Polşanın baş naziri Ukrayna Silahlı Qüvvələrinə yardım ləvazimatları təqdim etdiyinə görə hərbçilərə minnətdarlığını bildirib...
Poliqon RMF24 radiostansiyasına istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk Ukraynaya silah və sursatların çatdırıldığı Rzeşovdakı logistika mərkəzinə səfəri zamanı deyib.
ABŞ-ın Polşadakı səfiri Mark Bjezinskinin müşayiəti ilə hökumət başçısı Rzeşovdakı bazada yerləşən Polşa və Amerika hərbçiləri ilə görüşüb. Bu yer Ukrayna ilə sərhəddə, Podkarpak Voyevodalığında yerləşir.
Donald Tusk Ukrayna Silahlı Qüvvələrinə yardım ləvazimatları təqdim etdiyinə görə hərbçilərə minnətdarlığını bildirib və qeyd edib ki, Ukrayna Polşa və Amerika əsgərlərinin, eləcə də mərkəzin digər iştirakçılarının səyləri sayəsində müharibədə qalib gələ biləcək.
"Ölkəmizin, Ukraynanın, Avropanın və bütün azad dünyanın, o cümlədən ABŞ-ın taleyi sizin buradakı işinizdən çox asılıdır", deyə Tusk vurğulayıb.
Polşa baş nazirinin sözlərinə görə, müstəqillik anlayışı həm Polşa xalqı, həm də amerikalılar üçün eyni məna daşıyır. O, müstəqillik, azadlıq və başqa insanların rifahı naminə Polşada və ABŞ-da çoxlu qurban verməyə hazır olduqlarını bəyan edib.
Rzeşovdakı mərkəz Avropa İttifaqı ölkələrindən və ABŞ-dan Kiyevə silah və humanitar yardımın çatdırılmasına xidmət edir. Xarici hərbi yardımın əsas hissəsi Ukraynaya yüklərin daşınması və xarici rəsmilərin Kiyevə gəlməsi üçün əsas tranzit məntəqəsi olan Rzeşov-Yasionka hava limanından keçir.
Poliqon.info