Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden ABŞ və digər ölkələr arasındakı əlaqələri necə quracaq?..

Bayden ABŞ-ın qurucu dəyərlərini dəstəkləyən bir institusional lider kimi yüksəldilir. Bu şəkildə dünya dövlətləri ilə quracağı münasibətlərin çərçivəsi də müəyyənləşdirilir...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 12 noyabr 2020-ci il

Payız aylarının ən çox danışılan mövzusu, şübhəsiz, ABŞ-da keçirilən seçkilər oldu. Bütün dövlətlər öz işlərini nisbətən ləngitdilər və ya dayandırdılar. Mövcud məsələlərin bütün tərəfləri özləri üçün B (Bayden) və T (Tramp) planları hazırladılar. Seçki nəticələri hələ də dəqiq deyil. Seçki qutusundakı rəqəmlərə görə məğlub olduğu açıq-aşkar görünən Tramp seçkilərin saxtalaşdırıldığını elan edərək məhkəmə qapılarına işarə edib. Yəni onun Ağ Evi tərk etməməsi ehtimalı var. Ancaq partiyası və onunla əlaqədə olan media Trampı mümkün bir müqavimətdə dəstəkləməyəcəyini elan edib. Görünür, gec-tez Bayden Ağ Evə yerləşəcək. Nüfuzlu Respublikaçı siyasi xadimlər və fikir liderləri Trampa mövcud vəziyyəti ağırlaşdırmamağı, növbəti seçkilərə hazırlaşmağı məsləhət görürlər. Bəzilərinə görə, bu şəxslərin içində kürəkəni Kaşner də var.

Bayden ABŞ-ın qurucu dəyərlərini dəstəkləyən bir institusional lider kimi yüksəldilir. Bu şəkildə dünya dövlətləri ilə quracağı münasibətlərin çərçivəsi də müəyyənləşdirilir. Əvvəla ABŞ-ın qurucu dəyərləri, yəni respublikaçı-azadlıqçı dəyərlər üstünlük təşkil edir. Baydenin dünyanı bu dəyərlər ətrafında bir ardıcıllığa tabe tutacağı başa düşülür. Tramp ərəb qəbilə liderləri, Şimali Koreya və Misir diktatorları ilə ABŞ dəyərlərinin əksinə yaxın əlaqələr qurmağı bacarıb. Sadəcə Dünya Kolasiyasının toplantısında Səudiyyə və Körfəz diktatorları ilə əlində qılıncla etdiyi rəqsi xatırlayaq. Şimali Koreya liderinə bəslədiyi rəğbət və Sisi ilə qurduğu münasibət hələ də xatırlanmalıdır. Ancaq hər şey bununla da məhdudlaşmır. Tramp, həmçinin Putin və Ərdoğan başda olmaqla, demokratik yolla seçilmiş xarizmatik liderlərə daha da yaxınlaşmağı bacarıb.

Bunun qurucu dəyərlərdən çıxış edən Demokratlar və Bayden üçün nə qədər problemli göründüyünü qeyd etmək lazımdır. Bu, Sisi və Ərdoğanı, vəliəhd Salmanla Putini, Si Tsinpini eyni qəlibə salan qəribə bir baxışdır. Bəli, bu sadələşdirmələr Alev Alatlının müxtəlif hallarda dediyi kimi, ABŞ-ın demokratik həssaslığının nə qədər aşağı olduğunu demokratik deyil, respublikaçı həssaslığı baxımından qiymətləndirmək lazımdır.

Son seçkilər ABŞ seçki sisteminin qəribə tərəfləri barədə xalqa kifayət qədər məlumat verdi. Bu, rəsmən qəyyumluq demokratiyasıdır. Bu cür qəribə halları ABŞ-ın xüsusi şərtləri əsasında ört-basdır etməyə çalışırlar. ABŞ “respublikaçı-liberal-elitist” qurucu dəyərlərini qoruyacaq qədər demokratik ola bilər. Hər kəs liberalla demokratik olmağın eyni olduğunu düşünür, amma əslində heç də elə deyil. Hətta “liberal həssaslıqlar”la “demokratik həssaslıqlar” arasında dərin ziddiyyətlər var. Liberal demokratiya siyasi tarixdə ən çətin qurulan və ən asan şəkildə yıxılan quruluşdur. Bu səbəbdən, onların demokratik həssaslığı göründüyü qədər inkişaf etməyib. Beləcə, asanlıqla “seçilmiş” Putin və Ərdoğanı “seçilməmiş” şahzadə Məhəmməd ibn Salman və ya Kim Çen Inla eyniləşdirə bilir.

