Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Solmayan çiçək...

(Tanınmış nevropatoloq Vahid Məmmədovun əziz xatirəsinə...)

Respublikanın tanınmış nevropatoloqu, 27 ilədək Sumqayıt şəhərində baş nevropatoloq, Bərpa-Müalicə xəstəxanasının baş həkimi, ömrünün son illərində isə Bakıdakı Bioloji Təbabət Klinikasında baş həkimin müalicə üzrə müavini vəzifəsində çalışmış ali dərəcəli həkim Vahid Məmmədovun vəfatından 5 il ötür.

Tanınmış həkimin oğlu Samir Məmmədovun atasının xatirəsinə həsr etdiyi yazını təqdim edirik:

Dəqiq xatırlamıram. Təxmini üç-dörd yaşlarında idim. Eyvanda çiçəyimiz vardı. Hər zaman yaşıl və təravətli idi. Hər gün ona baxırdım. O vaxt həyatın canlılığını onda görürdüm. İllər sonra bir gün səhər o çiçəyə baxdığımda hər gün görmədiyim bir mənzərəni gördüm. Çiçək solmuşdu, əyilmişdi, canlılığı qalmamışdı. Çiçəyə nə olduğunu başa düşmürdüm. Başa düşmədikcə ürəyimdən bir acı sızıltı keçirdi. Bu acı soyuq bir acı idi. Sanki çiçək deyil, mən cansızlaşırdım. Nə baş verdiyini anlamaq üçün dərhal Atama doğru qaçdım. Sönük səs tonu ilə soruşdum: “Ata, çiçək niyə belə oldu? Nə olub ona? Xəstədi?”.
Atam “oğlum, bu çiçək qocalıb, artıq xəstələnib” - dedi. Cümləsini bitirməyə imkan vermədən dərhal “Ata, sağalt onu” - dedim. Çünki atamın saysız-hesabsız xəstələrinə şəfa verdiyinin şahidi olmuşdum. Eşitmişdim. Evimizə gələnlərdən, ətrafdan “Vahid həkim, çox sağ olun. Oğlum, bacım, atam, anam, qardaşım, dostum sağaldı” kimi sözləri demək olar ki, eşitmədiyim gün yox idi. Mən əmin idim ki, atam insanları sağaldan həkimdirsə, demək ki, xəstə olan hər kəsi sağaldacaq gücdədir. Xəstələnmiş çiçəyimizi də sağalda biləcəyinə inanırdım. Atam hər kəsi sağaldar. Bu düşüncələr beynimdən sürətlə keçdikdən sonra səbrsizcə “Ata, sən bu çiçəyi sağaldacaqsan, hə?” soruşdum. Atam: “oğlum, bu çiçək illərlə bizimlə yaşadı, bizi öz gülləri ilə sevindirdi, indi isə yatmağa hazırlaşır” – dedi. “Onda sabah yenə əvvəlki kimi qalxacaq, hə?” - deyə sevinərək soruşdum. “Xeyr, oğlum həmişəlik yatacaq” - deyə cavab verdi. “Necə yəni? Həmişəlik yatmaq necə olur?”. Bu zaman yanımdakı böyük qardaşım Əfqan “Bilmirsən? Öləcək də, görmürsən başını yerə qoyub” replikasını atdı. Onun sözlərini eşitməzlikdən gəldim. Atama baxmağa davam etdim. “Ata, elə et ki, həmişəlik yatmasın” - deyə yalvarışlı səslə ondan xahiş elədim. Atam çox səbrli tonla “oğlum, bütün canlılar və insanlar bir müddət yaşayır, sonra da dünyadan köçür. Bu, həyatın qanunudur. Allah dünyanı belə yaradıb”.
Bütün ümidlərim qırılmış şəkildə “necə yəni, çiçəyimizi görməyəcəm daha?” - soruşdum. “ Sən narahat olma oğlum, başqa çiçək alaram” - deyə məni sakitləşdirməyə çalışdı. “Ata, nə olar bu çiçəyi sağalt, başqasını istəmirəm” - deyə hayqırdım. “Oğlum, bu çiçək həyatını başa vurur. Həyat belə davam edir, oğlum, amma çalışaram, əlimdən gələni edərəm” deyib sakitləşdirmək istədi. Sakitləşməyə çalışsam da olmadı. Atam heç nə edə bimirsə, demək artıq bitmişdir! Çünki çox ağır xəstələr olanda digər həkimlərin “Doktor baxsın son dəfə, biz bacardığımızı elədik, nəticə vermir, nəsə edə bilsə, Vahid həkim edə bilər” ifadələrini eşitmişdim. Atam xəstə yaxınlarını sakitləşdirəndə, anlayırdım ki, vəziyyəti ümidsiz görür. Kiçik beynimlə bu paraleli apardıqdan sonra bədənimin donduğunu hiss etdim. Atam deyirsə “çiçəyin sonudur”, bu, geri dönüşü olmayan yoldur. Çiçək illərlə bizimlə idi, indi bizi buraxıb gedir. Və heç kim ona kömək edə bilmir. Hətta Atam da. İlk dəfə idi belə çarəsiz və ümidsiz idim, Beynimdə Atamın sözləri təkrarlanırdı. Bütün insanlar və canlılar bir gün həyatdan köçür. Məgərsə, bu cümlə qardaşımın “ölür” ifadəsinin açıqlaması idi.
“Hər kəs ölür” ifadəsi məni Atamın bir gün öləcəyi düşüncəsinə apardı. Bu fikri canlandıranda, sanki məni ildırım vurdu. Ruhum acıdan paramparça hal aldı. Bu başqa bir acı idi. Dayanılmayacaq cinsdən bir acı. Ağlamağa başladım. Hönkür-hönkür. Hıçqıra-hıçqıra “Ata, sən də deməli öləcəksən?” sualını verdim. Bu bir sual cümləsi idi, amma əslində sual yox idi. Çünki mənə həqiqət açılmışdı. Atamın heç bir sözünə şübhə ilə yanaşa bilmirdim. Çünki o buna imkan verməmişdi. Zərrə qədər də. Atam elə nümunə idi ki, dediyi hər şey olmalı, baş verməli idi. Hıçqırtıdan darmadağın olduğumu görəndə məni qucaqladı və bərk özünə doğru sıxdı. Atamın qucağında yaşadığım acını gizlətməyə çalışırdım. Amma bunu bacarmadığımı yaxşı xatırlayıram. Sakitləşə bilmədiyimi görən Atam: “oğlum, narahat olma, daha uzun illər bir yerdə olacağıq, çox yaşayacayıq” dedi. Hıçqırtılı səslə “Lap çox?” sualını verib təsdiqləməsini istədim. “Hə, oğlum, lap çox!” deyə cavab verdi. Bu məni sakitləşdirməyə kifayət etdi. Lakin “bir gün hər kəs həyatdan gedir” həqiqət ifadəsi yaddaşımda həkk olundu. Bu yaddaşımda hər zaman bir qorxu kimi qaldı. Atamı itirmək qorxusu. Bəzən özümə sual verəndə ki “Ən çox nədən qorxuram?”, daxili səsin cavabı –“Atamı itirməkdən” olurdu. Bu fikirlər zaman-zaman beynimdə dolanaraq illər keçdi. Böyüdüm. Bir gün Atamda acımasız xəstəlik aşkarlandı. Bu diaqnozu oxuyanda kiçik Samirin illər öncəki o qorxusunu eyni şiddətdə yaşadım. Nə yəni, o an gəlib çatdı? Hər kəsi həyatdan aparan ilahi çağırış indi Atam üçünmü səslənirdi? Daxilimdən, “yox, bu ola bilməz. Atam yaşamaldır! Töhfəsinə ehtiyac duyan dünya üçün, şəfqətinə ehtiyac duyan cəmiyyət üçün, sədaqətinə ehtiyac duyan dostları üçün, qayğısına ehtiyac duyan bizim üçün və nəhayət varlığına ehtiyac duyan mənim üçün yaşamalıdır!”...

Atam ağır müharibə illərindən sonra - 1948-ci ildə Quba rayonundakı Qonaqkənddə dünyaya gəlmişdi. Hələ uşaq yaşlarından həkim olmaq arzusu ilə yaşadığından 1966-cı ildə orta mərktəbi qızıl medala layiq başa vuraraq, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdu. 1972-ci ildə ali məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra iki il Uzaq Şərqdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, leytenant rütbəsində hərbi həkim kimi Xabarovskdakı qospitalda çalışaraq, praktik təcrübəsini artırmış, əsgər və zabit heyətinə göstərdiyi yüksək tibbi xidmətə görə komandanlığın hörmət və nüfuzunu qazanmışdı. Sənətinə vurğunluğunu, işə peşəkar və məsuliyyətli münasibətini görən briqada komandiri ona hərbi həkim kimi xidmətini davam etdirməyi təklif edərək, mənzil və yaxşı karyera vəd etsə də, atam öz doğma xalqına xidmət etməyi daha üstün tutmuşdu.
Hərbi xidmətini başa vurduqdan sonra Vətənə qayıdaraq, Səhiyyə Nazirliyinin göndərişi ilə 1974-75-cı illərdə Sumqayıt Alüminium zavodunun tibbi-səhiyyə hissəsində, daha sonra isə 1984-cü ilin iyun ayınadək Sumqayıt şəhər 1 N-li xəstəxananın nevrologiya şöbəsində həkim-nevropatoloq vəzifəsində çalışmışdı.
O, 1981-ci ildə Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunun refleksoterapiya kafedrasının nəzdində təşkil olunmuş, keçmiş SSRİ-nin bütün respublikalarının və hətta Türkiyə mütəxəssislərinin cəlb olunduğu, xarici ölkələrdən, həmçinin Çindən dəvət edilmiş professorların iynəterapiya və maqnitoterapiya kurslarında bu mütərəqqi metodları səylə öyrənmiş, məşhur Botkin xəstəxanasında zəngin təcrübə qazanmışdı. Atam Moskvadan qayıtdıqdan sonra nevroloji xəstəliklərin müalicəsi sahəsində əldə etdiyi uğurlarının nəticəsi olaraq, 1984-cu ildə Sumqayıtda yenicə açılmış Bərpa-müalicə Xəstəxanasının nevrologiya şöbəsinin müdiri, 1992-ci ilin oktyabrında isə baş həkimi təyin edilmişdi. Zəngin bilik və təcrübəyə, yüksək həkim peşəkarlığına malik olduğundan 27 ilə yaxın - 1981-ci ildən 2007-ci ilədək Sumqayıt şəhərinin baş nevropatoloqu olmuşdu. Onun rəhbərliyi ilə Sumqayıt şəhərində nevrologiya tsikli üzrə 10-dan artıq həkim-interna hazırlanmışdı ki, həmin həkimlər hazırda respublikanın müxtəlif şəhər və rayonlarında əhalinin sağlamlığı keşiyində dayanaraq, səmərəli fəaliyyət göstərirlər. Atam 2007-2009-cu illərdə Abşeron rayon Mərkəzi xəstəxanasının Baş həkimi kimi respublika Səhiyyə nazirliyinin dəstəyi ilə rayonun 12 kənd və qəsəbəsində həkim ambulatoriyalarının yenidən qurulmasına, onların müasir tibb avadanlıqları ilə təchiz edilməsinə nail olmuşdu.

...Dərin müayinə və müalicələrdən sonra təhlillər aparan həkimin sözü “təəssüf ki, çox yayılıb. Bu vəziyyətdə müalicəni davam etmək nəticə verməyəcək” oldu. Ayaqlarım elə bil yerə saplandı, həkimə doğru yaxınlaşmaq istədim, betonlaşmış ayaqlarım imkan vermədi. “Necə?...nə...nə deyirsiz?! Həkim, bir yolu olmalıdır!. Bir şey fikirləşin! Bir şey tapın...”. Həkim “klassik müalicəni davam edə bilərik, lakin bu, ən yaxşı halda sadəcə 1 ay vaxtı uzada bilər. 30 illik təcrübəmdən bunu deyirəm. Tövsiyəm odur ki, evə götürün, bu vəziyyətdə çıxış yolu görsənmir. Tibb elmi burada gücsüzdür, bacardığımızı etdik. Məni bağışla ki, bundan başqa heç nə edə bilmirəm. Haqqını halal et” dedi. Bu sözlər beynimə mismar kimi işlədi. “Yox, davam edin, davam edin” deyərək həkimə üsyan etdim.
Müalicə daha 2 həftə davam etdi. Atam getdikcə gücsüzləşir və solurdu. Bir gün vücudun həyat işarələri tam itdi və bədən heç nəyə reaksiya vermədi. Çiynindən sıxaraq silkələdim. Səssiz idi. Bu çarəsizliyə düşməyimin, qaranlığa gömülməyimin son nöqtəsi idi. Atam gözümün önündə, qollarım arasından sıyrılıb gedirdi. Ona bərk sarıldım, hayqırdım. Son gücünü toplayaraq göz qapaqlarını açdı və əmin bir səslə pıçıldadı “möhkəm ol, oğlum”. Bu, atasını itirməkdə olan oğula deyilə biləcək ən fədakar cümlə idi. Axır nəfəsində övladının halını düşünən atanın son cümləsi idi bu.

Ata, çiçək solarkən çox ağlamışdım. İndi də ağlayıram. Amma bu o göz yaşı deyil. Çiçək hekayəsində məni qucaqlayaraq “oğlum, narahat olma, daha uzun illər bir yerdə olacağıq, bərabər çox yaşayacayıq” deyib məni sakitləşdirmişdin. Sən sözünü daha 40 il bir yerdə yaşayaraq bacardığın qədər tutdun. Mən isə tuta bilmədim, “mütləq qalxacaqsan!” demişdim. Sözümü tuta bilmədiyimə görə məni bağşıla. İllərlə insan həyatlarına toxunan, insanları sağlığına qovuşduran, minlərlə ailəni sevindirən Ata, sənin üçün heç nə edə bilmədiyimə görə məni bağışla. O biri dünyada görüşümüzdə sənə deyəcəyim ilk söz bu olacaq!
Ata, çiçək hekayəsində mənə verdiyin dərsdən 40 il keçmişdi və sən son dərsi verdin. Axır günlərində belə son gücünü ətrafa təbəssüm bəxş etmək üçün istifadə edən fədakarlıq Abidəm. Sən bu dünyaya gözəllik yaymaq, sevgi və şəfqət ötürmək üçün gəlmişdin. Sən hamı kimi deyildin. Bir başqa idin. Sənə deməmişdim. İndi deyirəm. Bir gün dostlarımdan biri mənə “sən xoşbəxt adamsan ki, belə atan var” demişdi.
Bizi tərk etməyindən 5 il keçir, Ata. Amma heç vaxt keçməyəcək Sənin üçün darıxmağım və heç vaxt bitməyəcək Sənə olan minnətdarlığımdır. Mənim mələk ruhlu Qəhrəmanım, çox sağ ol, bu əvəzsiz dərsləri mənə verdiyin üçün. Sənlə 40 il birlikdə yaşamaq fürsətini mənə bəxş etdiyin üçün. Vicdanlı davranmağı, məntiqli düşünməyi, sevgi ilə yaşamağı, insanları anlamağı, dinləməyi, duymağı, ali məqsədə sadiq qalmağı, öhdəliklərə xəyanət etməməyi mənə öyrətdiyin üçün. Və nəhayət, üzləşməkdən qorxduğun ən böyük acını yaşadıqdan sonra heç nəyin səni artıq qorxuda bilməyəcəyini öyrətdiyin üçün...

Samir Məmmədov

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Putin ŞƏT sammitində onunla altı dəfə danışıb

Ən çox oxunanalar