Türkiyə xarici işlər naziri Yunanıstanı silahlandırdığı adalardan geri addım atmağa çağırıb...
“Ya geri addım atın, ya da lazım olanı edəcəyik”...
PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanı silahlandırdığı adalardan geri addım atmağa çağırıb və razılaşmalara əməl olunmazsa, lazım olanı edəcəklərini bildirib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə birgə mətbuat konfransında çıxış edib.
Mövlud Çavuşoğlu Egey dənizində Yunanıstanın silahlandığı və statusu pozulan adalarla bağlı açıqlama verib:
“Yunanıstan bundan əl çəkməlidir. Ya bir addım geri çəkilər, ya müqavilələrə əməl edər, ya da biz nə lazımdırsa, onu edərik. Bizə qarşı edilən təhdidlərə susmağımız mümkün deyil. Yunanıstan unutmasın: külək əkən, tufan biçər. Əgər sülh istəmirsinizsə, gecənin bir vaxtı birdən-birə lazım olanı edəcəyik...”
Çavuşoğlu Finlandiya və İsveçlə danışıqlara da işarə edərək deyib:
“29 noyabrda Buxarestdə Finlandiya və İsveçin xarici işlər nazirləri ilə çox məhsuldar bir görüş keçirdik. Onlara indiyə qədər atılan addımları alqışladığımızı, lakin hələ də atılacaq addımlar olduğunu bildirdik. Finlandiyanın müdafiə naziri Kaykkönenin Türkiyəyə gəlişi önəmlidir, çünki Finlandiyadan bizə qarşı silah embarqosunun ləğvi ilə bağlı açıqlama verilməyib. Onlardan belə bir açıqlama gözləyirik. Finlandiya ilə daha az problemimiz var. İsveçin atacağı daha konkret addımlar olacaq. Məsələn, terrorun maliyyələşdirilməsi, terrorçuların aktivlərinin dondurulması və cinayətkarların Türkiyəyə ekstradisiyası...”
İsveç tərəfindən Türkiyəyə ekstradisiya edilən Mahmut Tat haqqında da danışan Çavuşoğlu: “Onun Türkiyəyə geri göndərilməsi qərarı sevindiricidir. Amma bu şəxs bizim siyahıda yox idi. Bunun bitib-bitməməsinin əhəmiyyəti yoxdur. Amma bizim siyahıda olan şəxslərin Türkiyəyə ekstradisiyası, orada olanların əmlaklarının dondurulması kimi tələblərimiz ciddi məsələlərdir. Türkiyə Böyük Millət Məclisi və xalqımız atılan və atılacaq bu addımlara inanmalıdır”, deyib.
Çavuşoğlu: “(İsveç) Hazırda yeni hökumətlə proses daha müsbət bir atmosferdə irəliləyir. Bəzi müsbət addımların atıldığını görürük. Noyabr ayı təmaslar baxımından vacib bir ay oldu. Lakin üzvlük məsələsi tamamilə onların üçtərəfli sazişin şərtlərini tam yerinə yetirməsindən asılıdır”, deyə bildirib.
pia.az