Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyadakı Putin tərəfdarları Berlini Ukraynaya qarşı çevirmək üçün çalışırlar...

Almaniyada bəzi şəxslər Ukrayna ilə bağlı siyasi kursun dəyişdirilməsini tələb edir. Onlar Rusiya ilə bağlılığı olan adamlardır...

PİA.az xəbər verir ki, Reuters-in araşdırmasına görə, kampaniyanın əsas fiqurlarının Rusiya dövləti ilə ya da ifrat sağçı qrupla əlaqələri var.

Kölndəki qotik kilsənin əkiz qüllələrinin altındakı meydanda təxminən 2000 etirazçı sentyabr ayında Almaniya hökumətini Ukraynanı dəstəkləyən Qərb koalisiyasından ayrılmağa və Rusiya ilə sülh yaratmağa çağırıb.

Bunu “Biz amerikalıların vassalı olmağı dayandırmalıyıq” deyən sağçı alman siyasətçisi Markus Beisixt yük maşınının arxasındakı müvəqqəti səhnədə çıxış edərkən bəyan edib. Mitinq iştirakçıları da ona əl çalıb və Rusiya və Almaniya bayraqlarını dalğalandırıb.

Mitinqdə səhnənin yanında əyləşmiş hərbi kmaufulyajlı şalvar geyinmiş arıq bir kişi və daha iki nəfər qara eynəkli şəxs diqqəti xüsusi çəkirdi.

Həmin mitinqin təşkilatçıları Reuters əməkdaşının suallarına cavab verməkdən imtina edib, hətta həmin müxbirin Ukrayna casusu kimi həbs olunması üçün polisə şikayət edib.

Müsahibələr və sosial media yazılarının və digər açıq məlumatların nəzərdən keçirilməsi vasitəsilə Reuters müharibə başlayandan bəri Almaniya daxilində Moskvayönlü mövqe nümayiş etdirən əsas fiqurların, o cümlədən Kölndəki mitinqdə səhnənin yaxınlığında əyləşən iki nəfərin kimliyini müəyyən edib.

Arıq adam Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş zabitidir. Rostislav Teslyuk adlı həmin adam on il əvvəl Almaniyada məskunlaşdıqdan sonra adını dəyişərək Maks Şlund olub. Son aylarda o, Rusiyanın nəzarətində olan Şərqi Ukraynaya səfər edib. Bu yaxınlarda Rusiyanın dövlət qurumlarından biri prezident Vladimir Putinin əsas məruzəçi olduğu konfransda iştriakı üçün onun Moskvaya təyyarə biletini ödəyib.

Qeyd edək ki, “Rossotrudniçestvo” Agentliyi Kreml xəbərlərini yayan “təsir agentləri” şəbəkəsini idarə etdiyinə görə Aİ sanksiyaları altındadır. Onun rəhbəri iyul ayında tətbiq edilən sanksiyaları “dəlilik” adlandırıb.

Şlundun səhnənin yanındakı cüssəli qonşusu Andrey Xarkovski adlı şəxs isə Moskvanın Ukraynadakı hərbi kampaniyasını dəstəkləyən kazak cəmiyyətinə sədaqət vəd edən birisdir. Şlund və Xarkovski də juralistlərin suallarına cavab verməyiblər. WhatsApp yazışmalarında isə Şlun “Yaşasın Rusiya!” yazıb.

Reuters Almaniya siyasətində dəyişiklik üçün ən səs-küylü təşviqatçıların bəzilərinin iki adla fəaliyyət göstərdiklərini də müəyyənləşdirib. Bəziləri ləqəblərdən istifadə edir və onların Rusiya ilə, həmçinin beynəlxalq sanksiyalar altında olan Rusiya qurumları və ya ifrat sağçı təşkilatlarla açıqlanmayan əlaqələri var.

