Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kür çayında vəziyyət dramatikləşdi, Salyandan keçən bəzi hissələri qurudu

Kür çayının Salyan rayonundan keçən hissəsi son bir neçə gündür quruyub. Çayın səviyyəsi kəskin şəkildə aşağı düşdüyündən sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində, o cümlədən Kürə yaxın kəndlərdə əkin sahələrinin suvarılmasında problemlər yaranıb. Bəzi kəndlərdə içməli suyun verilməsi çətinləşib.

Virtualaz.org xəbər verir ki, qlobal istiləşmə, quraqlıq, yağıntıların qeyri-bərabər paylanması nəticəsində Azərbaycanda son illər  su ehtiyatlarının get-gedə ciddi dərəcədə azaldığı müşahidə olunur. 

Ölkənin ən böyük çayı, su təchizatında Azərbaycanın əsas su mənbəyi sayılan Kürdə son 2-3 ildir baş verən ekoloji fəlakət isə böhranını daha da dərinləşdirir. Amma su böhranına çarə axtarıldığı bir vaxtda məlum olub ki, ölkədəki qum-çınqıl karxanalarının barbarcasına istismar edilməsi də bir yandan çaylara ciddi zərər vurub. Bəzi ərazilərdə çay yataqları dərinləşib, nəticədə əkin sahələrinin suvarılmasında çətinliklər yaranıb. Bir çox ərazidə çayların məcraları dəyişib, pay torpaqları su altında qalıb. Qurunt suların təbii suya qarışdığı yerlərdə isə içməli su qıtlığı yaranıb.

Qum-çınqıl karxanalarının Kürə, Araza vurduğu zərər

 Qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə "Meliorasiya və Su Təsərrüfatı" ASC birgə monitorinqlər keçirib.

Nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Meliorasiya- irriqasiya obyektlərinin qeydiyyatı və suların istifadəsi- mühafizəsinə nəzarət idarəsinin rəisi Mahir Qasımov virtualaz.org-a bildirib ki, karxanalar tərəfindən əksər ərazilərdə 16-18, bəzi yerlərdə isə 30-32 metr dərinlikdə qazıntı aparılıb, material götürülüb. Halbuki metr yarım-iki metr qazıntı aparılmasına icazə verilir. Nəticədə  çay yataqlarının məcrası dəyişib.

“Təhlükəli vəziyyət yaranıb. Təsəvvür edin, iri daşları qaytarıb tökmək şərti ilə bir metr yarım-iki metr səviyyəsində material götürülə bilər. Amma 32 metr dərinlikdən material götürülüb, üstəlik,  iri daşlar qaytarılıb yerinə tökülməyib”,-idarə rəisi bildirib.

M.Qasımovun sözlərinə görə, Bərdə, Tərtər, Mingəçevirdə də qum-çınqıl yataqları var. Kür çayından hətta 30-40 metr dərinlikdən,  üstəlik sorma üsulla materiallar götürülüb: “Araz çayında da vəziyyət eynidir. Çayların məcrası dəyişdiyindən suvarma problemi yaranır. Yəni biri var iki metr dərinlikdən su verəsən, biri var 32 metr dərinlikdən su götürəsən”.  

Çay yataqları intensiv istismara məruz qalır

Quba-Xaçmaz bölgəsində aparılan monitorinqlər zamanı bəlli olub ki, regionda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay məcraları intensiv sürətdə istismara məruz qalıb. Məcrası 30 metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib. Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib. Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil qatı açılıb.

Beləliklə, Qudyalçayda - “Qudyalçay”, “Qımılçay”, “Zizik”, Qaraçayda – “Qaraçay II”, “Mirzəqışlaq”, “Nügədi”, Vəlvələçayda - “Vəlvələçay I, II”, “Talıbqışlaq”, Çağacuqçayda isə “Cağacuqçay” qum-çınqıl qarışığı yataqlarında intensiv istismar işləri aparıldığına görə, çay məcralarının normadan artıq dərinləşməsi, sahillərin isə genişlənməsi baş verib. Çaylardakı karxana fəaliyyəti ümumilikdə, regionun hidrogeoekoloji şəraitinə mənfi təsir göstərib. Belə ki, qidalanması bu çaylar hesabına olan yeraltı sular, hazırda əksinə olaraq çayları qidalandırır. Həmçinin çaylardakı bu intensiv istismar fəaliyyəti bu regionda su ehtiyatlarının tükənməsinə yeraltı və yerüstü suların çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Bir sözlə, qeydə alınan qanunsuz fəaliyyət ətraf ekosistemə ciddi ziyan vurub.

6 milyon manatdan çox zərər, yoxsa ölçüyə gəlməz zərər?

