Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təlim və tərbiyə məsələsi: “Biz uşaqlarımıza qayda yox, qadağa gətiririk” – Müsahibə

Pedaqoq: “Bir müəllimin bir pedaqoqun ən ümdə vəzifəsi şagirdlərə özünü sevdirməkdir, bundan sonra öyrətmək gəlir”.

“Biz bəzən qaydalarla qadağaları səvh salırıq. Əslində qadağalarla qaydalar eyni şey deyil. Çox təəssüf ki, biz uşaqlarımıza qayda yox, qadağa gətiririk”.

Son zamanlar məktəblilərin, xüsusilə yeniyetmələrin aqressiv davranışlarına, özünə qapanmasına, bir-birinə psixoloji təzyiq göstərməsi hallarına tez-tez rast gəlirik. Ən acınacaqlı məqamlardan biri isə budur ki, bəzən bu davranışların sonu hətta intihar hadisələrinə qədər gətirib çıxardır. Bunun örnəyini isə Elinanın intiharı ətrafında yaranmış böyük qalmaqalda gördük. Azərbaycan məktəblərində təlim-tərbiyə hansı səviyyədədir və yeniyetmələrdə bu kimi davranışların olmasına səbəb nədir? Bunun məsuliyyətini kim daşımalıdır? Ümumiyyətlə bu kimi hallarla necə mübarizə aparmalıyıq?

Lalə Məhərrəmli: “Bizim dövrümüzdə biz şiddət də görürdük, hətta məncə daha çox görürdük, döyülürdük də, amma bu bizi narahat etmirdi. Fərq ondadır ki, indi həddindən artıq informasiya çoxluğu var. Hətta belə deyərdim ki, “İnformasiya kirliliyi var”.

PİA.az bu mövzu ətrafında pedaqoq Lalə Məhərrəmli ilə olan müsahibəni oxucularına təqdim edir:

- Lalə xanım, son zamanlar bir-birinin ardınca məktəblərdə və digər təhsil ocaqlarında şagird intiharına, şagirdlər arasında dava və psixoloji təzyiq hallarına tez- tez rast gəlirik.Sizcə yeniyetmələrdə bu qədər aqressivliyin və özünəqapanmanın olmasına səbəb nədir?

- Əslində fikir verirəm son zamanlar bir çox insanı narahat edən sualdır. Mən pedaqoq olduğum üçün daha çox valideynlə və yeniyetmələrlə ünsiyyətdə oluram və ən çox verilən suallardan biri də budur ki, niyə bizim vaxtımızda belə deyildi?

Halbuki bizim dövrümüzdə biz şiddət də görürdük,hətta məncə daha çox görürdük, döyülürdük də, amma bu bizi narahat etmirdi. Fərq ondadır ki, indi həddindən artıq informasiya çoxluğu var. Hətta belə deyərdim ki “İnformasiya kirliliyi var”.

Çox təəsssüf edirəm ki, uşaqlar hər şeydən həddindən artıq tez və yaşlarına uyğun olmayan şəkildə məlumat alırlar. İndi, belə demək mükünsə “vatından tez böyümüş”, “vaxtından tez bilmiş” gənclik və yeniyetməlik yetişir.

Ona görə də bizim dövrümüzdə bizə tətbiq edilən tərbiyə metodları bu dövrdə bu qədər çox informasiyaya məruz qalan uşaqlara təsir etmir. Daha doğrusu fərqli təsir edir. Məsələn, bizim uşaqlıq dönəmimizdə biz bu qədər çox sərbəstlik verilmirdi, ümumiyyətlə sərbastlik görmürdük. Hər şey valideyinin, müəllimin zəhmi ilə ölçülüb biçilirdi. Onlara müti hörmət nümayiş etdirilməliydi və bu birmənalı idi. Bizə isə hörmət edilmirdi. Mənim istəklərim, mənim arzularım demək olar ki, heç nəzərə alınmırdı. Bizim istəklərimiz və bizim formalaşan dünya görüşü bunlar arxa plana atılırdı və biz dünyagörüşümüzü ortaya qoya bilməzdik.

Amma indiki uşaqlar bu haqda daha çox eşidirlər : “uşaq psixologiyası”, “mən özüm seçməliyəm”, “mənə hörmət lazımdı” və s. Yəni indiki uşaqlar özlərini başqa meydanda görürlər və tələblərini də hər gün artırılar. Buna görə də artıq tətbiq olunan bəzi prosesləri daha fərqli yöndə qəbul edirlər, öz dünyagörüşlərini önə çəkirlər və kobudcasına desək valideynlərini, müəllimlərini “şantaj” edirlər.