Almaniya hakimiyyəti Reuters-in müəyyən etdiyi şəxslərdən birinin ifrat sağçı ideologiya daşıyıcısı olduğunu müəyyən edib. Onun tərəfdarlarından bəziləri dekabrda polis tərəfindən dövləti devirmək planında ittiham edilib. O, “Putin Fanclub” adlı almandilli sosial media kanalını idarə edir və iddia edilən sui-qəsdin əks-sədası olaraq, ötən ilin əvvəlində sosial şəbəkələrdə Almaniya parlamentinə hücum etməyə çağırış edib.

Digəri isə əvvəllər Rusiya hərbi kəşfiyyatında zabit olan Berlin tikinti şirkətinin rəhbəridir. O, 2014-cü ildə Ukrayna səmasında Malayziya sərnişin təyyarəsini vuran raketin tədarükünə kömək etdiyi üçün Hollandiya məhkəməsi tərəfindən bu yaxınlarda məhkum edilmiş üç rusiyalıdan biri ilə tanışdır.

Üçüncü şəxs Ukrayna ordusunun vəhşilikləri ilə bağlı internetdə paylaşımlar edən və Putinin müharibəsini dəstəklədiyi üçün ABŞ və Aİ sanksiyaları altında olan rus bayker dəstəsi üçün pul toplayan motosiklet həvəskarıdır.

Almaniya indiyədək Ukrayna və qonşu ölkələrə 1 milyard avrodan çox humanitar yardım, o cümlədən qabaqcıl hava hücumundan müdafiə sistemləri daxil olmaqla hərbi texnika ayırıb. Almanların əksəriyyəti hələ də Ukraynanı dəstəkləyir, lakin enerji qiymətlərindəki kəskin artımdan sonra rəy sorğuları daha az insanın Ukraynaya hərbi dəstəyi genişləndirməkdə maraqlı olduğunu göstərir.

Almaniya Daxili İşlər Nazirliyi jurnalist sorğusuna cavab olaraq xarici dövlətlərin və ya şəxslərin, xüsusən də “Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi kontekstində” təsir göstərmək cəhdlərini “çox ciddiyə aldığını” bildirib. Kreml isə Reuters-in suallarını cavablandırmayıb. Köln mitinqində çıxış edən siyasətçi Beyşixt Reuters agentliyinə bildirib ki, o, aksiyanın təşkilatçıları ilə sıx əməkdaşlıq edib. O, Reuters-in rusofil dərnəklərlə bağlı araşdırmalarının nəticələrinə dair suallarına cavab verməyib.

Almaniya hökumətinin araşdırması göstərir ki, bu icma digər qruplara nisbətən ifrat sağçı Alternativ Almaniya (AfD) partiyasına daha çox səs verir. Bu partiya immiqrasiya nəzarətini gücləndirmək və islamın Almaniyadakı təsirini məhdudlaşdırmaq istəyir və davamlı olaarq Rusiyanı müdafiə edir.

İkili şəxsiyyət

Köln etirazının ictimai siması Şlundun romantik ortağı, əslən Ukraynadan olan və hazırda Almaniyada yaşayan Elena Kolbasnikovadır. O, vərəqələr yaymaqla və sosial mediadan istifadə edərək Şlundla birgə Rusiyanı müdafiə edən bir çox tədbirlər təşkil edib.

Kolbasnikova keçən il hakimiyyət əleyhinə kəskin çıxışları ilə məşhurlaşmşdı. Kolbasnikova iddia edirdi ki, tibb bacısı işlədiyi müəssisənin rəhbərliyi rusofob olduğu üçün onu işdən azad edib. O, tərəfdarlarına müraciət edərək Rusiyanın işğalını açıq şəkildə dəstəkləməyə və enerji xərclərinin artmasından narahat olan almanlara təsir etməyə çağırır.

Şlund VKontakte sosial şəbəkəsindəki profilində deyir ki, o, rus kosmonavtlarının hazırlanması ilə məşhur olan Jukovski adına hərbi akademiyada təhsil alıb. Şlund tələbə yoldaşlarının paylaşdığı fotolarda görünür. Şəkillərdə, o cümlədən Kolbasnikova tərəfindən yerləşdirilən bəzi şəkillərdə o, hərbi geyimdə göstərilir. Kolbasnikovanın qardaşı Reuters agentliyinə bildirib ki, Şlund Rusiya Hərbi Hava Qüvvələrində baş leytenant rütbəsində xidmət edib.

Moskva məhkəməsinin qeydlərinə görə, Şlund 2010-cu ildə bir şəxsə hücuma görə 1 il şərti həbs cəzası alıb. Onu tanıyan birinin dediyinə görə, Şlund 2012-ci ildə o vaxtkı həyat yoldaşı, alman əsilli rusla birlikdə yaşamaq üçün Almaniyaya köçüb. Elə o vaxtdan onlar ayrılıblar.

Kolbasnikovanın hələ də Ukraynada yaşayan qardaşı Reuters agentliyinə deyib ki, bacısının müharibə ilə bağlı rusiyayönlü mövqeyi ailədəki ixtilafı daha da sərtləşdirib: “O, mənim qan bacım ola bilər, amma onun etdiyi şey doğru deyil”.

Yayda Şlund və Kolbasnikova Telegram-da mesaj göndərərək iyun ayında Düsseldorfda həmfikirlərini musiqi, yemək və idman gününə dəvət ediblər. Ziyafət məkanı Ramzan Kadırovun bayraqları ilə bəzədilib. Kadırov hökumətindəki nazir Əhməd Dudayev hadisənin şəkillərini Telegram-da yerləşdirib və Kolbasnikova və Şlundu “həqiqətin tərəfində olan xoşməramlı səfirlər” adlandırıb. Dudayevin rəhbərlik etdiyi Çeçenistanın İnformasiya Nazirliyi Reuters-ə verdiyi açıqlamada tədbirin təşkili ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Həmçinin 2022-ci ildə cütlük Rusiyanın nəzarətində olan Donbasa səfər edib. Kremlyönlü media orqanı olan “Çargrad” oktyabrda səfərin videosunu YouTube-da yerləşdirib. Burada Şlund və Kolbasnikovanın Moskvayönlü qüvvələr üçün çadır qızdırıcıları da daxil olmaqla, yardım payladıqları göstərilir. Cütlüyün səfərini “Xalq Cəbhəsi” adlı bir təşkilat təşkil edib. Təşkilatın saytına görə, “Xalq Cəbhəsi” Rusiya vətəndaş cəmiyyəti qruplarının koalisiyasıdır və onun lideri Putindir. O, səfərin videosunu da sosial mediada yerləşdirib.

Cütlük və onların tərəfdarları dekabrın əvvəlində bir bazar günü polis məmurlarının və səs-küylü əks nümayişin iştirakı ilə yenidən Köln küçələrində yürüş ediblər. Qısa müddətdən sonra onlar Moskvada Rusiya hökumətinin birgə təşkil etdiyi vətəndaş cəmiyyəti fəalları üçün forumda iştirak etməyi planlaşdırıblar. Sonda Kolbasnikova tərəfdarlarına deyib ki, onlar uçuşu buraxıblar. Onlayn söhbət otağındakı yazıda o, təyyarə biletlərinin “sponsorunun” Rusiyanın mədəni təbliğat orqanı olan “Russkiy Dom” olduğunu söyləyib. “Russky Dom” Aİ-nin sanksiyaları altında olan “Rossotrudniçestvo” dövlət qurumunun bir hissəsidir.