 İdarə rəisi deyib ki, Nazirlər Kabinetinin qərarı ilə Quba, Qusar, Xaçmaz, eləcə də Mingəçevir, Bərdə, Tərtər, İmişli bölgəsində olan karxanaların fəaliyyəti dayandırılıb. Məlum olub ki, karxanaların vurduğu zərər 6 milyon manatdan çoxdur. (Əslində isə bu tamamilə formal rəqəmdir, çay yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə dəyən zərər ölçüyə gəlməzdir və uzunmüddətli nəticələrə gətirib çıxaracaq, - red.) Həmin müəssisələr Baş Prokurorluğa  verilib: “Bəlkə də zərər daha çoxdur. Çaylar zamanla öz-özünü bərpa edəcək. Bu da onilliklər çəkər. Yəni başa düşməlidirlər ki, ekologiyaya vurulan zərərin bərpası çətindir”.  

Yaxın illərdə ciddi su qıtlığı yarana bilər

Agentliyin mütəxəssisi Sadiq Əmiraslanov isə deyib ki, karxanalar tərəfindən illərlə aparılan istismar çayda su itkilərinə səbəb olub.

“Karxanaların fəaliyyəti zamanı müvafiq miqdarda su ehtiyatlarından istifadə olunur. Su yenidən çaya axıdılır. Bu mərhələdə suyun istifadəsi çayın dərinləşməsinə, su itkisinə, eyni zamanda, həmin suların çirklənməsinə səbəb olur. Suyun keyfiyyət və kəmiyyət baxımından dəyişməsi ilə nəticələnir”, - mütəxəssis  belə deyib.

Müsahibimizin sözlərinə görə, həmçinin mövcud su ehtiyatlarından səmərəli istifadə də çətinləşir. Yəni çayın dibi o qədər dərinləşir ki,  ətraf ərazilərin, əkin sahələrinin suvarmasında böyük çətinliklər yaranır.

“Bu kimi hallar çayətrafı zonalarda səhralaşmaya, uçqun proseslərinin baş verməsinə  səbəb olur. Çay dərəsi dərinləşdikcə, yan eroziya məsələsi aktiv fazaya keçir, çayın kənarları uçaraq əkin, bağ sahələrini yararsız hala salır. Bu proseslərə Quba-Xaçmaz zonasındakı çaylarda, Tərtər çayda rast gəlmişik”, - Əmiraslanov əlavə edib.

Tərtərçay, Araz çayında suyun səviyyəsi azalır

Başlanğıcını Kəlbəcər istiqamətindən götürən Tərtərçay ərazisində də uzun illər karxanalar fəaliyyət göstərib, çayın xammalından istifadə dayanmayıb. Əmiraslanov qeyd edib ki, burada da problemlər özünü göstərməkdədir. Eyni zamanda, İmişli ərazisində Araz çayında mövcud qum-çınqıl yataqları da uzun illərdir istismara məruz qalıb. İmişli hidro qovşağın aşağı hissəsində Araz çayının məcrası hazırda kəskin dəyişilmiş morfoloji xüsusiyyətlərə malikdir. Hətta bir çox göllər əmələ gəlib.

“Qum-çınqıl karxanalarının fəaliyyəti ətraf ərazilərin, yəni yaxın kəndlər ki var, hansı ki gündəlik suvarma üçün istifadə olunan su mənbələri mövcuddur, həmin mənbələrdə suyun səviyyəsinin aşağı düşməsinə səbəb olub. Qurunt suların səthi açıldığına görə suyun keyfiyyət göstəriciləri kəskin şəkildə dəyişib”,-Əmiraslanov əlavə edib. Həmsöhbətimiz bildirib ki, onsuz da Azərbaycana su ehtiyatlarının 70 faizi xarici ölkələrdən daxil olur. Belə bir zamanda Araz  çayda aparılan karxana fəaliyyəti su ehtiyatlarının qismən azalmasına səbəb olub.

Digər problemli bölgə Lənkəran çayıdır. Karxanaların uzun illər fəaliyyəti nəticəsində çay dərəsi 10-15 metrədək dərinləşib,  genişlənib, ətraf ərazilərdə müəyyən dəyişikliklər baş verib, hidrotexniki qurğulara ziyan dəyib: “Mingəçevirdə eyni problemdir. Bu səbəbdən də karxanaların fəaliyyətinin dayanmasına qərar verilib. Lənkəran çay, Araz, Tərtərçayların ərazisində, eləcə də Mingəçevir və Yevlaxdakı karxanaların fəaliyyətinin dayandırılması qərara alınıb”.  

Mütəxəssis əlavə edib ki,  yanlış istismarın nəticəsi gələcəkdə fəaliyyəti zamanı nöqsanlara yol verən həmin sahibkarın öz evində, fəaliyyətində, gündəlik həyatında su qıtlığı şəkilində özünü büruzə verəcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

XİN: Makronun Ermənistanın hərbiləşdirilməsinə bəraət verən fikirləri sülh prosesinə mane olmaqdır

Ən çox oxunanalar