Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli turizm eksperti: “Azərbaycanda eko turizm üçün böyük potensial var”

Dünyada turizmin geniş yayılmış növlərindən biri də ekoloji turizmdir. Müxtəlif ölkələrdə insanlar qruplar halında təbiətə haykinq, trekkinq və digər səyahət turları təşkil edirlər.

Müsahibim Ali Kaya Türkiyədə eko turizm eksperti olmaqla bərabər trekkinq qruplarından birinin rəhbəridir. Türkiyənin Antalya şəhərində yaşayır. Deyir ki, həm Türkiyə daxilində, həm də Azərbaycana tez-tez eko turlar təşkil edirik. Müsahibə əsnasında Ali Kaya Azərbaycanın eko turizm potensialını necə dəyərləndirdiyindən, Türkiyəli turistlərin Azərbaycanın təbiətinə marağından, bizdə eko turizm sahəsində hansı çatışmazlıqların gördüyündən, Türkiyənin bu sektordakı təcrübələrindən, Azərbaycana gələrkən hansı çətinliklərlə qarşılaşdıqlarından danışdı

“Report” sözügedən müsahibəni təqdim edir:

- Nə vaxtdan Azərbaycana eko turlar təşkil edirsiniz?

- “Antalya eko trekkinq qrupu” olaraq 12 ildir Azərbaycana turlar təşkil edirik. Azərbaycan çox gözəl bir ölkədir və möhtəşəm təbiətə malikdir. Bu yaxında Şahdağ ətrafında turlara qatıldıq. Ən çox gəzdiyimiz şəhərlər başda Bakı olmaqla, İsmayıllı, Quba, Qəbələ, Şəki, Zaqatala, LənkəranLerik şəhərləridir.


- Azərbaycanın eko turizm potensialını necə dəyərləndirirsiniz?

- Azərbaycanın eko turizm potensialı çox yüksəkdir. Amma bu potensial tam dəyərləndirilmir. Kənd və qəsəbələrdəki insanlar Bakıya köçdüklərinə görə bəziləri həmin yerlərdəki işlərini tamamilə tərk edib, bəziləri isə az sayda fəaliyyət göstərirlər. Azərbaycanda eko turizmin əsasında dayanan kənd, qəsəbə və dağlıq ərazilərdəki yaşayışın yenidən faydalı vəziyyətə gətirilməsi və eko turizmin dövlət və ya özəl turizm şirkətləri tərəfindən dəstəklənməsi lazımdır. Əslində bu cür eko turizm fəaliyyətlərini ən yaxşı həyata keçirənlər həvəskar təbiət qruplarıdır. Bu qruplar daha da çoxalarsa, Azərbaycanda eko turizm canlanar və bura xarici turistlər də çox gələr.

- Eko turizmlə bağlı Türkiyədəki hansı təcrübələri Azərbaycanda da tətbiq etmək faydalı olar?

- Türkiyədə son illər dəniz, qum və günəş turizmi ilə paralel eko turizm də inkişaf edir. Daha çox Antalya və ətraf əyalətlərdə eko turizmə üstünlük verilir. Bizlər Antalyadakı həvəskar təbiət qrupları və agentliklər olaraq təbiətdə səyahət, trekkinq və haykinq edərkən mütləq gəzintimizi bir kənd və ya qəsəbədə tamamlayırıq. Həmin kəndlərdə qurulan ekoloji bazarlardan evimizə təzə meyvə-tərəvəz, süd, qatıq, balıq, toyuq, yumurta və digər orqanik məhsullar alırıq və bununla da sağlam qidalanırıq. Nəticədə kəndlərdəki insanlar pul qazanır, şəhərdən gələnlər isə təbii orqanik məhsullar əldə edə bilirlər.

