Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fatih Ceylan: "Rusiya Türkiyəni bölgəyə "yad" bir ölkə kimi gördüyünü gizlətmir”

PİA.az istefada olan fövqəladə və səlahiyyətli səfir Fatih Ceylanın Turan İnformasiya Agentliyinə müsahibəsini təqdim edir:

Turan: Hörmətli səfir, Rusiyanın Ukraynaya hücumundan əvvəl NATO ölkələrinin ikitərəfli sazişlərlə Ukraynaya kömək edə biləcəklərini demişdiniz. Proqnozunuzun düz çıxmasıyla yanaşı, işin sərhədləri daha da genişləndi, İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün qapılar açıldı. Müharibənin beşinci ayındakı mənzərəni necə şərh edə bilərsiniz?

Fatih Ceylan Ceylan: Rusiyanın Ukraynaya hücumunun artıq bir “yorub əldən salma” savaşına döndüyünü görməkdəyik.Savaşın başladığı günlərdə Rusiyanın öz qarşısına qoyduğu hədəflər də artıq kiçilib. Bütün enerji Ukraynanın Donbas bölgəsi üzərində toplanıb. Ukrayna o bölgədən geri çəkilmək məcburiyyətində qaldı. Davam edən müharibəyə geniş bir tablo kimi baxanda Rusiyanın uduzan tərəfə sürükləndiyini görürük. Rusiyanın işğal təşəbbüsünə Ukraynanın göstərdiyi müqavimət, Qərb dünyasının nümayiş etdirdiyi həmrəylik və bununla yanaşı Avropa İttifaqı və ABŞ-ın lazımi tədbirləri görərək Ukraynaya verdikləri qeydsiz-şərtsiz hərtərəfli dəstək və nəticədə Ukraynanın Avropa İttifaqına qatılmasına mane olmağa çalışmaq üçün müharibəyə başlayan Rusiyanın NATO-nun üzvü olması gözlənilən Finlandiya vasitəsilə NATO ilə 1300 kilometr yeni sərhədinin olacağını təhlil edəndə Rusiya liderinin hesablamalarının səhv olduğu ortaya çıxır. Ukraynadakı müharibənin yaxın gələcəkdə başa çatmayacağı görünür. Bu, müharibəyə bağlı olaraq qlobal miqyasda enerji və ərzaq böhranının dərinləşməsini də şərtləndirir ki, dünya xalqlarını bunun acı nəticələrini yaşamağa məcbur edirlər. Müharibə başa çatandan sonra yenidən inşa edilməsi uzun müddət tələb edən qlobal arxitektura meydana çıxacaq. Bu arxitekturanın bütün tərəflərini indidən görmək çətindir. Ancaq fərqli qütblər və ittifaqların üzərində qurulacaq olan yeni bir qlobal sistemə doğru gedildiyini müşahidə etmək mümkündür.

Turan: NATO-nun Madriddə keçirilən axırıncı zirvə iclasında prezident Ərdoğan Türkiyənin açıq şəkildə Ukraynanın tərəfində olduğunu birbaşa dedi. Bu,Türkiyə-Rusiya münasibətlərinin gələcəyinə necə təsir göstərəcək?

Ceylan:Türkiyə 70 ildən bəri NATO-nun üzvüdür. Rusiya rəhbərliyi bu reallığı bilir. Bir neçə gün qabaq Ukraynanın Avroatlantik qurumlarına daxil olmasına Türkiənin verdiyi dəstək də önəmli faktdır. Rusiya rəhbərliyi bunun fərqindədir. Ona görə naməlum bir vəziyyətdən söhbət getmir, sürpriz yoxdur. Hazırkı şəraitdə Türkiyənin getdiyi və bölgədəki tarazlıqları maksimum nəzərə alan yolun Rusiya ilə münasibətləri zədələyəcəyini demək mümkün deyil. Türkiyənin bundan fərqli bir mövqe tutması Rusiyanın Ukraynadakı planlarına bağlı olacaq. İndiyə qədər olduğu kimi, Rusiya bundan sonra da Ukraynada minlərlə mülki vətəndaşın qanını tökməyə davam etsə,Türkiyə-Rusiya münasibətlərinin bundan zərər görməyəcəyini demək mümkün deyil. Proseslər necə davam edərsə, münasibətlərdə də o şəkildə öz əksini tapacaq.

Turan: Ukraynadakı hədəfləri əsla baş tutmayan Rusiyanın dövlət başçısı Putin Avrasiya coğrafiyasına yönəlib. 29 iyunda Xəzər sahilindəki dövlətlərin başçılarının Aşqabadda keçirilən zirvə iclasında “xarici ölkə hərbi qüvvələrinin Xəzər dənizinin sahilinə gəlməsinə mane olunması” qərarlaşdırıldı. Bu qərarın məqsəd və hədəfləri nədir? Başda Azərbaycan olmaqla, Türkiyənin türk ölkələrilə əlaqələrnin inkişafına mane olmaq məqsədi daşıya bilərmi?

Ceylan: Rusiya iqtisadiyyatı təbii qaz, neft və silah satışı üstündə formalaşıb, ona görə embarqolardan sonra Qərblə münasibətləri tamamilə korlanıb. Onun üçün Rusiya iqtisadiyyatı bir tunelin içindədir. Bu vəziyyət Rusiyanı başqa sahələrdə iqtisadi-ticari münasibətlər qurmağa sövq edir. Yeni yollar axtararkən Rusiya birinci növbədə, öz təhlükəsizliyini fikirləşmək məcburiyyətində qalır. İqtisadiyyatı hər gün zəifləyən Rusiyanın öz nəzarəti altında saxlamağı planlaşdırdığı bölgələrdəki inkişaf layihələrinə ayıra biləcəyi kapital çox azdır. Digər tərəfdən, Rusiya Xəzər bölgəsini özünün “Yaxın ətrafı” kimi görür və oralarda hərbi qüvvə saxlamağı özünün təbii haqqı sayır. Bu baxımdan o bölgələrdə əcnəbi hərbi qüvvələrin olması Rusiyanın hərbi qüvvə doktrinasıyla həmahəng deyil. Onun üçün Xəzər bölgəsi də daxil olmaqla, “sülhsevər hərbi qüvvələr” adı altında regiona öz əsgərlərini yerləşdirməkdən çəkinmir. Özünü “əcnəbi hərbi qüvvə” kimi təqdim etməkdən qaçır. Türkiyənin Azərbaycanla sərhədinin olmasına baxmayaraq, Rusiya da, İran da Türkiyəni bölgəyə “yad” bir ölkə kimi gördüklərini gizləmir, hərəkətlərilə bunu nümayiş etdirir və Türkiyə də daxil olmaqla, digər ölkələrə “bağıma girməyin” mesajları verir. Aşgabadda qəbul edilən sənəd bunun növbəti örnəyidir.

Turan: 1 iyuldan Azərbaycan Türkiyə ilə yeganə quru yolu sərhəd məntəqəsini bağladı və Türkiyə vətəndaşlarının quru yoluyla Azərbaycana getməsinin qabağına səd çəkildi. Sizcə, Azərbaycan bu qərarı nə üçün qəbul etdi?

Ceylan: Bu qərarın Türkiyə ictimaiyyətində gözlənilən dərəcədə əks-səda yaratmadığını görürük. Bununla yanaşı, bu qərarla bağlı müəyyən şərhlərin verildiyini də görürük. Ona görə hər şeydən əvvəl Azərbaycan rəhbərliyinin bu qərarın mahiyyətini ictimaiyyətə ətraflı şəkildə izah etməsi lazımdır. Yoxsa, subyektiv şərhlərin də qabağını almaq çətin olacaq. Türkiyə üçün Naxçıvanın xüsusi statusu var, həm Azərbaycan, həm də Türkiyə baxımından Naxçıvan Şərq-Qərb tarazlığı içində önəmli rola malikdir. Müvəqqəti də olsa, qəbul edilmiş bu qərar gələcəkdə Zəngəzur da daxil olmaqla, Şərq-Qərb dəhlizində yük nəqliyyatı sahəsində həm Azərbaycana, həm də Türkiyəyə problemlər yarada bilər, məsələyə bu çərçivədə də baxılmalıdır. Azərbaycanın qəbul etdiyi qərarın Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müəyyənləşdirdikləri gələcəklə bağlı yol xəritəsi baxımından nəticələrini də düşünmək lazımdır. Səbəbləri tam şəkildə məlum olmayan bu qərarın Türk Dövlətləri Təşkilatının indiyə qədər qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edib-etmədiyinə də baxmaq lazımdır.

Turan: Münasibətləri normallaşdırma addımlarıçərçivəsində Türkiyə üçüncü ölkə vətəndaşlarının öz ərazisindən keçərək Ermənistana getməsinə icazə verdi. Bu qərarı və ümumiyyətlə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması çərçivəsidə atılan addımları necə qiymətləndirirsiniz?

Ceylan: 2020-ci ilin payızında Azərbaycan özünün əzəli torpağı olan Qarabağın böyük hissəsini işğaldan xilas edərək mühüm qələbə qazandı. Bununla da regional münasibətlərin normallaşmasının qapısı açıldı. Necə ki 44 günlük müharibənin başa çatmasından sonra regionda əmin-amanlıq və sülh naminə ciddi addımların atıldığını görürük, bu proses davam etməli və problemlər həmişəlik çözümə qovuşdurulmalıdır. Bu çərçivədə Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması ön plana çıxdı. Hər iki ölkə xüsusi nümayəndə təyin etdi və əcnəbi ölkələrdə keçirilən dört turdan ibarət müzakirədən sonra mühüm nəticələr əldə edildi. Başlayan prosesin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasına kömək etməsini gözləmək lazımdır. Bu həqiqətin Azərbaycan rəhbərliyi tərəfindən də qəbul edildiyi müşahidə edilir. Türkiyə və Azərbaycanın əl-ələ verərək regional sülhü, sabitliyi və rifahı inkişaf etdirmək üçün cəhdlərini artırması özlərinin də xeyrinədir. Şərq-Qərb çərivəsindəki bütün nəqliyyat, kommunikasiya, investisiya, mal idxalat-ixracat zəncirlərinin güclənməsi və şaxələndirilməsi həmişəkindən daha mühüm vəziyyətə gəlib. Bu baxımdan təkcə Zəngəzur dəhlizilə kifayətlənməmək və dəhlizi tamamlayacaq digər nəqliyyat-kommunikasiya həlqələri üzərində də ciddi şəkildə durmaq və regiondakı sülh proseslərinin irəliləməsinə kömək edəcək addımların atılması lazımdır. Ona görə Türkiyə və Azərbaycanın oynayacaqları rol mühümdür. Ona görə Şərq-Qərb nəqliyyat dəhlizinin Naxçıvan və digər bölgələrdən keçərək Orta Asiyaya qədər çatmasına nail olmaq lazımdır. Türkiyə və Azərbaycanın bu proseslərdə birgə hərəkət etməsi iki ölkənin də xeyrinə olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar