Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi şərhçi: “Putin Qərbin istəyini gerçəkləşdirdi”

Deputat: “Müharibə təhlükəsi kifayət qədər böyükdür”

Rusiya Abxaziya və Osetiyanı tanıyıb, ardınca da Nikaraqua, Suriya, Əl-Hamas da bu separatçı qurumları tanıyıb. Nə dəyişib, Rusiyanın hörməti artıb, yoxsa separatçı qurumlarda yaşayan insanların rifah səviyyəsi?”

Siyasi şərhçi Zərdüşt Əlizadə Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanımasını Meydan TV-yə şərh edərkən belə deyib.

Zərdüşt Əlizadə deyir ki, Cənubi Osetiyada və Abxaziyada vətəndaş cəmiyyətinin nümayəndələri ilə daim təmasda olur: “Onlar mənə insanların sosial vəziyyətinin fəlakətli olduğunu yazırlar. Elə Rusiyanın özündə də xalq ağır sosial durumdan əziyyət çəkir”.

“Putinin ətrafında oğrulardır”

Politoloqun sözlərinə görə, Putin son addımı ilə Ukrayna xalqının nifrətindən başqa heç nə qazanmadı:

“Qərb istəyirdi ki, Rusiya müttəfiqsiz qalsın və ətraf xalqlar bu ölkəyə nifrət etsin. Putin də bunu gerçəkləşdirdi. Ağıllı dövlət başçısı dost, müttəfiq qazanar, Putin isə düşmən və nifrət qazanır.

Putin dünən özünü dövlət başçısı kimi yox, “küçə uşağı” kimi apardı. Onun çıxışında, sovet rəhbərləri haqda dediklərində qeyri-adi heç nə yoxdur. Çünki Putinin ətrafında oğrulardır. Nəzərə alın ki, bu oğruların hesabına Rusiya tənəzzül içindədir”.

“Dövlətin gücü qızıl və valyuta ehtiyatları ilə ölçülmür. Elmi və xalqının rifah yaşamıyla ölçülür. Rus xalqı isə çox pis yaşayır və Putinin qərarında heç bir uğur yoxdur. Bəli, Stalindən qalma nüvə silahı var, onun hesabına Rusiyaya toxunmurlar”, – Əlizadə belə deyib.

Rusiya ilə düşmən olmamalıyıq, çünki həll edilməmiş Qarabağ problemimiz var”

Z.Əlizadə hesab edir ki, indiki şəraitdə Azərbaycan təhlükəsizlik naminə Rusiya ilə normal və yaxın münasibətlər saxlamalıdır:

“Biz beynəlxalq miqyasda Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, vəssəlam. Lazım olsa, maliyyə yardımı da edərik. Amma Rusiyayla düşmən olmamalıyıq, çünki həll edilməmiş Qarabağ problemimiz var. İndi Azərbaycanın təcavüzkar qonşusu var. Belə şəraitdə Rusiyayla müttəfiqlik sazişini dəstəkləyirəm. Türkiyəylə olduğu kimi, imkan olsa, İranla da belə saziş imzalanmalıdır. Yəni biz təhlükəsizliyimizi təmin etməliyik. Məsələ ondadır ki, Azərbaycanın təhlükəsizliyinə əsas zərbə xaricdən yox, səmərəsiz, qanunsuz, ədalətsiz idarəetmədən və korrupsiyadan gəlir”.

“Ukrayna hərbi cəhətdən güclənir”

YAP-çı deputat Elman Nəsirov Putinin məlum qərarının regionda və dünyada çox ciddi təsir imkanına malik olduğu qənaətindədir:

“Bu, o deməkdir ki, Luqansk və Donetskidə Rusiya silahlı qüvvələri yerləşdiriləcək. Əvvəl Moskva deyirdi ki, bu bölgələrdə rus qoşunları yoxdur, olanlar da özünü müdafiə dəstələridir. Amma dünən hər iki “respublika” ilə dostluq və qarşılıqlı yardım müqavilələri imzalandı. Bununla Ukraynanın Luqansk və Donetskiyə qarşı hər hansı addımı Rusiya əleyhinə kimi qəbul olunur. Faktiki olaraq, bu, Rusiyayla müharibə anlamına gəlir. Yəni dünənki müqavilə vəziyyəti xeyli kritik həddə çatdırır”.

“Hazırda müharibə təhlükəsi kifayət qədər böyükdür. Nəzərə alın ki, hər iki tərəf ciddi şəkildə müharibəyə hazırlaşır, gecə-gündüz Qərb ölkələrindən Ukraynaya silahlar gəlir, ölkə hərbi cəhətdən güclənir. Bunlar sərgi üçün deyil. Rusiya silahlı qüvvələri də artıq Donetsk və Luqanskiyə legitim əsasda daxil olacaq və bu proses getməkdədir”, – deyə o vurğulayıb.

“Total sanksiyalar Rusiyanın Ukraynaya qoşun yeridəcəyi təqdirdə ola bilər”

Elman Nəsirovun sözlərinə görə, indiki halda Qərbin reaksiyası sanksiyalarla müşahidə olunacaq:

“Amma bu, total sanksiyaları özündə ehtiva etməyəcək. Bu, mənim subyektiv fikrimdir. Total sanksiyalar Rusiyanın Ukraynaya qoşun yeridəcəyi təqdirdə ola bilər. Dünya praktikası göstərir ki, sanksiyalar heç də lazımı hədəflərə gətirmir. Konkret olaraq, ABŞ və müttəfiqləri İrana qarşı 30 ilə yaxındır ki, sanksiyalar tətbiq edir, amma ciddi hədəflərlə gətirib çıxarmayıb. Məlum olur ki, sanksiya rejimi təsiredici olmayıb və bir çox hallarda hansı sahəyə sanksiya tətbiq olunursa, sanki ikinci nəfəs açılır, inkişaf başlayır”.

Deputat çıxış yolu kimi diplomatiyanı görür:

“Elə etmək lazımdır ki, tərəflər bir-birinə münasibətdə qarşılıqlı güzəşt əldə etsinlər. Məsələn, NATO deyir ki, bu gün Ukraynanı qəbul etmək niyyətində deyillər. Amma Rusiya başçısı da deyir ki, bugün etmirsiniz, bəs sabah? Yəni Putin Qərbdən yazılı şəkildə Ukraynanı NATO-ya qəbul etməyəcəyi barədə sənəd istəyir. Həm də təhlükəsizliyin bölünməzliyi prinsipi belədir. Bunlar olmayacağı təqdirdə, Kreml başçısı sona qədər mübarizə aparacağını deyir. Bu prosesdə onu da əlavə edir ki, NATO Rusiyadan qat-qat güclüdür, amma nüvə dövləti olduğunu da ifadə edir”.

Rusiya Kiyevə qarşı əlindəki son basqı alətini də itirdi”

Azərbaycanın mövcud gedişatda hansı mövqe tutmasına gəlincə, Nəsirov Prezident İlham Əliyevin Rusiya səfərini xatırladıb.

O deyr ki,  yanvarın 14-də də ölkə başçısı Ukraynaya da səfər etmişdi:

“Bizim hər iki ölkəylə münasibətlərimiz strateji tərəfdaşlıq çərçivəsindədir. Bu gündən isə Rusiya ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə çatacaq. İstisna deyil ki, Azərbaycan dövlət başçısı Ukrayna-Rusiya münasibətləri fonunda vasitəçilik missiyasını da qoya bilər. Azərbaycan Türkiyəylə çox qəliz, mürəkkəb situasiyadan çıxış yollarının atpılması istiqamətində addımlar ata bilər. Erməni separatçıları indiki vəziyyətdən çox ruhlanmasınlar. Artıq Bakı-Moskva münasibətləri elə bir səviyyəyə qalxır ki, onların Rusiya güvəni, yeni iddia ortaya qoymaq potensiyalı sıfra enir. Yaxın zamanlarda biz postmünaqişə dövrü üçün yeni tənzimləmələrin şahidi olacağıq”.

Rusiya Kiyevə qarşı əlindəki son basqı alətini də itirdi”

Siyasi icmalçı Şahin Cəfərli Putinin 21 fevral müraciəti isterik qərar sayır.

Onun fikrincə, ABŞNATO-ya bütün dünyanın gözü önündə ünvanladığı ultimativ şərtlər rədd edildikdən sonra Rusiyanın gücü ona çatdı ki, Ukraynanın şərqindəki 8 illik işğalını və oradakı hərbi mövcudluğunu rəsmiləşdirsin:

Moskva ötən müddət ərzində oyuncaq respublikaları Ukraynanın tərkibinə daxil etmək üçün çox çalışdı: A planı bu yolla Ukraynanı federallaşdırmaq və onu öz nüfuz dairəsində saxlamaq idi. Ukrayna hökumətləri ardıcıl təzyiqlərə rəğmən, bu təhlükəli ssenarini rədd etdilər. Tanıma qərarı Rusiyanın B planı idi. Bu qərarla “Minsk prosesi” bitdi və artıq Ukraynanın üzərində o razılaşmalardan irəli gələn hər hansı öhdəlik yoxdur. Rusiya bununla Kiyevə qarşı əlindəki son basqı alətini də itirdi. Bundan sonra heç bir ordu ilə Ukraynanı tabe etdirə bilməyəcək. Ukrayna hökumətinin ölkə daxilində Moskvaya bağlı “5-ci kolon”u tamamilə əzmək üçün də əli-qolu açılmış oldu”.


Siyasi şərhçi qeyd edir ki, gələcəkdə rus tarixçiləri qardaş sydıqları xalqı Rusiyaya düşmən edən Putin haqqında müsbət şeylər yazmayacaq:

“2014-cü ilə qədər avroatlantik inteqrasiya yalnız Ukraynanın qərbində dəstəklənirdi, ölkə 2 əks siyasi-mədəni qütbdən ibarət idi və Ukrayna milli identikliyi formalaşmamışdı. Həm də rus dili əsas ünsiyyət vasitəsi idi. NATO üzvlüyünə dəstək 25%-i ötmürdü. Ukraynanın həm də neytral dövlət statusu var idi. Putin 2014-cü ildə qardaş xalqa savaş açıb, onun ərazilərini qoparmağa başlamaqla Ukraynada Rusiyanın yumşaq gücünü sarsıdıb, hər şeyi tərsinə çevirdi: xarici işğal millətçiliyə təkan verdi. Ukrayna milli identikliyi oturuşmağa və ölkənin şərqi ilə qərbinin düşüncə sistemindəki fərqlər aradan qalxmağa başladı. Putinin sayəsində vahid Ukrayna xalqı formalaşır”.

“Bu gün ölkə üzrə NATO üzvlüyünə dəstək 65%-ə çatıb. Şərq vilayətlərində belə AB üzvlüyünə dəstək 50%-i ötüb, NATO üzvlüyünə dəstək 40% civarındadır. Putin həm də NATO-ya ikinci nəfəs verdi. Avropanın şərqindən ittifaqın və ABŞ-ın hərbi qüvvələrinin çıxarılmasını tələb etdiyi məqamda bu qüvvələrin artırılması ilə üzləşdi. Üzünü Asiyaya çevirmiş ABŞ-ı təkrar Avropa işlərinin tam mərkəzinə qaytardı”, – deyə Cəfərli yazıb.

O deyir ki, postsovet məkanında Ukraynasız yeni imperiya quruculuğu praktik əhəmiyyət daşımayacaq: “Dərin demoqrafik çuxura düşmüş, əhalisi, əmək resursları sürətlə əriyən, xroniki sosial-iqtisadi böhran yaşayan, müasir dünyadan təcrid olunan Putin Rusiyasının inkişaf perspektivi yoxdur. Putin III İvan olmaq iddiası ilə yola çıxdı, II Nikolay olmaq yolundadır”.

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasının (LXR) müstəqilliyini tanıdığını elan edib.

Rusiya dövlət başçısı Ukraynanın Rusiya tərəfindən yaradıldığı və Lenini bu ölkənin “müəllifi və qurucusu” adlandırıb.(meydan.tv)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Ən çox oxunanalar