Son illər əldə etdiyimiz təcrübələr nəticəsində Türkiyədə ekoloji kənd bazarları, turistik lavanda sahələri quruldu, bölgələrdəki bitki növlərindən çox gözəl və növbənöv orqanik məhsullar hazırlandı, qədim kənd və qəsəbələrdə restavrasiya işləri aparıldı (məsələn, Antalyada düyməli evlər). Eyni zamanda kənd yerlərində hazırlanan türk xalçaları böyük bir ərazidə yerə sərilərək insanlar üçün sərgiyə çıxarılır. Bütün bunlar Türkiyədə təcrübədən keçirilib və uğurla nəticələnib. Bu eko turizm növləri nəticəsində yüksək gəlir qazanılır.

Azərbaycan da eko turizm sahəsində Türkiyədəki təcrübələrdən faydalanaraq həmin işləri görə bilər. Eyni zamanda Azərbaycanın özündə eko turizm üçün maraqlı ola biləcək nə varsa, onlarla özünəməxsus eko turizm sektoru yarada bilər. Diqqətli, qərarlı və istəkli yanaşılarsa, Azərbaycanda da eko turizm surətlə inkişaf edəcək. Xüsusilə də lavanda sahələri, ağac budaqlarından yaradılan heyvan heykəlləri, ekoloji məhsul satan kənd bazarları insanlara çox maraqlı olur.


- Azərbaycandakı turizm şirkətləri ilə əməkdaşlığınız varmı? Bu əməkdaşlıq hansı istiqamətlərdə olur?

- Bəli, Azərbaycanın turizm şirkətləri ilə çalışırıq. Türkiyədən 10-20 turist toplandıqdan sonra Azərbaycanın turizm agentliklərinə təklif göndəririk. Razılaşdığımız bir şirkətlə işə başlayırıq. Gəlib bizi Heydər Əliyev Hava Limanından mikroavtobuslarla götürürlər, otelə yerləşdirirlər, sonra isə birlikdə qərarlaşdırdığımız proqram əsasında gəzintiyə başlayırıq. Gəzintilərimiz 4 gecə 5 gün çəkir. İki gün Bakıda gəzir, iki gün də İsmayıllı, Qəbələ, Şəki, Astara və digər bölgələrdə trekkinq edirik. Bəzən dağ otellərində, bəzən isə çadır kampı qurub orda qalırıq. Bəzən Azərbaycanın yüksək dağlarına çıxır, göllərini, çaylarını, yaylalarını gəzirik.

- Burdakı turizm şirkətləri ilə qiymət və ya digər məsələlər barədə necə razılığa gəlirsiniz?

- Sizin turizm şirkətlərinin əksəriyyətindən şikayətimiz yoxdur. Bir-iki xoş davranışı olmayan şirkətə rast gəlmişik. Bizə pis tur təşkil etmişdilər. Azərbaycana hər gəlişimizdə burdakı turizm agentlikləri ilə yüksək qiymətə razılaşırıq. İstəyərdik ki, biz Bakıya gəzməyə gəldiyimizdə müxtəlif tarixi yerlərə, qoruqlara girərkən bizdən xarici vətəndaşlardan alınan məbləğ deyil, Azərbaycan vətəndaşlarından alınan məbləğ alınsın.

- Türkiyəli turistlərin Azərbaycanın təbiətinə marağı necədir? Azərbaycana təşkil etdiyiniz turlara qatılmaq istəyənlər çox olurmu?

- Türkiyədə insanlar dünyanın hər yerinə səyahət edir. Amma təəssüf ki, Azərbaycana çox getmirlər. Pandemiyadan əvvəl Türkiyədən Azərbaycana ildə təqribən 300 min insan turist olaraq gedirdi. Bu göstərici azdır. Səbəbi odur ki, Azərbaycanın turizm imkanları Türkiyədə çox tanıtdırılmır. Türkiyədə insanlara Azərbaycanı ən çox tanıtdıranlar bizim kimi qruplardır. İnsanlar bizim sayəmizdə Azərbaycanın gözəl bir ölkə olduğunu, buranın Avropadakı şəhərlər kimi bir paytaxtı olduğunu, möhtəşəm təbiəti və insanlarının olduğunu öyrənirlər.

