“Bu həftə bizi 2 keyfiyyətli rəqibə - biri Xorvatiya çempionatında “Dinamo”, digəri isə Konfrans Liqasında “Zirə”yə qarşı mübarizə gözləyir”...
İdman.biz xəbər verir ki, bunu “Zirə”nin Konfrans Liqasının III təsnifat mərhələsi rəqibi olan Xorvatiyanın “Osiyek” klubunun baş məşqçisi Federiko Kopitelli oyun öncəsi mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis sabah “Zirə”yə qarşı doğma meydanda oynayacaqları matçla bağlı fikirlərini açıqlayıb: “Zirə” “Şerif”i səfərdə məğlub etdi. Evdə isə qırmızı aldıqdan sonra penaltilər seriyasında uduzdular. Bu bizi çətin tapşırığın gözlədiyindən xəbər verir. Onlar öz çempionatlarında titul üçün yarışırlar. “Qarabağ”ın Avropadakı nəticələrinə nəzər salsaq, Azərbaycan çempionatının hansı səviyyədə olduğu qənaətinə gəlmək olar. Növbəti mərhələyə keçmək istəyiriksə, yaxşı futbol oynamalıyıq. “Zirə” bundan əvvəlki rəqibimiz olan “Levadiya”dan 2 qat daha güclüdür. Onlar texnikalı, keyfiyyətli və təcrübəli komandadırlar”.
Qeyd edək ki, “Osiyek” - “Zirə” matçı sabah saat 22:00-da “Opus Arena”da keçiriləcək.
Poliqon.info