Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda “ikinci cəbhə” ssenarisi: Qalmaqallı qanun niyə etiraz doğurub?

Baş nazir İrakli Qaribaşvili qəti şəkildə bildirib ki, ölkədə Rusiyaya qarşı “ikinci hərbi cəbhə”nin açılmasına imkan verməyəcək...

Qonşu Gürcüstanda martın 7-dən başlanan gərginlik səngisə də, proseslərin hər an nəzarətdən çıxması, xaotik hal alması istisna deyil. Düzdür, hakim “Gürcü Arzusu” müxalifətin son illər ən irimiqyaslı etiraz aksiyaları qarşısında geri çəkilərək qalmaqallı “Xarici agentlər haqqında” qanunu geri götürdü. Bununla da bir növ özünü məğlub, müxalifəti isə qalib duruma salmış oldu. Lakin bu, müvəqqəti gediş də ola bilər. Etirazlara səbəb “Xarici agentlər haqqında” qanun layihəsi olsa da, gərginliyin kökünü qlobal mənada axtarmaq variantını səsləndirənlər var. Bu da ondan ibarətdir ki, Qərbin planı sadəcə Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Hədəf bəllidir. Nəyin bahasına olursa-olsun ölkədə xaos və qarşıdurma yaratmaq, neytrallığına son qoymaq. Lakin sabit Gürcüstan hər kəs, o cümlədən Azərbaycan üçün zəruridir. Çünki qonşudakı problemlər və gərginlik yaxşı heç nə vəd etmir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Baş nazir İrakli Qaribaşvili qəti şəkildə bildirib ki, ölkədə Rusiyaya qarşı “ikinci hərbi cəbhə”nin açılmasına imkan verməyəcək. Onun bəyanatını isə müxalifət Qərbə qarşı açıq mübarizə çağırışı kimi qiymətləndirib. Təbii ki, Rusiya və Qərb arasında geosiyasi mübarizə Gürcüstan hakimiyyətinin seçimidir və daxili işidir. Gərginlik mövzusu olan qanun layihəsini Qərb qurumları sərt tənqid edir, onu “rus qanunu” adlandırırlar.

Tbilisidə Rusiyapərəst “Mühafizəkar Hərəkat” Partiyasının tərəfdarları Gürcüstanda “Xarici agentlər haqqında” qanunla bağlı referendum keçirilməsini tələb ediblər. “Qərb bizim evimiz, seçimimiz deyil. Seçimimiz Gürcüstandır”, - deyə “Mühafizəkarlar Hərəkatı”nın liderlərindən biri Şota Martınenko bildirib.

Gürcü politoloq Qulbaat Rtsxiladze hesab edir ki, Gürcüstan hökuməti parlamentdə qəbul edilmiş “Xarici agentlər haqqında" qanun layihəsini geri götürməklə öz zəifliyini göstərib. “Bununla da “sönməkdə olan” müxalifət bu qalmaqalla yenidən gücləndi”, - deyə ekspert bildirib.

“Xarici agentlər haqqında” qanunun ləğvinə baxmayaraq, müxalifət qüvvələrinin niyə etirazları dayandırmamaq qərarına gəldiyindən danışan Rtsxiladze qeyd edib ki, "özlərini at belində hiss edən” bu insanlar başqa məsələlərdə də hakimiyyətə öz fikirlərini yeritməyə çalışacaqlar.
Gürcü mediası yazır ki, “Xarici agentlər haqqında” qanun layihəsinin ölkədə böyük ictimai narazılıq doğurmasının bir səbəbi də odur ki, beynəlxalq təşkilatların Cənubi Qafqaz üzrə nümayəndəlikləri Tbilisidə yerləşir. Bu sahədə minlərlə insan çalışır. Yəni qanun layihəsi geniş kütlələrə birbaşa təsir edir. Şərhçilər müxalifətin iqtidarı istefaya məcbur etmək gücünün olmadığını, etirazların zamanla səngiyəcəyi fikrini bölüşürlər.

Xatırladaq ki, qalmaqallı qanun layihəsinə görə, maliyyəsinin azı 20 faizini xaricdən alan qurumlar bunu bəyan etməlidilər. Məqsəd “xarici təsirin şəffaflığını” təmin etməkdir. Tənqidçilər isə bu layihəni Rusiyanın 2012-ci ildə qəbul etdiyi “Xarici agentlər haqqında” qanunla müqayisə edirlər. Bu səbəbdəndir ki, etirazçılar “Rusiya qanununa yox!” şüarı səsləndirirlər. Qanunvericilik aktını populist “Xalqın Gücü” partiyası hazırlayıb. Bu partiya avqustda “Gürcü Arzusu”ndan ayrılan, ancaq hələ də hakim çoxluğu dəstəkləyən bir qrup tərəfindən təsis olunub. Hakim partiya və “Xalqın Gücü”nun qanun layihəsinə mümkün reaksiyanı yanlış hesabladığı görünür.

Parlamentin keçmiş üzvü, konstitusiya hüququ üzrə ekspert Vaxtanq Xmaladze gürcü mediasına deyib ki, ola bilsin, hakim partiya daha gənc nəslin böhran anında hərəkətə keçəcəyini gözləməyib.

“Yeni nəslin dəyişiklik, daha çox azadlıq, mümkün qədər az məhdudiyyətlərlə bağlı güclü arzusu var. Bu arzu yaşlı nəsildəkindən daha güclüdür. Hökumət gənclərin belə intensiv, sürətli və emosional reaksiya verəcəyini gözləmirdi”, – deyə Xmaladze vurğulayıb.

Ekspertin sözlərinə görə, hətta “xarici təsirin şəffaflığı” layihəsinin detallarını anlamayanlar belə, onun əhəmiyyətini dərk edirdi. “Hökumət eyni zamanda bu layihələrin opponentlərinə onların tərəfdarlarından daha güclü ictimai inamın mövcudluğunu da görə bilməyib”, - deyə Xmaladze vurğulayıb.

Poliqon.info


Etiket: Gürcüstan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar