“ABŞ və Türkiyə 1952-dən bu yana, Türkiyə NATO-ya üzv olandan bəri müttəfiqdir” sözləri ilə başlayan layihədə Türkiyə prezident və nazirlər sanksiya siyahısındadır..
“The Independent” qəzeti, 30 oktyabr 2019-cu il
ABŞ Nümayəndələr Palatası Suriyanın şimalında əməliyyat keçirən Türkiyəyə sanksiya tətbiq edən bir layihəni təsdiqləyib. Prezident Donald Trampa yaxın olan “Respublikaçı” senat Lindsi Qraham da bu layihəni dəstəkləyib.
Layihə şurada aparılan səsvermə nəticəsində 16-ya qarşı 403 səslə qəbul edilib. Qanun layihəsinin adı “PACT”dır. Yəni bu, Türkiyənin yaratdığı toqquşmaya qarşı olan bir qanundur.
Toqquşma deyəndə Türkiyənin 9 oktyabrda Suriyanın şimal-şərqində sərhəd xəttinin terror ünsürlərindən təmizləmək məqsədilə başlatdığı “Sülh Çeşməsi” hərəkatı nəzərdə tutulur.
Layihə 16 oktyabrda Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komissiya sədri Eliot Engel və komissiyanın ən təcrübəli “Respublikaçı” üzvü Mayk Mekkaul tərəfindən təqdim edilmişdi.
“ABŞ və Türkiyə 1952-dən bu yana, Türkiyə NATO-ya üzv olandan bəri müttəfiqdir” sözləri ilə başlayan layihə prezident Donald Trampdan tələb edir ki, Türkiyənin və əməliyyatda rolu olan türk nümayəndələrin üzərində müxtəlif sanksiyalar və məhdudlaşdırmalar tətbiq olunsun.
“NATO üzvü olmaq digər müttəfiqlərlə müdafiə və təhlükəsizlik məsələlərində birlikdə hərəkət etməyi bildirir”, deyən layihədə Türkiyənin keçirdiyi əməliyyat “işğal” adlandırılır:
“Suriyanı işğal etməyə qərar verən türk nümayəndələr, suriyalı kürd cəmiyyətinə və əməliyyatdan təsirlənən digər cəmiyyətlərə qarşı keçirilən hücumlara liderlik edən türk komandirləri, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına kömək edən nümayəndələr müəyyənləşdirilib, siyahıya əlavə ediləcək”.
Layihənin 3-cü maddəsində Türkiyənin həm də Suriyanın şimalındakı dini və etnik azlıqlara da hücüm etdiyi qeyd olunur.
“Sülh Çeşməsi” hərəkatının beynəlxalq insan hüquqlarını pozduğu vurğulanır.
Layihədə Prezident və nazirlər sanksiya siyahısındadır
Amerikanın Türkiyə Silahlı Qüvvələrinə silah satmasını əngəlləyən bu layihə Rəcəb Teyyub Ərdoğan və ailəsi başda olmaqla, bəzi türk liderləri də sanksiyalar siyahısına salır.
Qanun layihəsi qüvvəyə minəndən etibarən 15 gün ərzində sanksiyalar tətbiq ediləcək.
Sanksiyalar siyahısında ad yoxdur, lakin hədəflər müəyyənləşdirilib. Bu hədəflər arasında Milli Təhlükəsizlik naziri, Baş Qərargah sədri, 2-ci ordu komandiri, Xəzinə və Maliyyə naziri var.
Layihədə “Halkbank” detalı
Layihədə adı çəkilən quruluş isə “Halkbank”dır. Buna əsasən, qanundan qüvvəyə minəndən etibarən 15 gün ərzində Prezident “Halkbank”a və ya bu bankın iştirakçısı olan quruma ya da qurumlara sanksiya tətbiq edəcək.
Bu layihədə, həmçinin, Türkiyənin Rusiyadan S-400 raket sistemi alması ilə bağlı da sanksiya maddəsi var.
Qanun layihəsinə görə, sanksiya siyahısında adı keçən şəxslər və qurumlar ABŞ-dakı mülklərini sata və ya yerini dəyişdirə bilməyəcəklər. Bu şəxslər ABŞ-a qəbul edə bilməz, ABŞ-a girmək üçün viza və ya başqa bir sənəd ala bilməz, daha əvvəl aldığı vizalar və ya sənədlər nə vaxt alınmasından asılı olmayaraq, ləğv ediləcək.
Bu maddədəki tək istisna hal bu şəxslərin Nyu-Yorkda yerləşən Birləşmiş Millətlər Təşkilatının mərkəzinə getməsi ola bilər.
CAATSA məsələsi
Layihənin 8-ci maddəsində 27 iyul 2017-ci ildə ABŞ Senatından keçən “Sanksiya qanunu ilə ABŞ-ın Düşmənlərinə Qarşı Mübarizə” (CAATSA) layihəsi də vurğulanıb.
Burada CAATSA-nın 231-ci maddəsi önə çəkilir. 231-ci maddə Rsuiyadan silah alıb müdafiə üçün istifadə edən ölkələri ABŞ-ın düşməninə kömək edən ölkələr kateqosiyasına daxil edir.
Qanunun qüvvəyə minməsindən sonrakı 30 gün ərzində, 12 iyul 2019-da hissələri Türkiyəyə göndərilməyə başlanan S-400 raket müdafiə sistemlərinin satışına görə, daha əvvəl də gündəmə gələn CAATSA sanksiyalarının başlanması gözlənilir.
Layihə tövsiyə edildikdə Trampın imzasına ehtiyac duyulmur. Qanun layihəsi isə əvvəl Senatda səsverməyə çıxarılacaq, sonra da Trampa imzalaması üçün göndəriləcək.
Bu layihəni Senatda gündəmə gətirən “Respublikaçı” Lindsi Qraham dünən “Twitter”da da açıqlama verib: “Senatın bu işə davam etməsini və Türkiyənin bizə və müttəfiqlərimizə problem yaradarkən ABŞ-ın kənarda oturmayacağını da görməsini istəyirəm”.
Trampın bu layihəni veto etmək səlahiyyəti var
Lakin paket Konqresə göndərildikdən sonra səsvermədə 2/3 səs çoxluğu əldə edilsə, ABŞ prezidentinin vetosuna baxmayaraq, layihə qüvvəyə minəcək.
Tərcümə PİA.az-ındır.
Fatimə ƏLİYEVA
pia.az