Argentina prezidenti Xavyer Miley Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduronun qələbəsini tanımaqdan imtina edib...
Poliqon xəbər verir ki, Peru və Çilinin hakimiyyət orqanları da oxşar qərar qəbul ediblər. Qeyd edək ki, protokolların 80%-nin işlənməsinin nəticələrinə əsasən, cənab Maduro 51,2% səs toplayıb.
Xavyer Miley Venesuela müxalifətinin lideri Edmundo Qonzalesi qalib elan edib.
Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçea isə Venesuelada keçirilən səsverməni “xalqın iradəsinə hücum” adlandırıb.
“Mən Venesuela hökumətinin törətdiyi saxtakarlıq modelini qəti şəkildə pisləyirəm” deyə nazir X hesabında yazıb.
Çili xarici işlər naziri Alberto van Klaveren bildirib ki, beynəlxalq müşahidəçilər öz nəticələrini səsləndirməyənə qədər Çili hökuməti Nikolas Maduronun qələbəsini tanımayacaq. Çili prezidenti Qabriel Boric də protokolların yoxlanılmasında tam şəffaflığa çağırıb.
“Maduro rejimi başa düşməlidir ki, onun dərc etdiyi nəticələrə inanmaq çətindir... Biz yoxlanılması mümkün olmayan nəticələri qəbul etməyəcəyik”, deyə Çili prezidenti Boriç X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, seçkilərdə qələbəsi tanınarsa, bu, 2013-cü ilin aprelindən bəri prezident vəzifəsini icra edən Nikolas Maduronun ardıcıl üçüncü prezidentlik müddəti olacaq.
Mart ayında bir neçə seçkiqabağı sorğuya əsasən, venesuelalıların yalnız 13,9%-i hazırkı liderə səs verməyə hazır olub.
Qeyd edək ki, Maduronun hakimiyyətə gəlişindən bəri Venesuaelanın yaşadığı hiperinflyasiya və iqtisadi tənəzzül və xüsusilə 2014-2017-ci illər arasında hakim partiyaya qarşı tez-tez keçirilən etirazlar fonunda ölkənin hazırkı lideri geniş dəstəkdən məhrum olub.
Poliqon.info