Berlindəki “Russkiy Dom” şirkətinin rəsmisi Qriqori Mixitaryants Reuters agentliyinə bildirib ki, onun təşkilatı Moskva tədbirinə getmək üçün iki nəfər üçün bilet alıb, lakin onların adlarını açıqlamaqdan imtina edib. “Rossotrudniçestvo” verdiyi açıqlamada cütlüyün maliyyə və təşkilati tənzimləmələri ilə heç bir əlaqəsi olmadığını bildirib.

Şlund və Kolbasnikova jurnalistin suallara cavab verməkdən imtina edib və Şlund WhatsApp yazışmalarında Reuters müxbirinə belə cavab yazıb: “Məndən uzaq dursan, sənin üçün daha yaxşıdır, axmaq inək”.

Kazak əlaqəsi

Reuters sosial mediada fotoşəkillərdən istifadə edərək Köln etirazında təhlükəsizliyi təmin edənlərin də kimliyini müəyyən edə bilib. Onların hamısı Almaniyada təşkil olunmuş çoxsaylı kazak yığıncaqlarında iştirak edib.

Çar Rusiyasında kazaklar imperatora biət edirdilər, indi isə əsas rus kazak təşkilatları Putinə sadiqdirlər və Ukraynada Rusiya qüvvələri ilə birlikdə döyüşürlər.

Kreml tərəfindən təsdiqlənən əsas kazak orqanı Rusiyada və xaricdə onlarla bölməsi olan Rusiya və Xaricdəki Kazak Döyüşçüləri İttifaqıdır. Bu təşkilat maliyyə mənbəyini açıqlamır. Almaniyada İttifaqa bağlı kazaklar Qızıl Ordu əsgərlərinin məzarları üzərinə əklillər qoyub, Rusiya səfirliyi tərəfindən keçirilən tədbirlərdə təhlükəsizliyi təmin ediblər.

Köln mitinqində səhnənin yanındakı cılız kişi Xarkovski əslən Sibirin Tomsk vilayətindəndir. Xarkovskinin OK sosial media hesabındakı yazdıqlarına görə, o, hazırda Kölndən cənub-şərqdə, Troisdorfda yaşayır və kiçik yük daşıma biznesi ilə məşğuldur. Onun qolundakı tatu Rusiyada və digər ölkələrdə ifrat sağçılar tərəfindən qəbul edilmiş səkkizguşəli simvoldur.

Xarkovskinin iki stüard yoldaşı da kazak görüşlərində iştirak edib. Vladimir Felk adlı bu şəxs döyüş sənəti həvəskarıdır və sosial şəbəkədə özünü Sergey Şnayder kimi təqdim edir. Felk OK sosial media hesabındakı məlumatlara görə, mühafizəçi işləyib və logistika firması idarə edib.

Xarkovskinin son illərdə illik yığıncaqlardan paylaşdığı şəkillərdən görünür ki, bu üç kişiyə Qriqori Kramer adlı bir mühafizəçi də qoşulur. Kramer Rusiya və Xaricdəki Kazak Döyüşçüləri İttifaqının nümayəndəsidir. Uzun müddət bu birliyin rəhbəri olmuş Viktor Vodolatski Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəklədiyinə görə Aİ və ABŞ sanksiyaları altındadır.

2022-ci ildə Hannoverdə keçirilən Rusiyaya dəstək mitinqi Hamburqdakı Rusiya konsulluğunun diplomatları tərəfindən alqışlanıb. Bu barədə Rus Pravoslav Kilsəsinin öz saytında dərc etdiyi hesabatda məlumat verilir. Həmin tədbirdə Rusiyanın Ukraynaya hərbi təcavüzündə əsgərlərin toplanması və döyüşməsi ilə məşğul olan kazak təşkilatı olan “Böyük Don Ordusu”nun müvəqqəti rəhbərinin təbriki oxunub. Xarkovskinin sosial şəbəkədə paylaşdığı fotolarda onun və digər iştirakçıların “Böyük Don Ordusu” bayrağı qarşısında dayandığı görünür.