Azərbaycanın Türkiyədə çox böyük bir reklam çatışmazlığı var. Türkiyədəki insanların Azərbaycanı daha yaxşı tanıması və buranın turizm potensialını görməsi üçün ilk növbədə iki dövlət arasında uçuş biletləri ucuz olmalıdır. Türkiyədən Fransa və İtaliyaya təyyarə biletinin qiyməti 100 ABŞ dolları olduğu halda, Bakıya 200 ABŞ dolları təşkil edir. Belə olan halda Türkiyədən insanlar Avropaya getməyə üstünlük verirlər. Digər tərəfdən, Azərbaycana gələrkən otel, qarşılama və restoran qiymətləri də bizim üçün çox baha olur. Peşəkar agentliklər bizdən yüksək məbləğdə pul alırlar. Yeni agentliklər isə türk turistləri gəzdirə bilmirlər. Buna görə də Azərbaycana Türkiyədən çox turist gətirə bilmirik. Düşünürəm ki, Azərbaycanda digər ölkələrin turistlərindən daha çox Türkiyədən gələnlərə ucuz qiymətlər təklif edilməlidir.

- Pandemiya nəticəsində Azərbaycanda turizm sektorunda geriləmə yaşandı, turizm şirkətlərinin bir çoxu fəaliyyətlərini dayandırdı. Son bir neçə ayda isə karantin məhdudiyyətləri yumşaldıldığı üçün sektorun fəaliyyəti yenidən canlandı. Bəs Türkiyədə pandemiya eko turizm sahəsinə hansı təsirləri göstərdi?

- Pandemiyanın Azərbaycandakı nəticələrinin eynisi Türkiyədə də oldu. Səyahətlər, otellərdə rezervasiyalar dayandı. Bir çox otel iflasa uğradı. Amma pandemiya dövründə eko turizm canlandı. Çünki insanlar şəhərlərdən meşələrə, kənd və qəsəbələrə köç etdi. Bu fikri Azərbaycana da aid etmək olar. Türkiyədə şəhərlərdə insan sayı çox olurdu və virus daha çox yayılırdı. Nəticədə insanlar dağlara, meşələrin içindəki istirahət mərkəzlərinə, eko turizm bölgələrinə üz tutdu. Dağlarda meşələrin içində lüks villalar tikildi. İnsanlar bağ-bağça işlərinə yönəldilər, özlərinə 5-10 sot və ya daha böyük ərazilər aldılar və həmin ərazidə ekoloji evlər tikdilər. İnsanlar aldıqları ərazilərin ətrafına hasar çəkib bağça yaratmağa, heyvan saxlamağa başladılar. Getdikcə ekoloji kəndlər yaradıldı. Amma bir müddət sonra dövtlət ekoloji kəndlərə qadağa qoydu. Bir də insanlar karavanlar aldılar və karavan hazırlayan firmaların gəlirləri artdı.


- Azərbaycanda karavan turizminin inkişaf etdirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan karavan turizmi üçün çox gözəl bir ölkədir. Məncə Azərbaycanın turizm qurumları karavan turizmi üçün layihələr başlatmalıdır. Karavan parkları yaradılmalıdır. Karavanla Azərbaycana gəlməmişik. Bu vaxta qədər kiminsə öz karavanı ilə Azərbaycana getməsi barədə eşitməmişəm.

- Azərbaycanda turların qiyməti ilə Türkiyədəki turların qiyməti arasında nə kimi fərq var?

- Azərbaycandakı tur qiymətləri Türkiyə ilə müqayisədə çox bahadır. Məsələn, biz Antalyada həftə sonları eko turlara çıxırıq. Bu zaman bir nəfərdən aldığımız pul 20-30 manat təşkil edir. Azərbaycanda isə bir günlük turun qiyməti 70-80 manat olur. Azərbaycanda manatın dəyərinin yüksək olması da Türkiyədən turistlərin Azərbaycana gəlməsi üçün problemdir. Azərbaycanda otellərdə sadə otaqların bir gecəlik qiyməti 100-130 manat arasında dəyişir. Biz bu qiymətə Antalyada bütün xidmətlər daxil olmaqla ən bahalı otellərdə qala bilirik.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay