Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MİQ imtahanı yox, müsahibə mərhələsi ləğv edilsin - Təklif

Azərbaycan SSRİ qədər böyük deyil, nəyə görə öz rayonlarımıza işləməyə gedən müəllimlər olmasın?...

Azərbaycanda əksər hallarda müəllimlərin sertifikasiya və işə qəbul imtahanlarının ləğvi təklif olunur. Ali təhsilli müəllimlərin imtahana çəkilməsinin doğru olmadığı hesab edilir. Milli Məclisin ötən plenar iclasında bu məsələyə toxunan Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov müəllimlərin sertifikasiya və işə qəbul imtahanlarını tənqid edib.

O qeyd edib ki, ali təhsil müəssisələrini qırmızı diplomla bitirənlər işə qəbul üçün yenidən imtahan verməli olurlar. Komitə sədrinin fikrincə, universiteti bitirən şəxsdən yenidən imtahan tələb edilməsi ali təhsilə inamsızlığa səbəb olur. S.Novruzov, həmçinin bir rayonda və bölgədə yaşayan müəllimin başqa yerə işləməyə göndərilməsinə də qarşı çıxıb.

MİQ və sertifikasiya imtahanlarının tətbiqi təhsil ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmır. Xüsusilə də uzun illər bu sahədə çalışmış müəllimlərin imtahana çəkilməsi yanlış addım kimi qiymətləndirilir. Bununla belə MİQ və sertifikasiya imtahanlarının vacibliyini düşünənlər də az deyil.

Hansı tərəf haqlıdır: imtahana qarşı çıxanlar, yoxsa dəstəkləyənlər?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı imtahanların ləğvi fikri ilə razılaşmadığını söyləyib. Xanım deputat hesab edir ki, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi imtahanlar müəllimlik peşəsinin inkişafı üçün çox vacibdir:

“Elə mərhələyə gəlib çıxmışıq ki, heç bir xalq, məsələn, velosiped kəşf etmək iddiasında olmamalıdır. Çünki zaman sürətlə keçir, əgər velosiped ixtira etməyə çalışsaq, geri qalarıq. Mütərəqqi dünya hara gedirsə, inkişaf etmiş ölkələr hansı istiqaməti tutursa, bu yolla getməliyik. Biz, sözsüz ki, milli xüsusiyyətlərimizi nəzərə almalıyıq. Təhsil səviyyəsinə görə, ilk onluqda olan ölkələrin təcrübəsini nümunə götürə bilərik.

ABŞ, qərb ölkələri, Türkiyədə işə qəbul qaydaları var. Bu, o deməkdir ki, müəllim ən yüksək səviyyəli ali təhsil müəssisəsini belə bitirsə, imtahandan keçməlidir. Çünki ali məktəbdə yaxşı oxuyan da, zəif oxuyan da, hətta kəsilən də olur. Hər tələbə eyni səviyyədə bilikli deyil. Ona görə də Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbul imtahanı və sertifikasiya imtahanlarının tərəfdarıyam. Təkcə müəllimlər deyil, bütün sahələrin mütəxəssisləri daim öz üzərində işləməlidir. Belə olmasa, dövlət, cəmiyyət inkişaf etməz. Biz 20 il bundan öncə “Motorola” telefon işlədirdik, indi isə texnologiyanın inkişaf səviyyəsi hər birimizi heyrətləndirir”.

Bununla belə, təhsil sistemində müəyyən çatışmazlıqların olduğunu vurğulayan deputat xatırladıb ki, dəfələrlə Milli Məclisdə çıxış edərək, tənqidlər səsləndiriblər:

“Bəzi məktəblilərin kriminal əməlləri, müəllimlərin aqressiv davranışları, şagirdlərin içki, siqaret kimi zərərli vərdişlərə meyl etməsi çox ciddi məqamlardır. Təhsildə mövcud olan problemlər cəmiyyəti düşündürür. Amma sertifikasiya imtahanları mütləq olmalı, işə qəbul imtahanla keçirilməlidir. Müəllim biliyinə güvənirsə, imtahandan qorxmayacaq.

İşə qəbul olan müəllimlər hansı məktəbi seçiblərsə, orada işləməlidirlər. Sovet dövründə məzunları təyinatla Baykal-Amur magistral yolunun inşa olunduğu əraziyə, Tayqa meşələrinə, Kamçatkaya göndərirdilər. Heç bir valideyn övladının uzaqda işləməsindən narahat olmurdu. Azərbaycan SSRİ qədər böyük deyil, nəyə görə öz rayonlarımıza işləməyə gedən müəllimlər olmasın? Ucqar kəndlərdə müəllim çatışmazlığı var, bunu aradan qaldırmaq lazımdır. Türkiyədə də belədir. İstanbulda, Ankarada doğulan şəxs ali məktəbi bitirəndən sonra Hakkaridə, Diyarbəkirdə və digər ərazilərdə xidmət edir. Hesab edirəm ki, nazirliyin MİQ və sertifikasiya imtahanlarını tətbiq etməsi təhsil sahəsinin inqilabıdır”.

Məlahət İbrahimqızının təhsil və imtahan sistemi ilə əlaqədar narazı olduğu məqamlar da var.

“Məsələn, vətəndaş imtahan verir, keçid balını toplayır, amma müsahibədən keçə bilmir. Deputat kimi mənə müraciət edən seçicilərimin arasında belə şəxslər var. Hər hansı bəhanə ilə müsahibə imtahanından kəsilirlər. Gəlin, bu məsələni qaldıraq, həll edək. Xarici ölkələrdə müsahibə mərhələsi yoxdur. Ali məktəbi bitirən şəxs bütün sənədləri qaydasındadırsa, imtahanı verir, qəbul olduğu ixtisas üzrə işləməyə başlayır. Bizdə də dövlət qulluğuna qəbulda müsahibə mərhələsinin ləğv edilməsinə ehtiyac var”, - deyə deputat vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Ən çox oxunanalar