ABŞ-ın qurucu dəyərləri, eyni zamanda, AB ilə ABŞ-ı birləşdirən xətti təşkil edir. Bu xətt üzərində iki qitə arasında gedən La Fayetin, Benjamin Franklinin ruhu dolaşır. Tramp isə bu əlaqəni xeyli korladı. Obamanın arzuladığı Transatlantik Ticarət Müqaviləsini ləğv etdi. NATO-nu küncə sıxışdırdı. Hətta NATO-nun funksionallığını pozacaq başqa qruplaşmalar axtardı.

İndi Bayden qırılan bağları bərpa edəcək. Bayden dövrü güclü AB-ABŞ əlaqələri və yenidən gücləndirilmiş bir NATO dövrü olacaq. Buna şübhə yoxdur. Bu, eyni zamanda, Tramp dövründə Yaxın Şərqdə qurulan münasibətləri nəzərdən keçirmək deməkdir. Ən başlıca sual Dünya Koalisiyasının fəaliyyət göstərib göstərməyəcəyidir. Məncə, proses davam edəcək. İsraillə nisbi bir məsafə olmasına baxmayaraq, heç vaxt qırılma baş verməyəcək. Körfəz ölkələri və Səudiyyə İsrailin mənafelərinə xidmət etmək və maliyyə qaynaqlarını bu şəkildə tükətmək məcburiyyətində qalacaqlar. Ərəb diktaturalarının tənqidi onları sıxışdırmaq üçün bir vasitə kimi qiymətləndirilməlidir. Bu sıxışdırmanın onlara nələr etdirəcəyini isə zamanla görəcəyik. Bu günə qədər Türkiyəyə qarşı olan ənənəvi düşmənçiliyin davam edib etməyəcəyini də zamanla görəcəyik.

İran isə görünür, Transatlantik ittifaqından ən çox fayda götürən tərəf olacaq. Bunun da hara qədər gedəcəyini İsrail-ABŞ münasibətlərinin gedişatından başa düşəcəyik. Rusiya-ABŞ münasibətlərində yeni bir gərginlik dövrü olacağı anlaşılır. Düşünürəm ki, Rusiyanı yeni sanksiyalar və daxili qeyri-sabitlik gözləyir.

Demək olar ki, bütün səlahiyyətlilər əsas və ən kritik məsələnin Çin-ABŞ münasibətlərinin hansı yöndə inkişaf edəcəyi ilə bağlı olduğunu dilə gətirirlər. Bu prosesin ciddi bir müharibə ehtimalı daşıdığını iddia edənlər də var. Trampın televiziya mübahisələrində Baydeni Çinə xidmət etməkdə günahlandırdığını bilirik. Hakim düşüncə Çin-ABŞ gərginliyinin Bayden dövründə də davam edəcəyi istiqamətindədir. Bunu da Obamanın hakimiyyətdəki son dövrləri ilə əlaqələndirirlər.

Baydenin Si Tsinpini “banditlikdə” günahlandırdığını bilirik. Amma düşünürəm ki, Bayden Çin qarşısında daha mülayim addımlar atacaq. Siyasi cəhətdən azadlıq prinsipi ilə uyğur türkləri, Honkonq və lisenziya oğurluğu kimi məsələlərə görə Çini sıxışdıracağı dəqiqdir. Amma Çin-ABŞ gərginliyinin yüksələcəyini düşünmürəm. Bu gərginliyin həllinə hər iki dövlətdə də ayaqları olan qlobal sərmayə qərar verəcək. Bu iş nə Baydenə, nə də Tsinpinə qalmayacaq qədər dərin bir məsələdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden Obama ABŞ NATO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Kolumbiya İsrailə kömür tədarükünü dayandırıb

Ən çox oxunanalar