əliboş və kor-peşman olmamaq üçün indidən tədarük görmək gərəkdir. Aqibətinlə, durumunla, müqəddəratınla bağlı nə isə etmək istəyirsənsə, tələs, ey insan! - deyir dinimiz.

Həzrət Əlidən (ə) nəql edilir: «Günün keçəni – səndən gedəndir, gələcəyi – şübhəlidir və indiki zaman isə - fürsətdir».

Keçən gün, saat, dəqiqə - artıq itirilmişdir, geriyə dönməzdir. Zaman sadə riyazi funksiya deyil, düstur düzəldib zaman üzrə irəliyə-geriyə getmək mümkün deyil. Heç kəs zaman maşınına minib, geriyə dönüb aqibətinə düzəliş edə bilməz. Və gələcək də sual altındadır. Heç kəslə müqavilə bağlanmayıb ki, bəs filan qədər yaşayacaqsan. Cavanı da, yaşlısı da eyni durumdadır, müəmmalı gələcək önündədir. Odur ki, kiminsə «sabah düzələcəyəm, birisi gün filan işi görəcəyəm» şüarı ilə yaşamaq tamamilə məntiqsiz bir işdir. İnsan necə bilə bilər ki, onun üçün ümumiyyətlə sabah olacaqdır? Məgər hər gün dünyanın hər bir yerində həyatla vidalaşan insanlar bilirdilərmi onları gözləyən aqibəti?

Amma insanın gerçəkdə ixtiyarında olanı – indiki zamanıdır. İndi gərək insan düşünsün öz müqəddəratı barədə, öz durumunun islahı barədə, geriyədönməz zamanı öz zərərinə deyil, xeyrinə işlətməsi barədə. Həzrət Əlidən (ə) bu barədə nəql edilir: «Ey camaat! Elə indini, indicə vaxtını qənimət bilin! Peşman olmamış və hər bir kəs «əfsus olsun ki, Allahın işində səhlənkarlıq etdim» deməmiş, vaxtı qənimət bilin!».

Bəli, gələcək o gün, hamı üçün gələcək! Və hər bir adam üçün fərdi olaraq gələcək. O zaman «kaş geri qayıdıb, filan işi görərdim!», «kaş namaz qılaydım, ibadətimdə diqqətli olardım!», «kaş zülmə, haqsızlığa dözməyəydim, etiraz edəydim», «kaş haqqı nahaqqın ayağına verməyəydim!» deməyin mənası olmayacaq! Bu «kaşlar»ın əhəmiyyəti olmayacaqdır! İnsan bu gün öz aqibəti ilə məşğul olmalıdır! Nə qədər göz önündə ibrətlər vardır! Dünyanı silkələyən diktatorlar bir göz qırpımında ölüb gediblər, vərəsələri də qalmayır! Zalımlar var ki, 10-15 il zülm etmək, sərvət toplamaq üçün min oyundan çıxıblar, nəticələri də tənhalqda, hamı tərəfindən unudulmuş vəziyyətdə ölmək olub! İnsan unutmamalıdır bu ibrətləri…».

İnsan öz vəzifəsini bilsə…

Ən başlıcası odur ki, öz müqəddəratını müəyyən etmək, aqibətini xeyrə calamaq üçün insana azacıq səy lazımdır, böyük bir iş lazım deyil. Ən əhəmiyyətlisi isə - düşünməkdir! Məhz düşünmək insanı tənəzzüldən qoruyar, məhvdən hifz edər. İnsan anlasa ki, müvəqqəti bir həyatdadır, buraya gəlib insan olaraq öz vəzifəsini yerinə yetirməyə, Allah qarşısında öz təklifini həyata keçirməyə - kökündən dəyişər öz həyatını. Anlasa ki, bütün gedənlər kimi, bir gün onun da qapısı döyüləcək və əbədi yola dəvət alacaq – insan öz həyatını tam fərqli qurar.

Hamı bilir: Allaha inanan da, inanmayan da, Qiyamət gününə etiqadı olan da, olmayan da qəbul edir ki, bu həyatda yaşayış əbədi deyil. Və azca düşünən insan razılaşar ki, insanın «mən»i ölməzdir. İnsanın cismi ölə bilir, amma onun mahiyyətini təşkil edən «mən» ölə bilməz, bunun ölməsini təsəvvür etmək mümkün deyil.

Bunları anlayan insan onu da anlayar ki, onun yeganə həqiqi dəyəri vardır. Bütün digər nemətlər o zaman mənalıdır ki, insan bu nemətinə yiyə dursun. O nemət – zamanına, vaxtına gerçək sahib çıxmaqdır. Əgər insan zamanına sahib olsa, onun üçün ayrılan ömrə sahib çıxıbsa, aqibətini xeyrə calayacaqdır.

İtirməz düşünən insan öz fürsətini. Qovar lənətlik iblisin «sabah-sabah» vəsvəsəsini. Qayıdar özünə, təftiş edər öz durumunu, və «ləbbeyk!» - «hazıram!» deyər qəlbinin nicat çağırışına! Mütəal Allah cəmi insanları həqiqi dəyərlərə sahib çıxanlardan qərar versin, inşəallah!

Allahım, bizləri dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-Beyti (ə) ilə birgə et!

Allahım, millətimizin və ümmətin qarşısında duran müşküllərin həll olunmasını nəsib et!

Allahım, dünyada baş alıb gedən günahsız qırğınların qarşısının alınmasını, zalım və qəsbkarların cəzalarına çatmasını inayət et!

Allahım, işğal altında olan torpaqların azad olunmasını, xəstələrin şəfa tapmasını, 12-ci İmam – Həzrət Məhdi Sahib-əz-Zamanın (ə.f) tezliklə zühur etməsini nəsib et! Amin!

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

II Şuşa Qlobal Media Forumunun iştirakçıları "ASAN” Xidmət və "DOST" mərkəzlərində olublar - Foto    

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

Ən çox oxunanalar