Lalə Məhərrəmli: “Uşaqlar öz əllərindəki texnologiya ilə təkləşiblər, yalnızlaşıblar”.

Mən çox böyük təəssüflə qeyd etmək istəyirəm ki, bizim dövrün tərbiyə metodu ilə indiki dövrün tərbiyə metodu çox fərqlidir. Bizim vaxtda bir deyim vardı: “Əzizim əzizdir, tərbiyəsi hamısından əzizdir”. İndi isə yanaşma fərqlidir. Yəni bizim dövrün tərbiyə metodu ilə indiki dövrün tərbiyə metodu eyni olmadığı üçün valideynlər indiki dövrün uşaqlarına fərqli yanaşmalıdırlar, problemlərə fərqli şəkildə müdaxilə etməlidirlər. Çünki,biz bəzən qaydalarla qadağaları səvh salırıq. Əslində qadağalarla qaydalar eyni şey deyil. Çox təəssüf ki, biz uşaqlarımıza qayda yox, qadağa qoyuruq. Bu qadağaların əksəriyyəti əks təsir göstərir. Uşaq bu qadağalardan öz nəticələrini çıxardır. Bizim istədiyimiz, əldə etməyə çalışdığımız təsirlər isə nəticəcəsiz olur.

Həmçinin hamımız bilirik ki, indi uşaqlar telefonlardan, planşetlərdən, televizordan həddindən artıq istifadə edirlər və yararlanırlar. Uşaqlar artıq öz əllərindəki texnologiya ilə təkləşiblər, yalnızlaşıblar. Onlar başqa dosta, əhatəyə ehtiyac duymurlar, çünki internetdən bütün ehtiyaclarını qarşılaya bilirlər. Yəni bizim uşaqlar bu qədər dostluğumda adam var, bu qədər dostum var deyirlər, amma əslində bir çoxunun xəbəri yoxdu ki, çox sosiallalığın özü də asosiallıqdır, yəni təkləşmədir.

Bu təkləşmə də getdikcə “məni heç kim başa düşmür”, “özünəqapanıqlıq”, “məni heç kim anlamayacaq” və sairə kimi fikirlərə gətirib çıxardır. Və təəssüf ki, o yaşda da qərar vermək çətin olduğu üçün, yəni insanın ən emosional dövrü yeniyetməlik vaxtı olduğu üçün, insanın verdiyi qərarları tam yerinə oturmur. Buna görə də yeniyetmələr böyük bir emosiya selinə məruz qalanda çox təəssüf ki, bunu heç kimlə paylaşa bilməyəndə, paylaşmaq istəməyəndə, artıq intihara və başqa yollara əl atırlar.

Lalə Məhərrəmli: “Məsuliyyətizlik ucbatından tərbiyəsi doğru yöndə qoyulmayan uşaq da elə hər birimiz üçün “canlı bombadır””.

Biz düşünməliyik ki, güvənilir ortamda, güvənilir xarakterlə yetişən, mənəviyyatı zəngin savadı təlim-tərbiyəsi yerində olan bir uşaq əslində hər birimiz üçün faydadır. Bu bütün cəmiyyət üçün xeyirdir, amma zərərli davranışları olan yəni məsuliyyətizlik ucbatından tərbiyəsi doğru yöndə qoyulmayan uşaq da elə hər birimiz üçün “canlı bombadır”.

-Sovet dönəmində, hətta 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərindəki məktəb həyatına baxsaq görərik ki, valideynlər öz övladlarını güvənlə arxayınlıqla məktəbə göndərirdilər. Biz çox nadir hallarda görərdik ki, hansısa şagirdi məktəbə valideyn aparıb gətirir. İndi isə əksər məktəblərdə direktorlar özləri valideynlərə tapşırır ki, zəhmət olmasa övladınızı məktəbə özünüz aparıb gətirin. Cəmiyyətimizdə nələr baş verdi ki, artıq “etibar ocağı” sayılan məktəblərə etibar itib?

- Gəlin bu suala başqa yöndən yanaşaq. Bu gün ən yalnış verilən sual budur. Ən çox müzakirə olunan, amma yalnış müzakirə olunan sual budur: Uşağa güvəni, etibarı, təlim tərbiyəni kim verməlidir? Evdə valideyn yoxsa məktəbdə müəllim? Yoxsa ətraf, yoxsa qonşu,yoxsa cəmiyyət? Yəni uşağın üzərində məsuliyyəti kim daşıyır? Yəni bu kimi suallar çıxır ortaya.

Çox təəssüf ki, biz bu sualı verəcək, müzakirə edəcək vəziyyətə gəlib çıxmışıq. Biz düşünməliyik ki, güvənilir ortamda, güvənilir xarakterlə yetişən, mənəviyyatı zəngin savadı təlim-tərbiyəsi yerində olan bir uşaq əslində hər birimiz üçün faydadır. Bütün cəmiyyət üçün xeyirdir, amma zərərli davranışları olan yəni məsuliyyətizlik ucbatından tərbiyəsi doğru yöndə qoyulmayan uşaq da yuxarıda qeyd elədiyim kimi, elə hər birimiz üçün “canlı bombadır”. Birbaşa olmasa da dolayı yollarla həmin o davranış pozğunluğu olan uşaqların yolları hər birimizin yolundan keçəcək, yolumuzu kəsəcək. Bizim yollarımızdan keçməsə də övladlarımızın yollarından keçəcək.

Bu gün cəmiyyətdə bir vətəndaş kimi yetişən hər bir uşağın bizim boynumuzda haqqı var, bizim boynumuzda borcumuz var vəzifəmiz var. Hər bir uşaq üçün əlimizdən gələni etməliyik.Sual vermədən boynumuzdan atmadan, valideyn etsin, müəllim etsin, kimi bəhanələrlə yox. Bəs bu tərbiyə şəkli necə qoyulmalıdı, təməli harda qoyulmalıdı? Təbii ki, birinci ailədə. Hər hansı bir icad olunanda necə olur? Birinci hər hansı bir texnologiya kəşf olunur, tarixdə o kəşfi edən alimin adı qalır. Sonra isə həmin o icadı başqa bir alim təkmilləşdirir inkişaf etdirir. O inkişaf etdirənin də adı qalır tarixdə. İcad edən bir başqası olur, inkişaf etdirən bir başqası.

Bu gün məktəb və valideyn də eyni prosesin içindədir.Valideyn 7 yaşına kimi uşağın məsuliyyətini, təlim-tərbiyəsini daşıyır. Çünki 7 yaşına kimi insanın xarakteri formalaşır, necə ki, belə br deyim var "Yeddisində nə isən, yetmişində də osan". Yəni uşaq 7 yaşına kimi kimdirsə onu dəyişmək biraz çətin olur. 70 yaşına kimi də o xarakterlə gedir. Birinci təməl ailədən başlayır. Ailə 6-7 yaşına kimi uşağa tərbiyə verir, belə deyək uşağın xarakterini icad edir, göndərir məktəbə və məktəb də həmin o icad olunmuş xarakterin üzərində işləyib daha mükəmməlini çıxardır ortaya. Təlim-tərbiyə ailədən başlayır məktəbdə davam edir.

Lalə Məhərrəmli: “Müəllimləri “qaralama” kampaniyaları var. Müəllimlərin adlarını alçaldacaq kirlədəcək proseslər görürük”.

Nə məktəbin belə haqqı yoxdur desin ki, uşağın tərbiyəsizliyi mənə aid deyil, valideynə aiddir, nə də valideynin haqqı yoxdu desin ki, mənə aid deyil, məktəbinə aiddir. Hər birimiz məsuliyyət daşıyırıq və təəssüf edirəm ki, bu gün dediyimiz o güvən problemi yaranıb.

Üzr istəyirəm çox çirkin proseslər gedir. İnsan istər-istəməz gələcəyi üçün narahat olur. Bu belə olmamalı idi. Müəllimləri “qaralama” kampaniyaları var. Müəllimlərin adlarını alçaldacaq kirlədəcək proseslər görürük. Həmçinin valideynləri də incidəcək proseslər var.

Bunları kimlər edir, niyə bunlar baş verir bilmirəm, amma mənə elə gəlir ki, sizlərin, yəni jurnalistlərin, informasiya agentliklərinin də boynuna çox böyük bir məsuliyyət düşür. Çünki, bu yayılan xəbərlər o qədər təmiz, şəffaf, əxlaqi yöndə uca olmalıdır ki,insanlar o informsiyalardan yalnış təsir almasınlar.

Bu gün uşaqlara çoxlu psixoloji təsurlər var. Elə intihar hadislərərini götürək, nə qədər bu xəbərlər çox yayılsa bir o qədər də bu kimi hadisələr artır. Ona görə də bu mövzularda həddindən artıq diqqətli olmaq və incə yanaşmaq lazımdı.

Bu gün ən böyük addım o olardı ki, ödənişsiz şəkildə, vuğulayaraq deyirəm, ödənişsiz seminarlar təşkil olunsun.Ödənişsiz şəkildə müəllimləri, şagirdləri və valideynləri maarifləndirmək lazımdır.

