Ümumdünya Səhiyyə Təşkilatı 2018-ci ilin onkoloji xəstələrlə bağlı statistikanı açıqlayıb
Yer üzündə hər 5 kişidən, hər 6 qadından birində həyatının müəyyən mərhələsində onkoloji xəstəlik aşkar olunur.
Medicina.az xəbər verir ki, ÜST-nın hesabatında bildirilir ki, 2018-ci ildə bütün dünyada 18 milyon nəfər yeni xəstədə xərçəng diaqnoz olunub, 9,6 milyon insan isə bu xəstəlikdən dünyasını dəyişib.
Ümidverici rəqəm də var. Diaqnoz qoyulandan sonra 5 il yaşayan xəstələrin sayı da artaraq 43,8 milyona çatıb.
İnkişaf etmiş ölkələrdə tibb yerində saymır və onkoloji xəstələri daha çox yaşatmaq və uğurlu müalicə etmək naminə hər şey edir. Ümumiyyətlə, xəstəliyin bu qədər artmasının bir səbəbi kimi insanların qocalması və daha uzun ömür yaşaması ilə bağlıdır. Belə ki, xərçəng daha çox 65 yaş və daha yuxarı yaşlarda üzə çıxır.
18 milyon onkoloji xəstənin yarısı Asiya ölkələrinin payına düşür, bu da o ölkələrdəki əhali sayına görədir.
İnkişaf etmiş ölkələrdə xərçəng olmaq riski inkişaf etməkdə olan ölkələrdən bir neçə dəfə çoxdur. Lakin Asiya və Afrika ölkələri ilə müqayisədə Amerika və Avropa ölkələrində xəstələrin müalicə və yaşama şansı daha yüksəkdir.
Ən geniş yayılmış onkoloji xəstəliklər siyahısında ilk üçlükdə – ağciyər, süd vəzi və bağırsaq xərçəngi yer alıb.
Rusiyada birinci yerdə süd vəzi, ikinci yerdə prostat vəzi xərçəngidir.
Azərbaycanda isə ən çox süd vəzisi, ağciyər, mədə, bağırsaq və qida borusunun xərçəngi aşkar edilir
Ən çox ölüm payı ağciyər xərçəngi, daha sonra bağırsaq və mədə, qaraciyər şişlərində qeydə alınıb.
Bir sıra onkoloji xəstəlik növləri getdikcə azalır. Şimali Amerika və şimali Avropada kişilər arasında ağciyər xərçəngi azalmağa doğru gedir. Siqaretdən imtina öz bəhrəsini verir. Eləcə də xüsusi vaksinasiya sayəsində bu ölkələrdə qadınlar arasında uşaqlıq boynu xərçəngi də azalır.
Mütəxəssislər artıq qadınlar arasında da ağciyər xərçənginin baş qaldırdığı barədə həyəcan təbili çalır.
Şimali Amerika, Avropa – Danimarka və Niderlandda, eləcə də Çində qadınların ağciyər xərçənginə tutulması halları artıb. ÜST rəhbəri doktor Freddi Brey bu ölkələrdə siqaret çəkmə ilə effektiv mübarizə üsulları barədə düşünməyin vaxtı çatdığını bildirib.
pia.az