Reuters onunla əlaqə saxlayanda Xarkovski telefonu söndürüb. Sonrakı bir mesajlaşma proqramında o, Şlund və Kolbasnikova tərəfindən təşkil edilən etirazlarda təhlükəsizliyi təmin etdiyini təsdiqləyib, lakin suallara ətraflı cavab verməyib. Kramer müsahibə verməkdən imtina edib.

Rusiya hərbi kəşfiyyatı

Almaniya Kommunist Partiyası avqustun sonunda Berlində “Sülh və həmrəylik” festivalı keçirəndə gündəliyə “Rusiya ilə sülh” adlı panel müzakirəsi də daxil idi. Panel iştirakçıları arasında ukraynalı gənclərə Rusiyaya nifrət öyrədildiyini iddia edən rus-alman iş adamı Oleq Yeremenko da var. Yeremenko uzun müddətdir ki, rus alman icmasında fəaldır. Berlində tikinti biznesi ilə məşğuldur. Müştəriləri arasında Berlindəki Rus Pravoslav Kilsəsi də var.
Sovet müharibəsi qəhrəmanının nəvəsi, 1981-ci ilə qədər Sov.İKP MK-nın üzvü olan Yeremenko keçmiş rus hərbçilərindən ibarət “Desant” adlı təşkilatın idarə heyətindədir. O, Almaniyada dəfn edilmiş sovet müharibəsində həlak olanların xatirəsini yad etmək üçün rus diplomatları ilə yanaşı tədbirlərdə iştirak edib və Sosial Demokratlar Partiyasının üzvü və Meklenburq-Ön Pommern əyalətinin şimal əyalətinin baş naziri Manuela Şvesiq kimi alman siyasətçiləri ilə birlikdə görüntülənib. 2020-ci ildə Yeremenko Rusiyanın Almaniyadakı səfiri tərəfindən Rusiyaya xidmətlərinə görə mükafatlandırılan azsaylı şəxslərdən biri idi.

Yeremenko Ukrayna üzərində Malayziya MH17 təyyarəsinin vurulmasında iştirak etməkdə ittiham olunaraq Hollandiya məhkəməsi tərəfindən qiyabi həbsə məhkum edilmiş keçmiş rus kəşfiyyatçı İqor Girkinlə birgə şəkli yayımlanmışdı. Şəkil Girkinin təşkilatı tərəfindən idarə olunan VKontakte hesabında yayımlanıb.

Putin fan klubu

Bəzi rusiyayönlü fəallar Kremlin mesajını internet vasitəsilə almandilli ictimaiyyətə çatdırırlar.

Reuters-in alman dilli Telegram kanallarının təhlil edərək, təxminən 1,5 milyon abunəçidən ibarət birləşmiş auditoriyaya Kreml yönümlü mesajları ardıcıl olaraq yenidən paylaşan 27-dən çox kanal tapıb. Belə hesablardan biri də “Putin Fanklubu”dur. Bu kanal müntəzəm olaraq 36.000 abunəçisinə Putinin fotolarını, ictimai çıxışları ilə bağlı məqalələri və çıxışlarının almanca tərcümələrini çatdırır. Orada yerləşdirilən istehzalı videoda Putinin qol güləşində Co Baydeni yıxdığı görünür. Oktyabrın 26-dan başqa bir yazı almanları Putinin nüvə münaqişəsi ilə bağlı xəbərdarlıqlarını ciddi qəbul etməyə çağırırdı.

Telegram hesabında onun sahibi və ya idarəçiliyi barədə heç bir məlumat verilmir. Lakin Reutersn yazıları və repostları təhlil edərək bu kanalın Bavariyada yaşayan Vyaçeslav Sivold adlı bir adama məxsus olduğunu müəyyən edib. O, Reuters-ə kanalın arxasında olduğunu etiraf edib.

