Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşa Talıblıdan yeni şeirlər -“Çək məni kamına, yox olum səndə...”

Təzə bir şer yaz, qaraca oğlan...
(Emil Rasimoğluna)

... təzə bir şer yaz, Emil əfəndi!
... orda ayla, illə, burda müxtəsər,
köhnədən-təzədən...təzə bir şer!
Min il əhədimi kəsən dərdimin
bəlkə əhədini kəsə bir şer!

... təzə bir şer yaz, Emil əfəndi!
... fikirlər narıncı, cəhrayı rəngdə,
misralar körpətək day dura bilsin.
Elə yaz, şirinli-acılı olsun,
mənim ac könlümü doydura bilsin!

... təzə bir şer yaz, Emil əfəndi,
dirilik suyuna batır qələmi!
Sənə deyəcəyi çox sirlər qalır,
dizinin dibində otur qələmin.

Başı buludlarda, ayağı yerdə–
qəttəzə bir şer vardı...görünsün!
... pəncərə misallı elə şer ki,
baxanda dünyanın ardı görünsün!

... hanı Dadaloğlu, Qaracaoğlan–
indi qarşımıza haradan çıxa?!
...təzə bir şer yaz, qaraca oğlan,
təzə bir şer yaz, qaradan çıxaq!


Yazılmaq şerə düşmür...

...haqqında nə deyim?
Nə şərdi, nə xeyirdi.
Möcüzə də deyil heç,
şer elə şerdi!

Kim qaçır görk işlərdən,
xeyirə, şərə düşmür?
...yazıldı, şer ölür!
Yazılmaq şerə düşmür...

Amma şer də ərdi,
ər də basılmayandı...
...şerin ən gözəli
hələ yazılmayandı!


Qəfil hər şeyi unutdum...

...dünyadı...qaşı düşmədi!
Kim onda naşı düşmədi?
...çox güldüm, daşı düşmədi,
daş düşsün güldüyüm yerdə!

...yağışdı –hara buluddu!
Yağdı içimi qurutdu...
Qəfil hər şeyi unutdum,
hər şeyi bildiyim yerdə.

...ovcuma daş, gözümə gil!
...keç içəri, gözümə gir!
Nə olacaq gözümə ki,
qoy ölüm öldüyüm yerdə!


Kimsə məni çağıra...

Bir də onda eşidəm ki...
Bir də onda səs eşidəm!
Dizimi qoyam torpağa,
qara donda səs eşidəm.

Bir də min mənəm... yüzdü nə?
Bunun altı bu, üstü nə?
Bir söz dilimin üstünə
qonhaqonda səs eşidəm!

...nə bağıra, nə çığıra,
gedib çıxam lap axıra.
...və sonda kimsə çağıra,
bəlkə sonda səs eşidəm!


Məni anam doğdu...

...səndə yıxılmağın dadı başqadı,
yıxılsam yenə də yıxılım səndə.
Elə kəs, cəlladım elə kəs məni,
yenə tikə-tikə yığılım səndə!

Söylə, harda bitim, hansı gül olum?!
Ya çəkim olmasın, ya yüngül olum...
Ya yandır, bir ovuc bəyaz kül olum,
çıtır-çıtır oda yaxılım səndə...

...acıya nisbətdi tox anım...odu!
...yayın da canında ox anı...odu!
Məni anam doğdu, doğanım odu!
Çək məni kamına, yox olum səndə...


Bir şair var...

Bir şair var səsi gəlmir,
odu yoxdu, budu yoxdu...
Üzü sarı bir şairdi,
rənginin də dadı yoxdu.

...qulaqları darı dələn!
Get, qanında qana bələn!
Yarı sözdü, yarı qələm,
düşməni var, yadı yoxdu...

Nə qədər ki, dərddi...vardı!
...girləndiyi dörd divardı!
Ömür kimi adı vardı,
şair kimi adı yoxdu!

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Poliqon.info 


Etiket: Paşa Talıblı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Komitə: 4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Ən çox oxunanalar