Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü olub - Yenilənib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb...

XİN-dən Poliqon-a verilən xəbərə görə, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam etdirilib.

Geniştərkibli görüş zamanı Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri, gündəlikdə duran aktual məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, diplomatik nümayəndəlik və konsulluqların fəaliyyətinin, siyasi məsləhətləşmələr mexanizmi strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Nazir Ceyhun Bayramov bugünkü rəsmi səfərinin də Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığa əlavə təkan verəcəyinə dair ümidvarlığını ifadə edib.

İki ölkə arasında iqtisadiyyat, investisiyalar, ticarət, energetika, kommunikasiyalar sahələrində sıx əməkdaşlığın təqdirəlayiq olduğu, mövcud əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars kimi nəhəng regional layihələrin uğurla həyata keçirildiyi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının tam şəkildə istifadəsinin əhəmiyyəti qeyd edilib. İqtisadi inteqrasiya səylərinin gücləndirilməsi, habelə birgə layhələrin icrasının sürətləndirilməsi baxımından Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Regional və qlobal təhlükəsizlik təhdidləri ilə mübarizədə milli səylərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin, xüsusilə kritik enerji instrastrukturu layihələrinin mühafizəsində əməkdaşlığın vacibliyi qeyd olunub.

Müxtəlif çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və s. çərçivəsində qarşılıqlı dəstək və həmrəylik səylərinin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Humanitar tərəfdaşlıq gündəliyinin əsas istiqamətləri, xüsusilə təhsil, mədəniyyət, idman sahələrində birgə əməkdaşlığın gücləndirilməsinin ölkələrimiz arasında yüksək səviyyəli dialoqa töhfə verəcəyinə dair əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə ətraflı məlumat verərək, COP29-un həmçinin Gürcüstanla bu sahədə əməkdaşlığımızın gücləndirilməsi üçün əlavə imkanlar yaratdığını qeyd edib. Bununla yanaşı, “Qara Dəniz Yaşıl Kabel”inin reallaşdırılması istiqamətində səylər ətraflı müzakirə olunub.

Postmünaqişə dövründə regional sülh və quruculuq səyləri, AzərbaycanErmənistan arasında normallaşma prosesinə əsas təhdid və maneələrdən bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin sülh gündəliyinin təşəbbüskarı kimi bölgəmizdə təhlükəsizlik və əmin-amanlığın bərqərar edilməsi istiqamətində səylərini irəlilətmək əzmində olduğunu vurğulayıb. Sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilməsinə baxmayaraq, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların sülh prosesi çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış ediblər.

***

Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşü olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, XİN başçıları az sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Ceyhun Bayramovun gün ərzində Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə, həmçinin Gürcüstan parlamentində görüşləri planlaşdırılıb.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - Yenilənib

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

Ən çox oxunanalar