Sivold YouTube-da fəal iştirak edir. 2011-ci ildə o, “Slavyan-Ari irqi”nə əsaslanan dini təriqətin banisi Aleksandr Xinyeviçlə çəkdirdiyi fotosunu dərc edib. 2013-cü ildə YouTube videosunda isə nasist svastikasının qadağasını pisləyib və orijinal simvolun nasizmdən əsrlər əvvəl olduğunu və Üçüncü Reyxlə heç bir əlaqəsi olmadığını iddia edib.

O, ifrat sağçı Alternativ für Döyçlənd (AfD) partiyasına yaxınlığı haqqında post paylaşıb. 2017-ci ildə o, AfD siyasətçisi və partiyada ifrat sağçı fraksiya olan The Wing-in həmsədri Bjoern Hoek ilə selfi çəkdirib. Almaniya məhkəməsi mart ayında The Wing-in məqsədlərinin ölkə konstitusiyasına zidd olduğu qənaətinə gəlib. Qrupun məqsədlərinə alman xalqının etnik bütövlüyünü qorumaq və “xariciləri” kənarda saxlamaq daxildir.

Hoek Reuters-ə bildirib ki, Sivoldu tanımır və onun yanında çəkilən hər kəsin fikirlərini yoxlamaq mümkün deyil.

Rusiyanın Ukraynanı işğal etməsindən üç gün sonra özünün Telegram sosial media platformasındakı paylaşımında Sivold Almaniya parlamentinin binasına istinad edərək “Reyxstaqı yenidən almaq lazımdır” yazıb. Bu alman hakimiyyətinin diqqətini çəkib. Bavariya Konstitusiyasının Mühafizəsi Bürosunun ekstremistlərin monitorinqi ilə məşğul olan 2021-ci il hesabatında Sivoldun açıq şəkildə antisemitizm sui-qəsd nəzəriyyələrini müdafiə etdiyini və demokratiyanı təhdid edən ekstremistlərə təsir etdiyini bildirib.

Gecə qurdları

Almaniya daxilindəki bəzi qruplar diqqəti Ukrayna qüvvələrinin mülki hədəfləri qəsdən atəşə tutması nəticəsində Donbasda baş verən humanitar böhrana yönəldiblər. Kiyev və müttəfiqləri bu mövqeyin həqiqətə uyğun olmadığını deyib.

Şərqi Almaniyadan olan motosiklet həvəskarı Jan Riedel “Alman-Rus Ruhları” adlı qrupun prezidentidir. Almaniyada keçirilən Rusiyayönlü tədbirlərdə bəzən rus diplomatları ilə birlikdə İkinci Dünya Müharibəsində həlak olmuş Qırmızı Ordu əsgərlərinin məzarlarına əklillər qoyur.

Riedel və qrupu, demək olar ki, hər gün sosial media kanallarında Ukraynanın Donbas bölgəsindəki yaşayış binalarına və mülki infrastruktura artilleriya hücumlarının nəticələrini əks etdirən görüntülər yayımlayır.

Riedel qrupu “Novorossiyanın Patriotları” adlı bir təşkilatla əməkdaşlıq edir. Hərfi mənada Yeni Rusiya kimi tərcümə olunan “Novorossiya” rus millətçilərinin Kremlin cənubi və şərqi Ukrayna ərazisinə verdiyi addır. İctimai tədbirlərdə Riedel adətən “Novorossiya bayrağı” və 1423 rəqəmi ilə bəzədilmiş ağır dəri motosiklet gödəkçəsi geyinir. Nömrə Rusiya qüvvələrinin Ukraynanın Krım bölgəsini ələ keçirməsinə kömək etdiyinə görə ABŞ-ın sanksiyaları altında olan “Gecə qurdları” adlı Rusiya bayker klubunun nömrəsidir.

Qrupunun sosial media səhifəsində “Gecə qurdları”nın Donbas bölgəsinə adambaşına 10.000 rubl (165 dollar) ianə verildiyi bildirilir.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar