Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsyö Ollandın Qafqaz sərgüzəştləri


Son günlərin ən gurultulu siyasi hadisələrindən biri Fransa prezidenti müsyö Fransua Ollandın Cənubi Qafqaz ölkələrinə səfəri sayıla bilər


Dünyanın ən aparıcı dövlətlərindən biri olan Fransa SSRİ-nin dağılmasında və dağılmadan sonrakı proseslərdə aktiv rol oynayan bir dövlət kimi geosiyasi məkanda Qərblə Rusiya arasında davam edən qarşıdurmada öz mövqeyini ortaya qoyaraq xarici siyasətini NATO-dakı partnyorlarının "total müharibə"ni qazanması yoluna yönəltmişdir. Beynəlxalq tribunalarda ABŞ-ın mövqeyinə uyğun çıxış edən Fransa indi də postsovet məkanındakı nüfuzundan istifadə edərək Qərbin mövqelərinin Rusiyanın nüfuz dairəsinə düşən bu coğrafiyada möhkəmlənməsi üçün diplomatik həmləyə keçib.

Fransua Olland Cənubi Qafqaz turnesinə regionun təbii ən ağırçəkili dövləti olan Azərbaycandan başladı. Yüksək səviyyəli görüşlər zamanı rəsmi Bakının tənqid dolu iradlarından üzü qızaran müsyö Olland, sanki Mirzə Fətəli Axundovun hekayətinin personajı, həmyerlisi müsyo Jordan kimi cənnət Qarabağın bu gözəl yaz günündə ecazkar təbiətinin qoynuna atıla bilməməsinə ürəkdən təəssüflənərək, bir gözü Xəzərin neft buruqlarında, bir gözü Bakının göydələnlərində, ürəyində Şahbaz bəyi (Azərbaycanı) Parisə aparmaq arzusu, kor-peşman İrəvana yollandı. Həm də müsyö Olland Şahbaz bəyin Avropa dillərini ondan daha yaxşı danışdığını görüb lap şoka düşdü. Bakıda ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətini tənqid edən fikirləri dinlədikdən sonra "Azərbaycana səfərinin heç bir dövlətə qarşı yönəlmədiyini" bildirərək ölkəmizlə yanacaq-energetika sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğuladı. Dayanın! Bu da neft qoxusuna gəlib, nə Qarabağ, nə digər problemlər, müsyö Ollandın özü demişkən, "Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla əməkdaşlıqda maraqlıyıq" fikri... Axı, cənab Olland, Paris universitetinin professoru, həmyerliniz müsyö Jordan Azərbaycana neft və qaz qoxusuna deyil, o cənnət Qarabağın nadir bitkilərini, flora və faunasını araşdırmağa, yer üzünün bu gözəl məkanının nadir təbiətini siz fransızlara öyrətmək üçün gəlmişdi. Axı, o, Qarabağda erməni görməmişdi, qarabağlıların qonaqpərvərliyinə valeh olmuşdu, Qarabağ atlarının gözəlliyinə heyran olmuşdu...

Rəsmi Bakının qətiyyətli mövqeyi

Ollandın səfəri zamanı ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün imzalanan müqavilələrdən sonra prezident İlham Əliyev birmənalı şəkildə bəyan etdi ki, Azərbaycanın daxili və xarici siyasətinə heç kəs qarışa bilməz, mötəbər beynəlxalq təşkilatlarda Azərbaycan yalnız və yalnız öz maraqlarına uyğun mövqe nümayiş etdirəcək. Qarabağın işğalının dayandırılmayacağı təqdirdə Ermənistanla heç bir əlaqə qurulmayacaq, İrəvanın arxasında duranlar isə bizim dostlarımız siyahısından silinəcəklər. Avrointeqrasiya məsələlərinə gəldikdə isə prezident bəyan etdi ki, Azərbaycan bu və ya digər birliyə can atmır, tutacağı mövqe də yalnız Azərbaycanın dövlət maraqlarına uyğun olacaq. Prioritet Qarabağdır və biz torpaqlarımızın işğalı və anneksiyası ilə heç zaman barışmayacağıq. Ollandın cavab vermək üçün arqumet tapa bilmədiyi bu iradlar Azərbaycana yalnız enerji terminalı kimi baxan Avropa dövlətlərinə də sərt bir mesaj oldu. Prezident kifayət qədər açıq və qətiyyətlə bildirdi ki, enerjimizi hansı marşrutla və necə satacağımızı özümüz müəyyən edəcəyik. Xəzər qazının Rusiyaya ötürülməsi belə gündəmdə müzakirə olunan məsələlərdəndir. Qarabağ problemini ölkəmizə təzyiq metodu kimi konservləşdirərək həllinə imkan verməyən qüvvələr artıq hiylələrinin keçmədiyini, geosiyasi oyunlarda Azərbaycan dövlətinin öz sözünü demək iqtidarında olduğunu gözəl başa düşdülər.

