Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəbəkə cinayəti: Ana südünə qənim kəsilib, “Friso” şirkəti ilə işləyən həkimlərimiz...  

Uşaqlarımızın sağlamlığı təhlükə altındadır. Azərbaycanda Səhiyyə Nazirliyi səviyyəsində böyük bir şəbəkə fəaliyyət göstərir…

Həkim Faiq İsmayılov: “Bəli, reseptdə Friso Gold 1 yazmışam. Amma analar uşağa başqa süni qidalar da verə bilər”.

Baş pediatr: “Əgər ana uşağı üçün “Friso”ya keçirsə, bu o deməkdir ki, ana öz südü əvəzinə uşağı inək südü ilə qidalandırmağa başlayır. Elmin göstərdiyi bioloji fəlakət də budur”.

Humay Axundzadə: “Qarşısında süni olan hər bir şeyin çıxdaş olması, sitqmatizasiyaya məruz qalması, nəyinsə yalnış kimi təqdim olunması düzgün deyil”.

Elçin Bayramlı: “Doğum evlərində xalqımıza qarşı amansız terror aktı həyata keçirirlir. Yeni doğulan körpələr qəsdən ana südündən məhrum edilir, onların sağlamlığına, həyatına ağır zərbələr vurulur”.

Teymur Mərdanoğlu: “Hər hansı həkimin anaya süni qidanın adını deməsini, ya da həmin qidanın alınmasını məcbur etməsi düzgün deyil”.

Bildiyimiz kimi bu gün satışda müxtəlif növ və müxtəlif qiymətə uşaq qidaları mövcuddur. Bu qidaları həm böyük marketlərdən, həm də apteklərdən əldə etmək olur.

Uşaqlara verilən suni qidalar barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Hətta onların uşaqlar üçün zərərli olduğu da deyilir. Bir sıra uşaq qidaları da var ki, onların tərkibində soya olduğu, bunun isə GMO bir komponent olduğu deyilir. Bu da körpə uşağın orqanizmi üçün təhlükəli hesab olunur. Amma buna baxmayaraq son zamanlarda suni qidaya tələbat həddən artıq artıb. Elə gün olur ki, qidanı apteklərdən tapmaq belə olmur.

Suni qidaların qiyməti isə 3 manatdan başlayıb 65 manatadək dəyişir. Uşaq qidaları arasında daha çox satılanlar “Friso”, “Humana”, “Cabrita”, “Nutrilon”, “Heinz”, “Nestle”-dir. Bu süni qidaların uşaq orqanizminə təsirləri barədə isə ciddi mübahisələr var. İşin ən ilginc tərəfi isə odur ki, bir dəfə bi süni qidalarla qidalanan körpə ana südünü qəbul etmir. Yəni bu süni uşaq yeməkləri körpənin orqanizminə narkotik təsir edir və alışqanlıq yaradır. Bu da təbii ki, bu süni uşaq yeməklərini istehsal edən şirkətlərin cinayət tərkibi yaradan fəaliyyətidir. Çünki körpədə süni yeməyə alışqanlığın yaranması valideyni davamlı olaraq bir süni yeməkdən istifadə etmək məcburiyyəti yaranır və bu da sonucda süni uşaq yeməklərini istehsal edən şirkətlərin daha çox qazanmasına yol açır. Çox təəssüf ki, bu reallıq bütün dünyada özünü göstərməkdədir.

Lakin Azərbaycanda məsələ bir az daha faciəvi və hətta dəhşətlidir. Söhbət doğum evlərində körpənin ana südü ilə ilk dəfə qidalanmadan belə, süni yeməyə alışdırılmasından gedir. Bu əsasən Azərbaycanın demək olar ki, bütün doğum evlərində baş verir və doğum evlərində bir qayda olaraq körpəyə süni qida valideynin icazəsi olmadan verilir. Həkimlər bunu müxtəlif bəhanələrlə əsaslandırılar. Ən çox əsaslandırdıqları bəhanə isə ananın südündə güya mikrob olması ilə bağlı olur.

Hətta doğum evində körpə süni qidaya alışdırılmasa belə, uşaq həkiminə ilk aparıldığı zaman həkim körpəyə süni qida yazır və bu da başda “Friso” olmaqla yuxarıda adlarını sadaladığımız süni uşaq yeməkləri olur. Bu isə ölkəmizdə Səhiyyə Nazirliyi səviyyəsində böyük bir şəbəkənin fəaliyyət göstərməsindən xəbər verir. Ona görə Səhiyyə Nazirliyi səviyyəsində deyirik ki, bu qurum bu günə qədər nə doğum evlərində körpələrin süni yeməklərə alışdırılmasına, nə də həkimlərin ucdantuma körpələrə süni yemək yazmasına qarşı bir addım da atmayıb, əksinə körpənin ana südü ilə qidalanmasını imkansız hala gətirən bu şəbəkənin bu qədər mütəşşəkil olması onu göstərir ki, Səhiyyə Nazirliyi əslində bu şəbəkənin zirvəsində dayanır…

Bu mövzunu geniş şəkildə araşdırmağımızın səbəbi isə bu günlərdə instaqramda paylaşılan resept və valideyn haray oldu. İstifadəçinin paylaşımını olduğu kimi təqdim edirik:

Uşaq həkimi Faiq İsmayılov: “Bəli, reseptdə “Friso Gold 1” yazmışam”.

Biz körpələrə ucdantutma “Friso” uşaq yeməyini yazan həkimlərdən biri olan və yuxarıdakı reseptin müəllifi, uşaq həkimi Faiq İsmayılovla əlaqə saxladıq. Doktor İsmayılov bizə bildirdi ki, o, adətən ana südü çatışmamazlığına görə körpələrə süni yemək yazır: “Mən hamıya məsləhət görürəm ki, əvvəlcə ana südü versinlər. Əgər ana südü çatmasa, o zaman süni qida versinlər. Bəli, reseptdə “Friso Gold 1” yazmışam. Amma analar uşağa başqa suni qidalar da verə bilər. Mən reseptdə süni qidalarının adının hamısını yaza bilmərəm”.

Həkim Faiq İsmayılov reseptdə 27 manata satılan “Friso Gold 1” niyə başqa və tərkibi heç də fərqli olmayan ucuz süni qidalardan deyil, bahalı süni qidanın yazdığını soruşanda isə, əsəbləşdi: “Mən ana südü çatmayanda seni qidanı yazıram”, deyərək telefonu üzümüzə qapatdı.

Əslində həkimin bu suala əsəbləşməyinin də, telefonu üzümüzə bağlamağının da səbəbini hamı bilir. Bildiyimiz kimi bizim həkimlərin çoxu firmalarla işləyirlər və o firmanın süni qidalarını da reseptlərinə yazırlar. Buna görə də həmin firmalardan pul alırlar. Ancaq firmalardan aldıqları pulun qarşılığında bahalı süni yeməyi yazarkən qarşısındakı valideynin maddi durumunu heş nəzərə almırlar və fikirləşmirlər ki, valideynlər o bahalı süni qidanı uşağa necə alacaqlar? Bəlkə də fikirləşirlər, amma firmadan gələn pul gözlərinin qarşısına gələndə nə fikirləşdiklərini də unudurlar.

Məsələnin başqa və əsas tərəfi isə bu süni qidanın körpənin sağlamlığına necə təsir göstərməsidir. Əminəm ki, bu probmlə çox analar qarşılaşıb. O analardan biri də mən özüməm. Xəstəxanada uşağa “Friso Pep” verdilər və sonra uşaq başqa suni qidanı yemədi. Artıq 1 il 5 aydır ki, uşaq “Friso Pep”lə qidalanır. Onun da qiyməti 26 manat 40 qəpikdir. Uşağın 3-4-5-6 aylığında həmin qidanın 3-4 gündən bir alınmalı olduğunu nəzərə çatdıranda da vəziyyətin nə qədər çıxılmaz olduğunu anlamaq çətin deyil.

Təbii ki, həkimlərimiz üçün valideynlərin bu problemi maraqlı deyil. Onları körpənin süni qidası qurtaranda valideynlərin hansı maddi çətinliklə və mənəvi travma ilə üzləşməsi gə maraqlandırmır. Onlar üçün bu əlavə qazanc yeridir və başqa heç bir şey həkimin maraqları daxilində deyil. Amma gənc ailələr üçün, xüsusən də maddi imkanları yetərli olmayan ailələr üçün bu çox böyük problemdir. Bu üzdən də artıq bu problemə dövlət qurumları səviyyəsində “dur” deməyin vaxtıdır. Hər şeydən əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyi bu problemin ortadan qaldırılması üçün birgə səy göstərməlidirlər. Ən əsas problemlərdən biri və birincisi isə doğum evlərində valideynlərin icazəsi olmadan körpələrin bilərəkdən süni qida ilə qidalandırılmasıdır.­ Bu özbaşınalığın məsuliyyəti isə birbaşa Səhiyyə Nazirıiyinin üzərinə düşür.

Təbii ki, uşağına görə hər bir valideyn haradan olsa, borc belə olsa pul taparaq həmin süni qidanı alır. Ancaq həkimlərimizin bu qədər qəddarlaşması, körpələrin gələcəyini düşünməmələri adamı incidir. Səhiyyə Nazirıiyinin isə doğum evlərində körpələrə ilk gündən süni qida verilməsinə göz yumması isə sadəcə biabırçılıqdır və bu əslində şəbəkə cinayəti kimi dəyərləndirilməlidir­.

Baş pediatr Nəsib Quliyev: “Sağlam uşağa ana südü əvəzinə süni qidanın məsləhət görülməsi cinayət hesab olunur. Bu bizim 2003-cü ildə qəbul etdiyimiz qanunda təsbit olunub”.

Baş pediatr Nəsib Quliyev saytımıza açıqlamasında bildirdi ki, tibbi göstəriş olmadan uşağa süni qida yazan həkimin özünün problemləri var. Belə həkimlər qida şirkətləri ilə gizli əlaqəyə girirlər. Həkimlər nəyinsə əvəzində belə işlərə gedirlər:

“Əslində süni qidanı uşağa tibbi göstəriş olanda həkim təyin edir. Əgər uşaq həkimdən asılı olmayan səbəblərdən ana südündən ayrılıbsa, təbii olaraq həkim anaya hansı süni qidanın verilməsi haqqında məsləhət verməlidir. Amma sağlam uşağa ana südü əvəzinə süni qidanın məsləhət görülməsi cinayət hesab olunur. Bu bizim 2003-cü ildə qəbul etdiyimiz qanunda təsbit olunub.

Araşdırıb tapmaq lazımdır ki, hansı uşağa suni qida tibbi göstərişlə, hansı uşağa isə reklam məqsədi ilə yazılır. Amma bunu araşdırmaq bir o qədər də asan iş deyil. Tibbi göstəriş olmadan uşağa süni qida yazan həkimin özünün problemləri var. Belə həkimlər qida şirkətləri ilə gizli əlaqəyə girirlər. Həkimlər nəyinsə əvəzində belə işlər edirlər.

Təəsüflər olsun ki, belə həkimlərə də rast gəlirik. Amma bunu həkimlərin hamısına da aid etmək olmaz. Vicdanı olan, sənətini sevən hər bir həkim bilməlidir ki, uşağa 2 yaşa qədər yeganə dəyərli, qiymətli, təbii qida ana südüdür. Ana südü canlı qida, süni qidalar isə ölü qidalardır.

Biologiyanın bir qanununda deyilir ki, tarixi təkamül prosesində canlılar o qədər spesifikləşib, adekavatlaşmışdır ki, hər bir canlının balası üçün hasil etdiyi qida onun öz balası üçün maksimum spesifik və maksimum adekvatdır. Bir canlının balası üçün hasil etdiyi qidanın başqa canlının balasına verilməsinə də bioloji fəlakət deyirlər.

Nəsib Quliyev: “Uşağa 2 yaşa qədər yeganə dəyərli, qiymətli, təbii qida ana südüdür. Ana südü canlı qida, süni qidalar isə ölü qidalardır”.

Əgər ana uşağı üçün Frisoya keçirsə, bu o deməkdir ki, ana öz südü əvəzinə uşağı inək südü ilə qidalandırmağa başlayır. Elmin göstərdiyi bioloji fəlakət bundan ibarətdir. Bunun da xoşagəlməz nəticələri olur. Bu nəticələri həkim olanda da, olmayan da bilir.

Ana südü haqqında bizim çox aforizmlər, deyimlər, atalar sözlərimiz var. Məsələn müdriklər deyiblər ki, ana südü əvəzolunmazdır, ana südünün hər damlası həyat mənbəyidir, ən qiymətli adama hədiyyə verəndə deyirlər bu sənə ana südü kimi halaldır və s. Süni qida haqqında isə heç nə yoxdur. Dünyaya uşaq gətirən ananın da borcu odur ki, belə ağıllı sözlərə qulaq asıb uşağını ana südü ilə qidalandırsın.

Həkimin uşağa süni qida ver deməsi ilə ana uşağına suni qida verməməlidir. Məsələnin bu tərəfi də var və bu problem təkcə həkimlərdən asılı deyil. Bu problem sosial bir problemdir. Gərək bütün cəmiyyət bu məsələdə yekdil olsun”.

Sosioloq Elçin Bayramlı: “UNİCEF-in məlumatına görə isə, Azərbaycanda anaların 15 faizdən azı körpəsini 6 aya qədər ana südü ilə qidalandırır. Bu çox dəhşətli rəqəmdir”.

Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı PİA.az-a bildirib ki, uşaqlarına süd verməsinlər, deyə anaları müxtəlif bəhanələrlə aldadırlar. Burada əsas məqsəd süni uşaq qidaları formalarından çoxlu pul qazanmaqdırsa, nəticə milli genefondumuzun şikəst edilməsidir:

“Açıq şəkildə sizə deyə bilərəm ki, doğum evlərində xalqımıza qarşı amansız terror aktı həyata keçirirlir. Yeni doğulan körpələr qəsdən ana südündən məhrum edilir, onların sağlamlığına, həyatına ağır zərbələr vurulur. Sizə deyə bilərəm ki, hətta ermənilər belə xalqımıza bu qədər ağır zərbə vura bilməyiblər.

Anaları müxtəlif bəhanələrlə aldadırlar, sizin südünüz zəhərlidir, uşaq südü götürməyək və s. Burada əsas məqsəd süni uşaq qidaları formalarından çoxlu pul qazanmaqdırsa, nəticə milli genefondumuzun şikəst edilməsidir. Deməliyəm ki, bəzi hallarda analar özləri də körpələrinə süd verməkdə maraqlı olmurlar ki, bu da ağır bir bəladır.

Ana südü ilə qidalanmayan körpələrdə sonrakı dövrlərdə müxtəlif ağır xəstəliklərə, o cümlədən allergik xəstəliklərə çox az rast gəlinir. Ananın doğuşdan sonra övladına verdiyi ilk südə el arasında “ağız südü” deyirlər ki, bu süd körpənin ilk peyvəndi hesab olunur və onu gələcəkdə qarılacağı bir çox xəstəlikdən qoruyur.

Süni qida ilə böyüyən uşaqların immuniteti və sağlamlığı zəif olur, onlar ana südü ilə böyüyən yaşıdlarına nisbətən həm fiziki, həm psixoloji, zehni cəhətdən zəif vəziyyətdə olurlar. Bu südünü zorla dayandıran qadınlar üçün də ağır nəticələrə səbəb ola bilir. Bir çox hallarda döş xərçəngi yaradır. Təbii-bioloji qanunauyğunluqların pozulması həm ananın, həm də uşağın sağlamlığını təhlükə altına qoyur.

Elçin Bayramlı: “2010-cu ilə Milli Məclisdə qəbul olunan “Ana südü haqqında qanun” kifayət qədər effekt vermədi və məsələyə yenidən qayıdılmalıdır. Çünki bu sahədə vəziyyət çox acınacaqlıdır”.

Elmi araşdırmalara görə, normal halda uşaqlara 2 yaşadək ana südü verilməldir. Din də belə məsləhət görür. Ən pis halda bu proses 1 yaşadək davam etməlidir. Uşağa ana südü verilməsini binanın bünövrəsinin qoyulması ilə müqayisə etmək olar. Bünövrə möhkəm olsa, bina sağlam və uzunömürlü olar.

UNİCEF-in məlumatına görə isə, Azərbaycanda anaların 15 faizdən azı körpəsini 6 aya qədər ana südü ilə qidalandırır. Bu çox dəhşətli rəqəmdir. Milli genefondumuzun, əhalimizin sağlamlığının məhv olmağa getdiyinin bariz göstəricisidir.

2010-cu ilə Milli Məclisdə qəbul olunan “Ana südü haqqında qanun” kifayət qədər effekt vermədi və məsələyə yenidən qayıdılmalıdır. Çünki bu sahədə vəziyyət çox acınacaqlıdır. Təcili effektiv tədbirlər həyata keçirilməlidir. Ən əsası, ana və körpələrin həyatına qəsd edən doğum evlərindəki quldur “həkimlər” həbs edilməlidir”.

Humay Axundzadə: “İstənilən halda bu məsələnin ictimai müzakirəyə çıxarılmasının, müxtəlif ekspertlər məsələyə cəlb olunmasının, vəziyyətin ayrı-ayrı şəxslərin müşahidələrinə əsasən deyil, sistematik şəkildə tədqiq olunması zəruridir”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Humay Axundzadənin məsələyə mövqeyi tamam başqa oldu. Belə ki, saytımıza açıqlamasında süni qidaların tam şəkildə ortadan götürülməsinin tərəfdarı olmayan STM-in əməkdaşı süni qida ilə bağlı ifrat həddə varmağın düzgün olmadığını qeyd edib:

“Son zamanlar uşaqlara verilən süni qidalarla bağlı ictimai müzakirələr başlayıb. Bu ictimai müzakirələrə sosioloji nöqteyi-nəzərdən baxanda, biz onu tipik mənəvi panika adlandırılan sosioloji fenomen kimi nəzərdən keçirə bilərik. Çünki övladın dünyaya gətirilməsi və ilk çağlarda ona qulluqla bağlı olan məsələlər yalnız tibb deyil, həm də mənəviyyat məsələsi kimi qavranılır.

Uşağa verilən süni qidalarla bağlı onu deyə bilərəm ki, istər Qərb ölkələrində, istərsə də digər ölkələrdə təbii valideynlik ideologiyası yayılmaqdadır. Bu ideologiyaya görə övladın dünyaya gətirilməsi və ilk qidalanması yalnız təbii yollarla aparılmalıdır. Yəni uşaq mümkün qədər çox ana südü ilə qidalandırılmalıdır.­ Bu ideologiyada tibbi nöqteyi-nəzərdən əsaslanan müddəalar olsa da, ancaq biz səhiyyənin tarixi inkişafına nəzər salsaq görərik ki, insanların heç bir süni müdaxilə olmadan dünyaya gəldiyi və süni qidalardan istifadə olunmayan zamanlarda ana və körpə ölümü müasir dövrdən qat-qat çox idi.

Humay Axundzadə: “Yenidoğulan körpələrin süni qidandırılması tam şəkildə ortadan götürülsə, bu bir çox analar üçün problem olar. Çünki həmişə ana südünün çatışmamazlığı ilə bağlı problem olub”.

Buna görə də qarşısında süni olan hər bir şeyin çıxdaş olması, sitqmatizasiyaya məruz qalması, nəyinsə yalnış kimi təqdim olunması düzgün deyil. Amma təbii ki, məsələ ilə bağlı bu sahədə olan mütəxəssislərin fikirləri olmalıdır. Məsləyə müəyyən mərkəzləşmiş nəzarət olmalıdır. Bu elə bir mövzudur ki, burada hər hansı sərt mövqe tutmaq qəti yolverilməzdir.

Yenidoğulan körpələrin süni qidandırılması tam şəkildə ortadan götürülsə, bu bir çox analar üçün problem olar. Çünki həmişə ana südünün çatışmamazlığı ilə bağlı problem olub. Digər tərəfdən isə süni qida ilə bağlı ifrat həddə də varmaq düzgün deyil. Körpənin qidalanması həmişə mənəvi məsələ olub. Bu mənəvi yük isə tibb işçilərindən daha çox ananın üzərinə qoyulub.

Mən bu sahə üzrə həkimlərin, pediatrların, neonatoloqların fikirlərinin nəzərə alınmasını üstün tuturam. Eyni zamanda məsələ ilə bağlı müəyyən balanslaşdırılmış mövqe olmalıdır. İstənilən halda bu məsələnin ictimai müzakirəyə çıxarılmasının, müxtəlif ekspertlər məsələyə cəlb olunmasının, vəziyyətin ayrı-ayrı şəxslərin müşahidələrinə əsasən deyil, sistematik şəkildə tədqiq olunması zəruridir. Çünki ictimai müzakirənin olması heç də mütləq olaraq sosial problemin yetişməsi deyil. Yəni ayrı-ayrı şəxslərin təşəbbüsü də cəmiyyətdə çox təsirli ola bilər.

Sonda qeyd edim ki, problemin olub-olmadığını bilmək üçün tədqiqatlar aparılmalıdır. Bu tədqiqata həm son dövrlərdə ana olmuş qadınlar, həm də bu sahədə işləyən səhiyyə işçiləri cəlb olunmalıdırlar. Bununla da vəziyyətin nə dərəcədə problematik olmasını düzgün təsbit etmək mümkün olar”.

Teymur Mərdanoğlu: “Həkim sadəcə olaraq hər hansı süni qidanı anaya məsləhət görə bilər. Ana istəsə o qidadan, istəməsə də başqa qidadan istifadə edə bilər”.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə komitə olaraq süni qidaların hansı hallarda uşaqlar verilməli olduğunu bildiklərini deyib:

“Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq yeni doğulan uşaqlara ana südünün verilməsinin tərəfdarıyıq. Süni qidanın isə yeni doğulan uşağa hansı hallarda məsləhət görülməsi həkimlərin bildiyi işdir.

Komitə olaraq bizdə olan məlumata görə yeni doğulan uşaqlara süni qidalar bir neçə səbəblərdən məsləhət görülə bilər. Məsələn əgər ananın südü uşağa azlıq edərsə, bu zaman həkim suni qidadan istifadəni anaya məsləhət görə bilər. Eyni zamanda allergiyadan əziyyət çəkən uşaqlara da suni qidalar məsləhət görülə bilər.

Amma hər hansı həkimin anaya süni qidanın adını deməsini, ya da həmin qidanın alınmasını məcbur etməsi düzgün deyil. Həkim sadəcə olaraq hər hansı süni qidanı anaya məsləhət görə bilər. Ana istəsə o qidadan, istəməsə də başqa qidadan istifadə edə bilər”.

Zəruri qeyd: Məsələ ilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinin Mətbuat Katibliyinə zəng etsək də, telefonlarımızı açan olmadı.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Ən çox oxunanalar