Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təriqət savaşı: Gülənçiliklə Nurçuluğun fərqi


Bugünki yazımızda oxucularımıza son aylar Türkiyə mediasını parazit kimi sarımış bir mövzu haqqında danışacağıq.


Milli mətbuatımızın hazır və ya səthi, primitiv tərcümə materialları üçün ən çox müraciət etdiyi qardaş ölkənin elektron KİV-lərindən qısa bir müddətdə bizə keçən bu informasiya virusundan ölkə gündəmi heç cür canını qurtara bilmir. 

Türkiyə saytlarında maraqlı tərəflərin sifarişləri əsasında yazılmış, guya kompromat xarakterli, əslində isə dezinformasiyadan başqa bir şey olmayan mətnləri daha tez tərcümə edib manşet xəbəri vermək uğrunda nəfəs kəsən rəqabətə girişmiş Azərbaycan saytları getdikcə ictimaiyyətin gözündə ucuzlaşıb, cılızlaşır. Türkiyədə bir-birini sıradan çıxarmağa çalışan siyasiləşmiş iri maliyyə qruplarının informasiya müharibəsi, sanki heç bir dərdimiz-sərimiz yoxmuş kimi bizim medianın, xüsusən də saytların gündəmindən düşmür ki, düşmür. Açılmış onlarla xəbər portalının qeyri-peşəkər işçiləri, artıq oxucu auditoriyasının böyük bir hissəsinin informasiya almağa üstünlük verdiyi internet jurnalistikasını türk və rus mediası, biabırçılıq orasındadır ki, bəzən erməni mətbuatının belə "kopyasına" çevirməkdədir. Əksər hallarda qeyri-səlis, tələsik tərcümə mətnləri redaktorlar tərəfindən ümumiyyətlə yoxlanılmır və bəzən bu materiallarda Azərbaycan əleyhinə fikirlər belə yer alır. Rüşvətin iflic etdiyi təhsilimiz və bu sistemin cəmiyyətimizə qazandırdığı kütbeyin "mütəxəssislər" yarıtmaz işləri ilə bütün sahələri kor qoyduqları kimi, satınalma diplomlu, mütaliəsiz "jurnalistlər"də mediamızı da məhvə sürükləyir. Ağına-bozuna baxmadan türk və rus saytlarında nə qədər "informasiya ördəyi" varsa, hamısı olduğu kimi tərcümə edilərək Azərbaycan saytlarına köçürülür. Bu ilk növbədə informasiya və milli təhlükəsizliyimizin olmaması, ya da təhdid altında olması deməkdir. Get-gedə püxtələşməkdənsə daha acınacaqlı vəziyyətə düşən milli mediamızın xilas edilməsi üçün ciddi tədbirlər görülməsə, millət olaraq gələcəkdə daha ağır bədəl ödəyəcəyik.

Türkiyənin gündəmindən çıxmayan siyasi intriqalarla dolu informasiyalar günbəgün artır, kompromat müharibəsi qızışır və "küt mediamız" sönük fəaliyyəti ilə bu savaşı ölkəmizə sıçratmaq cəhdindən usanmır. Təhlilimizi təsadüfən də olsa oxuyacaq və ya başlığına baxaraq içində saytının manşetinə yapışdırmaq üçün "sensasion" bir xəbər tapmaq ümidi ilə açıb nəzər yetirəcək o "jurnalistlərə" maariflənmək üçün kiçik tövsiyədə bulunuruq. Cızma-qaralarına baxarkən gözlərimiz önündə Çingiz Aytmatovun "Manqurt"unun sifəti canlanan bu "qələm adamları”na aylardır çeynəyə-çeynəyə qaldıqları, türk abiləri demişkən "bir türlü" uda bilmədikləri "nurçular", "gülənçilər" barədə qısa məlumat verəcəyik. Diqqətiniz bizdə olsun "geri zəkalılar", yenə türkün sözü, "Tevbə Estağfürullah!"

Nurçuluq nədir?

Məlumatım olmasa, oxumasam, bu mövzuya ümumiyyətlə toxunmazdım. Əslində, dini bir təriqət olmayan, dini ritualları ilə digər sektalardan heç nə ilə seçilməyən nur tələbələrinin əsas vəzifəsi, keçən əsrin ən məşhur bir din aliminin yazdığı şəriət qanunlarının təfsirini oxumaq, bunu kütlə arasında geniş yaymaqdan ibarətdir. Bu alim Bedüzzaman Səid Nursidir. Onun şəxsi həyatı haqqında mətbuatda çox yazılar gedib, ona görə də oxucularımızı onun haqqında uzun-uzadı danışaraq yormayacağıq.

Mərkəzi Türkiyə olan nurçuluq hərəkatı SSRİ dağılandan sonra bütün türk-müsəlman respublikalarında yayılmağa, beyinlərində ideoloji, daxillərində mənəvi bir boşluq olan əhali tərəfindən böyük maraqla qarşılanmağa başladı. Dini ayinlərin həyata keçirilməsinə qadağalar qoyulan Sovet İttifaqının çöküşü ilə minlərlə insan mənəvi boşluğu doldurmaq üçün məscidlərə, ibadətxanalara, mədrəsələrə axışdı. O dövrdə Azərbaycanda möhkəmlənən hərəkatlardan biri də "nurçuluq" idi.

Nur tələbələrinin dini ayinləri həyata keçirməsi üçün ayrıca bir qayda və ya qaydalar sistemi yoxdur. Dərslər, yəni nur risalələrinin oxunması adi qaydada aparılır. Dərsxanaların yerləşdiyi evlər, mənzillər hər kəsin üzünə açıqdır. Hətta yoldan keçən belə istədiyi vaxt içəri girə, bir çay içib dərs dinləyə və ya camaatla söhbət edə bilər. Nur dərsxanalarının gizliliyi, burada gizli fəaliyyətlərin olduğu haqda deyilənlər tamamilə əsassızdır. Dərslər və ya söhbətlər zamanı siyasi mövzudan qaçılır. Sadəcə, nur tələbələrinə risalələr sevdirilir və hər şeyin cavabının bu kitabda olduğuna inandırılır. Kitabın özünə gəldikdə: həbsdə uzun illər keçirmiş Səid Nursinin tələbələrinə aşıladığı fikir "hizmət" əməlidir. Özünü şəriət elminin yayılmasına həsr edən bu alim heç vaxt evlənməyib. Nur tələbələrinin böyük bir hissəsi də, xüsusən digər ölkələrdə nurçuluğu təbliğ edən tələbələrin əksəriyyəti də ailə qurmayıblar. Hər il müxtəlif dillərdə milyonlarla cild Nur risaləsi çap olunaraq dünya ölkələrində yayılır. Risalənin əsli Osmanlı ləhcəsindədir. Ümumilikdə nur hərəkatının dünya üzrə fəaliyyəti Türkiyə dövlətinin nəzarətindədir. Minlərlə "nur hizmətçisi" dünyanın müxtəlif ölkələrində bu kitabları təbliğ etməklə məşğuldur, bundan başqa dərsxanalar saxlanılır, kitablar yayılır. Güclü maliyyə dəstəyi və mərkəzləşmiş təşkilat olmadan bu orqanizmi idarə etmək isə qeyri-mümkündür. Deməli, nurçuluq hərəkatı Türkiyənin maraqlarına xidmət edir.

Bəzi məlumatlara görə Türkiyədə nur tələbələrinin sayı 5-6 milyon arasındadır. Hər halda əhalisi 70-80 milyon olan bir ölkədə bu, çox ciddi bir rəqəmdir. Həm də başsız, savadsız, ideologiyasız, lidersiz bir kütlə yox. Sadalananlara malik mütəşəkkil ordu. Nəzərə alsaq ki, nurçuların əksəriyyəti ali məktəb tələbələrindən ibarətdir, (Azərbaycandakı dərsxanalara yığışan gənclərin də 90% -i ali məktəb tələbələri olub) onda bu gücün cəmiyyət arasında nüfuzunu dərk etmiş olarıq. Solçuların hakim olduğu, ordunun idarə etdiyi Türkiyədə klerikalları 30 ilə iqtidara gətirən əsas amillər və səbəblərdən biri də məhz nurçuluq hərəkatıdır. Siyasiləşərək, meydanlarda nitq söyləyərək millətin rəğbətini qazanmağa çalışmaqla deyil, dərsxanalara savadlı gəncləri cəlb edib aşağıdan yuxarıya bütün dövlət və özəl sektor sistemini tutmaqla. Bu cəhətdən nurçuluq orden kimi xarakterizə oluna bilər.

"Gülənçilik"

Nur tələbələrinin getdikcə artan sayı hərəkatdan qopmalarla müşaiyət olunub. Dərsxanadan çıxan bir çox mühafizəkar dünyagörüşlü, savadlı gənc karyera qurmaq üçün hərəkatın gücündən, onun çoxsaylı elektoratından istifadə edərək elmdə, siyasətdə, biznes və digər sahələrdə irəli getməyə can atdı. Mühafizəkar təbəqənin böyük bir hissəni təşkil etdiyi Türkiyədə dini təmayüllü siyasi təşkilat və partiyalar hakimiyyət uğrunda mübarizəyə atıldılar. 1960-cı ildə nur dərsxanalarından birini tərk edən belə gənclərdən biri də Fəthullah Gülən adlı bir nəfər idi. Nurçular arasında böyük nüfuza sahib olan gənc ilahiyyatçı Fəthullah Gülənin xütbə verdiyi məscidlər həmişə dolub-daşırdı. Kütlə üzərindəki təsirini artırmaq üçün bütün metodlardan istifadə edən Gülən, duyğu, nəvaziş, eşq və məhəbbət haqqındakı uzun-uzadı çıxışları ilə insanları ağladır, güldürür, haldan-hala salırdı. Xütbələri zamanı hönkür-hönkür ağlayan Gülən həm kütləni ağladır, bəzən özü də qəşş edib huşunu itirirdi. Dini təbliğat, xütbə oxuma qaydalarını tamamilə dəyişən Fəthullah Gülən nurçulardan qopardığı tərəfdarları ilə birlikdə öz adını daşıyan yeni hərəkatın əsasını qoydu. 1970-ci illərdə Gülən hərəkatı daha da genişlənərək liderini Türkiyənin ən nüfuzlu şəxslərindən birinə çevirdi. Xeyriyyə fondları, təhsil ocaqları, media orqanları, seçkilər zamanı siyasi "stavkalar", -bütün bunlar hocaefendini Türkiyə siyasətinin mərkəzinə çəkərək ölkənin ən vacib "siyasətdən kənar gəzən", amma siyasi proseslərin gedişinə ciddi təsiri olan bir fiqura çevirdi. Artıq Türkiyəyə, onun siyasətinə təsir göstərmək istəyən qlobal güclər bu ölkədə məsləhətləşmələr apardıqları şəxslərin siyahısına Fəthullah Güləni də əlavə etdilər. Ciddi təbliğat silahına malik olan hocaefendi öz hərəkatı ilə bir çox siyasi təşkilat və onların liderlərinə rəqib olmağa başladı. Hadisələrin sonrakı inkişafı, AKP-nin iqtidara gəlməsi, aradakı soyuqluq, dindar təbəqənin səsi uğrunda qızışan mübarizə nəhayət Türkiyənin siyasi rənginin dəyişməsinə səbəb olacaq qədər dərinləşdi. Hazırda səhnə arxasında hansı oyunların getdiyini demək çətin olsa da, hadisələr onu göstərdi ki, heç də nurçular Gülənin liderliyi altında birləşməyiblər. Gülən hərəkatının özünün də artıq "dini təriqət" məcrasından çıxaraq nəhəng bir holdinqə çevrildiyini aydın görürük. Gülən qrupunun illik dövriyyəsinin on milyardlarla dollar olduğu güman edilir. Ciddi sərmayənin yatırıldığı özəl təhsil sistemləri və media sektoru isə ən gəlirli sahələr kimi öz fəaliyyətlərini davam etdirməkdədir.

P.S. Nurçuluğun fəaliyyətinin bünövrədə qoyulduğu kimi davam etdirilməsi, bu hərəkatın arxasında duranların onu siyasiləşməkdən qoruya bilməsi ilə əlaqədardır. Əks təqdirdə Türkiyədə çox ciddi ictimai-siyasi problemlər yarana, hətta daxili müharibə belə baş verə bilərdi. Son bələdiyyə seçkiləri bunun ən gözəl sübutudur. Əgər çoxmilyonlu nurçular həqiqətən də Gülənin göstərişi ilə Ərdoğanın əlehinə səs versəydilər, AKP öz mövqelərini qoruyub saxlaya bilməzdi. Deməli, Gülənin nurçuların lideri olması barədəki söz-söhbətlər əsassızdır. Bir şeyi unutmamaq lazımdır ki, istənilən dini təriqət, xüsusən də tərəfdarlarının çox olduğu təriqətlərin köynəyindən çıxan ambisiyalı, beyni dolu, öz fikirlərini həqiqət sayan və lider olmaq istəyən şəxslərin gələcəkdə atacaqları addımlar onları siyasətin diqqət mərkəzinə çəkəcək və ciddi bir ictimai "süzgəcdən" keçirəcəkdir.

Qafqaz Ömərov


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Maydan hərəkatı”: səbələr və nəticələr

Böyük Azərbaycan və Rusiyanın “Qafqaz əsiri“

Təriqət savaşı: Gülənçiliklə Nurçuluğun fərqi

Şanxay zirvəsi və ya “Rusiyanın xilası“ əməliyyatı

Xaos və kürdlərin bitməyən “azadlıq mübarizəsi“

Azərbaycan - Özbəkistan: bir qardaşlığın qısa tarixçəsi

“Qara çərşəmbə axşamı“ və Rusiya ilə birlikdə çökən Ermənistan

Ən çox oxunanalar