İran Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırılıb və Moskvanın “Zəngəzur dəhlizi” ilə bağlı addımlarına etiraz edib...
İranın xarici işlər nazirinin köməkçisi və Avrasiya məsələləri üzrə baş direktoru Tehranın regional sülh və sabitliyə dəstəyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər və geosiyasi status-kvonun hər hansı dəyişikliyinə qarşı olduğunu bildirib.
Poliqon xəbər verir ki, bu barədə IRNA Agentliyi məlumat yayıb.
Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov ilə bazar ertəsi axşam keçirilən görüşdə də xarici siyasət qrupunun sözçüsü Müctəba Dəmirçilu səfirə bildirib ki, regiondakı bütün ölkələrin maraqları və qanuni narahatlıqları nəzərə alınmalıdır.
IRNA qeyd edir ki, Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparan hər iki diplomat davamlı sülhün və regional əməkdaşlığın təminatçısı olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətlə yanaşdıqlarını vurğulayıblar.
Dəmirçilu həmçinin bütün tərəflərin maraqlarını nəzərə almaqla, region ölkələrinin potensialından istifadə edərək problemlərin həlli və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi planların həyata keçirilməsinə töhfə vermənin vacibliyini vurğulayıb.
Görüşdə həmçinin Cənubi Qafqazın üç ölkəsi: Ermənistan, Gürcüstan və Azərbaycan, həmçinin Rusiya, Türkiyə və İranın daxil olduğu 3+3 məşvərətçi formatının qarşıdakı görüşü müzakirə olunub. Format regionda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərini nəzərdən keçirir.
Qeyd edək ki, Moskvanın Ermənistan üzərindən Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən "Zəngəzur dəhlizi"nə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyinin Rusiyanın Tehrandakı səfirini görüşə çağırması və dəhlizin açılmasına etiraz etməsi ilə bağlı mətbuatda məlumatlar yayılıb.
Poliqon.info