Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda rus məktəblərinin sayı artır - Bunda siyasi səbəblər var?..

Rus dilinin yenidən Bakıda əsas ünsiyyət dillərindən birinə çevrilməsini hansı sosial-siyasi və mədəni səbəblərlə izah etmək olar?..

Natiq Cəfərli: “Doğrudan da son zamanlar rus bölməsində təhsil alan şagirdlərin sayı artıb. Ən azından rus dilinin Bakıda yenidən dominantlığı qayıtmaq, ya qaytarmaq cəhdləri var”.

Kamran Əsədov: “Rus dilində təhsilə dəb kimiyanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil”

Elçin Bayramlı: “Rus məktəblərinin sayının sürətlə artması dezinformasiyadır, əksinə son dövrlərdə azalıb”.

Azərbaycanda rus məktəblərinin sayının sürətlə artması yenidən ictimai müzakirə obyektidir. Eyni zamanda rus məktəbləri siyasətçilərin də gendəminə oturub və siyasətçilərin müzakirə obyektinə çevrilir. Azərbaycan prezidentinin son Soçi görüşü zamanı Rusiya prezidenti Vladimir Putinin Bakıda məktəblərin 35%-nin rus dillli olması ilə bağlı İlham Əliyevə təşəkkür ifadə edən sözlərindən sonra isə rus dilinin Azərbaycandakı statusu yeni müzakirələrə səbə olub. Putinin sözlərindən çıxış edərək bəzi siyasətçilər iddia edirlər ki, Bakıdakı əhalinin 35%-i rus dilli əhaliyə çevrilib. Onlara görə bu faktor milli təhlükəsizliyimiz üçün əsas problemlərdən birinə çevrilir. Çünki rus dilində düşünüb daşınanlar Azərbaycan mədəni mühitindən çıxaraq rus mədəni mühitinin təmsilçilərinə çevrilirlər və onlara da bu məsələdə haqq verməmək mümkün deyil.

30 illk müstəqillik dönəmindən sonra rus dilinin yenidən Bakıda əsas ünsiyyət dillərindən birinə çevrilməsini hansı sosial-siyasi və mədəni səbəblərlə izah etmək olar? Hansı səbəbdən Bakıda rus dili son illər bu qədər aktuallaşmaqdadır və bu aktuallaşmanın arxasında siyasi hakimiyyətin rolu hansı səviyyədədir?

Mövzunu PİA.az-ın əməkdaşı ReAlın icraçı katibi Natiq Cəfərli, təhsil eksperti Kamran Əsədov və sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Natiq Cəfərli: “İnsanların bir qismi gələcəkdə Azərbaycanda yaşamağı düşünmürlər və buradan köçməyi düşünürlər. Ona görə də uşaqlarına rus dilində təhsil verirlər. O cümlədən ingilis dilində də uşağına təhsil verən valideynlər də belə düşünür”.

Rus dilinə meyilliyin səbəbi araşdırılsa, kifayət qədər maraqlı məsələlərin üzə çıxacağını dünən ReAl Pariyasının icraçı katibi Natiq Cəfərli PİA.az-a bildirib ki, bu məsələrin üzə çıxmasına görə də müəyyən tədbirlərin yaranmasına ehtiyac yaran bilər:

“Bu şaxəli araşdırılmalı bir məsələdir. Təəssüf ki, bu məsələ ilə bağlı elmi yanaçma, geniş araşdırmalar görmürük. Çox zaman sosial şəbəkələr üzərində bu məsələ ilə bağlı paylaşılanlar olur. Doğrudan da son zamanlar rus bölməsində təhsil alan şagirdlərin sayı artıb. Ən azından rus dilinin Bakıda yenidən dominantlığı qayıtmaq, ya qaytarmaq cəhdləri var. Amma bunun səbəblərinin nədən ibarət olması haqqında ciddi araşdırmalar yoxdur.

Düşünürəm ki, ilkin növbədə Azərbaycan dilindən fəqli olaraq rus dilində internetdə təhsillə və başqa maraqlı mövzularla bağlı məlumatlar çoxdur. Rus dilinin çoxluq təşkil etməsinin səbəblərindən biri budur. Valideynlər düşünərlər ki, daha çox məlumata, daha çox videomateriallara çatmaq üçün uşaqlarının rus sektorunda təhsil alması daha məntiqli olardı.

Başqa qrup insanlar isə düşünürlər ki, Azərbaycandan köçəndə uşaq ən azı rus dilini bilsin. Yəni uşağın postsovet məkanında gələcəkdə hansısa iş tapması üçün bazasının yaranmasını istəyirlər. Buradan doğan başqa sullar da var. Deməli insanların bir qismi gələcəkdə Azərbaycanda yaşamağı düşünmürlər və buradan köçməyi düşünürlər. Ona görə də uşaqlarına rus dilində təhsil verirlər. O cümlədən ingilis dilində də uşağına təhsil verən valideynlər də belə düşünür.

Başqa məsələ isə Azərbaycan elitasının rus dilli olmasıdı. Sanki rus dilli olmaq bir elitarlıq əlamətinə çevrilib. Bunun da təsirləri var.

Bütün bu səbəblər birləşəndə və nəticə də üzərinə gələndə nəticə olaraq Azərbaycanda rus dili məktəblərin sayının artmasının, rus dilinin yenidən ünsiyyət vasitəsinə çevrilməsinin şahidi oluruq.

Natiq Cəfərli: “Əgər gələcəkdə hər iki dildə təhsilin keyfiyyəti eyni olacaqsa, dövlət dilində təhsil pulsuz, istənilən xarici dildə isə təhsil pullu ola bilər. Bu da məsələlərin müəyən dərəcədə tənzimlənməsində rol oynaya bilər”.

Bir daha qeyd edim ki, siyasi elitanın özü rus dillidir. Yəni prezidentin ailəsinin şeirləri rus dilində yazmağı, çıxışlarında rus dilində üstünlük vermələri var. Bunun da təbii ki, təsirləri var.

Mən bu məsələnin radikal müzakirəsinin əleyhinəyəm. Yəni rus dilli məktəblərin olub-olmamasından daha çox yaxşı keyfiyyətli təhsilin olub-olmaması bizi maraqlandırmalıdır. Təbii ki, Azərbaycanın dövlət dili bütün vətəndaşlar tərəfindən öyrənilməlidir. Həmçinin ana dilində məktəblərdə, universitetlərdə yaxşı təhsil verilməlidir.

Düşünürəm ki, rus dilinə meyilliyin səbəbi araşdırılsa, kifayət qədər maraqlı məsələlər üzə çıxa bilər. Bu məsələrin üzə çıxmasına görə də müəyyən tədbirlərin yaranmasına ehtiyac yaran bilər. Əgər gələcəkdə hər iki dildə təhsilin keyfiyyəti eyni olacaqsa, dövlət dilində təhsil pulsuz, istənilən xarici dildə isə təhsil pullu ola bilər. Bu da məsələlərin müəyən dərəcədə tənzimlənməsində rol oynaya bilər”.

Kamran Əsədov: “Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var”.

Rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəli olduğunu düşünən təhsil eksperti PİA.az-a mövzunu şərh edərkən sual verib ki, əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Ekspertə görə ilk növbədə istər dərsliklərin, istərsə də dərs proqramının keyfiyyəti qaldırılmalıdır:

“Qeyd edim ki, rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə Azərbaycan dilində tədrisin səviyyəsi yüksəldilməlidir.

Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar.

Bir faktı deyim ki, hal hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32% —i deməkdir.

Bunlarla yanaşı ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı: Azərbaycan bölməsi üzrə respublika üzrə 1.428.608 nəfər şagird, rus bölməsində 131.412 nəfər, gürcü dili bölməsi üzrə 1.114 nəfər, ingilis dili bölməsi üzrə 5.457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır. Ümumilikdə respublika ümumtəhsil məktəblərində 1.567.016 nəfər şagird qeydə alınmışdır. Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir.

Rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir. Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir.

Kamran Əsədov: “Rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər”.

Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur.

İlk öncə öz rəyimi bildirəcəm. Son 70 ildə Rus dilinin önəmliyi olduqca yüksək idi, bu danılmazdır. Mütəxəssislərimizin bir qismi rusca daha rahatdır nəinki Azərbaycan dilində. Təhsil sistemimizdə Rus dilinin oynadıǧı rol böyük idi. Nəyə isə nail olmaq üçün gərək rusca səlis danışasan, varlı qohumun yaxud da xüsusi qabiliyyətin yoxdursa, karyerada irəli getmək həmişə çətin olub.

Hər bir insan nə qədər cox dil bilirsə bir o qədər de onun ucun yaxşıdır.O ki,qaldi rus dilinə, gəlin yaddan çixartmayaq ki,dünyanin quru ərazisinin 6/1 hissəsinin insanlari bu dildə danişırlar. Bu dildə həddindən artiq informsiyalar vardir. Bu bizim üçün böyük bir informasiya məkanıdir və bunun nəyi pisdir ki?

Ancaq o da var ki, MDB məkanında rus dili öz əhəmiyyətini tədricən itirməkdədir. Misal üçün 2017- ci ildə Kiyevdə rus dilində baza təhsilini qadağan etdilər, ötən ildən isə bu bütün ölkəyə şamil olundu. Baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar.

Kamran Əsədov: “Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, son illərdə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 5.24% artıb”.

Amma qeyd edim ki, rus dilini bilmək şagirdə böyük imkanlarından istifadə etməyə imkan verir, yarıboş və heç bir xarici dil bilməyən isə sadəcə hansısa yarımçıq bilgilərin sahibinə çevrilir.
Ona görə də tam vətəndaş yetişdirmək üçün rus bölməsinə, bu bölmədə təhsilə ehtiyac var.
Son ildə ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 91.25%-i Azərbaycan, 8.75%-i isə rus bölməsinin abituriyentləri olmuşdur.

Qeyd edim ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 71.23, maksimum 92.57%-ni, rus bölməsinin abituriyentləri isə minimum 7.43, maksimum 28.77%-ni tuta bilərdilər. Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsindədaha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.

Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, son illərdə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 5.24% artıb. Bununla belə qeyd etmək lazımdır ki, cari ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 21.25%-ni təşkil etmişdir. Bu göstərici 2018-ci ildə 21.44%, 2017-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.87% olduğu halda, 2013-cü ildə 56.18% olmuşdu. 2013-cü illə müqayisədə son altı ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur”.

Elçin Bayramlı: “Kim uşağını hansı dildə istəyir o dildə də oxudur və elm öyrədir. Hakimiyyət də buna mane olmur və ola da bilməz”.

Beynəlxalq dillərdə təhsilin əleyhinə olanları konkret olaraq bu xalqın və bu ölkənin ən qəddar düşmənləri hesab edən sosioloq PİA.az-a açıqlamasında vurğulayıb ki, onlar ölkəmizin və xalqımızın geridə qalmasını, elmə, texnologiyaya, dünya mədəniyyətinə yiyələnməsinin qarşısını almağa çalışırlar:

Bakıda əhalinin 35 faiz rusdilliyə çevrilib? Bunu kim hesablayıb? Heç 5 faiz də olmaz. Azərbaycanda 200 minə yaxın rus və slavyan xalqları yaşayır və onlar təbii ki rusdillidir. Bu da normal haldır. Bakıda və bütün ölkədə ünsiyyət dili Azərbaycan dilidir. Sadəcə rus dili bilənlər az deyil. Daha doğrusu əvvəlki dövrlərlə müqayisədə azdır.

Rus məktəblərinin sayının sürətlə artması dezinformasiyadır, əksinə son dövrlərdə azalıb. Ümumiyyətlə rus məktəbi deyilən bir şey yoxdur. Azərbaycan məktəbləridir, sadəcə çox az bir hissəsində əlavə rus sektoru da var. Məktəblilərin ümumi sayında isə rus sektorunun payı 5 faiz ola ya olmaya.

Siyasi hakimiyyətin bura nə dəxli var? Kim uşağını hansı dildə istəyir o dildə də oxudur və elm öyrədir. Hakimiyyət də buna mane olmur və ola da bilməz. Çünki bizdə demokratik ölkədir.
Ölkədə müxtəlif dillərdə məktəblər var, rus, gürcü, ərəb, ingilis, fransız və s.

Elçin Bayramlı: “Onlar həm də istəyirlər ki, kasıb əhali uşağına beynəlxalq dillərdən birində təhsil verə bilməsin. Ancaq imkanlı şəxslərin uşağı beynəlxalq dillərdə pullu təhsil alsın və gələcəkdə böyük vəzifələrdə işləsinlər, güclü mütəxəssis olsunlar, kasıbların uşağı isə fəhləlikdən o yana gedə bilməsin”.

Azərbaycanda təhsildə 100 ildir ki, rus sektoru var və bəziləri uşaqlarını bu sektorda oxudurlar. Bundan tam haqlıdırlar. Çünki rus dili BMT-nin və dünyanın 6 beynəlxalq dilindən biridir, zəngin, elm, texnologiya, mədəniyyət, ədəbiyyat dilidir. Üstəlik, 200 ildir ki, bizim regionda əsas beynəlxalq dildir. Azərbaycanın istisnasız olaraq bütün dahi şəxsləri, alimləri, böyük siyasətçiləri, mütəxəssisləri, mədəniyyət xadimləri rus dilində təhsil alanlardır ya da rus dilini və ya digər beynəlxalq dilləri dərindən bilənlərdir.

Aralarında son illərdə ingilis, fransız dilində təhsil alanlara da rast gəlmək olur. Buradan aydın şəkildə görünür ki, beynəlxalq dillərdə elm və təhsil əldə etməyən xalqın gələcəyi ola bilməz. Heç kim mənə beynəlxalq dillərdən birini dərindən bilməyən bircə nəfər belə alim, texnoloq və ya böyük mədəniyyət xadimi göstərə bilməz.

Elçin Bayramlı: “Mən arzu, daha doğrusu tələb edərdim ki, digər 5 beynəlxalq dildə də (ingilis, çin, ispan, ərəb, fransız) pulsuz təhsil olsun. Əks halda biz Afrika ölkəsinə çevrilərik”.

Biz kiçik ölkəyik, bizim dilimizdə demək olar ki, heç bir elm, mədəniyyət və ədəbiyyat yoxdur. Bu tək bizim deyil bütün kiçik ölkələrin məsələsidir. Ona görə də, biz inkişaf etmək istəyiriksə, beynəlxalq dillərdə mütləq təhsil və elm əldə etməliyik. Mən arzu, daha doğrusu tələb edərdim ki, digər 5 beynəlxalq dildə də (ingilis, çin, ispan, ərəb, fransız) pulsuz təhsil olsun. Əks halda biz Afrika ölkəsinə çevrilərik.

Beynəlxalq dillərdə təhsilin əleyhinə olanlar konkret olaraq bu xalqın və bu ölkənin ən qəddar düşmənləridir. Onlar ölkəmizin və xalqımızın geridə qalmasını, elmə, texnologiyaya, dünya mədəniyyətinə yiyələnməsinin qarşısını almağa çalışırlar və dəqiq əminəm ki, bu xarici mərkəzlərin sifarişi ilə edirlər. Onlar həm də istəyirlər ki, kasıb əhali uşağına beynəlxalq dillərdən birində təhsil verə bilməsin. Ancaq imkanlı şəxslərin uşağı beynəlxalq dillərdə pullu təhsil alsın və gələcəkdə böyük vəzifələrdə işləsinlər, güclü mütəxəssis olsunlar, kasıbların uşağı isə fəhləlikdən o yana gedə bilməsin. Bu şəxslər ifşa edilməli, həm dövlət, həm cəmiyyət tərəfindən zərərsizləşdirilməli­­dir”.

Nərminə UMUDLU
pia.az
·


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay