Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Krım körpüsü necə partladılıb? - Yeni versiya ortaya çıxdı

Prezident Ofisi “bu, başlanğıcdır” desə də, rəsmən körpünün kim tərəfindən və hansı üsulla partladıldığına dair hər hansı açıqlama vermir...

Krım körpüsünün vurulmasından sonra Ukraynanın Rusiya üçün az qala müqəddəs sayılan hədəflərdən vurmadığı demək olar, yalnız Moskvadakı Qırmızı meydan və Kreml qüllələri qaldı. Doğrudan da bir zamanlar nəinki Krım ərazisini vurmaq, hətta bu yarmadaya tərəf baxmaq belə Ukrayna üçün az qala ölümə bərabər addım sayılırdı.

Rusiyanın sabiq prezidenti və indi daha çox içkili halda ağlına gələn “tvitlər” paylaşması ilə tanınan Təhlükəsizlik şurası katibinin müavini Dmitri Medvedev vaxtilə rəsmən elan etmişdi ki, Krıma endiriləcək istənilən zərbəyə nüvə zərbəsilə cavab veriləcək və bu, Ukrayna və Qərb üçün “qiyamət günü” ilə nəticələnəcək. Ancaq göründüyü kimi, Ukrayna Silahlı Qüvvələri son aylarda Krım ərazisini və son olaraq da Krım körpüsünü “aşsüzənə” döndəriblər…

Məlum partlayışın baş verdiyi ilk anlardan mütəxəssislər və qeyri-mütəxəssislər tərəfindən müxtəlif versiyalar səsləndirilməyə başladı. Əsasən 3-4 versiya var.

Ən çox səsləndirilən və Rusiyanın rəsmən elan etdiyi versiyaya görə bu, yük maşınına qoyulmuş partlayıcının işə salınması yolu ilə törədilən terror aktı olub.

İkinci versiyaya və Ukrayna mətbuatında, sosial şəbəkələrdə daha çox yer alan ehtimala görə körpü “Harpun” raketləri ilə vurulub. O raketlərlə ki, “Moskva” kreyseri batırılmışdı.

Üçüncü versiyada deyilir ki, Ukrayna ABŞ-ın gizli şəkildə ötürdüyü, lakin boynuna almadığı ATACMS raketlərindən istifadə edərək, körpünü dağıdıb.

Nəhayət, daha bir versiyaya görə körpünün partladılması Rusiya güc strukturlarının daxilində gedən çəkişmənin nəticəsidir və guya FTX, yaxud hansısa digər güc strukturu Putini müharibəni dayandırmağa, yaxud əksinə, eskalasiyanı daha da artırmağa, hətta nüvə silahından belə istifadə etməyə sövq edir. Ancaq bu versiyaların hər birinin öz inandırıcı və eyni zamanda da çatışmayan tərəfləri var.

“AzPolitika.info” xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov Krım körpüsünün raket zərbəsilə vurulduğunu bildirib.

“Bu, raket zərbəsidir” deyən Jdanov hesab edir ki, yük maşınında baş verən partlayış bu cür böyük dağıdıcı effekt verə bilməzdi: “Yük maşının partladılması körpü üçün hava partlayışıdır. Çünki maşının gövdəsinin yerdən hündürlüyü azı 1.2 metrdir və əgər orada partlayıcı olubsa, bu, körpü üçün hava partlayışı effekti verə bilərdi. Bu, o deməkdir ki, körpüyə yalnız partlayışın zərbə dalğası təsir edə bilər. Belə şiddətli zərbə dalğası üçün isə olduqca güclü partlayış mənbəyi olmalıdır”.

Digər yandan, doğrudan da yük maşınına bu qədər partlayıcının qoyulması və onun bütün nəzarət nöqtələrindən, xüsusi cihazlardan maneəsiz keçməsi olduqca şübhəli görünür.

Krım körpüsünün Rusiya HHM sistemləri tərəfindən “göz bəbəyi kimi” qorunmasına gəlincə, xatırladaq ki, Qara dəniz donanmasının “Moskva” kreyseri də bir neçə qat müdafiə sistemilə qorunurdu. Lakin Ukrayna bütün bu müdafiə sistemlərini yararaq, gəmini batıra bilmişdi.

Jdanovun fikrincə, körpüyə bir yox, bir neçə raket zərbəsi endirilib və avtomobil yolu ilə bərabər dəmir yol körpüsünün də zədələnməsi bundan irəli gəlir: “Əgər bizim silahlar bu körpüyə çatırsa, deməli həmin körpü yaşamayacaq. Əgər təmirə başlasalar, yenə vuracağıq. Antonov körpüsünü yada salın. Hesab edin ki, bu, böyük məşq idi. Orada(Antonov körpüsü-red.) HİMARS-lar idi, burada isə nəsə daha güclü silahdır, hansı ki, avtomobil yolunun bir neçə hissəsini sıradan çıxarıb”.

Doğrudan da, əgər Ukrayna Krım körpüsünü raketlərlə vura bilibsə, bu gedişlə Putinin sevimli körpüsü Xersonu Dneprin şərq sahili ilə birləşdirən Antonov körpüsünün gününə salına bilər…

Ukrayna tərəfinə gəlincə, rəsmi Kiyev demək olar ki, susur. Prezident Ofisi “bu, başlanğıcdır” desə də, rəsmən körpünün kim tərəfindən və hansı üsulla partladıldığına dair hər hansı açıqlama vermir.

Ancaq xatırladaq ki, KiyevMoskva” kreyserinin, yaxud Krımdakı Saki hərbi aerodromunun raketlə vurulduğunu da ilk zamanlarda etiraf etmirdi. Yalnız bu hadisələrin üzərindən bir müddət keçəndən sonra Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı öz məqaləsində etiraf etdi ki, Krımdakı aerodromlar Ukrayna tərəfindən raketlərlə vurulub. İndiki halda da yalnız bir müddət sonra Ukrayna tərəfi Krım körpüsünün əslində necə vurulduğunu sözsüz ki, açıqlayacaq. O vaxta qədər isə birmənalı fikir söyləmək çətindir.

Körpünün məhz Ukraynanın “terror aktı” nəticəsində partladıldığına dair Kremlin versiyasına gəlincə, bunun saxta olduğuna işarə edən əsas arqumentlərdən biri, bu ehtimalın məhz Putin və ətrafı tərəfindən rəsmən elan olunmasıdır. Çünki Kreml Ukraynaya qarşı işğal təbliğatından tutmuş cəbhədə baş verən insidentlərə qədər bütün mövzularda yalnız özünə sərf edən yalan, saxtakarlıqla dolu məlumatlar yaymaqla məşğul olub. Odur ki, bir versiyanı Kreml irəli sürürsə, deməli, onun saxta olması ehtimalı digərləri ilə müqaytisədə qat-qat daha yüksəkdir.

Digər yandan körpünün raketlə vurulduğunu etiraf etmək rus ordusunun və Kremlin onsuz da bərbad gündə olan nüfuzunu, xarizmasını və s. yerlə yeksan edərdi. Ancaq buna baxmayaraq, həqiqət gec-tez üzə çıxacaq…

Onu da qeyd edək ki, Krım körpüsündəki Putinin ad gününə ithaf olunan son məlum partlayışlar Rusiya-Ukrayna müharibəsində növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu mərhələ Rusiya tərəfinin Ukrayna üçün əlçatmaz olan heç bir hədəfinin qalmadığını özündə əks etdirir. Həmçinin, bu mərhələ artıq siyasi, mənəvi, diplomatik, iqtisadi və s. çöküşləri yaşamaqda olan Rusiyanın fiziki çöküşünün, məhvinin başlanğıcı sayıla bilər…

C.Məmmədov - “AzPolitika.info”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - Yenilənib

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

Ən çox oxunanalar