- Açığı Elina Hacıyevanın intiharından sonra düşündük yəqin ki, bu hadisə məktəblərdə istər şagirdlər arasında, istər şagirdlə müəllim heyəti arasında düzgün münasibətin qurulması baxımından, lazımı tədbirlərin görülməsinə təkan olacaq. Amma hələki bunu görə bilmirik. Sizcə bu yöndə hansı önəmli addımlar atılmalıdır?

- Mən çox sevinərəm, çox istəyərəm ki, valideynlər, müəllimlər, şagirdlər üçün yuxarıda qeyd elədiyim ödənişsiz seminarlar təşkil olunsun .Ödənişsiz şəkildə müəllimləri, şagirdləri və valideynləri maarifləndirmək lazımdır. Çünki bir seminarda ödəniş varsa, bunu kimsə bəhanə edə bilər ki, mənim imkanım yoxdur ora getməyə. Və yaxud bunu məcburi yox könüllü şəkildə tətbiq etsək onda da bəhanə olacaq ki, mənim həmin günə başqa planım var vaxtım yoxdu.Ona görə də belə seminarlar ödənişsiz və mən deyərdim ki, məcburi olmalıdır. Yəni məktəblərdə iclaslarda iştirak edəcək müəllimlərin adı qeyd olunduğu kimi bu kimi seminarlarda da ünvanlı şəkildə qeyd olunmalıdır ki, bu müəllimlər seminarda iştirak etməlidirlər.

Müəllimlərin buna ehtiyacı var. Bəzən vaxt qıtlığından, bəzən maddi cəhətdən imkan olmadığından, bəzən də bu proseslərin necə olduğundan məlumatsız olduqlarına görə bir çox müəllimlərin uşaq psixologiyasından xəbəri yoxdur. Təkcə savad, elm, bilik uşağa təlim vermək bu təhsil sisteminin bir parçası deyil, olmamalıdır da. Biz axı məktəblərdə şəxsiyyət yetişdiririk. Bizə lazımdı ki, məktəblərdə vicdanlı, psixoloji baxımdan hərtərəfli sağlam şəxsiyyətlər yetişsin.

Bunu bu gün bizim məktəblər bunu edə bilirmi?Təəssüf ki, yox.

Bir də bunu qeyd edim ki, bəzi problemli uşaqlar var. Yəni çətin tərbiyə olunan uşaqlar var, hansı ki, ya ailəsində, ya da çevrəsində problemlər var. Belə uşaqların sayı da bir sinif də 3-5 nəfərədən çox olmur. Sinifdə 30-35 uşaq varsa, gəlin etiraf edək ki, bunun hamısı problemli uşaq deyil.

Adətən eşidirik, deyirlər ki, bu məktəbdə 2-3 nəfər tanınır bu xasiyyətinə görə. Xüsusən həmin uşaqlar məktəblərdə nəzarətdə saxlanılmalıdır, valideynlə mütləq əməkdaşlıq edilməlidir və üçlü şəkildə işlənməlidir. Valideyn, müəllim, psixoloq üçlüyü əlbir şəkildə bu uşaqların üzərində çalışmalıdır. Bunu nə müəllim, nə valideyn, nə psixoloq, kobud şəkildə desək başından ata bilməz.

Lalə Məhərrəmli: “Biz uşaqlara istədiyini verib özümüzü onlardan alırıq”.

Sinifdə 2 uşaq problemlidirsə bu o demək deyil ki, onlar anadangəlmə bu xasiyyətlə doğulublar. Heç kim başqalarını incitmək üçün gəlmir bu dünyaya. Bu uşaq o cür formalaşıb, yəni biraz ailədə, bir az məktəbdə, bir az cəmiyətdə. Əlbir çalışılsa bu uşaqları normal məcrada yetişdirmək mümkündür.

Sadəcə hərkəs əlini biraz vicdanının üstünə qoysun və hiss eləsin ki, bu uşaqların məsuliyyəti hamızımızın boynundadır.

Bizim də dövrümüzdə hansısa bir əksikliyimiz olub istər oyuncaq cəhətdən,istər həyat kefiyyətləri, maddi və mənəvi baxımdan. Biz uşaqlarımızla bunların hamısını doldurmağa çalışırıq. Amma bir şeyi unuduruq, biz uşaqlara istədiyini verib özümüzü onlardan alırıq.

Valideynlər bir şeyi bilməlidilər ki, uşaqlar onların arzularını xəyallarını həyata keçirən robotlar deyillər. Uşaqlar-fərddilər, şəxsiyyətdilər, individualdılar, hərəsi özünə məxsus xüsusiyyətləri ilə gəlirlər bu dünyaya.

Ardı var...

Ülkər İSMAYLQIZI
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar