Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Damarındakı qanın səkkizdə biri türk qanıdır" – Consonun türk ailəsi: “Xaç suyuna salınma mərasimində iştirak etmişəm”

Avropada heç bir hakimiyyət rəsmisi Boris kimi İstanbul, Ankaranın bütün küçələrini addım-addım gəzməyib”

“O, Türkiyədəki ailəsi ilə əlaqəsini heç vaxt kəsmədi”

“Babamız linç edilərək öldürülüb”.

İngiltərə Baş naziri Boris Consonun türk əmisi oğlu, keçmiş səfir Səlim Kuneralp HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Türkiyənin Avropa Birliyindəki keçmiş daimi nümayəndəsi S.Kuneralp müsahibə zamanı ailəsi ilə bağlı bir çox mühüm məqamlara aydınlıq gətirib. O, həmçinin Azərbaycanla bağlı fikirlərini də ifadə edib.

Qeyd edək ki, Səlim Kuneralpın babası Əli Kamal İngiltərə Baş naziri Boris Consonun atasının babası olub. Əli Kamal iki dəfə ailə həyatı qurub. İngilis həyat yoldaşı Winifreddən olan oğlu Osmanın nəvəsi Boris Consondur. Səlim Kuneralp isə Əli Kamalın türk həyat yoldaşından olan oğlu Zəki Kuneralpın övladıdır.

-Boris Consonun ulu babası türkdür. Onun damarlarından axan qanın səkkizdə biri (1/8) türk qanıdır. Amma Boris özünü türk hesab etmir. Heç mən də onu türk hesab etmirəm. Çünki Boris heç vaxt Türkiyədə yaşamayıb, təhsil almayıb və türk dilində də danışmır. O, İngiltərə, Belçikada təhsil alıb.

Boris Conson uzaq keçmişdən gələn bir türk kökə sahibdir. Türk kökə sahib olmasını heç vaxt gizlətmir. Buna görə də çox məmnundur. Fürsət düşdükcə bunu dilə gətirir.

-Siz Boris Consonla tez-tez görüşürsünüz?

-Əlbəttə, hətta Borislə uşaqlıq illərindən bəri yaxınıq. Boris dünyaya gələn zaman biz Katolik kilsəsində onun xaç suyuna salınma (vəftiz) mərasiminə də getmişdik. Həmin vaxt atam Zəki bəy (Əli Kamalın ikinci həyat yoldaşından olan oğlu) Lononda səfir idi. Bizi də özü ilə həmin mərasimə aparmışdı.

Əvvəllər Boris Conson özü tez-tez Türkiyəyə gələrdi. O vaxtlar atam da sağ idi. Boris bizim evdə, qardaşımgildə qalardı. Boris də çox gənc idi. O, Türkiyədəki ailəsi ilə heç vaxt əlaqəsini kəsmədi.

-Boris Consonun türklərlə bağlı fikirləri necə idi?

-Boris gənclik illərində Türkiyə gəlib-getdiyi vaxtlarda türk dünyası deyilən heç nə yox idi. Yalnız Sovet İttifaqı vardı. Boris İstanbulda, Ankarada gəzərdi. O, heç vaxt özünü türk saymadı. Bunu da normal qəbul etmək lazımdır. Amerika prezidenti Cozef Baydenin ulu babası da İrlandiyadan gəlib. Amma Baydenə irlandiyalı demirik. Bayden amerikalı, bizim Boris də ingilisdir.

-Boris Consonun adı ilə bağlı bilmək istərik. Bu adı ona kim qoyub?

-Boris Consonun atası Stenlinin Amerikada olan zaman bir rus müəllimi olub. Onu çox sevərmiş. Oğluna da həmin müəlliminin adını qoyub. Yəni, Boris adının tarixcəsi belədir.

Qeyd edim ki, onlar ailədə 6 uşaqdır. Ən böyükləri Borisdir. Borisin bacısı Rachelin digər adı Sabihadır. Mənim nənəmin adı da Sabihadır (Əli Kamalın ikinci həyat yoldaşı). Borisin atası Stenli də gənc ikən Türkiyəyə tez-tez gələrdi. Nənəm Sabiha da onu “nəvəm” deyib əzizlərdi. Buna görə də Stenli qızı dünyaya gələndə ona Sabiha adını qoydu. Boris Consonun bacısı Rachel Sabiha Conson adını daşıyır.

-İngiltərə baş naziri Boris Conson bir neçə gün öncə Ukrayna prezidenti Zelenski ilə danışıqlar aparmaq və Ukraynaya dəstək nümayişi üçün Kiyevə səfər etdi. Consonun Ukrayna ziyarətini siz necə dəyərləndirirsiniz?

-Borisin müharibə vaxtı Ukraynaya getməsi, Zelenski ilə birlikdə küçədə gəzməsi bir cəsarət nümayişi oldu. Məncə Borisin bu ziyarəti çox doğru addım idi. O, Ukraynadakı müharibəyə qarşı olduğunu bütün dünyaya göstərdi.

-Boris Consonun türk babası Əli Kamal bəylə bağlı fikirləri necədir?

-Boris ailəsinin bütün tarixi keçmişini bilir. Amma Əli Kamal bəylə bağlı şəxsi düşüncəsini bilmirəm.


(Rachel Sabiha Conson türk ailəsi ilə birlikdə)

-Babanız Əli Kamalın həyatı, fəaliyyəti və Mustafa Kamal Paşanın rəhbərliyində başlayan Qurtuluş savaşına qarşı olduğu üçün xüsusi amansızlıqla öldürülməsi ilə bağlı yazılanlar barədə nə deyə bilərsiniz? Bütün bunlar doğrudurmu?Atanız Zəki bəy sizə bu barədə nə danışıb?

-Bəli, doğrudur. Hadisə hər kəsə məlumdur. Əli Kamal bəy İstanbulda həbs olunub. Ankaraya mühakimə olunmağa aparılarkən İzmitin “komutanı” Nürəddin paşa ölkə rəhbərinə özünü xoş göstərmək istəyib. Çünki, Qurtuluş savaşında onun performası da yüksək olmayıb. İzmirdəki yanğına görə də onun fəaliyyəti müzakirə edilirdi. Bütün bunlara görə Atatürk onu sevməyib. Nürəddin paşa Atatürkün gözünə girmək üçün babam Əli Kamalı linç etdirib.


(Boris Consonun atası Stenli Conson və Səlim Kuneralp)

-Babanız Əli Kamalın linç edilərək öldürülməsi ilə bağlı sizin fikriniz necədir?

-Təbii ki, bu xoş bir hal deyil. Daha sonralar isə Atatürk və İsmət İnönü də bu halı qəbul etmədiklərini bildiriblər. Nə Atatürk, nə də İnönü babam Əli Kamalın linç edilərək öldürməsinin tərəfdarı olmadıqdalarını dəfələrlə qeyd ediblər. Onlar Nürəddin paşanı da haqlı görməyiblər. Hətta Nürəddin paşanı vəzifəsindən azad ediblər. Atatürkün nitqində də Nürəddin paşa ilə bağlı bir çox mənfi məqamlar qeyd olunub.

-Əli Kamalın məzarı varmı?

-Xeyr. Məzarı yoxdur.

-Babanız Əli Kamalı “ingilis agenti”, “xain” kimi təqdim edirlər…

-Bu sonrakı dövrlərə təsadüf edir. Türkiyədə “ulusalçı” meyillər qüvvətləndikcə babamı da “xain” görənlərin sayı artdı. Əvvəllər Jurnalistlər Dərnəyinə gedərdik. Orada şəhid jurnalistlərin sırasında babamın şəkili də vardı. “Ulusalçı” və “Avrasiyaçı” jurnalistlər babamın şəklini oradan götürdülər.


(Stenli Conson, Səlim Kuneralp və ailə üzvləri)

-Babanız Əli Kamalın həyatı, tutduğu yol sizə, atanıza necə təsir etdi. Əngəl olmadı ki?

-Bu, bizə heç vaxt əngəl olmadı. Babam Əli Kamal öldürülən zaman atam Zeki Kuneralp çox kiçik olub. Buna görə də atamın onunla bağlı canlı xatirələri yoxdur. Atam təqaüdə çıxdıqdan sonra atası ilə bağlı qəzetlərdə çıxan bütün məqalələri topladı, kitab çıxardı ki, hər kəs həqiqətləri bilsin.

-Atanız Zeki Kuneralp Türkiyənin İspaniyada səfiri işləyən zaman ailənizin ermənilərin ASALA terror təşkilatının hücumuna məruz qalması ilə bağlı nəyi açıqlamaq istərsiniz?

-Həmin terror hadisələri zamanı anam da (Necla Kuneralp) daxil olmaqla xeyli insan şəhid oldu. Türk səfirlər, ailələri, övladları, hətta bir səfirin 19 yaşlı oğlu da şəhid oldu. Bu, məncə Sovet İttifaqının bir manipulyasiyası idi. Bu terror hadisəsini də Sovet İttifaqı törətdi. ASALA özbaşına yaranmadı. Ruslar Türkiyəni qarışdırmaq üçün belə bir təşkilat qurdular. Sovet İttifaqı çökdükdən sonra bu fəaliyyət də başa çatdı. Yəni ASALA da yox oldu. Mənim fikrimcə, bunu Sovetlər təşkil edib. Soyuq müharibənin bir hissəsi idi və Türkiyəni zəiflətmək üçün yaradılmışdı.

-Cənubi Qafqazda, Qarabağdakı sülhlə bağlı nə deyə bilərsiniz? Bu sülh daimi olacaq?

–Mən Rusiyaya görə bölgədə daimi sabitlik hökm sürəcəyinə inanmıram. Çünki Rusiya heç vaxt Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin barışması ilə razılaşmayacaq, bu dövlətlərin birlikdə dünyaya inteqrasiya etmələrinə qarşı çıxacaq. Ötən həftə İlham Əliyev və Nikol Paşinyan Brüsseldə görüşdülər. Ümumilikdə onların Brüsselə getmələri çox yaxşı addımdır. Bu, hər iki ölkənin Rusiyanın təsirindən xilas olmaq istədiklərini göstərir. Gələcəyə nəzər salsaq görə bilərik ki, hər şey Ukrayna-Rusiya müharibəsinin nəticəsindən aslıdır. Hamımızın ümid etdiyi kimi Rusiya məğlub olarsa, oradakı mövcud hakimiyyət dəyişərsə, dünyaya açıq bir rejim iqtidara gələrsə o zaman Qafqaz regionunda da daimi sülh rejimi hökm sürə bilər. Amma Putin müharibədə zəfər qazansa hər şey əvvəlki kimi olar. Və həm Azərbaycan, Gürcüstan, xüsusi ilə Ermənistanın üzərində Rusiyanın hegemonluğu artar, mövcud vəziyyət dəyişməz olaraq qalar.


(Boris Conson türk ailəsi ilə birlikdə)

-Bəs Türkiyə-Azərbaycan əlaqələri daha da möhkəmlənərsə?

-Yenə də Türkiyə də, Azərbaycan da Rusiyaya qarşı sərt tədbirlər görməkdən çəkinər. Putin hələ də hakimiyyətdədir. Və onun nə edəcəyi məlum deyil. Ukrayna müharibəsi zamanı buna yenidən şahid olduq.

-Ukrayna-Rusiya müharibəsinin sonunu necə görürsünüz?

-Ümid edirəm ki, Ukrayna zəfər çalacaq. Amma mənim ümid etməyim kifayət deyil. Dəqiq bir şey demək mümkün deyil.

-Baş nazir Boris Consonun sizin dediyiniz kimi “damarında səkkizdə bir türk qanı daşıması” Türkiyə-İngiltərə münasibətlərinə necə təsir edir?

-Boris Türkiyəyə hörmətlə yanaşır. O, Türkiyəni çox yaxşı tanıyır. Qeyd edim ki, avropada heç bir hakimiyyət rəsmisi Boris kimi İstanbul, Ankaranın bütün küçələrini addım-addım gəzməyib. Borisin Türkiyəyə qarşı xüsusi bir simpatiyası var. Amma heç vaxt unutmamalıyıq ki, o, İngiltərənin baş naziridir, vəzifəsi də ölkəsinin maraqlarını müdafiə etməkdir. Onun İngiltərənin maraqlarının əksinə bir hərəkət etməsi qətiyyən mümkün deyil.

Hətta o, əvvəllər belə bir populist ifadə də işlətmişdi. Demişdi ki, “Türkiyə Avropa Birliyinə qəbul edilərsə bütün türklər İngiltərəyə köçəcəklər”. Onun həmin fikirləri burada da çox tənqid edildi. Sonrakı illərdə Boris dedi ki, “mən belə demək istəməmişdim, fikrimi yalnış ifadə etmişəm” və s. Mən isə bunu yaxşı xatırlayıram. Həmin vaxt Brüsseldə idim. Hətta atası Stenli ilə görüşən zaman dedim ki, Borisin bu fikirlərini qəbul etmirəm və s. Bundan sonra Boris həmin fikirlərini düzəltməyə, unutdurmağa çalışdı. Buna görə də deyirəm ki, Borisin əsas vəzifəsi İngiltərənin mənfəətini müdafiə etməkdir. Borisin atası Stenli Conson daha çox türk qanı daşıyır. Çünki, o, türk babasına daha yaxındır.

-Boris Conson necə bir siyasətçidir?

-İngiltərənin baş naziri olmaq heç də asan məsələ deyil. Bu böyük bir uğurdur. Amma o, əlindəki şansları yaxşı istifadə edə bilmir. Böyük xətalara da yol verdi. Covid-19 virusu ilə bağlı məhdudiyyətləri pozdu və cəzasını da aldı. Təbii ki, İngiltərə elə bir ölkədir ki, polis baş naziri də qanunsuz hərəkətinə görə cəzalandıra bilir. Amma bizim ölkələrdə bu mümkün deyil… Tarixdə ilk dəfə olaraq bir ingilis baş naziri polis tərəfindən cəzalandırıldı. Bir çoxları hətta onu istefaya səslədi. Amma hazırda onun elə də güclü rəqibləri də yoxdur. Təbii ki, İngiltərə demokratik bir ölkədir. Orada hər şey seçki ilə olur. 2024-cü ildə seçiklər olacaq. Hər şey seçkilərin nəticəsindən aslıdır.

-Sonda Azərbaycanla bağlı nə demək istərsiniz?

-Heç vaxt Azərbaycanı ziyarət etməmişəm. Fürsət olarsa Bakını ziyarət etmək istəyirəm. Salam və sevgilərimi göndərirəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Bakıda ata və onun azyaşlı oğlunu avtomobil vurub

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Ən çox oxunanalar