Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HAMAS-la İsrailin toqquşması nələrə gətirib çıxara bilər?

“Sanal ortamı”-nıda dünya üzrə siyasi gərginliyi izləyən hər bir normal düşüncəli insan da, siyasət uzmanı olmasa belə, bir çox məsələnin hansı yöndə gedişini incələyib sonucunu düşünə bilər...

Müəllif: Həbib Sasanian (Yakamoz)
Cənubi Azərbaycanlı siyasi fəal, dissident

Dünyada siyasi gediş 2020-ci il başlayandan bəri, düşünüldüyündən tam fərqli yöndə getəməyə başladı. Uzun illər dünyanı dolandıran, sanki gözə görünməz güclərin istəyi bütünlükdə dəyişməyə başladı.

Bu illər ərzində ABŞ-ın uzunmüddətli planı əsasında, Fransanın birbaşa rolu ilə yaranmış, sözdə İslam Respublikası olan İran rejimi öz iqtidarını bərkitdi və yavaş-yavaş süpergüclərin qarşısında götürdüyü öhdəliklərdən boyun qaçırmağa başladı. Əslində Qərbin oyuncağı və əlaltısı olan bu rejim, aldadıcı şüarlarla «Nə Şərq, nə Qərb»-dedisə də, birbaşa Şərqə qucaq açdı.

İran-İraq savaşında SSRİ-nin uzaq mənzilli raketləri İranın baş kəndi Tehranı və başqa böyük şəhərlərini darmadağın etdi. Buna baxmayaraq, İran SSRİ-nin varisi Rusiya ilə strateji işbirliyi qurmaqda davam etdi.

Çin qısa müddətdə hegemon dövlət oldu.

Rusiyanın keçmiş SSRİ imperiyasına dönüş həvəsi, artıq başda Amerika olmaqla, qərb dünyasına həyəcan təbilini səsləndirdi.

Onlar bir zaman özlərinə gəldilər ki, İran hakimiyyəti bütün pərdə arxası anlaşmalarına üz çevirib. Bu, qismən yeralti və yerüstü sərvətlərinin nəticəsi olsa da, əsas səbəbi ruslarla müttəfiqlikdən qaynaqlanırdı.

Sözdə islam respublikası kimi görünən İranın müttəfiqləri, ərəb ölkələri yox, bütünlükdə kommunıst ölkələr, o cümlədən Kuba, Quzey Koreya, Çın, Rusiya və bu kimi ölkələrin tərəfdaşıdır.

Bu ara bəzi kiçik millətlərin dövlətləri gözlənilməz dirənişləri ilə dünyanı dolandıran siyasi güclərin planlarını alt-üst etdi. O cümlədən, Azərbaycan Respublikası bölgədə yeritdiyi strateji ağılla dünya səviyyəsində dəngləri dəyişdi. Uzun illər haqsızlıqlar görən Azərbaycan təmkinli davranışı ilə nəhəng dövlətlərin arasında balans saxlamağı bacardı. Hər üçü Birləşmiş Millətlər Qurumunda əsas söz sahıbı olan Minski qrupu başçılarının oyunlarına 30 il dözdü. Ötən 200 ildə sistemli zülmlərdən, haqsızlıqlardan, parçalanmalardan qurtulmaq istədi və qurtuldu. Dərin düşüncəli liderin siyasi gedişləri zəfər çaldı.

Dövran dolandı və cənab İlham Əliyev dediyi: “Mən nəyi nə vaxt, necə edəcəyimi yaxşı bilirəm” sözünə əməl etdi.

O, bütün daxili və xarici təzyiqlərə baxmayaraq, yurdsevər ordu qurub, son nəsil silahlarla təmin etdi. Sonra, ildırım sürətli əks hücuma keçib, 4 il ərzində itirilmiş torpaqlarımızın böyük hissəsini 44 günə işğalçıdan azad etdi.

9 noyabrda üçtərəfli anlaşmanın imzalanması xəbərini, “Qarabağa status verilməsi məsələsinin gələcək nəsillərə qalması» ifadəsini Vladimir Putindən eşidib bilən bəzi siyasilər, eləcə də avam kütlə Xankəndi və ətraf şəhərlərin əbədi olaraq erməni işğalında qalacağını düşünüb hökuməti ittiham etdi.

Bunun ardınca Rusiyanın hər hansı səbəbdən Ukraynaya hücumu başda Ali Baş Komandan olmaqla Azərbaycanın müdrik siyasi-hərbi rəhbərliyinə Qarabağın tam və qəti şəkildə qurtarmaq üçün tarixi şans yaratdı. Beləliklə Qarabağdaki xunta rejiminə son qoyuldu və “status gorbagor olub cəhənnəmə getdi”.

Cənab Prezident İlham Əliyev Rusiyanın Ukraynaya hücumundan bir gün öncə Rusiya ilə strateji müttəfiqlik müqaviləsi bağladı. Lakin buna baxmayaraq müstəqil dövlət siyasəti yeritməsi – Ukraynaya lazımi qədər dəstəyi, İranın bütün hədələrini neytrallaşdırması, Avropadan gələn ittihamlara təmkinlə təpki verməsi Azərbaycan Respublikasının regionda layiq bir dövlətə çevrildiyini göstərir. O cümlədən Türkiyə ilə bərabər səviyyədə iş birliyi qurması tərəfdaşlarının çoxalmasına, dövlətin müdafiə etibarlılığının yetənəkli olmasına şərait yaratdı.

Unutmayaq ki, Vladimir Putin, cənab İlham Əliyevlə Qarabağ üzrə şahmat oyunundakı kimi, gerçək anlamda açmazda qaldı.

Nikol Paşinyan rəsmi çıxışlarında Qarabağ daxil olmaqla Azərbaycanın torpaq bütövlüyünü tanıdığını dilə gətirdi. Bu isə onun bölgədə dəyişən reallığı anladığının göstəricisidir.

Bundan sonra, Rusiya Federasiyasının prezidenti dedi ki, Paşinyanın Azərbaycan respublikasının ərazi bütövlüyünü tanıması Qarabağın həlli məsələsində bizə başqa çıxış yolu qoymadı. Bu o deməkdir ki, Rusiya Güney Qafqazda qalmaq üçün, Qarabağdaki terrorçu erməniləri qorumağa başqa tutarğası qalayıb. İndi Rusiyanın Sülhməramlı hərbi heyəti Qarabağdakı postlarını ard-arda bağlayır. Bu da onların istər-istəməz yaxın gələcəkdə Azərbaycan ərazisini tərk etmək zorunda qalacaqları deməkdir.

Paşinyanın Rusiyadan daha da uzaqlaşmaq üçün: “Sülhməramlıların Ermənistanda nə işi var?” deməsi Putini onun hakimiyyətinə qarşı daha ciddi addımlar atmağa yönləndirdi. Buna görə də, Putinin dediyi: “Bu haqda Azərbaycanla müzakirə edəcəyik” sözündə incə məqamların olduğunu göstərir. Belə çıxır ki, Rusiyanın Güney Qafqazda bərkimək üçün regionda yeni bir gərginliyə ayaq yeri qoymasına gərəyi var. Qarabağ məsələsi çözüldükdən sonra, bu gərginlik indiki Erməninstanın tərkibində olan Qərbi Azərbaycan və Zəngəzur bölgəsindən başqa yer ola bilməz. Əlbəttə, buna Azərbaycanın tarixi və hüquqi baxımdan haqqı da var.

Birinci, Zəngəzur ərazisi SSRİ çağı, 1920-ci ilin dekabrında Azərbaycan xalqının iradəsi əleyhinə olaraq, Moskvanın qərarı ilə, türk dünyasını parçalamaq üçün Azərbaycandan qoparılıb Ermənistana verilib.

İkincisi, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal və talan edib, BMT-nin də təsdiq etdiyinə görə, işğal dövründə Azərbaycana 100 milyard ABŞ dollarıdan əlavə maddi ziyan vurub və bunları ödəməlidır. Bu isə 2003-cü ildən 800 milyon dollar xarici borcunu ödəyə bilməyən, ac-yalavac Ermənistanın bütün maliyyə qaynaqlarının tavanından xaricdir.

Bilməliyik ki, dekabrın 8-də Ermənistan parlamenti 2023-cü ilin dövlət büdcəsi layihəsini qəbul edib. Bildirilir ki, büdcə hesabatında gəlirlər 2 trilyon 302 milyard dram, yəni 5.8, milyard dollardır. Xərclər isə 2 trilyon 591 milyard dram, yəni 6.5, milyard dollardır. Yəni büdcədə mənfi tarazlıq var. Bir qəpik belə ziyan ödəmək imkanı olmayan Ermənistan 30 il ərzində yediyi sümüyü indi canından çıxartmaqda sancılanmalıdır və sancılanır. Bu üzdən Zəngəzuru Azərbaycana verməkdən başqa seçimi qalmır.

Üçüncü, ekspertlərin fikrincə, Azərbaycan ordusunun Qarabağda birgünlük Antiterror Tədbirləri ilə eyni vaxtda Rusiyanın Müdafiə Naziri Şoyqunun Tehran səfəri heç də təsadüfi deyildi.

Dördüncü, o, günə qədər qırmızı xətdən danışan İran, sanki yeli alınmış şar kimi fıs yatdı. Çünki Rusiya belə tələb etdi.

Beşinci, indi Rusiya dünya ictimaiyyətinin fikrini Ukraynada düşdüyü bataqlıqdan yayındırmaq uçun, İranın vasitəsilə HAMAS-ı İsrailə qarşı qışqırtmaqla qərb ölkələrini çıxılmaz vəziyyətə salıb.

Altıncı, bir çoxları söyləyir ki, İsrail Fələstin məsələsini birdəfəlik həll etmək üçün, bir bəhanə əldə etmək məqsədi ilə, bilərəkdən özünü HƏMAS-ın hücum edəcəyindən xəbərsiz kimi göstərir. Ancaq İranın Xarici İşlər Nazirinin Beyrutdakı dünya medialarına verdiyi rəsmi müsahibəsində: “Qəzza Zolağının vurulması davam edərsə yeni cəbhələrin açılması qaçılmazdır!” deməsi İranın İsrail ilə birbaşa savaşa girməyə cəhdinin göstəricisidir.

Adının çəkilməsini istəməyən bir siyasi uzmanın dediyinə əsasən, ABŞ ilə Fransanın Asiya regionunda İrandan bir xoxan kimi sui-istifadə etmə tarixi bitmək ərəfəsindədir. Çünki onlar pis ilə pisdən də pis arasında seçim etməlidirlər.

HAMAS-ın İsrail ərazisinə hücumunda İranın rolu danılmazdır. İranın HAMAS-a maliyyə yardımı təkcə keçən il üç qat yarım artıb. Yəni ötən il İran İslam rejimi HAMAS-ın hərbi qanadına maliyyə yardımını ildə 100 milyon dollardan təxminən 350 milyon dollara qədər artırıb.

Ötən on illiklərdə İsraili məhv etməyə çalışdığını bəyan edən İran rejimi son bir neçə ayda Təl-Əvivə qarşı ritorikasını gücləndirib. Tehran hakimiyyəti Fələstinin “Müqavimət” qruplarından İsrailə qarşı hücumlarını artırmağı dəfələrlə tələb edib.

Amerikan İnterprayz müəssisəsinin "Farin palisi" jurnalında dərc olunan məqaləsində Danyel Peltka yazır: “İran İslam Respublikasindan illərlə dəstək olmasaydı, HAMAS, HAMAS olmazdı...”.

Başqa yandan Amerika ilə Qətər Dövləti arasında anlaşmaya əsasən, HAMAS məsələsi aydınlaşana qədər İranın təxminən 7 milyard dollarına qadağa qoyulub.
İndi təzadlara baxaq.

Ağ Evin sözçüsü deyib: “Biz İranın İsrailə qarşı düşmənçiliyindən narahatıq. HAMAS İranın dəstəyi olmadan fəaliyyət göstərə bilməyəcək”.

Amerika Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə kordinatoru da İranın regiondaki rolu ilə bağlı deyib: “HAMAS-ın İsrail mövqelərinə hücumunda İranın “birbaşa rolu” iddiasını sübut edəcək etibarlı dəlil yoxdur! baxmayaraq ki, İranın bu baxımdan davranışı narahatlıq doğurur”.

Ağ Evin rəsmisi Con Kerbi deyib: “İranın HAMAS-ı uzun müddətdir dəstəklədiyini, ümumiyyətlə, bu sahədə ortaq rol oynadığını açıq şəkildə bilirik. İran hökumətinin dəstəyi olmasaydı, HAMAS ümumiyyətlə fəaliyyət göstərə bilməzdi”.

İranın Ali Dini və Siyasi Rəhbərinin Ofisinin başqanı oktyabrın 12-də deyib: “Sionist rejimin rüsvay olmuş Baş Naziri, ilanın başının İranda olduğunu söylədi; bu ilanın başı deyil, Musanın çəliyidir, inşallah bütün ilanları udub məhv edəcək”.

Bununla yanaşı İran-İraq savaşında SEPAH-ın komandiri və hazırda Rejimin Məsləhət Şurasının üzvü və bir çox rəsmi məsuliyyəti olan Möhsün Rzai-nin başqanlıq etdiyi Tabnak saytı sənədli filimlə bərabər oktyabrın 14-ü yazıb: “İrandan müxtəlif növ silahlar Qəzza Zolağına gətirilib və Qəzza Müqavimət qüvvələri “Kurnet, Fəcr” kimi İrandan gələn raketlərdən və bir çox başqa növ silahlardan istifadə edir. Bu silahlar döyüş meydanında istıfadə olunur”.

Bütün bunlar İranın İsrail ilə bir başa savaşa girməyə hazırlaşmasının göstəricisidir. Bu halda İran Zən¬gəzura görə ikinci cəbhənin açılışını ta arzulamayacaq və son günlərdə Zəngəzur dəhlizinə alternativ olaraq Ağbənddən başlanan yolun Arazın güneyindən keçməsinə yalvarmağı da çox güman ki, bu səbəbdəndir.
(Tarix yazır ki, Osmanlı sultanı II Əbdülhəmid yeni İsrailin qurucusu Teodor Hertsllə anlaşmayıb.

Buna baxmayaraq indi dünyadakı yəhudi lobbiləri anti türk mövqelərini artıq dəyişmək zorunda qalıblar. Çünki Azərbaycanın bir nömrəli strateji müttəfiqi və qardaş dövləti sayılan Türkiyənın münasibətini yumşaltmağa məcburdur və bunu Azərbaycana tam dəstəyi ilə nümayiş etdirir.

Ağlımıza gətirməliyik ki, yəhudilər dini inanclarına görə özlərini Yerusəlimdən dünyaya səpələnmiş və tarixi torpaqlarından didərgin düşmüş xalq sanırlar. Onların İslam dininin əsas qaynağı olan Qurana istinadları da maraqlı və düşündürücü məqamlardandır.

Bir çoxlarımız bilirik ki, Quranda ən çox adı çəkilən səmavi kitaba malik olan Musa peyğəməbərdir. Quranda Məhəmməd peyğəmbərin adı cəmi 4 dəfə, müqabilində Musanın adı 136 dəfə çəkilib. Bu isə onların 3500 il bundan öncə bir millət olaraq indiki İsrail ərazisində və ətrafında tarixi yaşayışlarına dəlalət edir.

Elə buna görə də Hertsel israrlı idi ki, yalnız o ərazidə heç olmasa bir muxtar respublika qursun. Bunun müqabilində yəhudi lobbi mərkəzləri Osmanlı İmperiyasının bütün xarici borclarını ödəyəcəklərini öhdələrinə alırdılar. Üstəlik bütün elm adamlarını və zamanın texnoloq mütəxəssislərini Osmanlı ərazisinə yönəldəcək¬lərinə söz verirdilər. II Sultan Əbdülhəmid isə Osmanlı imperiyasının parçalanmasına ilk yol açan sultan olmasın deyə, tarixdə lənətlənməmək üçün bu təklifi qəbul etmədi. Teodor Hertsl təkrar bu saraya dönür, amma daha sərt təpki ilə qarşılanır.

Teodor Hertsl geri dönür. O gündən başlayaraq türk dünyasının düşməninə çevrilən yəhudi lobbiləri Osmanlıya ödənəsi pulu bu imperiyanın dağılmasına xərcləyirlər.
Yəhudilər Fələstinli ərəblərdən torpaq almağa başladılar, yəni fələstinlilər öz torpaqlarını yəhudilərə çoşqa ilə satdılar. II Sultan Əbdülhəmid yəhudilərə Osmanlı ərazisində torpaq satışını qadağan etdi. Ancaq onlar ərəb kökənli, məşhur İranlı siyasətçı, anti-türk Seyid Ziyaəddin Təbatəbainin vasitəsi ilə torpaq almağa başladılar. Bu dəfə də yeni hiyləni duyan II Sultan Əbdülhəmid ümumiyyətlə xarici vətəndaşlara imperiya ərazisində torpaq satışını yasaqladı. Yəhudilərın aldığı torpaqları da müsadirə etdi. Yəhudi lobbisi son çarəni Osmanlını çökdürməkdə gördü və nəhayət buna nail oldu).

Bu aypara (Parantez) arası tarixi və gərəkli açıqlamadan sonra, dönək əsas fikrimizə.
Nəticə etibarilə, Rusiya İran rejimini qurban verməklə bir neçə istəyinə nail ola bilər.
1) Yuxarıda qeyd etdiyim kimi dünyanın fikrini Ukrayna cəbhəsindən yayındırıb, Ukraynanı müvəqqəti də olsa atəşkəsə vadar edə bilər.

2) Amerika ilə Fransanın Zəngəzurdan ayağını kəsmək üçün Azərbaycanın Zəngəzura daxil olmasına yaşıl işıq yandırması ehtimalı yüksəkdir.

3) Zəngəzur boyunda müəyyən enli ərazinin Azərbaycanın nəzarətinə keçməsindən sonra, Ermənistan Azərbaycan ordularının ön xəttində Qarabağdakı sülhməramlılarını yerləşdirəcək. Bununla da həm Güney Qafqazda qalmağa lazımi bəhanəni əldə edəcək, həm də Paşinyanı Qərbə meylli olduğuna görə gerçək anlamda tənbeh edəcək(cəzalandıracaq).

Nikol Paşinyanın “Biz Mehri Dəmir Yolunun açılışı və Azərbaycanlıların o ərazidən gediş-gəlişinin təhlükəsizliyini təmin etməyə hazırıq” deməsi də, böyük ehtimalla, yalnız bu səbəbdən ola bilər.

Sonda isə, İranın İsrail və müttəfiqləri qarşısında, gözlənilməz məğlubiyyəti ilə, parçalanmasına ciddi şərait yaranacağı ilə nəticələnə bilər. 1945-cı il sayaq, soyuq savaşla İranın bölünməsi baş verə bilər.

İsrail isə həmişəlik İranın şərindən qurtaracaq. Bunun da yolu yalnız türk dünyası ilə dostluqdan keçir. Necə ki, 2020-ci ildən bəri bunu faktiki olaraq sübut edir.


PS: Söylədiklərimizlə bağlı başqa bir yorum da var. Bu məqalənin son sətirlərini yazarkən, tanımadığım bir yazardan rastıma çıxdı. Onun da önəmli bölümünü farscadan tərcümə edib bura sərirəm.

“Qəzza Zolağının coğrafiyasına diqqət yetirsəniz görərsiniz ki, bu zolağa girməyin cəmi üç yolu var.

Bu zolağın aşağı hissəsi Misirə, qərb hissəsi isə dənizə aparır ki, bura İsrail Hərbi Dəniz Qüvvələri ciddi təhlükəsizlik tədbirləri ilə nəzarət edir. Doğu və batı hissəsi isə İsrail ilə əhatə olunub.

Bəs İran İslam Respublikasının bütün bu sursatları, raketləri və hərbi avadanlıqları Qəzza Zolağına necə daxil olub?

Bu, o deməkdir ki, Mossad yatmışdır?

Belə bir imkan varmı?

Yoxsa Misirdən gətirilir?

Əgər belədirsə, o zaman İsrail Misirə qarşı ilk ittihamları səsləndirməli idi.
Hətta HAMAS-ın İsrailə hücumundan üç gün öncə Misirin Kəşfiyyat Orqanları bölgədə şübhəli hərəkətlər barədə Mossad-a məlumat vermişdilər ki, bu da Misirin bu hücumda iştirak etməməsinin sübutu idi.

Bəs niyə Mossad belə önəmli xəbərdarlığa məhəl qoymadı və İsrail ordusu qafil olana qədər özünü yuxuya verdi?

İran islam Respublikasının silahları Mossadın xəbəri olmadan HAMAS-a necə çatdı?
Əgər bu silahlar İordan çayının qərb sahilinin sakinlərinə çatsaydı, inanmaq olardı, ancaq onlar HAMAS-a çatdıqda, bu çox şübhəli və inanılmazdır, çünki bu demək olar mümkün deyil.

Bu silahlar Rusiyanın aldığı, İsrailə təhvil verilmiş və İran İslam Respublikasınin adı altında HAMAS-a Mossad agentlərinin özlərinin çatdırdığı silahlardır.

Ayrı tərəfdən, İran İslam Respublikasındakı Mossad əməliyyatçıları, eləcə də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) agentləri HAMAS-ı hücuma başlamağa və yalandan “Müqavimət cəbhəsi sizin arxanızda olduğuna” inandırdılar. Amma bu, əslində Qəzza zolağının İsrailə təhvil verilməsi oyunu idi. Terrorçularla döyüşmək bəhanədir.

Bu bir oyundur, vəssalam.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Putin ŞƏT sammitində onunla altı dəfə danışıb

Ən çox oxunanalar