Müsyö Olland və pinəçi Sərkis

Bakıda xəcalət təri tökərək suyu süzülə-süzülə İrəvana gələn Ollandın kefini erməni yaltaqlığı heç cür aça bilmədi. Sərkisyanla görüşən Olland Ermənistana Rusiya ilə əlaqələrində azad olduğunu, amma Avropadan vaz keçməyin də təhlükəliliyini bildirərək "Qarabağ probleminin həlli üçün qəti addımların atılmasının artıq vacibliyini " vurğuladı. Yəni, "bax, Rusiyanın tərkibinə keçəcəyiniz təqdirdə Qarabağın işğalını kəndir edib asacağıq boynunuza". Bakının sərt mövqeyi AvropaRusiyanı düşünməyə, Ermənistanı isə boğmaqda davam edir. Artıq pinəçi Sərkis xalqının nə qədər ağır vəziyyətə düşdüyünü və tarixində ilk dəfə olaraq qurulmuş saxta "Ermənistan" dövləti sonunun yaxınlaşdığını gözəl anlayır. Hadisələrin gedişi isə onu göstərir ki, Qarabağın işğalı torpağın əsl sahibi olan Azərbaycandan çox, onu güclü havadarlarının köməyi ilə işğal etmiş Ermənistana ziyan vurur. Qarabağ kartı artıq Ermənistanın müstəqilliyinin əlindən alınmasında istifadə olunur və rəsmi İrəvan buna qarşı heç bir tədbir görə bilmir. Hakimiyyət olaraq Ermənistanı idarə edən elita siyasi cəhətdən tam olaraq izolə edilmiş bir vəziyyətdədir. Rusiyanın caynağından çıxmaq artıq mümkün deyil, Avropa və Qərbdən qopmağa isə illərdir Ermənistanı öz maliyyə yardımları ilə saxlayan diasporu imkan vermir. Bunun yaxınlarda Ermənistanda vətəndaş müharibəsinə gətirib çıxaracağı labüddür. Avrointeqrasiya tərəfdarlarının gələcəkdə baş qaldıracaq etirazını yatırtmaq üçün isə Rusiya erməni polisini hər cür vasitələrlə, silah və ləvazimatla təchiz edir.

Ollandın "gürcü arzusu"

Ermənistana üstüörtülü təhdid mesajı verərək İrəvandan Tiflisə uçan müsyö Olland burada Rusiyanın ünvanına bir neçə cümlə tənqidi ifadə işlətdikdən sonra Gürcüstanın Avrointeqrasiya yolundan dönməyəcəyinə bir daha əmin olaraq tələsik dərviş Parisi partlatmamış və Fransada ərəb inqilabı baş verməmiş vətəninə qayıtdı. Səfərin yekunu isə yadda belə qaldı: Ermənistan zatən itirilib və Avropa üçün heç bir əhəmiyyət kəsb etmir, Gürcüstanın isə zatən Avropadan başqa döyəcəyi heç bir qapı qalmayıb, regionun gözü -Azərbaycana gəldikdə isə, Qarabağ problemi bu ölkənin ərazi bütövlüyü çərçivəsində həllini tapmasa, Avropa əlini Bakıdan üzməlidir və bununla da Qərbin regiondakı maraqlarının üstündən birdəfəlik xətt çəkilməlidir. Yəni Şahbaz bəyi Parisə, Avropaya aparmaq üçün sınanılmış metodların artıq işə yaramadığı müsyölərə bir daha aydın oldu...Düşünün müsyö, nə qədər ki, gec deyil...

Qafqaz Ömərov


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Maydan hərəkatı”: səbələr və nəticələr

Böyük Azərbaycan və Rusiyanın “Qafqaz əsiri“

Təriqət savaşı: Gülənçiliklə Nurçuluğun fərqi

Şanxay zirvəsi və ya “Rusiyanın xilası“ əməliyyatı

Xaos və kürdlərin bitməyən “azadlıq mübarizəsi“

Azərbaycan - Özbəkistan: bir qardaşlığın qısa tarixçəsi

“Qara çərşəmbə axşamı“ və Rusiya ilə birlikdə çökən Ermənistan

Ən çox oxunanalar