Şənbə, 13 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq şairi Səməd Vurğunun anım günüdür - Foto

Bu gün tanınmış dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun anım günüdür...

Oxu.Az Xalq şairinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olub. Şair uşaqlıq illərini doğma kəndində keçirib, ilk təhsilini kənd məktəbində alıb.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da vardı.

Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qəzetində çıxırdı.

Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1925-ci ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. Bu şeiri o, seminariyanı bitirməsi münasibətilə yazıb.

Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.

Onun yaradıcılığı sadə xalq dilinə yaxınlığı ilə seçilib. Vurğun şeir və poemalarında sevgiyə və təbiətə tərənnümlərinə geniş yer verib. Şairin 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızda bütün dövrlərin ən yaxşı nəzm əsərləri arasında göstərilir.

1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb.

1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb.

1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib.

1956-cı ilin martında “Azərbaycanın Xalq Şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb. İki dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və iki dəfə ”Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-48), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956) olub. Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri olub.

Şair 1956-cı il mayın 27-də ağciyər xərçəngindən dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib. Şairin övladları da atalarının yolunu davam etdirib və ədəbiyyat sahəsində böyük uğurlara imza atıblar. Azərbaycan mədəniyyətindəki xidmətlərinə görə oğlu Yusif Səmədoğlu “Azərbaycanın Xalq yazıçısı”, Vaqif Səmədoğlu “Azərbaycanın Xalq şairi”, qızı Aybəniz Vəkilova isə “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüblər. Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşdirilib. Bakıda şairin möhtəşəm heykəli ucaldılıb, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilib.

Poliqon.info


Etiket: Səməd Vurğun


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Böyrək daşı nədən yaranır? - İndiyə qədər deyilənləri unudun...

"Əsəblərimi cilovlaya bilmədim, mənə qarşı haqsızlıq edildi" - Video, Yenilənib

İsraildən qalmaqallı açıqlama: Türkiyə NATO üzvü ola bilməz

Bakıda ən böyük restoran şəbəkələri kimlərə nəxsusdur? - Araşdırma

Ərdoğan: Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır

Oğuza babasıgilə qonaq gedən 2 yaşlı uşaq kanala düşərək ölüb

Türkiyə Rusiya və Ukrayna ilə taxıl dəhlizi ilə bağlı danışıqlar aparır

Ən çox oxunanalar